20 Yanvar və televizorumuz

 

Mirmehdi Ağaoğlu

 

20 Yanvar gecəsi “qulağı” qırıldığından kanallarını kəlbətinlə dəyişdiyimiz köhnə, ağ-qara “Tauras” televizorumuzla yadımda qalıb. Hər dəfə 20 Yanvar deyəndə o köhnə televizorumuz da gəlir durur gözümün qabağında. Dörd dənə nazik ayağı varıydı, bir suyumundan yekəqarın, çöpayaq multfilm qəhrəmanlarına oxşayırdı. Deyərdin bu ayaqlardan biri televizorun ağırlığına davam gətirməyib indicə qırılacaq. Ancaq qırılmırdı, illərlə evimizin bir küncündə dayanıb bizə baxırdı, biz də ona. Həmişə belə olmuşdu, kənddə də, indi, təzəcə köçdüyümüz şəhərdə də.

 

Həmin axşam şəhərdə olan-bitənləri televizordan öyrənirdik. Komendant saatı idi, çölə çıxmağa icazə verilmirdi. Tərslikdən o vaxtı telefonumuz da yox idi. Odur ki, ətraf aləmlə yeganə ünsiyyət vasitəsi kimi bircə televizorumuz vardı. Onun da gecənin bir vaxtı yayını kəsildi. Qəfil görüntü itdi. Elə bil kimsə fokus elədi, birdən-birə adam şəkilləri qırıq-qırıq, dalğalı xətlərə çevrildi. Evi, böcək qıjıltılarına bənzəyən səslər bürüdü. Kanalları nə qədər dəyişsək də, televizorun arxasını nə qədər qurdalasaq da təsvir qayıtmadı. Artıq ətraf aləmlə olan yeganə bağlantımız da kəsilmişdi. İndi qulaqlarımızı bayıra şəkləmişdik. Arabir çöldən ağır yük maşınlarının, tankların səsi gəlir, güllə vıyıltıları eşidilirdi. Heç nə anlamırdım. Böyüklər isə çox həyəcanlı görünürdülər, mən də atamgilə qoşulub özümü onlar kimi aparırdım; guya nəsə anlayır, həyəcanlanır, çöldə baş verənlər üçün narahat oluram. Həyəcanım yamsılama olsa da, qorxum gerçək idi. Qorxurdum. Böyüklərin həyəcanını görüb qorxurdum.

 

Atamgil nə qədər qurdalasalar da, kanalları dəyişsələr də televizor inadından dönmürdü. Hətta buna görə başına bir neçə dəfə yumruq da yedi. Yenə göstərmədi, elə cırcırma kimi, çəyirtkə kimi “qıj-qıj” edirdi. Birdən “qıj-qıj”lqar seyrəlməyə başladı. Onların içindən aydın səslər eşidildi. Bu veriliş səsləri, diktor danışığı deyildi, adamların söhbətləri, qışqırtıları, bağırtıları idi. Televizor radiocihazlardakı danışıqları qəbul edirdi. Ratsiya ilə danışıqları tutmağa başlamışdı. İndiki nəslə qəribə görünə bilər, sovet televizorlarında belə xüsusiyyət vardı ki, onlar müxtəlif tezlikləri tuta bilirdilər. Hətta guya televizora “barmaq eləməklə” təyyarə danışıqlarını belə eşitmək olurdu. Ona görə də bir ara Sovet televizor və radiolarına qarşı İranda və başqa ölkələrdə böyük tələbat yarandı. Deyirdilər ki, bu xüsusiyyətinə görə onları yaxşı qiymətə alırdılar. Bəlkə də quru şayiə idi, ancaq mən eşitdiyimi deyirəm. Uşaqdım, bəlkə də səhv eşitmişəm. Nəsə, mətləbdən uzaqlaşmayıb. 

 

Hamımız televizorun başına yığışdıq. Bu səsləri diqqətlə dinləyir, eşitdiklərimizdən bir şey çıxarmağa, şəhərdə olub-bitənləri anlamağa çalışırdıq. Yumaq kimi bir-birinə qarışmış bu səslərin içində tanış səslər də vardı. Gözümüzü televizora dikib ekranda ora-bura qaçan cızıqlara baxa-baxa səsləri dinləyirdik. Səsləri eşitmək yox, görmək istəyirdik. Görürdük də. Arabir rus zabitlərinin də danışıqları eşidilirdi. Dediyim kimi o həyəcanlı, təlaşlı səslərin içində bizə tanış olanları da vardı. O səsləri eşitdikcə onların sahiblərini söyən də olurdu, öyən də, qarğış edən də, qarasınca danışan da, xəyalən danlayan da, məsləhət verən də. Ancaq həmin gecəki səslərin içindən mənim yadımda Etibar Məmmədovla Nemət Pənahlının səsi qalıb. Etibar camaatı yalın əllə tankların qabağına çıxmamağa, geri çəkilməyə çağırırdı. Nemətsə deyirdi dözün, cənubdan kömək gəlir, Yalamada rusların qabağı kəsilib... və sair.

 

...Artıq saat neçəydi bilmirəm. Evdə matəm havası var idi. Atamla əmim siqareti siqaretə calayır, evin içində cəbhədən xəbər gözləyən komandir kimi həyəcanla gəzişirdilər. Bayırdan gələn güllə, tank səsləri, hay-küy, televizordan gələn səslərə qarışmışdı. Bayırdan və televizordan gələn bu səsləri birləşdirib şəhərdə baş verənləri təsəvvürümüzdə canlandırmağa çalışırdıq.

 

Şəhərdə isə qırğın idi. Sovet ordusu silahsız insanları vəhşicəsinə qırırdı. Bunların içində bir neçə gün əvvəl bizimkilərin yemək, isti geyim apardığı adamlar vardı. Həmin adamlar meydana yığışmışdılar. Və evdəkilər hər dəfə meydana gedəndə mən də onlara qoşulmaq istəsəm də özləri ilə götürməmişdilər. İndi də axırıncı dəfə meydanda tanışlardan kimin qalıb-qalmadığını müəyyənləşdirməyə çalışır, səbirsizliklə səhərin açılmağını gözləyirdilər.

 

...Səhəri dirigözlü açdıq, televizorun qarşısında. Sonra nə baş verdi yadımda deyil. Heç birini gözümlə görmədim. Deyəsən, səhəri gün axşam, ya o biri gün televizorumuz komadan ayılan xəstə kimi gözünü qəfil açdı və bizə 20 Yanvarın dəhşətli kadrlarını göstərməyə başladı. Ancaq mən heç nə anlamırdım. Bunların gerçəkdə evimizin divarlarının o üzündə baş verdiyini dərk edə bilmirdim. Altı yaşlı ağlımla elə bilirdim bunlar da kinodur və o qırmızı ləkələr isə qan yox, tomatdır. Çünki hər dəfə kinoda qan görəndə mənə bu cür izah edirdilər – tomatdı.

 

Silahlar isə... O vaxta qədər elə bilirdim dünyanın bütün silahları məndən beş-altı yaş böyük bibimin taxtadan düzəltdiyi tüfəngim kimi yalnız dava-dava oynamaq üçündü. Öldürməyə qadir deyil. Və o gün 20 Yanvarda ölənlər də mənim kimi küçədə taxta tüfənglərlə dava-dava oynayıblar, mənim kimi yalandan yerə yıxılıblar, yalandan ölüblər...

 

Bir azdan onları da anaları çağıracaq və heç nə olmamış kimi yerdən qalxıb evlərinə qaçacaqlar...

 

...Ancaq bu kadrları televizorumuz heç vaxt göstərmədi.

 

 

 

LENT

26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018