Bütün şəhərdəkilər yaxşı insan olsa... – Platon nə yazır?

Kulis.az Hüseyn Əliyevin “Platonu anlamaq: “Dövlət”in problemlərinə baxış” essesini təqdim edir.

 

Berkli yazır ki, az adam fikirləşir, lakin hamının fikri olacaq. Berklinin yerində olsaq, təvazökarlıq etdiyini görərdik. Yəqin ki, bəzi tanışlarından savayı  əksəriyyəti yalnız “fikri olanlar” idi.

 

Platonun “Dövlət” əsərinin ana dilimizdə tərcüməsinin olduğunu yenicə öyrənmişəm. Sevindim. Sonra, haqqında yazı yazmağı qərara aldım.

 

Fəlsəfi əsərlərə başlamaq da, bitirmək də çətin olur. Ən əsası düzgün anlamaq. Ona görə də filosofların müxtəlif əsərlərinə ayrıca kitablar həsr olunur. Giriş kitabları.

 

Bu yazıda məqsədimiz – “giriş kitabları” ilə yarışmadan –  oxucuya yardım  göstərməkdir. Kitab ilk oxunuşdan analitik səviyyədə başa düşüləsi deyil. Platon niyə nəzəriyyəsini və “ideal dövlət”ini belə formalaşdırıb?

 

“Dövlət” Platonun ən mükəmməl əsəridir, fikrimcə. G.Santos “Platonun “Dövlət”ini anlamaq” kitabında onu “ həmişə cari olan kitab” adlandırır.

 

Əsər sual-cavab üzərində qurulub, baş rolu isə Platonun müəllimi – Sokrat oynayır. Platon bütün fikirlərini Sokratın dili ilə deyir. Kitab “ədalət nədir?” sualı ilə başlayır, sonra sualın cavabı bütün kitab boyu axtarılır. Əsərin ən xüsusi cəhətlərindən biri isə oxucunun özündən 25 əsr öncəki diskussiyaya qoşula bilməsidir.

 

Kitabda bəzən qəribə fikirlərlə qarşılaşırsan. Platonun bu gün üçün axmaq görünən düşüncələrini oxuyanda, ona edilən bu qədər istinadın, verilən dəyərin səbəbini anlamaq olmur. Platonun sübuta ehtiyacı yoxdur. Lakin onu dərk etmək primitiv düşüncələrimizdən qurtulmağa kömək edə bilər. Kitabda Platonu faşist, kommunist, feminist, liberal və sair görə bilərsiniz. O, bunların hamısı və bunların heç biri deyildi. Tam dəqiq. O, sadəcə, bir çox ideyaların mənbəyi olan Platondur.

 

“Dövlət”də qarşılaşdığımız əsas məsələlərdən biri Platonun insan təbiətini üç hissəyə bölməsidir. Bu hissələri Platon zəka, ruh və nəfs[i] adlandırır. Freyd də, Platon da insan təbiətini hissələrə bölərkən onları şəxsləşdirməkdən qaçmaq istəyiblər, çünki onların şəxsləşdirilməsi təkrar problemə qayıtmaq sayılır.[ii] Hissələr bir bütünü xatırlatmırsa, deməli bölgüdə ‘kiçik adam’ yaradılıb. Lakin, Platon bu problemdən uğurla yayına bilməyib.

 

Bölgüdə “zəka” həm özünü, həm də insanın digər iki hissəsinin aqibətini düşünən hissə kimi izah olunur. “Ruh”da yarı nəfs, yarı zəka rol oynayır. “Nəfs” hissə isə yalnız öz sonunu düşünür. Platonun ideal dövlətində də üç sinif iştirak edir: idarəçilər, köməkçilər və istehsalçı sinif[iii]. Daha sonra Platon fərd və dövlət arasında analogiya aparır. İnsandakı “zəka” hissə dövlətdəki “idarəçilər”lə, “ruh” “köməkçilər”lə və “nəfs” “istehsalçı” təbəqəylə uyğunlaşdırılır. Bu analogiya isə artıq yalnız “idarəçilərin” ədalətli ola bilməsi deməkdir. Çünki analogiya nəticəsində platonik zəka yalnız bu qrupa düşür. Doğrudur, Platon insan təbiətindəki digər iki hissədə də zəka olduğunu deyir. Ancaq bu zəka birinci qrupda olan platonik zəka deyil. J.Annas digər hissələrdə olan zəkanı D.Hyumun “zəka”sı kimi görür. O, yalnız istəklərin koordinatoru kimi rol oynayır, yəni onların effektiv şəkildə təmini ilə məşğuldur. Platonik zəka isə istəklərin koordinasiyasından çox onları seçməklə məşğuldur.

 

Image result for Platon "Dövlət"

 

Kitabda Platonun bəzən “ruh və nəfs hissələrində də zəka var” – deməyi Hyumsayağı zəkadır, yəni bu zəka həmin hissələrdə onların məqsədlərinə xidmət edir. Platonik zəka isə seçir, imtina edir, Hyum “zəka”sından fərqli olaraq istəkləri olduğu kimi qəbul etmir, bəzən onları qadağan edir. Elə buna görə də kitabda (platonik) zəka tərəfindən idarə olunan insan azad, digər hissələr tərəfdən idarə olunan insan qeyri-azad adlanır. Bu isə yenə də Platonun ideal dövlətində yaşayan digər iki qrupun – köməkçilər və istehsalçıların azad və ədalətli ola bilməməsi deməkdir.

 

Biz kitabda Platonun bir şeyə çox həssas yanaşdığını görürük. O da ədalətin birliyi məsələsidir. Platon insanlar və dövlət üçün ədaləti ayrı-ayrılıqda göstərib dövlət və fərd analogiyasından yaranan yuxarıdakı problemlərdən qurtula bilərdi. Lakin, ədalətin ikili olması məsələsi onun ideyalar nəzəriyyəsinin prinsipləri ilə zidd idi. Əslində, Platonun xüsusilə ədaləti ikili göstərməməsi onun bu məsələ haqqında nə qədər sayıq və həssas  davranmasını göstərir.  Baxmayaraq ki, onun insan və dövlət üçün dahiliklə yaratdığı ədalətlilik konsepsiyası problemlərlə üzləşir.

 

Platonun ideyalar nəzəriyyəsinə görə hər şeyin bənzərsizi ideya şəklindədir. Məsələn, X çox gözəldir, amma onu “dünya gözəli” ilə müqayisə edəndə gözəl olmur. Yaxud “dünya gözəli” yaşlananda, ya da başqa bir müsabiqədə “gözəl olmur”. Bir əşya başqa birinə görə böyük, o birinə görə kiçik olur. Deməli, bir şey “odur, o deyil” olur. Verdiyimiz nümunələrdə, X gözəldir, həm də deyil. Əşya böyükdür, həm də deyil. Nəzəriyyənin yaranma səbəbi də bu intellektual narahatlıqdır. Bir filosof yaşadığı dünyada şərtsiz gözəllik tapa bilmir, tapdıqları da “odur, o deyil”dən ibarətdir. Nəticədə o, real dünya olan ideyalar dünyasını dərk edir. Platona görə ideyalar dünyası real dünyadır.

 

“Ədalət”in ikili yox, bir olması da əslinin ideyalar dünyasında olması ilə bağlıdır. Platon deyir ki, heç vaxt mükəmməl üçbucaq çəkə bilməzsən, mükəmməl üçbucaq yalnız ideyada var. Yaxud, usta çarpayı ideyasını düşünərək çarpayı düzəldir. Platona görə, ustanın düşündüyü çarpayı iki ola bilməz. Əgər ikidirsə, deməli, başqa bir üst var ki, onlar orda bütünləşir (iştirak edir). Ədalət də ikili göstərilsəydi, bu, şərtsiz ədalət olmayacaqdı və yenidən şərtsiz ədalət axtarışına çıxmaq məcburiyyəti yaranacaqdı. Bu isə kitabın sonunda problemin həllindən çox problemə qayıtmaq olur.

 

Platonun kitabdakı siyasi fəlsəfəsi filosof-kral prinsipinə dayanır. Yəni kral həm də filosof olmalıdır. Bəzi şərhlərə görə filosof-kral ideyası ilə özünün kral olmasını demək istəyirdi. Bizə Platonun kitabda qurduğu ideal dövləti həyata keçirmək üçün Siciliyaya səfərləri məlumdur (e.ə 367, e.ə 362).

 

Platonun avtoritar görüşləri ilə bağlı tənqidləri Karl Popperin “Azad Cəmiyyət və Onun Düşmənləri” kitabında görmək olar. Popper elə kitabın üz qabığında[iv] Afinanın demokratik hökmdarı Perikl və Platondan sitatlar göstərir.

 

“Baxmayaraq ki, azlar siyasət yürüdür, ancaq biz hamımız onu mühakimə edə bilərik”. (Perikl)

 

“Prinsiplərin ən alisi budur ki, heç kim – istər kişi, istər qadın lidersiz olmasın... O, oyanacaq, ya hərəkət edəcək, ya əl-üzünü yuyacaq, ya yemək yeyəcək, yalnız əgər ona belə deyilmişsə. Bir sözlə, o, öz ruhuna uzun müddətli vərdişlə müstəqil hərəkət etmək xəyalından əl çəkməyi öyrətməli və ən sonda ümumiyyətlə bunu etməyi bacarmamalıdır.” (Platon)

 

Kitabın üz qabığında belə bir müqayisə vermək çox ağır görünür. Ancaq yaddan çıxarmaq olmaz ki, Platonun qurduğu dövlət yaxşı və layiqli olanların hakimiyyətidir. Platon yazır ki, idarə etməyə layiq olan yaxşı biri bunu rədd edirsə, o, özündən daha pis biri tərəfindən idarə olunmağa layiqdir. Digər yerdə Popperin yuxarıdakı sitatına kölgə salacaq bir cümlə işlədir: “Əgər bir şəhər bütünlüklə yaxşı insanlardan ibarət olsa, idarə etməkdən boyun qaçırmaq indiki dövrdə idarə etməyə olan meyl qədər olacaq” (Platon 2009, 81).

 

Yaşadığı dövrün də filosofun siyasi fəlsəfəsinə təsir etməsi istisna deyil. Sparta-Afina (e.ə 431-404) müharibəsindən qalib çıxmış Spartanın dövlət strukturu demokratik Afinadan daha cəlbedici gəlirdi. Biz eyni təsiri T.Hobbsun “Leviathan” əsərində görürük.

 

Təəssüf ki, biz məhdudiyyətlərə görə  Platonun “Dövlət”dəki  “mağara”sına  və “inkişaf fəlsəfəsi”nə baxa bilmirik. Bunlar da kitabın bir bütün kimi başa düşülməsində yazımızda qeyd olunan məsələlər qədər vacib rol oynayır. 

 

Bütün hallarda “Dövlət” fəlsəfə tarixinin gördüyü ən möhtəşəm əsərlərdən biridir.

 


[i] İngcə tərc. Müvafiq olaraq: Reason, Spirit, Desire

[ii] Homunculus problem-“Kiçik adam”- Bölgüdə olan hər hansı bir hissəyə lazımından artıq imtiyaz verib onu insanın içində kiçik insana çevirmək

[iii] İngcə tərc. Müvafiq olaraq: Guardians, Auxiliaries, Productive class

[iv] 1950, Prinston nəşri

 

Qaynaqlar

 

Annas, Julia. 1981. Platonun “Dövlət” nə Giriş. Oksford Universiteti Nəşri.    Fəsil 5, 6, 9

 

Platon. 2009. Dövlət. [Vaieheke İsland]: The Floating Nəşri. e-kitab kolleksiyası (EBSCHOhost)

 

Rassel, Bertran. 1945. Qərb Fəlsəfəsinin Tarixi. Nyu-York: Simon & Şuster. Fəsil 4, 12, 13.

 

Smit, Steven. 2006. Siyasi Fəlsəfəyə Giriş. Açıq Yale Kursları. Leksiya 1, 4, 5, 6. Mövcuddur- https://oyc.yale.edu/political-science/plsc-114.

 

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekan

 

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018