Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

 

Kulis.az “Əsl kino” layihəsində Yan.P.Matuşinskinin “Sonuncu ailə” və Canfranko Rozinin “Yanan dəniz” filmlərini təqdim edir. Hər iki film 2016-cı ildə çəkilib.

 

Polyak rejissoru Matuşinskinin “Sonuncu ailə” dramı Lokarno festivalının iştirakçısıdır və baş rolun ifaçılarından biri Andjey Severin ən yaxşı aktyor nominasiyasında qalıb olub.

 

Süjet: Film Beksinski ailəsindən bəhs edir. Əhvalat 1970-ci illərin sonundan başlayır. Ata Zdzislav (Andjey Severin) fotoqraf-rəssam, ana (Aleksandra Koeçna) Zofiya evdar qadındır. Film onunla başlayır ki, valideynləri ailənin yeganə oğlu Tomeki (David Oqrodnik) yaşadığı yeni mənzilində yoluxurlar.

 

Tomekin psixoloji sabitliyinin tez-tez pozulması ailəni daim təşvişdə saxlayır. O, hətta intihara cəhd edir... Bir müddət sonra Tomek radioda işə düzəlir, musiqi verilişi aparır, film tərcüməçisi kimi çalışır. Ata isə art-dilerlə müqavilə bağlayır, onun əsərləri uğurla satılır. Ancaq ailəni qarşıda faciələr gözləyir...

 

Bəri başdan deyim ki, əsəbləri kövrək, depressiyaya, intihara meylli adamların bu filmi izləməsini qətiyyən tövsiyə eləmirəm. Yaxşı olardı ki, bunun əvəzində komediya və ya erotik film izləyin.

 

“Sonucu ailə” psixoloji dayanıqlığı güclü olan tamaşaçılar üçündür.

 

Film real hadisələr əsasında lentə alınıb. Zdzislav Beksinski XX əsrin tanınmış rəssamlarından biri olub. Onun postapokaliptik tabloları-ölümü, dəhşəti, ümidsizliyi, bəşəri fəlakətləri təsvir edən bədbin əsərləri indiyədək tamaşaçıda qorxu, əndişə hissi yaradır. Kommunist Polşasında novatorluğu ilə seçilən rəssamın əsərlərində abstrakt, sonralar sürreal motivlər üstünlük təşkil edirdi.

 

Onun arvadı Zofiya 1998-ci ildə sağalmaz xəstəlikdən ölür. Bir il sonra oğlu intihar edir. 2005-ci ildə isə rəssamın Varşavadakı evində meyiti tapılır. Onun bədənində 17 bıçaq yarası aşkarlanır. İstintaq araşdırır ki, rəssam binanın komendantının yeniyetmə oğlu tərəfindən öldürülüb. O, ölümündən az əvvəl yeniyetməyə borc pul verməkdən imtina etdiyi üçün qətlə yetirilir.

 

 

Rejissor Matuşinski sadə, kamera filmində Beksinski ailəsinin gündəlik həyatını ekrana gətirir. Normal maddi imkanlara malik, bu intellektual insanların məişəti, həyat ritmi gənc Tomekin ovqatından asılıdır. Tomek psixoloji sabitliyini itirən kimi valideynlərinin yanına qaçır, evi dağıdır, isterikaya düşür. Onun nəinki dostlarla, nəinki qadınlarla, ümumiyyətlə, həyatla münasibəti alınmır. O, yaşamaq üçün məna, səbəb tapa bilmir, daim dərin boşluqdadır. Niyə, nəyin naminə yaşadığı haqda valideynlərinə cavabsız suallar ünvanlayır. Ana təsəlli naminə verdiyi cavablardan özü də haqlı olduğuna əmin deyil.

 

Müəllif ailədə yaşayan iki qarının (Zdzislav və Zofiyanın anaları) ölüm prosesini lentə alır. Onunla bərabər bu prosesi Zdzislav da çəkir. O, anasın son nəfəsini, oğlunun isterikalarını son dərəcə soyuqqanlı, eyni zamanda xüsusi ləzzətlə lentə alır.

 

Bu film bir ailənin tədricən mənəvi və fiziki məhvi, boşluq haqdadır.

 

Ümidsizlik aşılayan, həyat eşqini öldürən filmə baxdıqca bu real təcrübənin rejissorun niyə çəkdiyini, hansı fikri demək istədiyini anlamaq istəyirdim. Əhvalat bu qənaətə gətirdi ki, doğrudan da, hər bir insanın fəaliyyəti, gerçək niyyəti, enerjisi son nəticədə bumeranq kimi özünə qayıdır. Bu mənada Beksinskinin xüsusi bir şövqlə çəkdiyi rəsmlərin qara enerjisi, təsvir elədiyi fəlakət onun ailəsinin fəlakətinə çevrilir. Təbiətcə xoş, ünsiyyətcil, mədəni olan Beksinski müsahibəsində sadist arzularının, qadını zorlamaq istəyinin olduğunu deyirdi.

 

Filmdə çox təsirli bir səhnə var. Arvadının tezliklə öləcəyini biləndə ata oğlundan xahiş edir: “Anan ölənədək intihar etmə”...

                             

***

 

İkinci film Berlin festivalında baş mükafata layiq görülən, italyan rejissoru Canfranko Rozinin “Yanan dəniz” sənədli filmidir.

 

Süjet: Əhvalat Lampedusa adasında yerli sakinlərin və yaxşı həyat üçün bura Afrikadan gələn mühacirlərdən bəhs edir.

 

Roziyə Lampedusa haqda on dəqiqəlik sənədli film çəkmək sifariş olunur. Adada olduğu növbəti gün rejissor xəstələnir, yerli klinikaya gedir. Həkimlə danışanda məlum olur ki, o, hər gün mühacirləri müayinə edərək diaqnoz qoyur. Yəni onların burdan Siciliyaya yola çıxmaq üçün səhhətləri imkan verirmi? 

 

 

Rozi qərara alır ki, adanın həyatını çəkmək üçün on dəqiqə azdır. Ona görə bir ildən çox bu adada yaşayaraq filmi lentə alır.

 

O, iki süjet xətti qurur: yerli sakinlərin həyatı və buraya gələn mühacirlər. Əhvalatın qəhrəmanları real adamlar - adanın sakinləri - qoca balıqçı, ailəsi, yerli radio aparıcısı, ona hər gün telefonla musiqi sifariş verən yaşlı qadın, sapandla quş vurmağı sevən 11-12 yaşlı uşaq, mühacirləri müayinə edən həkim, xoşbəxtliyini Avropada axtaran, eyni zamanda uzun yola dözə bilməyən, elə sahildəcə canını tapşıran mühacirlər....

 

 

Rozi soyuq, müşahidə filmi çəkib, detallı planlar, təmkinli operator işi adanın gündəlik həyatını yaxından hiss etmək fürsətini verir. 

 

Müəllif paralel süjet xətti işləməklə Avropa və Afrika arasında kontrastı verir.

 

Rozi kino tarixində sənədli filmə görə iki əsas mükafatı – “Qızıl şir” və “Qızıl ayı”nı alan yeganə rejissordur.

 

Qeyd: Lampedusa İtaliyanın Siciliya bölgəsinə bağlı adadır. Aralıq dənizində yerləşən ada Şimali Afrika sahillərinə yaxındır.

 

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018