Cavid Zeynallının Mövlud Mövluda həsr etdiyi hekayə: “Zəmanəmizin qəhrəmanı”

Kulis.az tanınmış yazar Cavid Zeynallının “Mövlud Mövlud hekayə müsabiqəsi”nin onluğuna düşən “Zəmanəmizin qəhrəmanı” hekayəsini təqdim edir.

                                                           

Mövlud üçün

 

Andrea: Yazıq o ölkəyə ki, onun qəhramanı yoxdur.

Qaliley: Yazıq o ölkəyə ki, onun qəhrəmanlara ehtiyacı var.

 

Bertol Brext, “Qalileyin həyatı” pyesindən

 

 

***

 

Alatavadan Novxanıya taksi ilə getmək... Nə deməkdir, bilirsinizmi?! Özü də mənim kimi yoxsulun birinə. Özü də mənim kimi yesirin təkinə.

 

Zibil torbasını qapının ağzından götürüb, özümü küçəmizin soyuğuna atıram. Firəngiz xalanın səsi yağışa qarışıb boyun-boğazımı üşüdür, çiyinlərimi boynuma qısıb üzü yoxuşa götürüləndə o səs yenə məni qarabaqara izləyir. O səs əvvəl darısqal həyətdə daşa-divara çırpılır, pəncərə boyu sıralanan dibçək güllərinin üstündə əsib-kükrəyir, yarpaqlar titrəyir, orda-burda açan payız gülləri diksinib ləçəklərini yığır. Sonra üzüm kollarının arasından sıyrılıb hündür hasarı aşır və mənim kürəyimə düşmən gülləsi kimi sancılır:

 

- Murad, ay Muraaad... aftafanın qulpunu qayırtdırmadın? Sənə neçə dəfə dedim, ay itdən əmələ gələ-ən...

 

Zarafat edirəm, Firəngiz xalanın söyüşü lap ləzzət elədi. Gör neçə ildir üstündən halva iyi gələn bu arvadın evində kirayə qalıram?! Bir il deyil, iki il deyil, beş il də deyil. O 2006, bu 2016. Bir igidin ömrüdürmü, əl-əlbət, ömrüdür. İndi uzandıqca uzanan bu darısqal, hər tini-dalanı adamın ürəyinə qüssə gətirən küçədə ev axtardığım o noyabr səhərini xatırlayıram:

 

- Xala, bəlkə buralarda kirayə ev yeri biləsiniz?

 

Bircə onu xatırlamıram ki, Firəngiz xalanın zoğalı qapısını kim nişan verdi, kim dedi, o zoğalı qapını döy, arvadın otağının biri boşdur. Hə-hə, yadıma düşdü: Firəngiz xalanın həyətinə üzbəüz evdə Mizrab kişi yaşayır, fəlsəfə doktorudur, zoğalı qapını mənə nişan verən həmin bu Mizrab kişi idi. Bir azdan bu qoca filosof haqqında danışacam. Məni qabağına qoyub itin sözünü deyə-deyə fəlsəfə öyrədən, sonra dünyanın bütün müdriklərindən iyrəndirən Mizrabı yaddan çıxarmaq olmaz.

 

 

Mən qapını döyüb qorxa-qorxa içəri boylananda həyətin yuxarı başındakı tualetin qapısı cır-cır cırıldamışdı və Firəngiz xalanı əlində dəmir aftafa görəndə diksinmişdim.

 

- Gəl, ay bala, gəl, keç içəri, qapını bağla.

 

Belə lap bir qərinəlik məhrəm kimi. Belə lap yüz ilin doğması sayaq. İçəri o keçən, keçdim.

 

İndi həmin o dəmir şoğəribin qulpu qırılmışdı və bizim qoca iki dünya bir ola, türkün məsəli, əlinə başqasını almazdı. Tutalım, beşcə addım o tərəfdə: İnşaatçılar metrosunun həndəvərində rəngbərəng İran aftafaları göz oxşayır, adam istəyir, lap öpüb-oxşasın o çiçək kimi xoşagələn aftafaları. Get birini al, yuyun, təmizə çıx. Yox, nə danışırsan, bizim arvad bir ərinə sədaqətli olub, bir də bu zindan kimi aftafaya. Deməzsənmi, bəs rəhmətlik kişinin zəhmi ilə aftafanın ağırlığı tən gəlirmiş. Bizim xanımcığaz ərinin zəhmini aftafanın ağırlığından alırmış. Pay atonan, arvad yiyəsi!

 

...Novxanı yolunda yağışı-küləyi yarıb irəli şığıyan “Mercedes”də bu lazımsız əhvalatı niyə xatırlayıram, bilmirəm. İndi mənim bircə dərdim olmalıdır: müdirin ailəsinin aqibəti necə oldu? Özü cəhənnəm, uşaqları, arvadı tüstüdən boğulub ölmədilər? Ürəkli olasan, zəng vurasan ki, bir az da dözün, beşcə dəqiqəyə özümü çatdıracam. Sonra xəttin o başındakı xırıltılı səsdən hürküb, yox, üşənib telefonu maşının pəncərəsindən tolazlayasan Novxanı çöllüyünə. Nə gizlədim, ürəyimin lap dərinliyində arzulayırdım ki, yuxum çin çıxsın. Və hər şey mənim qəhrəmanlıq göstərib bu miskin həyatdan can qurtarmağımın xeyrinə olsun.

 

- Səməd, qurban olum, uşaqlar...

- Qapı içəridən bağlıdır.

- Boğuluram, ay Allah.

- Açar hardadır?

- Tapa... bilmirəm.

- Sal uşaqları hamama, tez ol.

- Ay Səməd, uşaqlar tüstüdən boğulur.

- Açar axşam qapının üstündə idi.

- İtiriblər. Pəncərəni açdım, gətir uşaqları.

- Ay Allah, sənə qurban olum, balalarımı qoru.

- Gətir uşaqları, atacam aşağı. Gəə-tir...

 

Mən pəncərənin altında dayanıb bağırıram, birinci mərtəbənin dəmir barmaqlıqlarından yapışıb üzü yuxarı dırmaşıram. Və tüstünün-dumanın içindən keçən iki uşaq bədəni qollarımın arasında çabalayanda anasının bağırtısı çiyinlərimdən basıb dizlərimin taqətini çəkir. Mən göyləri köməyə çağırıram: qollarıma güc ver; yağışa yalvarıram: yeri-göyü su aparsın; küləyə yalvarıram: ağacların yarpağında, evlərin damında gizlən, dənizin suyunda islan, hələ gəlmə, hələ əsib məni çətinə salma! Göylər səsimi eşidir: qolumda güc, dizimdə təpər; yağış gurşad tökür, külək Xəzərin suyunda islanır, ağacların yarpağında, evlərin damında gizlənir. Və mən yuxarıda qalan kişi ilə arvadı, yox, müdirimlə xanımını xilas edib, qəhrəmana çevrilirəm.

 

- Bacı oğlu, qəhrəmanlarımız haqqında inşaya necə başlamaq olar? Uşağa məktəbdə tapşırıblar.

 

Tfu! Sənə verəcəyim 20 manat gözünə girsin. İt oğlu!

 

- Bacı oğlu, eşidirsən? Deyirəm, uşaq inşa yazmalıdır, bilmirik necə başlayaq. Bəlkə köməyin dəyə? Görürəm, oxumuş adama oxşayırsan.

- Uşaq inşaya belə başlasın ki, milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan xalqımız igid qəhrəmanlarımızla fəxr etmiş və hər zaman yeni-yeni qəhrəmanlar istehsal edərək qədim İpək yolunun üstündə doqquz iqlim qurşağında yerləşən vətənimiz üçün arxa-dayaq olmuşdur.

- Bacı oğlu, istehsal edərək nə deməkdi? Vətən zavoddu, fabrikdi, nədi ki, qəhrəman istehsal eləsin?

- Yəni böyüdüb boya-başa çatdırır də. Yəni yeni-yeni qəhrəmanlar verir, xalq fəxr edir, öz oğulları ilə qürur duyur.

- Olar, bir söz soruşum?

- Olar.

- Allah qoysa, vətən səni nə vaxt istehsal... e, səni nə vaxt böyüdüb boya-başa çatdırır?

- Nə vaxt məsləhət olsa, onda mən də vətənə arxa-dayaq olaram. Bir də qəhrəman olmaq üçün ölmək lazım deyil. Bir az diribaş olmaq lazımdır, vəssalam.

- Bacı oğlu, mən keçmiş döyüşçüyəm. Bir söz desəm, inciməzsən?

- Yox.

- Sən lap qatıqsan ki. Al siqaretini, düş rədd ol, küçük.

 

Biz tutaşırıq. Süpürləşirik. Əclaf güc gəlir. Sürüyüb dənizə aparan yolun üstünə atır məni. “Mercedes” uzaqlaşanda mən qalxıb yan-yörəmə baxıram ki, görüb-eləyən olmayıb? Adam nə gəzir? Qalxıb üst-başımı çırpıram, keçmiş döyüşçünün qarasına söyürəm və müdirimin uzaqdan görünən üstü qırmızı kirmətli evinə sarı addımlayıram.

 

Darısqal küçənin girişindəki həyətin qapısı açıqdır. İçəridə hasar boyu qırmızı kərpiclər üst-üstə qalaqlanıb. Səs-səmir gəlmir, deyəsən, yaşayış yoxdur. Kərpiclərin üstünə çıxıb hasara dırmaşıram. Oho! Bir dəstə çöl göyərçini uçub müdirin evinin damına qonur. Və içəridən sevincək qız səsini qulağım alır:

- Ata, ay ata, göyərçinlər gəldilər.

 

Mən o qızın səsini təkcə eşitmədim, o qızın səsini həm də gördüm. Göyqurşağı kimi rəngbərəng idi, çiçək açmışdı o qızın səsi, Novxanının boz-bulanıq havasına, payızın küləyinə, uzanıb gedən üzüboz dənizə gülümsəyirdi.

 Sonra hardansa qadın səsi gəldi. Uşaqları içəri çağırırdı ki, özlərini soyuğa verməsinlər, üst-başlarını təzə dəyişiblər, daşa-divara sürtünüb batırmasınlar. Mən hasarın üstündən o qızın sevincini də, o qadının həyəcanını da açıq-aşkar görürdüm.

 

- Ay Səməd, uşaqları içəri göndər.

 

 “Mercedes” Novxanı çöllüyündə yağışı-küləyi yarıb irəli şığıyanda qurduğum xəyalı bu dəfə arzu elədim. Arzu elədim ki, üstündə göyərçinlər uçuşan bu evə od düşsün, o qız uşağının səsi yansın, o qız uşağının səsində açan çiçək bir də açmasın, göyqurşağının rəngləri solub-soluxsun, əriyib-itsin, qarışsın üzüzəhər noyabr səmasına. Qadın qıyyasından, kişi hönkürtüsündən hürkən çöl göyərçinləri bir də o üstü qırmızı kirəmitli evin səmtinə qanad çalmasınlar. Perik düşsünlər o çöl göyərçinləri.

 

- Səməd, ... qurban olum, uşaqlar...

- Gətir uşaqları, atacam aşağı. Gəə-tir...

 

...Amma uşaqları gətirən olmadı ha! Lənətə gəlsin, mənim müdirim damağına siqaret, darvazanı arın-arxayın açıb maşına oturdu. Və mən hasarın üstündən atılıb fitillədim üzü Xəzərə sarı.

 

***

 

Otağımda mağara qaranlığı. Hələ utanıb-ölmədən bura otaq da deyirəm. Köhnədən anbar olub. Sonra bizim Firəngiz xalanın rəhmətlik kişisi balaca bir nəfəslik yeri açıb, vəssalam, olub mənim kimi yoxsullar üçün müvəqqəti sığınacaq yeri. Amma bu otaq mənə yaman doğmadır. Yorğun gələndə özümü bu çaqqal yuvasında xoşbəxt

hiss edirəm. Küçəyə açılan nəfəslik mənə uca göylərdən işıq gətirir, o işığı sinəmə çəkib rahatlıq tapıram.

 

Elə ki nəfəsliyin şüşəsinə daş dəydi, deməli, Mizrab kişi darıxır. Neçə dəfə demişəm, ey müdrik filosof, axırınıcı dəfə şüşəyə daş atıb adam çağırmağı Hegelin vaxtında ediblər, indi telefon var, nə sözün oldu, döşə gəlsin. Mənim belə deməyimnən xoşallanır Mizrab kişi. Gülür e, gülür. Məhəllə uşaqlarına yığdırıb balkonda əlinin altında saxladığı xırda daşlara baxıb gülür. Güləndə gözü qıyılır, balaca bəbəkləri bir az da kiçilir, xardalaşır.

Fəlsəfədən danışdın ha, çiçəyi çırtlayır Mizrab kişinin. İndi yaşı səksəni keçən bu yarımcan adamın kitablarından savayı heç nəyi yoxdur. O kitablar ki, divarlarından kədər yağan köhnə evdə baş-başa verib qəmlənirlər. Bir də qənd sexində fəhlə işləyən qarımış qızı Sonanı tanıyın. Sonanın anadangəlmə yaddaşsızlığı var, o üzdən məktəb oxumayıb. Mən də Mizrab kişinin yalançısı: fəlsəfə kitablarının tozunu almaqdan xoşlanır Sona. Hərdən mənə, hərdən Sonaya əsəbləşəndə Mizrab kişi deyir, ay tərbiyəsizlər, mən əxlaqi duyğular nəzəriyyəsindən mühazirə oxuyanda siz ananızın qarnından günləri sayırdınız. Hərdən Firəngiz xalaya da cırnayar. Bizə dediyini onun qabırğasına döşəyə bilməyəndə elə yuxarıdan aşağı deyər:

 

- Ay əli aftafalı qoca səfeh, sən nə qanırsan emosional neytrallıqla dialektik özgələşmənin fərqi nədir?!

 

Bir dəfə bizim arvadı öyrətdim ki, qorxma, sən də cavabını ver: denən, sənin həyat fəlsəfən ilkin substansiyanın iradəsi əleyhinədir. Zavallı Firəngiz xala bu axmaq cümləni necə yadında saxlasın? Eləcə kişinin üstünə çımxırdı:

 

- Mizrab hey, Mizrab, mənim bu aftafam, - qaldırdı yuxarı, - sənin başından qiymətlidir, atamın goru!

 

Mən o qəliz cümləni Firəngiz xalaya ona görə deyirdim ki, Mizrab kişini tanıdığım gündən bu yana elə hey intihar deyib, durmuşdu. Allaha acıq getməsin, nə ölən kimi ölürdü, nə qalan kimi qalıb camaata rahatlıq verirdi. Bir dəfə Sona mənə demişdi ki, dədəm qardaşımnan sora belə oldu. Dənizdə batan qardaşımnan sora. Həə! Deyirəm axı, avqustun bürkülü gecələrindən birində Mizrab kişi Xəzərə sarı boylanıb:

 

- Görəsən, - demişdi, - dənizdə dalğa necədir? Yox əşşi, yox, sular sakit olar, dalğa elə o gedən, getdi. Gəldi, apardı, elə o gedən getdi. Vallah, həə...

 Sonra Mizrab kişi Alatavanın uzaqdan görünən yastı-yapalaq damlarına, damlardan o tərəfdə boy-boya verib göyə ucalan ağaclara baxıb qəhərlənmişdi:

- Atamın tarının səsi qulağıma gəlir. Yenə Bayatı-Şiraz çalır.

 

Mizrab kişi yenə əlini gözünün üstünə qoymuşdu və mən bilirdim ki, bu dəfə onun gözünə nə yapalaq dam-baca, nə uca-uca ağaclar görünmüşdü.

 

- Adamı aparan ola, gedəsən dəniz qırağına. Özünü vurasan suya, üzüb gedəsən Süleyman batan yerə.

 

Mən qoca filosofla ona görə yola getmirdim ki, onun intihar arzularında intəhasız saxtalıq görürdüm.

 

- İnsan öz həyatı haqqında sərbəst şəkildə qərar verməlidir, - Mizrab kişi danışırdı, - Ona bu işdə heç kim mane ola bilməz, başa düşdün? Heç kim başqasının həyatına burnunu soxmamalıdır. Başqasının həyatına burun soxmaq ən böyük əxlaqi rəzalətdir. Nə din, nə müqəddəs kitablar intiharı qadağan edə bilməz.

- Bəs cinayət məcəlləsi?

- Boş şeydi. O adama cinayət işi açırlar ki, ölə bilmir. Düzdü, ya yox? Deməli, bu cinayət işi ona görədir ki, həmin adam intihar işini bacarmayıb. Bacarıqsızdır və zəhmət çəkib cəzasını çəksin. Ölümün ən gözəl tərəfi odur ki, hamı ondan istədiyi kimi istifadə edə bilər. İnsan özünü öldürə bilər, Allah isə yox. Deməli, insan Allahdan da qüdrətlidir. Nə gözlərini bərəldirsən, yalan deyirəm?

 

 Biz ölüm haqqında bu sayaq tez-tez danışırdıq və qocanın az qala hər cümləsi beləcə tənə, tənbehlə bitirdi.

 

- Yaxşı, ölüm bu qədər şirindirsə, niyə bu vaxtacan ölməyibsən?

 Mənim sualım Mizarab kişini diksindirdi. Barmaqları siqaret qutusuna sarı əsdi. Qutu boş.

- Get mənə siqaret al gətir, deyəcəm.

 

Mən getməyinə getdim, di gəl, yuxarı məhəllədəki marketdə, o bol işıqlı marketdə elə bir hadisə oldu, hər şeyi yaddan çıxardım. Mizrab kişini də, onun dənizdə batan oğlunu da.

 

***

 

Mən içəri girəndə hay-küy çoxdan qalxmışdı. Bunu market mühafizəçisinin qolları arasında çırpınan uşağın şişən gözlərindən bildim. Bir də doymuş torpaq kimi su saxlamayan yaş yanaqlarından.

 

- Əmi, Allah haqqı, acam.

 

 Bu vaxt iki polis özünü içəri təpdi və uşağın səsinə çırpılıb dik dayandılar:

 

- Əmi, anam da acdır.

 

Mən qabağa yeriyib uşağa qucaq açdım. Balaca zavallı mənə sığındı, mənə sarıldı. Qolları boynumda, ayaqları belimdə kilidləndi. Onun ürəyi, İlahi, onun ürəyi necə çırpınırdı. Bu çırpıntıya yerə-göyə sığmayan qışqırıq qarışdı: cavan leytenant onu məndən alıb aparmaq istəyirdi.

 

- Uşağı yerə qoy, aparmalıyıq, - leytenant dedi.

- Uşaq heç yerə getməyəcək.

 

Bu dəfə mühafizəçilər də irəli durdular və uşağı məndən ayırmaq istəyəndə balacanın çığırtısı yenidən qulağımın dibindən qopdu. O, bu dəfə təkcə çığırmırdı, həm də əsirdi, titrəyirdi, dəhşətli səslə yalvarırdı.

 

- Qorxma, səni heç kimə verməyəcəm,

 

- Sən hardan biləsən, çörək oğurlamaq nə deməkdi, ay alçaq.

 

Qadın səsi idi. Firəngiz xalanın səsi. Elə bil qeybdən eşidildi. Və mənə elə gəldi, bu səsə səs verən minlərlə adamın uğultusu sel kimi, zəlzələ kimi o işıqlı marketi ağuşuna aldı. O işıqlı marketə birdəncə qaranlıq çökdü, uğultu rəflərə düzülən çörəyi, çayı, qəndi, yağ butulkalarını, çaxır şüşələrini, şirni-şirniyyatı, konserva qablarını yerə-göyə səpələdi. Mən qabaqda, bir dəstə arxamda, uğultudan ayrılıb marketin yuxarı başından asılan şəkillərə sarı axışdıq.  Bu işıqlı yerdən nə vaxtsa çörək, çay, qənd, düyü oğurlayan adamların şəkillərini cırıb tapdaq-tapdaq edəndən sonra elə bil ortalığa su ələndi, qəzəbdən qan tutan gözlərin qırmızısı çəkildi. Elə bu vaxt səsi qeybdən eşidilən qadın uşağı mənim qucağımdan aldı və göz qırpımında yoxa çıxdı.

 

Deyəsən, arzuma çatmışdım. Çox güman, sabah hamı məndən danışacaqdı. Çox güman nədi, danışdılar, dost-tanış zəng edib alqış elədilər, hətta tanımadığım adamlar yolda saxlayıb razılıqlarını bildirirdilər. Çörək oğurlayan ac uşağın xilaskarı kimi mənimlə bircə telekanallar maraqlanmadı. İlahi, bir sən bilirsən xəbərlərdə danışmağı, verilişlərə qəhrəman simasında çıxmağı qəlbimin dərinliyində nə qədər həsrətlə arzu edirdim.

 

***

 

Həmin o küləkli günlərdə yaddaqalan heç nə olmadı. Bircə Firəngiz xala xəstələnib yatağa düşdü. Mən aftafanın qulpunu qayırtdırıb arvadın başının üstündə dayananda yamanca sevindi Firəngiz xala. Elə bu sevinc onu ayağa qaldırdı. Payız yağışına bel bağlamayıb pəncərə boyu sıralanan dibçək güllərini suvardı, balkonda siqaret tüstülədən Mizrab kişini salamladı. Mən ilk dəfə görürdüm ki, qoca bizim arvadı oğrun ehtirasla süzür. Yoxsa səhv edirdim?

 

***

 

Yaxasında külək oynadıqca boy-boya verən küknarlar yaydan qalan tozunu çırpıb gözəlləşirlər. Adam o təmizə çıxan küknarları, yarpaq tökən çinarları doğması kimi bağrına sıxmaq istəyir.

 

Bax, bu da mənəm: telefon köşkündə büzüşüb ağaclar haqqında axmaq-axmaq düşünürəm. Hələ birinə yaxınlaşıb üzümü gövdəsinə söykəyirəm. Görəsən, küləyin əzizlədiyi bu ağacların hamısının gövdəsi belə coddur? Görəsən, bizim kənddəki ağaclar da bu küknarlar, bu yarpağını tökən çinarlar kimi gecənin qaranlığına qəzəblə dartınırlar? Yol qırağındakı lampanın öləziyən işığında qaraltı görünməsəydi, hələ kəndimiz haqqında çox-çox xəyal edəcəkdim. Axsaq itdir. Qulaqları sallaq. Deyəsən, lampanın öləziyən işığında qabırğalarını da seçirəm. Hardansa qulağıma kəndimizdəki itlərin səsi gəlir. Ham-ham! Vau-vauu! Lap astaca hürürəm. Görünür, külək səsimi itə aparır. Sallaq qulağını şəkləyir. Şikəst kölgəsini qabağına qatıb şöngüyür yanımda. Küçə lampasının işığında güclə seçirəm ki, itin bəbəkləri küləkdən nəm çəkib. Bir ağız o hürür, bir ağız mən. Sonra köpək dənizə sarı axsayıb qaranlığa qarışır.

 

Yeraltı keçidin pilləkənlərinə düşəndə hardansa müdirimi xatırlayıram. Görəsən, çöl göyərçinləri yenə o üstü qırmızı kirəmitli evin səmtinə qanad çalırlarmı? Yenə məni xəyal aparır, yenə qəhrəmana çevrilmək arzum qanıma-canıma yerikləyir. Təsəvvür edirəm ki, uşaq bağçası yanır. Hamıdan birinci mən köməyə çatıram, özümü oda atıb içəridə alovun istisindən, tüstünün acısından qışqırışan uşaqları çölə çıxarıram. Hər əlimdə iki uşaq. Biri də ağzımda. Lap heyvan balasını xilas edən kimi. Lap pələng kimi. Canavar kimi. İt kimi. Üzümdə dəhşət. Ağrı. Vahimə. Gözlərimdə yaş. Bəbəklərim qan rəngində. Hadisə yerinə hamıdan tez yetən fotoqraf özünün şedevrini yaradır. Və həmin foto uzaq-uzaq məmləkətlərdə də məni qəhrəmana çevirir.

 

- Aauu! Uuuu!

 

Axsaq köpəyin gözdən itdiyi ağaclıqdan ulartı gəlir. Pilləkənləri geri qayıdıb özümü qaranlığa vuranda dəniz tərəfdən kiminsə qışqırığı eşidilir. Səs gələn səmti tutub qaçanda köpəyin hansısa skamyanın arxasından iki ağız hürdüyünü eşidirəm. Hər addımımda xilaskar qəhrəman ədası.

 

- Dünən bulvar ərazisində dənizdə batan şəxs qəhrəmancasına xilas edilib.

 

Çığırtı get-gedə daha aydın eşidilir. Mən dəmir barmaqlığı aşıb irəli atılanda bayaqkı çığırtı iniltiyə çevrilir. Dizimi yerə qoyub əl uzadıram. Çatmır. Suya atılmağa cəsarətim yoxdur, içimə dolan dəhşətli qorxudan amanım kəsilir. Və... suya nə vaxt atıldığımı bilmədim. Boğulan hər kimdisə, ona qışqıra-qışqıra ürək-dirək verirəm. Zavallının heyi-hərəkəti çəkilib, bir az da çabalasa, meyiti qucağımda qalacaq. Əlim dəmirə çatanda elə bil göylər köməyimə gəldi. Qollarımda, dizlərimdə yenilməz güc hiss elədim. Kənara nə vaxt çıxdığımı da xatırlamıram. Bircə o yadımdadır ki, biz qucaqlaşıb dəmir barmaqlığın dibində öskürüşəndə hardansa uzaqlardan: bəlkə hansısa ağacın arxasından, bəlkə hansısa küçə fənərinin yanından köpək zingiltisi gəldi. Elə o zingiltinin altında sinəsindən ölüm xırıltısı eşidilən adamın səsini üstümə qaynar qazan kimi əndərdilər:

 

- Üzüb gedə bilmədim Süleyman batan yerə... 

 

May, 2017

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018