Teatrımızın inkişafına kim və necə mane olur?- İsrafil İsrafilov yazır...

Kulis.az teatrşünas alim İsrafil israfilovun “Teatr yenilik sorağında” adlı məqaləsini təqdim edir.

 

Bu gün teatr sənətinin hansı problemindən bəhs etsək də, nəticədə hər dəfə dramaturgiya mövzusuna dönməli oluruq. Və bu, təbiidir, çünki teatrın bütün irili-xırdalı bəlaları  başlıca olaraq dramaturgiya ilə bağlıdır.

 

Səhnəyə qoyulmaq iddiası ilə yazılan, bəzilərinin dramaturji əsər hesab etdikləri ədəbi materialların səhnə ifadəliliyinə uyğunluğu barədə düşünməyən müəllifin səhnə personajı kimi təqdim etdiyi iştirakçılar öz mahiyyəti və bədii çəkisi baxımdan bəsit, sözün hərfi mənasında, surət olaraq qalır. Həmin surət  müəllifin təsviri ilə görsənir, hərəkət edir, hətta ağıllı sözlərlə ifadə olunan müasir məsələlərdən danışır, amma məzmun qatı bəsit (birqatlı), əməl xətti anlaşılmaz, məramı elə ilk səhnələrdən bəlli olan sadəlövh personajdan irəli gedə bilmir. Belə bir surət isə aktyor yaradıcılığına, onun oyun-ifa sənətinə bədii qida verə bilmədiyi üçün başlanğıcdan uğursuzluğa yol açır. Çünki səhnə-oyun materialı kimi nəzərdə tutulan, poetika elementləri olacaq mövzu, janr, konflikt, hadisələr xətti, ali məqsəd və s. baxımdan naqis olan dramaturji əsər çox zaman təcəssüm üçün yararlı olmur. Bu zaman müxtəlif yollarla hər hansı səhnəyə yol tapan pyesin təcəssümü teatrın yaradıcılıq təbiətinə təcavüz edilməsinə bərabərdir.

 

Odur ki, əsl dramaturgiyanın teatrın bütün komponentlərinə həlledici təsiri, ən başlıcası, onun sənət olaraq yaşamasının ən zəruri şərti olduğu həqiqəti unudulmamalı, bu baxımdan ötən əsrin sonlarından başlayaraq əvəzsiz, örnək olaraq, Azərbaycan teatrının həyati gücünü təmin edən İ.Əfəndiyevin dramaturgiyasının əhəmiyyəti təkrar-təkrar qeyd edilməlidir. Hər şeydən əvvəl ona görə ki, məhz İ.Əfəndiyev öz yaradıcılıq əzmi ilə milli dramaturgiyamızda C.Cabbarlının çırağını nəinki sönməyə qoymadı, ömrünün sonunna qədər o çırağı daha da alovlandırdı, C.Cabbarlının Azərbaycan teatrının sabahından nigaran  olan ruhunu ləyaqətli həmkar olaraq sakitləşdirən səhnə əsərləri yaratmaqla, milli rejissor və aktyor sənətinin inkişafını rövnəqləndirdi. İ.Əfəndiyevin dramaturgiyası səhnə sənətimizin subyektiv səbəblərdən yadırğadığı, açıq-aşkar yadlaşdığı bədii həqiqətlərinin səslənməsinə meydan açdı. Özündən əvvəlki dramaturji əsərlərdə üstüörtülü bildirilən, eyham və işarələrlə çatdırılan mətləblər İ.Əfəndiyevin əsərlərində heyrətamiz cəsarətlə tamaşaçı auditoriyasına çatdırıldı. Məhz həmin dramaturgiyanın sayəsində milli səhnəmizə gur səslənən bədii həqiqət gəldi. Bu zaman deklorativlik, şüar, pafos əvəzinə həyat, vətən, xalq, məhəbbət motivləri önə çıxdı. Burada əsas həmin motivlərin gurultulu, yoxsa pıçıltı ilə səslənməsi deyildi, əsas olan deyilənlərin həqiqət olması idi. Yəni bəzən “eşqin pıçıltıları top səsindən güclü olur” (R.Rojdestvenski) və tamaşaçı səhnədən deyilən sözlərin həqiqətinə daha böyük dəyər verir.

 

 

İ.Əfəndiyev milli teatr mədəniyyətimizə lirik-psixoloji üslub gətirdi. Bu üslub yeni dövrün teatr estetikasını büsbütün dəyişdirdi. Rejissor sənətinin dili “açıldı”, onun poetika imkanları genişləndi. Aktyor yaradıcılığı illər boyu sıxılıb qaldığı dalandan çıxdı, prinsipcə yeni bədii özünüifadə imkanları qazandı.

 

Bu dramaturgiya teatr sənətinin artıq öz işini görmüş poetikaların cazibə dairəsindən çıxması prosesini sürətləndirdi, yeni mövzuların, yeni janrların yaranmasını, səhnə ifadəliliyi vasitələrinin zənginləşməsini təmin etdi.

 

İ.Əfəndiyevin yeni insanın xarakterindəki psixoloji dərinlikləri işıqlandıran səhnə obrazlarının tamaşaçılara aşıladığı mənəvi-estetik ibrətin nəsillərarası miras kimi əhəmiyyəti çox böyük oldu. Uzun illər boyu xalqımızın neçə-neçə nəsli İ.Əfəndiyevin əsərlərinin ictimai-mədəni, ideya-estetik nemətindən minnətdarlıqla bəhrələndi. Həmin dramaturgiya milli səhnə sənəti üçün hər şey demək idi; obrazlı desək, teatrdaxili mühit üçün oksigen yastığı, burulğana düşməmək üçün xilasedici dairə, teatra tamaşaçı gəlişinin təmin edilməsinin perspektiv qapılarını açacaq qızıl açar idi. O zaman hər kəsin yaxşı bildiyi, amma nədənsə ucadan söyləmədiyi bu həqiqət dramaturq və teatr arasındakı əməkdaşlığın ən etibarlı əsası oldu.

 

Yeri gəlmişkən, obrazlı desək, teatr böyük intriqa qazanına bənzəyir və həmin intriqanın əsas səbəbkarı P.Brukun qəsdən toqquşma yaradan ağlını itirmiş yol tənzimçisinə bənzətdiyi dramaturqdur. İnanmaq çətin olsa da, bu, belədir. Səhnəyə  qədəm basan aktyor həmin qazana düşür. Cəmiyyətin həyat ahəngi və ictimai-mədəni sifarişi həmin qazanın ocağı kimi içindəkilərin bişməsini                                                                                     təmin edir. Müəllif yağı, ərzağı, ədviyyatı (bəzən suyu – İ.İ.) ilə gələcək xörəyinin dadını müəyyən edirsə, rejissor onu qarışdırmağı, duzunun və ədviyyatının qədərini bilir və bəzən elə olur ki, onun müştəbehliyi, eqoizmi, istedad naqisliyi üzündən qazandakıların bir qismi bişir, başqa bir qismi çiy qalır, nəticədə xörək gözlənilən səviyyədə alınmır, istənilən dadı vermir.

İndi isə bir qədər ciddi olub, etiraf etməliyik ki, dramaturgiya aktyor sənətinin tale məsələsini müəyyən edən yaradıcılıqdır. Gizli deyil ki, böyük aktyorları böyük obrazlar yetişdirib sənət meydanına çıxarır, onları milyonların sevimlisinə çevirir. Böyük obrazlar isə böyük dramaturgiyanın bətnində bəslənib yetişir. Bəs, böyük dramaturgiya yaranmırsa, onda necə? Bu yerdə Mirzə Cəlilin məşhur qəhrəmanlarından birinin dediyi kimi, “məsələ bir qədər tulidir”. Odur ki, milli teatrımızın bugünkü vəziyyətini düşünəndə onun fəaliyyət həyatını təmin edən bütün komponentlərinin böhran halı yaşadığını etiraf etməli oluruq.

 

 

Sözümüzün bu yerində Piter Brukun təsnifatında yer alan “cansız teatr” təyini yada düşür. Yəni onun dediyi kimi, teatr binası var, kollektiv var, tamaşalar hazırlanır, oynanılır, alqışlar, gül-çiçək, hər şey var, amma irəli addım yoxdur. Çünki bu zahiri görüntülərin özü belə, teatr sənətinin xəstəhallığını, onun tərəqqi imkanlarının məhdudluğunu sübut edir.

Qəribədir ki, binalarında əsaslı təmir aparılmış, müasir səhnə avadanlıqları, eləcə də texnikası ilə təchiz edilmiş teatrlarımızın truppalarında istedadlı aktyorlar var, sayca az olsa da, istedadlı rejissorlarımız da, dramaturqlarımız da, teatrşünas alimlərimiz də var, teatrsevər tamaşaçılarımız da yetərincədir. Bəs onda niyə?.. Ona görə ki, teatr sənəti sahəsində indiyədək mövcud olan idarəetmə mexanizmləri, bütünlükdə teatr siyasəti, onun ehtiva etdiyi prinsipləri və imkanları tükənmişdir. Odur ki, çağdaş dövrdə həmin prinsiplər  səmərəsiz olduqları qədər də, teatr sənətinin inkişafını əngəlləyən  maneəyə çevrilmişlər.

 

M.Qorkinin məşhur qəhrəmanının dediyi: “köhnənin karetasında uzağa gedə bilməzsən” – sözlərinin əsl mənasına əhəmiyyət verməyib, müasir idarəetmə texnologiyalarından, menecment formalarından (əcnəbinin göydə balonlarla gəzməsindən) xəbərsiz olan, dədə-baba qaydasını on illərlə tətbiq edib, hesabat rəqəmlərində inkişaf eyforiyası yaradanlar öz əməllərinin teatr sənətini nə hala saldığı barədə, heç olmasa, düşünməlidirlər.

 

Onilliklər boyu sovet idarəetmə üsulunun konyuktur inzibati basqısı altında fəaliyyət göstərən teatr sənətinin iyirmi beş illik tarixi olan müstəqillik dövründə də eyni inzibati basqılar altında qalması nə dərəcədə doğrudur? Həmin idarəetmə mexanizmində bürokratiyanın amiranəliyini, konseptual inkişaf strategiyasının yoxluğunu nəzərə alsaq, vəziyyətin dəyişməsinin vacibliyi aşkar bəlli olar.

 

Sovet dövründə öz azadlıqsevər və demokratik təbiətinə zidd aqibətlə barışmaq məcburiyyətində qalan teatr sənəti bu günümüzdə müstəqil fəaliyyət həyatı yaşamağa layiqdir. Və bunun üçün dövlət tərəfindən yaradılan şərait olduqca əlverişlidir.

 

Dünya miqyasında yetmişə yaxın məşhur teatrı istisna etsək, qalan bütün teatrlar dövlətin, yaxud müxtəlif təşkilatların maliyyə himayəsində fəaliyyət göstərirlər. Ölkəmizdəki teatrlara əmək haqqı şəklində dotasiya verilsə də, onun həcmi olduqca azdır. Həmin əmək haqları illik deyil, aylıq açılıb teatrların hesabına köçürülür. Deməli, teatrlar hər ay yüzlərlə möhürlü-möhürsüz vərəqlər doldurub, tabeliyində olduqları nazirliyə və digər nəzarət edən təşkilatlara təqdim etməli olurlar. Halbuki həcmi bəlli və dəyişməz olan həmin əmək haqlarının dünya təcrübəsində olduğu kimi, hər ilin əvvəlində teatrların hesabına köçürülməsi və ilin sonunda hesabat şəklində təhlil edilməsi daha sadə yol olub, onları aylıq asılılıqdan qurtarardı.

 

 

Maraqlıdır ki, teatr işçilərinin əmək haqları mövzusu hər dəfə aktuallığını qorusa da, nədənsə, az qala, yasaq mövzu kimi toxunulması məqbul sayılmır. Mətbuatda, radio və televiziya verilişlərində də bu mövzu əsasən toxunulmamış qalır. Halbuki, sənət adamlarının rifah halı bundan asılıdır. Bir qayda olaraq, bu qəbildən olan şəxslər başqa bir iş bacarmır və bütün ömrünü (biz əsl istedadları nəzərdə tuturuq) sənətinə həsr edir. Odur ki, sənət adamının, nəinki bu gün öz əməyi müqabilində aldığı maaşın, hətta yaşlandığı çağda alacağı təqaüdün də həcmi mühüm məsələdir. Bəlkə elə buna görədir ki, yaşlanmış sənət adamları təqaüd zamanını ömrünün qorxulu dövrü kimi qəbul edir.

 

Qəribədir ki, bilən də, bilməyən də, yeri gəldi, gəlmədi, Avropa teatrlarından örnəklər göstərir, müqayisələr aparır. Bu zaman həmin ölkələrin teatr sənətinin cəmiyyətdəki yeri, onlar üçün yaradılan şərait, əməklərinin dəyərləndirilməsi, qayğısız qocalıq həyatının təmin edilməsi faktları qeyd edilmir. Bizim teatr sənətçilərinin əmək haqları nəinki Avropa, hətta postsovet məkanındakı həmkarlarının əmək haqlarından belə çox-çox aşağıdır.

 

Beynəlxalq teatr aləmində milliliyin və müasirliyin mədəni daşıyıcısı olan müxtəlif səhnə sənəti modelləri mövcuddur. Burada müəyyən hüquqi, mədəni, maliyyə və s. məsələləri nəzərdə tutan dövlət və teatr münasibətləri, cəmiyyət və sənət əlaqələri tənzimlənir.

Apardığımız müqayisəli təhlillər göstərir ki, müxtəlif ölkələrin teatrlarının fəaliyyət sistemləri ümumilikdə dörd modelin daxili prinsipləri əsasında qurulur. Bunlar: ABŞ, Rusiya, Qərbi Avropa və Şərqi Avropa teatr modelləri kimi tanınır və qəbul edilir. Qəribədir ki, müasir Azərbaycan teatrı həmin modellərdən heç birinin fəaliyyət prinsipinə uyğun deyil. Sanki milli teatrımız dədə-baba qaydası əsasında sovet teatrının rudiment şəklində qalmaqda davam edən prinsiplərinin ətaləti ilə yoluna davam edir. Dünyanın mədəni aləmindən təcrid olunmuş halda fəaliyyət göstərməyin mümkünsüz olduğunu yaxşı bildiyimizə baxmayaraq, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə məhəl qoymamaq, onlardan bəhrələnib, tətbiqinə cəhd etməməyimiz, görəsən, hansı “uzaqgörən” məntiqə əsaslanır?! Halbuki, milli teatr sənətimizin indiki vəziyyətini də, inkişaf perspektivlərini də dünya, o cümlədən Avropa teatr proseslərinin real mənzərəsini nəzərə almaq, həmin proseslərə müvafiqliyə köklənmə, həmçinin inteqrasiya tədbirlərini həyata keçirməklə müəyyənləşdirməyimiz ən doğru yol olardı. Başqa sözlə desək, milli səhnə sənətimizin optimal imkanları və inkişaf istiqamətləri dünya teatr prosesləri kontekstində dəyərləndirilməlidir.

 

 Beynəlxalq münasibətlərin çağdaş dövrdəki reallıqlarını nəzərdən keçirən  Bakı Forumunda qeyd etdiyimiz həqiqətlər mədəniyyətlərin dialoqu kontekstində öz təsdiqini tapmışdır. Odur ki, mədəniyyətin həssas sahələrindən olan teatr sənətində ən qısa zaman içərisində ciddi mütərəqqi tədbirlərin həyata keçirilməsi zamanın tələbinə çevrilmişdir.

Ölkəmizin ayrı-ayrı bölgələrindəki teatrların vəziyyəti tibbi təbirlə desək, stabil ağır olaraq qalmaqdadır. Ötən illər ərzində respublikamızın ayrı-ayrı şəhərləri, o cümlədən Gəncə də, Mingəçevir də, Sumqayıt da, Şəki də, Lənkəran da getdikcə gözəlləşir, göz qabağında müasir infastruktura malik şəhərlərə çevrilirlər. Yaradılan həmin gözəlliklərin mənzərəsi fonunda bu yerlərin teatrları necə görünür? Bu teatrların istər maddi, istər texniki, istərsə də kadr baxımdan korluq çəkməsi, tamaşaların təşkili işində irili-xırdalı müxtəlif çətinliklə üzləşdikləri real həqiqətdir. Həmin teatrlarda yaradıcılıq mühitini canlandırmaq üçün onlara birmənalı pozitiv münasibət bəslənməli, hərtərəfli dəstək və qayğı göstərilməlidir. Bölgələrdə teatrların fəaliyyətinə laqeyd yanaşan məmurlar unudurlar ki, həmin müəssisələr olduqları yerin mədəni həyatının göstəricisidir və teatrı olan hər şəhər məhz bununla fəxr edə bilər. Demək artıqdır ki, hər hansı teatr kimsəyə əl açmamalı, əksinə, ona qayğı və yardım göstərən, alqışlayan əllər olmalıdır. Yəni yerlərdə fəaliyyət göstərən teatrlara maddi və mənəvi dəstək verilməli, onların ictimai nüfuzu artırılmalıdır.

 

Cəmiyyətin ideoloji və mədəni-estetik ovqatının saflığını, eləcə də zənginliyini təmin etməli olan teatr özündə tutumlu, intellektual-mənəvi məzmunu ehtiva edən dramaturgiyadan, bu sənətin yaradıcı siması olan aktyorluq istedadından və pedaqoji rejissuradan məhrum halda fitri bacarığı sayəsində səhnə obrazları yaradır, tamaşaçı isə artıq teatrdan estetik möcüzə gözləmir. Müşahidə edilən ümumi mənzərə belədir ki, teatr əsl sənətin imitasiyasını təqdim etməklə müvafiq plan göstəricilərini yerinə yetirən yaradıcılıq fabrikası kimi fəaliyyət göstərir. Milli teatr sənətimizin düçar edildiyi həmin konsept onun taleyi ilə bağlı nikbin gələcək vəd etmir. Odur ki, narahatlıq üçün səbəblər çox, üzərində baş sındırmalı suallar onlardan da çoxdur.

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018