Ölkəni zibilləyənlər – onları siz də tanıyırsız

 

Könül Cəfərli

 

Nəyə gücümüz çatmasa da, zibilxana qayırmağı yaxşı bacarırıq. Özü də bu qabiliyyətimizi aşkara çıxarmaq üçün bircə həmlə bəs edir. Yolun ortasına atılmış zibil torbası gördükmü, vəssalam. Əlimizdəki sellofanı da o torbanın yanına buraxıb, kirimişcə çıxıb gedərik. Ta fikirləşmərik ki, burnumuzun ucunda zibil qutusu var, aparıb ora ataq. Bizə belə sərf edir, 5 addım əlimizdə yük  daşımaqdansa, “fərasətli” tərpənib məsələni anındaca həll edirik.

 

Hələ bu harasıdır? Adam var zibili heç qapı tanımır, əlinə keçəni pəncərədən yerə atır. O gün işə gedəndə az qalmışdı konserv qutusu təpəmə düşsün. Baxırsan mənzilindən cah-calal yağır, di gəl yediyi hər zadın zibilini eyvandan həyətə tullayır.  

 

Qaşlarınızı çatıb təəccüblənməyin. Guya siz heç vaxt yerə zibil atmayıbsınız? Xoşumuza gəlməsə də, çoxumuzun içində potensial “zibillikçi” var. Sınaq üçün səhər bir ağacın dibinə zibil torbası atın, axşam qayıdanda görəcəksiniz ki, artıq zibilxana düzəldiblər. Nə hikmətdirsə, zibil qutuları ilə ulduzumuz heç cür barışmır. Lap ünvanadək gedib çıxsaq da, yenə zibili qutunun içinə deyil, yan-yörəsinə atırıq. Divardakı nəsil-kök söyüşü da fayda vermir. Ayrı vaxt birinin dədəsinə çor desən, yeri-göyü dağıdar. Amma zibillə bağlı təhqir kimsəni narahat etmir.

 

O gün biri evini təmir edir, köhnə pəncərə şüşələrini həyətə töküb. Qonşulara dedim ki, gəlin yerə dağılmış şüşə parçalarını yığaq, uşaqların ayağına batmasın. Heç kim yaxın durmadı. Hərə bir ağızdan dedi ki, mənim nə işimə qalıb, ya tökən yığsın, ya da “JEK”. Ha başa salmağa çalışdım ki, kimsə gələnədək sizin balalarınızın əl-ayağı kəsiləcək, xeyri olmadı. Ola da bilməzdi. Bu adamlar öz zibillərini daşımağa can çəkirlər, o ki qaldı başqasının tör-töküntüsünü toplasınlar.

 

Göy-göl ziyarətçilərə açılandan qısa müddət sonra o ərazidə çəkiliş aparmışdılar. Mənzərəni görəndə dəhşətə gəldim. Gül kimi yeri zibilliyə döndərmişdilər. Ta çevrədə nə yox idi ki? Çirkli uşaq və qadın bezlərindən tutmuş su butulkalarınadək əllərinə keçən hər şeyi kolun-kosun dibinə atmışdılar. Ən maraqlısı yerdəki tullantıları  yığan əcnəbi turistin müsahibəsi idi. Adam danışırdı ki, neçə torba  zibil toplamışıq. Amma bizimkilərdən birinə desən ki, əyil 2 butulkanı da sən götür, dünyanı başına uçurar. Uçurmasa da özünü 7 qat təhqir olunmuş, 10 qat alçaldılmış hiss edər. Ağlınız Toma-zada getməsin, biz yerdən zibil yığmağı özümüzə ar bilirik. İstisnalar olsa da, çoxumuz belə düşünürük. Onu da deyim bu tək qürur-filan məsələsi deyil, həm də düppədüz tənbəllikdir.

 

Xəstəxanada körpəsi ilə qalan bir qadın vardı. Qoxudan yatdığı palatanın yanından keçmək olmurdu. Hamıya da yalandan deyirdi ki, iy “şaxta”dan gəlir. Sonra məlum oldu ki, sən demə uşağın kirli bezlərini atmağa ərindiyindən çarpayının altına yığırmış. O üfunətli otaqda necə yaşayırdı, ona mat qaldıq. Hələ “sanitarka”  danışırdı ki, süpürgə ilə vedrəmi tualetdə saxlayıram. Bir neçə dəfə vedrənin içində  nəcis tapmışam.  Unitaza oturmağa iyrənən “təmizkar” xəstələr çıxış yolunu belə tapırlarmış. Zibilxana düz-qoş etməkdə başqa kreativ ideyalarımız da var, yazmağa abrım əl vermir.

 

Elə o xəstəxanada başqa bir pinti də vardı. Palata yoldaşlarına dedim ki, siz onunla yaxınsınız, iradınızı bildirin, çünki sanitar qovşağını zibilxanaya çevirir, natəmizliyin əziyyətini hamımız çəkirik. Heç kəs söz deməyə razılaşmadı. Yenə o məşhur “mənim nə işim var”  bəhanəsi ilə hərə yaxasını bir kənara çəkdi.

 

Bərkə-boşa düşəndə “Nə işim var?”,-deyirik ha, bunda da səmimi deyilik. Guya heç kəsin şəxsi işinə qarışmayan mədəni adamlarıq. Əslində isə bizə aid olmayan, amma burnumuzu soxduğumuz o qədər mövzular var ki. Məsələn, filankəs niyə ərə getmir, o gəlin nə üçün doğmur, qonşu qızına necə cehiz verdi və s. Əksinə, vətəndaş məsuliyyəti tələb olunan, ictimai qınaq lazım gələn məsələlərdə isə uzaq durur, qarışmırıq.

 

Həyətin ortasına zibil tullayan arvada qəti irad bildirmərik, nə işimizə qalıb, amma digər qonşu niyə qaynanası ilə yola getmir, bu bizim işimizə qalıb. Gah gəlini dindirər, gah qaynananı xəlvətcə sorğuya çəkər, bir təhər nəsə öyrənməyə çalışarıq. 

 

Bir sözlə, hamının şəxsi məsələsi bizə maraqlıdır, bircə cəmiyyət üçün önəmli olan ictimai mövzuların heç kimə dəxli yoxdur. Əslində isə belə olmamalıdır. Sürücü avtobusu təhlükəli idarə edirsə, kimsə növbə gözləmədən kassaya yaxınlaşırsa, mağazada müddəti bitmiş məhsul aşkar ediriksə, deməli işimizə qalmalı, bizi narahat etməlidir.

 

Zibil isə xüsusi ilə həssas məsələdir. Yaşadığın binanı, gəzdiyin həyəti, getdiyin yolu, mindiyin avtobusu təmiz saxlamaq özü ciddi bir vətəndaş mövqeyidir. Bu həm də mədəniyyətdir, əhəmiyyət vermədiyimiz, saya salmadığımız mədəniyyətlərdən. Eynən tualet kimi... 

 

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018