Mövlud Mövlud və Əsgər Fərhadinin filmi

 

Sevinc Elsevər

 

Əsgər Fərhadinin “Çərşənbə atəşi” (2006) filmi dərin təsir buraxmışdı üzərimdə. Nəzərə alsaq ki, filmi keçən Novruz bayramı ərəfəsində izləyib bitirmişdim. Özü də film çox ağır gedirdi deyə, 3-4 gün ərzində izləmişdim, tələbəlik illərində 3-4 günə çox qalın bir roman oxuya bilirdim. Bəzi filmlər də ağır romanlar kimidir. İnternet bizə ağır-ağır film izləmək imkanı verir, əlbəttə. Televiziyada, kinoteatrlarda birnəfəsə baxmalı olduğumuz filmi internetdən aram-aram izləyə bilirik.

 

Fərhadi gənc bir qızı filminə qəhrəman olaraq seçmişdi. Ruhi adlı gənc qız evlənmək ərəfəsindədi. Amma toy xərclərinə görə işləmək lazımdı. Buna görə o, yaşadığı kasıb qəsəbədən varlıların yaşadığı qəsəbəyə işləməyə gəlir. Ev təmizliyi ilə məşğul olan Ruhi dava-dalaşlı bir ailənin içinə düşür. Ər qonşudakı bir qadınla bərabərdir, həyat yoldaşı bunu öyrənib, ayrılmaq istəyir. Ruhi də çətin vəziyyətə düşüb. Bütöv bir gününü ailənin problemləri içərisində keçirməli olur. Evlilik həyatına hazırlaşan gənc və xoşbəxt qız təlaşa düşür. Evlilik həyatı budursa, görəsən onun özünü nələr gözləyir?

 

Bu əsas sual deyil filmdə. Ümumiyyətlə, filmin sonunda ailə də dağılmır. Qonşudakı qadın arvadına xəyanət eləyən kişini tərk eləyir. Ayrılıq çətindir. Amma ayrılmaq məcburiyyəti qarşısındadırlar.

 

Bütün bu qarmaqarışıqlığın içində bir də anayla ata arasında qalmış  uşaq var. Ana uşağı vurur, kişidən yığdığı hirsi körpənin üstünə tökür. Kişi qadının. Kimin gücü kimə yetirsə, onu həm mənən, həm fiziki cəhətdən  vurur.

 

Bütün bunların fonunda da hər yerdə bayram atəşfəşanlığıdı. İnsanlar baharın, yeni ilin gəlişinə sevinirlər. Fişənglər atılır, tonqallar qalanır. Adamlar deyir, gülür, maşınların pəncərəsini endirib sevinclə qışqırırlar.

 

Təkcə bizim diqqət mərkəzimizdə olan ailədə sevinc yoxdu. Heç kim bayram əhval-ruhiyyəsində deyil. Bayırdakı atəşfəşanlıq, insanların sevinci fonunda ailənin bədbəxtliyi daha da qabarıq nəzərə çarpır. Problem, sıxıntı, dərd içində olan adam bu atəşfəşanlığa qıcıq olur, adamların sevinci yersiz görünür.

 

Təsəvvür edin, filmi Novruz bayramı ərəfəsində izləmişdim, ovqatım xeyli təlx olmuşdu. Həmin ərəfədə dostumuz Mövlud Mövlud intihar elədi. Əsgər Fərhadinin filminin təsiri altındaydım zatən, bu təsir ikiqata çıxdı.

 

Yeni il bayramından bir neçə gün sonra gənc adamlar intihar elədi. Mətbuatda psixoloqların bu barədə şərhlərini oxudum. Onlar deyirdi ki, yeni il ərəfəsində və yeni ildən sonra dünyanın hər yerində intiharlar artır. Çünki adamlar fikirləşirlər ki, bir il də bitdi, planlarım yarımçıq qaldı, filan işi həyata keçirə bilmədim, bəhmən arzum həyata keçmədi. Bəlkə də bu düşüncələrin də rolu var. Amma bu durumu Əsgər Fərhadinin “Çərşənbə atəşi” filmi elə dəqiqliklə izah edir ki.

 

Sənin içində kədər olanda, bayırdakı bayram səni qıcıqlandırır, kədərini daha da artırır. Başqaları ya səmimi, ya görüntü üçün sevinirlər, amma sən heç cür sevinə bilmirsən, qoşula bilmirsən bayrama. Bu səni daha da tənhalaşdırır, yadlaşdırır, kimsəsizləşdirir.

 

Ona görə də Novruz bayramının qədim adətlərinə görə, bayramda bir-bir hamının qapısı döyülür. Kiminin qapısını pusmağa gəlirlər, kiminin bacasından qurşaq atırlar, kiminin qapısından papaq. Amma biz uzun illərdi bu adətlərin hamısını unutmuşuq. Biz ancaq fişəng atırıq, barıt partladırıq, vəssalam. Bu səslər isə içinə qapananların, dərd içində olanların içində bayram oyatmaq gücündə deyil.

 

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018