Bacısının vətəndaş nikahında yaşamasına razı olmayan “müasir oğlanlar” - Könül Cəfərli yazır

 

Könül Cəfərli

 

Atası çoxdan rəhmətə gedib. Anası, kiçik bacısı və ata nənəsi ilə bir evdə yaşayıblar. Əmisi həbsxanadan çıxandan sonra o da bunların evinə yerləşib. Kişi subaydı, 50 yaşı olsa da hələ evlənməyib. Elə Xəyalənin (ad şərtidir) anası ilə münaqişələri də əmiyə görə başlayıb. Qız aralarında münasibət olduğunu iddia edir, hətta bir neçə dəfə telefon mesajlarını oxuduğunu, onları bi ryerdə tutduğunu söyləyir:  “Nənəm də bilir, amma əmimin qorxusundan səsini çıxarmır. Bizimlə yaşamasını istəmirəm. Anama deyirəm qov evdən, qovmur. Yenə də onun pal-paltarını yuyur, üzünü qırxır. Ona da, əmimə də nifrət edirəm”.

 

Bir dəfə yenə anası ilə möhkəm davası düşüb. Söhbətə əmisi də qarışıb, hətta qızı döyüb. Xəyalə də acıq edib evdən çıxıb. Bir il tələbə qızlarla kirayə yaşayıb. Sonra ofisiant işlədiyi kafedə Bəhruzla (ad şərtidir) tanış olub. 2 ildir oğlanın kirayə tutduğu evə köçüb, onunla birgə yaşayır. 

 

Bəhruzə “ərim” deyir. Qeyri-rəsmi nikahından anasının xəbəri yoxdur. Ailəsi ilə əlaqəsini tamam kəsib, nə gedir, nə də onların zənglərinə cavab verir. Bircə balaca bacısı üçün darıxdığını deyir. Kəbinsiz birgə yaşayışın doğru olmadığına inanır. Amma anasını bu cür cəzalandırdığını düşünür.

 

Bəhruz isə əksini hesab edir. Ona görə vətəndaş nikahında yaşamaq hər bir gəncin haqqıdır: “Toy, kəbin müasir dünya üçün əhəmiyyətini itirmiş dəyərlərdir. İki insan bir yerdə olmaq istəyirsə, nikah kağızı buna əngəl olmamalıdır. Hansı zəmanədə yaşayırıq? Bakirə, yengə kimi söhbətlərlə Avropanın qabağına çıxmaq olmur. Biz Xəyalə ilə xoşbəxtik və  bir-birimiz üzərində öhdəçiliyimiz yoxdur. İkimiz də müstəqil və yetkin adamlarıq. Sabah yollarımız ayrılsa da, bu çox rahatlıqla baş verəcək. Daha məhkəmə, boşanma kimi mənasız prosedurlar olmayacaq”.

 

Söhbətimiz boyu Bəhruz Avropa yaşam standartlarından, azad sevgidən o ki var danışdı, gəncləri müstəqil həyata səslədi. Söz öz ailəsindən düşəndə isə dilim dinc durmadı: “Yaxşı, bəs sabah bacın da sevgilisi ilə qeyri-rəsmi yaşamaq istəsə, necə qarşılayarsan?”, - deyə soruşdum.

 

“Bacı” sözünü eşidən kimi elə bil oğlana od qoydular. Coşdu, nə coşdu: “Mən ümumən deyirəm, bacımın bu söhbətə nə dəxli var? O qələt edər sevər”.

 

Bəhruzun cavabı da Xəyaləni qəzəbləndirdi: “Niyə mənə, başqa qızlara olar, amma sənin bacına olmaz? O, bizdən namusludur?”

 

Gördüm mübahisələri getdikcə qızışır, kirmişcə sağollaşıb evdən çıxdım.

 

Əslində Bəhruzun “bacı” rəyi mənim üçün təəccüblü deyildi. Təxminən elə bu cavabı gözləyirdim. İndiyədək azad seksdən dəm vuran gənclərin əksəriyyəti söhbət ailə üzvlərinə çatanda oxşar reaksiyanı göstərib. Dünyadakı bütün qızları vətəndaş nikahına dəvət etsələr də, bacıdan söz düşəndə müasir düşüncələri  qapanır, tipik azərbaycanlı kişiyə çevrilirlər.

 

İllər əvvəl beynəlxalq təşkilatın mailiyələşdirdiyi bir layihə vardı. Azərbaycanda azad seksin təbliğini həyata keçirirdi. Layihə əsasında vətəndaş nikahında yaşayan cütlükləri tapıb danışdırır, gənclər arasında sorğu keçirir, onlara pulsuz qoruyucu paylayırdılar.

 

Layihənin icraçısı da Bəhruz düşüncəli bir həmkarım idi. Bütün günü cinsi sərbəstliyi təbliğ edir, hətta toya, “zaqs”a ağılsızlıq  kimi baxırdı.  O da digərləri kimi qeyri-rəsmi münasibətlərdən bəh-bəhlə danışır, bacısına çatanda sifəti çönürdü.

 

Azad sevgi ilə bağlı özüm də sorğu keçirmişdim. 30 gəncdən yalnız 4-5 nəfəri demişdi ki, vətəndaş nikahına müsbət baxıram və ailə üzvlərimə də bu haqqı tanıyıram. Qalan iştirakçılar isə bacıya yetişəndə ya sualdan yayınır, ya da birbaşa olmaz deyirdilər.

 

Bəzi oğlanlar üçün müasirlik həm də qızları cinsi istismar etməyin adıdır. Bəzəkli-düzəkli sözlərlə haqqdan-hüquqdan danışır, Avropa belə gəldi, Amerika elə getdi deyərək  qızları azad seksin doğru olduğuna inandırır və bu yolla da cinsi istəklərini təmin edirlər. Beləcə fahişələrə sərf etdikləri pul da ciblərində qalır.

 

Bir QHT sədri var, gəzmədiyi Avropa ölkəsi qalmayıb. Danışanda mentalitetə mız qoyur, hər zadı bəyənmir, azad sevgini dəstəkləyir, di gəl qızlarına heç “Facebook”a girməyə icazə vermir. Guya oğlanlardan qoruyur, ta xəbəri yoxdur ki, balaları saxta adlarla sosial şəbəkədə at oynadır.

 

Qonşumuz Vüsal Fransada 1 illik kurs keçəndən sonra Gəncəyə qayıtmışdı. Cavanları başına yığıb, Avropadakı gənclərin müstəqil həyatından ağızdolusu danışır, evlənənləri ələ salırdı. Deyirdi ki, sevdiyiniz insanla birgə yaşamaq istəyirsinizsə, özünüzü “zaqs” boyunduruğuna salmayın, bu köhnə dövrdə qalıb. Ev tutub yaşayın, vəssəlam. Özü də 10 yaş böyük dul qadınla görüşürdü. Kimsə söz atanda da: “Siz geridə qalıbsınız. Sivil həyatı hardan biləsiniz?”, - deyərdi. Sonra öyrəndik ki, bacısına 8 Martda hədiyyə verən sinif yoldaşını məktəbə gedib əzişdirib. Bu da sizə  əndrabadi müasirlik!

 

Bu yanaşmanı ancaq bir məntiqlə izah etmək olar: Mən dünyanın bütün qadınları ilə yata bilərəm, amma mənim qızıma, bacıma toxunmaq olmaz! Təbii ki, istisnalar var, amma  çoxluq məhz bu düşüncədədir.

 

Çünki cəmiyyət olaraq mühafizəkarıq. Hətta müasir görünən oğlanların çoxu müdafiə etdiyi mövzuda səmimi deyil, yenə də şüur-altında bəyənmədikləri mentalitet yatır. Dillərində, əməllərində azad münasibətləri dəstəkləsələr də ürəklərinin bir küncündə doğru olmadığına inanırlar. Mən vətəndaş nikahı yaxşıdır, ya pisdir demirəm. Hər kəs yürüdüyü yolu özü seçir. Amma ikili yanaşma çirkin görünür. Əgər gerçəkdən azad seks dediyiniz qədər yaxşıdırsa, ailə üzvlərinizə də məsləhət bilin. Yox, doğmalarınıza rəva görmürsünüzsə, o zaman başqalarını da dəvət etməyin. Qətiyyən ağız büzdüyünüz “ana-bacı” söhbəti etmirəm,    səmimiyyət və dürüstlük üçün bunu yazdım.

 

Riyakarlıqla qurulan münasibətlər bir yerdə mütləq çat verəcək...

 

 

 

LENT

20 Fevral 2018
19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018