“Qadın-kişi bərabərliyinə məni Allah da inandıra bilməz” - MÜSAHİBƏ

Kulis.az gənc şair Fəridə Uğur ilə müsahibəni təqdim edir.

 

- Fəridə, bir müddət yoxa çıxmışdın.

 

- Hardasa bir ildən artıqdır ki, ədəbiyyatda görünmürəm. Əslində şeir yazmıram.

 

- Ona görə də görünmürsən?

 

- Yox, roman üstündə işləyirəm. Amma bu yaxında ərsəyə gələn bir roman deyil. Bu romanı bitirə bilmək üçün mənə ən azı iki il vaxt lazımdır.

 

- Uzaqlaşmağının da səbəbi bu idi?

 

- Bəli. Həm də oxumalı olduğum kitablar vardı. Xeyli kitab yığılmışdı. Bu bir ildə özüm üçün elədiyim ən yaxşı şey o oldu ki, xeyli kitab oxudum, filmlərə baxdım. Mən ümumiyyətlə indiyədək çox az filmə baxmışdım. Bu bir ildə xeyli vacib film izlədim. Bir də özüm üçün tərcümələr elədim.

 

- Sosial şəbəkədə də aktivliyin azalmışdı. Facebooku bağlamışdın?

 

- Bağlamamışdım. Amma əvvəlki qədər aktiv deyildim. Başım filmə baxmağa, kitab oxumağa qarışdığına görə ora ayırmağa vaxtım qalmırdı. Həm də düzünü deyim ki, Facebook əvvəlki qədər maraqlı deyil. Qabaq maraqlı statuslar, şərhlər görürdün, maraqlı şeirlər oxuyurdun, yeni imzalar görürdün. İndi isə eyni adamların eyni tərzdə statusları, şərhləri adamı yorur.

 

- Soyadını da dəyişmisən. Əvvəl Məmmədova kimi tanınırdın.

 

- Düzünü deyim, Uğur imza kimi mənə çox yaxın, dəyəri olan addır. 2013-cü ildən bəri fikirləşirdim ki, təxəllüs götürmək lazımdır. Mənə başqaları da deyirdilər ki, Məmmədova imzası ilə yazma, təxəllüs götür. Amma qərar verə bilmirdim, axırda Uğur üzərində dayanası oldum. Həm də Facebookda Fəridə Məmmədova adı ilə başqa profillər də var. Onların yazdıqları statusları, şərhləri davamlı olaraq mənə göndərirdilər ki, bu sənsən? Buna görə də qərara aldım ki, bu problemlərdən canımı qurtarmaq üçün imzamı dəyişim.

 

- Fəridə, iki kitabın çıxıb, eləmi?

 

- Bəli, biri şeirlər kitabı, o biri də roman. Öz seçdiyim 28 şeiri o kitabda cəmləmişəm.

 

- Bu vaxta kimi nə qədər şeir yazmısan ki, onun 28-i kitaba salmısan?

 

- (Gülür) Çox yazmışam. Ən çox orta məktəb illərində və altı illik tələbə həyatı boyu xeyli şeir yazmışam. Desəm, 3 min şeir yazmışam, bəlkə yenə də az olar. Həqiqətən həddindən artıq çox şeir yazmışam. Ən gülməlisi də odur ki, hamısı heca şeirləri olub. Və onların hamısını yığıb məhv eləmişəm ki, bir də heç kimin qabağına çıxmasın (gülür). Ümid edirəm ki, çıxmayacaq.

 

- Niyə? Utanırsan?

 

- Utanmıram. O şeirlər indi mənə gülməli gəlir. Mirmehdi, bilirsən necədir? O şeirləri oxuyanda onların xatirələri də yadıma düşür; o şeiri yazanda nə hiss keçirmişdim, nəyə görə yazmışdım, o şeiri yazıb harda gizlətmişdim... Bunları xatırladıqca gülməyim gəlir.

 

 

- O şeirlər nəyə aid olurdu ki, yazıb gizlədirdin?

 

- Hər şey vardı; sevgi, dostluq, vətənpərvərlik, üsyan... Təmsillərim vardı, heyvanların dilindən yazmışdım.

 

- Daha o şeirlərin heç biri yoxdur?

 

- Heç biri yoxdur. Mamamın kənddə kitabxanası var, birdən onların arasından vərəqlər tapır, iki bənd şeir, üç bənd şeir... Şəklini çəkib Vatsapla atır mənə. Üç saat yalvarıram onu ya yandır, ya da cır tulla (gülür).

 

- Təb gəlirdi, şeiri yazıb qoyurdun hansısa kitabın arasına və ordaca unudurdun?

 

- Yox. Əvvəlcədən deyirdim ki, filan mövzuda şeir yazacam. Məsələn, dostluq barədə və oturub yazırdım. Şeir mənim üçün əyləncə idi; kənd həyatı, bomboz qış günü, dərsini oxudun qurtardın başqa nə iş görəcəksən? Başını qatmaq üçün nəsə bir əyləncə tapmalısan. Evdə qoca nənəm vardı deyə atam televizoru açmağa da icazə vermirdi. Mən də boş vaxtlarımda oturub özüm üçün şeir yazırdım və inanırdım ki, şeirdir. 

 

- Hansı rayondansan?

 

- Qazaxdanam.

 

- Sərhəd kəndindən?

 

- Yox.

 

- Şeirlərində müharibə, döyüş elementləri var, ona görə soruşdum.

 

- Onlar Tərtərin Qapanlı kəndində gördüyüm mənzərələrdir. Anam ordandır. Biz ildə bir neçə dəfə Qapanlıda qalırıq, babamgil erməni ilə çox yaxın ərazidə yaşayırlar. Şeirlərimə də müharibə ab-havası ordan keçib.

 

- Deməli, hamısını yandırmısan, 28 şeirin qalıb.

 

- Kitaba o qədərini salmışam.

 

 

- Axırıncı dəfə nə vaxt şeir yazmısan?

 

- Ötən ilin payızında yazmışam, amma saxlamamışam, atmışam.

 

- Niyə?

 

- (Gülür) Bilmirəm.

 

- Mənə elə gəlir ki, səndə yaradıcı metamorfoz baş verir özü də hələ bitməyib.

 

- Bilirsən necədir, şeir niyə yazmıram?

 

- Təkcə şeirlə bağlı deyil, daxili gərginlik də hiss olunur.

 

- Ola bilər. Şeirlə bağlı onu deyim ki, əvvəllər hansısa bir fikrimi, düşüncəmi şeirlə yazıb onunla qane olur, rahatlaşa bilirdim. Amma indi elə deyil. Ağlımdan keçənləri şeirlə ifadə eləmək mənə bəs eləmir. Payızdan bəri dörd-beş dəfə şeir yazmağa cəhd eləmişəm. Amma özüm qane olmuram. Mənə elə gəlir ki, hər hansı bir düşüncənin ətrafında şeirdənsə hekayə və ya roman yaza bilərəm.

 

- Ona görə nəsrə keçdin.

 

- Bəli.

 

- Və roman yazdın.

 

- Aha.

 

- Ondan əvvəl nəsr təcrübən olmuşdu?

 

- Yox.

 

- Romanın “Pinqvinlər uçur, Mari” adlanır. Necə qarşılandı?

 

- Bilmirəm, çünki ədəbiyyatçı dostların hamısı susdu. Heç kim heç nə danışmadı. Amma əslində özüm o romanda nə var, nə yox yaxşı bilirəm.

 

- Nə var, nə yox? Oxumasaq da denən bilək.

 

- Oxuyanda özün görərsən (gülür). Yaxşı tərəfləri mənə məlumdur. İnsan psixologiyasının dərinliyinə bir az da olsa enə bilmişəm. Zəif tərəfi də süjetin qurulması ilə bağlıdır. O kitabı indi nəşrə versəm bir neçə yerə əlavələr edərəm. Qısa desək texniki çatışmazlıqlar var.

 

- Ədəbi mühitdəki dostların oxuyub fikir bildirməməyindən şikayətlənirsən? Səncə niyə fikir bildirməyiblər?

 

- Ümumiyyətlə, oxuyub-oxumadıqlarını belə bilmirəm. Hamı susub.

 

- Bəlkə bəyənməyiblər və sənə deyib xətrinə dəyməmək üçün susurlar?

 

- Yox, elə deyil. Məni tanıyan yaxın dostlar bilir ki, xətrimə dəyməz. Əksinə, elə adamlar var ki, onların fikrini bilmək mənə maraqlı idi. Bunların yerinə oxuculardan çoxlu məktublar almışam. Üç-dörd aydır ki, romanla bağlı davamlı oxucu məktubları alıram. Mən elə bilirdim ki, oxucuların da vecinə olmayıb. Amma düşünürəm ki, oxuculara kitab indi-indi çatır. Niyə elədi, bilmirəm, halbuki kitab 2015-ci ildə çap olunub. Satışda da qalmayıb. Demək olar, hər gün oxucu məktubu alıram.

 

- Yazanlar əsasən hansı yaş qrupuna aiddir?

 

- Müxtəlif yaş kateqoriyalarında var. Kişilər daha çox yazır.

 

- Deyəsən, roman Türkiyədə də çap olunacaq.

 

- Bəli. “Pinqvinlər uçur, Mari”ni lap çoxdan Elcan Bayram ilə türk dilinə çevirmişdik. “Gecə kitablığı” nəşriyyatına göndərdim. Onlar mənə yazdılar ki, redaktor oxuyub razı qalsa çap edəcəyik. Düzü, elə bildim başlarından edirlər. Ancaq məktubda elə yaxşı şeylər yazmışdılar ki, özüm də həvəsləndim.

 

- Kitabın tirajı, qonorar haqqında danışmısınız?

 

- Hələ danışmamışıq. Müqavilə bu yaxında bağlanacaq.

 

 

- Nə əcəb şeirlərini göndərmədin?

 

- Onlar da məndən şeirlərimi istədilər. Ancaq şeirlərim hələ tərcümə şəklində yoxdur. Roman iki il bundan qabaq tərcümə edilib. Əlimdə hazır vardı. Bir də şeirlərimi çox adam tərcümə etməyə cəhd edib, xoşuma gəlməyib. Tam çevrilmir. Şeirlərimi türk dilində oxuyanda elə bilirəm mənim deyil. Ancaq Aqşin Yeniseyin, Şəhriyar del Geraninin, Fərid Hüseynin şeirlərini oxuyuram, onlar daha çox xoşuma gəlirlər.

 

- Şeirlərin türk dilinə çevriləndən sonra bəlkə özün də bir göz atasan?

 

- Cəhd eləmişəm, alınmır. Məncə intonasiya söhbətidir. Şeirlərim türk dilində tamam başqa intonasiyada səslənir.

 

- Bundan sonra ancaq nəsr yazacaqsan?

 

- Yox, şeir də yaza bilərəm, ancaq nəsrdə eləmək istədiyim şeylər daha çoxdur.

 

- Fəridə, ədəbi mühitdə baş verən proseslər səni qane edirmi?

 

- Düzünü deyim ki, mən həmişə ədəbi mühitdən də, ədəbiyyatdan da, proseslərdən də kənarda olmuşam. Özümün də həvəsim olmayıb, xarakter olaraq tənbəl adamam. Hər şeyə ərinirəm. Ona görə də hər şeydən ən axırda mənim xəbərim olur. Amma ədəbiyyatın ümumi mənzərəsi haqqında məlumatım var. Heç də ürək açan deyil.

 

- Heç belə ümid işığı yoxdur?

 

- Yoxdur (gülür). Qığılcımlar var, ancaq bu bəs eləmir.

 

- Gənc şairlərdən kimləri bəyənirsən?

 

- Şəhriyar del Geraninin köhnə şeirlərini sevərək oxumuşam. Son dövrlər yazdığı şeirləri də oxudum, əvvəlkilərə nəzərən zəifdir. Fərid Hüseynin şeirlərini bəyənirəm. Qismətin sevdiyim şeirləri var. Leyla Nənə adlı müəllif var, onun çox qəşəng şeirləri var. Mənsumə Əhədovanın hədsiz dərəcədə gözəl şeirləri var. Onun şeirlərini oxuyanda deyirsən ki, əsl ədəbiyyat budur. Esmira Məhiqızının sevdiyim şeirləri var. Dalğa Xatınoğlunun məqalələrini daha çox xoşlasam da, amma gözəl şeirləri də var.

 

-  “Əsl ədəbiyyat” ifadəsini işlətdin. Sənin üçün əsl ədəbiyyat nədir?

 

- Əsl ədəbiyyat şeiri, hekayəni, esseni oxuyanda hiss elədiyin şeydi. Onu ifadə eləmək çətindi. Sadəcə oxuyanda hiss elədiyindi. Səni əsəbiləşdirə də bilər, qıcıqlandıra da bilər, qorxuda da bilər, fərqi yoxdur sənə nə edir, əsas odur təsir etsin. Kimsə hansısa şeirində adi təbiət hadisəsindən danışa bilər, amma səni darmadağın edər.

 

 

- Kənardan feminist görünürsən. Elədir?

 

- Bu mənim yaralı yerimdi. Hamıya elə gəlir ki, mən feministəm. Halbuki elə deyil. Bir də ki, məni qadın və kişinin eyni olduğuna Allahın özü də gəlsə inandıra bilməz (gülür). Qadınla kişi eyni hüquqlu ola bilər, ancaq bərabər deyil, bunu mənə nə kitablar, nə şeirlər, nə həyat hekayətləri inandıra bilər. Amma niyə feminist təsiri bağışlayıram, orasını bilmirəm.

 

- Fəridə, ixtisasca həkimsən.

 

- Bəli.

 

- Amma bir gün də işləməmisən.

 

- Hə. Həkimlik sevdiyim sahə olsa da ixtisasım ürəyimcə deyil. Müəllimlik şərəfli peşədir deyirlər (gülür), amma həqiqətən həkimlik olduqca şərəfli peşədir. Yeddi il o sahədə oxumuş biri kimi deyirəm. Mən özüm xaraktercə çox məsuliyyətsiz adamam. Ən adi məişətdə belə bir işin ya məsuliyyətini götürmürəm, ya da bacarıqlarımı ən üst səviyyədə həyata keçirirəm. Bu da həmişə mənə çətinlik yaradır. Hərdən lazım olmayan yüklərin altına girirəm, ona görə fikirləşirəm ki, ən yaxşısı heç bir yükün altına girməməkdir (gülür). Fikirləşdim ki, pediatr kimi işləməli olsam, məsuliyyətlə çalışmalıyam. Bu, mənə lazım deyil və sənətimdən imtina elədim.

 

- Bəs nə işlə məşğulsan?

 

- Bu barədə danışmaq istəmirəm. Sadəcə onu deyim ki, tərcümələr edirəm. Nəşriyyatlardan sifariş almışam. Bu yaxında Aqata Kristinin romanını çevirdim, hazırda Kurt Vonnehutun “Gecə ana” romanını çevirməyə cəhd edirəm (gülür).

 

- Hansı dillərdən tərcümə edirsən?

 

- Əsasən ingilis və rus dillərindən tərcümə edirəm.

 

- Gələcək barədə planların nədir?

 

- Plan qurmağı sevmirəm, məndə alınmır. Həmişə tənbəlliyim və məsuliyyətsizliyim ucbatından planlar pozulur və özümdən başqa da kimlərə problem yarandığına görə plan qurmamağa çalışıram. Ümumiyyətlə, gələcək haqqında düşünməməyə çalışıram.

 

- Bəs şəxsi həyatında necə dəyişiklik gözlənilir?

 

- Hələ ki, evlilik və bu kimi məsələlər barədə düşünmürəm.

 

- Dedin, yeni roman yazırsan. Yəqin bütün diqqətin ona yönəltmisən.

 

- Aha, elədir. Çox güman, hələ iki il bu roman üzərində işləyəcəm. Bax, şəxsi həyatımla bağlı olmasa da, o romanla bağlı əlimdə hazır planım da var, sxemim də (gülür).

 

LENT

27 May 2018
26 May 2018
25 May 2018
24 May 2018
23 May 2018