Gənc nəsil də, dünya da bilsin ki…

Kulis.az publisist Abid Tahirlinin Xocalı Faciəsinin 26-cı ildönümünə həsr etdiyi “Gənc nəsil də, dünya da bilməlidir ki…” məqaləsini təqdim edir.

   

Xalqımız öz tarixinin və taleyinin ən ağır, acı faciələrindən birinin -  erməni vandallarının Xocalıda əliyalın, mülkü vətəndaşlara qarşı törətdiyi dəhşətli cinayətin 26-cı ildönümünü dərin hüznlə qeyd edir.  Bildiyiniz kimi, Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70  qoca amansızlıqla  qətlə yetirilmiş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.  Erməni vəhşiliyinə xas kütləvi qırğın zamanı 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirmişdir. Erməni qəsbkarları körpələri, südəmər uşaqları, hətta ana bətnində olan yavruları  təsadüfən hədəfə almırdılar. Erməni qatillər bu cinayəti  planlı şəkildə, bilərəkdən törədirdilər.

 

Bu cinayət əsas məqsədi silah və terror gücü ilə dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq hərəkatından, ermənilərin müxtəlif təmayüllü  partiyalarının ideologiyasından və proqramlarından, qaynaqlanır və dövlət səviyyəsində törədilir. Hər zaman deyirik ki,  uşaqlar bizim sabahımızdır, deməli, ermənilərin  niyyəti yalnız təkcə torpaqlarımızı işğal etmək yox, həm də xalqımızın gələcəyini məhv etməkdir.

      

Erməni quldurları son iki əsrdir ki, havadarlarının yardımı ilə bu siyasəti həyata keçirməkdədirlər. Yüz il bundan əvvəl - 1918-ci ildə erməni vəhşilərinin Bakıda törətdiyi qırğınları öz gözləri ilə görən Polşalı diplomat xatirələrində yazır ki, erməni əsgərlər müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəli-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, 3-4 günlük südəmər  körpələri isə süngülərinə taxırdılar. Həmin hadisə zamanı çəkdiyi fotoları isə belə şərh edir: Mələk qədər sevimli bir azərbaycanlı körpə  İçərişəhərin divarına mıxlanmışdı. Mıx uşağın düz ürəyinin üstündən vurulmuşdur; bir yığın qızlı-oğlanlı uşaq ölüləri, onları çoban köpəkləri gəmirir; çılpaq bir qadın ölü vəziyyətində yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir. Dediklərimiz yazıçı, publisist təxəyyülünün məhsulu deyil, əcnəbi diplomatın  çəkdiyi fotolara öz əli ilə yazdığı xatirədir, tarixi sənəddir.

             

Ermənilərin xalqımıza, uşaqlara qarşı törətdiyi bu qəbildən olan ağlasığmaz, amansız cinayətləri çoxdur. Atəşkəs dövründə 34  azyaşlı uşaq erməni gülləsinə tuş gəlmiş, onlardan 14-ü həlak olmuşdur. Mərmiləri dinc sakinlərin həyətinə yağdıran, minaatanı 18 aylıq körpə Zəhraya tuşlayan erməni əsgərinin şərəfsiz hərəkətini sözlə də ifadə etmək mümkün deyildir.     

 

Bizim xalq humanist və dözümlüdür. Hər zaman sülh, əmin-amanlıq şəraitində yaşamağa üstünlük vermişik. Lakin bizim səbrimizi sınağa çəkən düşmən bilməlidir ki,  törədilən bütün cinayətlərə görə  gec-tez cəzasını çəkəcəkdir.

 

Ölkə Prezidenti cənab İlham Əliyev  demişdir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir.

               

Ermənilərin Xocalı şəhərində törətdikləri vəhşiliklər insanlığa qarşı bəşəri cinayətdir.  Lakin təəssüf ki, erməni quldurları tərəfindən  tarix boyu xalqımıza qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almayıb, bu cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, onlara layiq olduqları cəzalar verilməyib və bu məqsədlə hər hansı bir tədbir görülməyib. Odur ki, bu istiqamətdə daha fəal və genişmiqyaslı fəaliyyət göstərməli, Xocalı qətliamının dünya dövlətləri tərəfindən genosid aktı kimi tanınmasına nail olmalıyıq. Bununla da kifayətlənməməliyik.

 

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğaldan azad olunmasına, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələrinin qeydsiz-şərtsiz yerinə yetirilməsinə, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsinə, onların öz doğma yurdlarına qayıtmasına, günahsız, dinc insanları qətlə yetirən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsinə və cəzalandırılmasına nail olmalıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözlərini hər kəs yadında saxlamalı və özü üçün milli fəaliyyət proqramı kimi qəbul etməlidir: “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018