Axundovu vətənə xəyanətdə günahlandırıb heykəlini uçuran gənc – ARAŞDIRMA

 

Kulis.az Bakının 10 məşhur heykəli haqda maraqlı məlumatları təqdim edir

 

 

Sabirin heykəli

 

 

 

Böyük azərbaycanlı satirikə 1922-ci ildə qoyulan abidə ilk heykəl sayılır. Şairin vəfatının 10-cu ildönümü ilə əlaqədar olaraq inşa olunub. Heykəldə Sabir ayaqüstə təsvir olunub. Əvvəlcə indiki İstiqlaliyyət küçəsində, Qala divarlarının yanında qoyulan bu heykəl 1958-ci ildə Balaxanıda Sabirin adını daşıyan bağa, dərs dediyi məktəbin qarşısında qoyuldu. Elə həmin il İstiqlaliyyət küçəsində, əvvəlki heykəlin yerində Cəlal Qaryağdının hazırladığı şairin oturmuş vəziyyətdə təsvir olunduğu indiki heykəl ucaldıldı. 

 

 

Axundovun heykəli

 

 

 

1930-cu ildə yəhudi heykəltəraş Pinxos Sabsay tərəfindən hazırlanıb. Axundov bağı adlandırılan bağda yerləşən bu heykəl xeyli macəralar yaşayıb. Əlbəttə dramaturqun qələmindən düşən qəhrəmanların sayəsində. Məsələn, deyilənə görə, heykəlin arxasının yaşadıqları kəndə tərəf olmasından qəzəblənən bir qrup Bakı “qədeşinin” gecə ikən heykəlin baş hissəsini müxtəlif alətlərlə ayıraraq üzünü öz kəndləri tərəfə çevirirlər.

 

1977-ci ildə isə bir gənc heykəli uçurmağa cəhd edib. Sonradan həmin gənc istintaqa cəlb edilib. Məhkəmədə isə niyə heykəli dağıtdığına dair qəribə bir fikir səsləndirib və bildirib ki, guya, Axundov yeni əlifba layihəsi hazırlamaqla vətənə xəyanət edib.

 

 

Nərimanovun heykəli

 

 

 

Bakının ən hündür heykəlidir. 1972-ci ildə açılan heykəlin müəllifi Cəlal Qaryağdıdır. Əslində heykəlin hazırlanmasına 1959-cu ildən başlanılıb. 1966-cı ildə 2 metr 59 santimetrlik eskiz model hazır imiş, amma işi ləngidirlərmiş. Müəllifin dediyinə görə, ermənilər Nərimanovun millətçiliyi haqda Moskvaya yazılar göndərir. Heykəlin yerləşdirilməsinə icazə ləngiyir. Arxivdən Nərimanovun xeyrinə sənədlər tapılıb ortaya atılandan sonra heykələ icazə verilir. Müəllifin dediyinə görə, bu işdə H.Əliyevin böyük rolu olur. Lakin donoslardan sonra heykəlin Kirov heykəlindən hündür olmasına icazə verilmir. Tuncdan tökülmüş heykəli balacalaşdırmaq olmur. Məcbur qalıb pyedestalı kiçildirlər. Beləliklə heykəlin hündürlüyü 20 metr, pyedestal isə 12 metr oldu.

 

 

Nizaminin heykəli

 

 

 

Əlində bükülü kağız tutaraq öz adını daşıyan Ədəbiyyat Muzeyinə baxan Nizami heykəli 1949-cu ildə açılıb. Tunc heykəlin hündürlüyü 6,2 metr, çəkisi isə 7 tondur. Postamentlə birlikdə isə abidənin hündürlüyü 15 metrə çatır.

 

Heykəlin qoyulduğu yerin maraqlı tarixçəsi var. 1806-cı ildə Gəncəni alıb Nizaminin qəbrini dağıdan rus generalı Sisianovun məğlub olur və başı kəsilən Sisianovun bədəni İstiqlaliyyət küçəsindəki Qoşa Qala qapısı yaxınlığında ərazidə basdırılıb. Sonradan orda bir bağ salınıb üzərinə Sisianovun abidəsini də ucaldıblar. Adını da qoyublar “Sisianovskiy skver” (Sisianov bağı). İndi həmin meydanın mərkəzində Nizaminin heykəli ucalır. Tarixin ironiyası...

 

 

Nizami Muzeyindəki heykəllər ansamblı

 

 

Muzeyin yerləşdiyi bina 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilib. 1856-1868-ci illərdə elə karvansara kimi də fəaliyyət göstərib. Lakin sonradan tikiliyə əl gəzdirilir və müəyyən əlavələr edilir və bina “Metropol” oteli kimi fəaliyyət göstərməyə başlayır.

 

“Metropol” oteli o zamanlar Bakının ən məşhur məkanlarından hesab olunurmuş. Bina tarixi hadisələrin nəinki şahidi, hətta də iştirakçısı olub. 1918-ci ildə “Mart Qırğınları” zamanı ermənilər bu binanın başında pulemyotlar qoyaraq ətrafdakı bir çox insanı qətlə yetirib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dönəmdə Nazirlər Kabineti bu binada yerləşib.

 

Sovetlər dönəmində Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibəti ilə binada Nizami muzeyinin yaradılması qərara alınır. Ancaq, İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar muzeyin açılışı düz 6 il gecikir. Muzey 1945-ci il mayın 19-da – faşizm üzərində qələbədən 10 gün sonra bayram hədiyyəsi kimi istifadəyə verilir. Binanın eyvanında Füzuli, Vaqif, M.F.Axundov, Natəvan, C.Məmmədquluzadə və C.Cabbarlının heykəlləri ucaldılır.

 

 

Füzuli heykəli

 

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə ucaldılmış "Füzuli" abidəsi SSRİ Dövlət Mükafatı laureatı Tokay Məmmədov və Xalq rəssamı Ömər Eldarovun birgə işidir. Heykəl üçün elan olunan müsabiqədə birinci yerə çıxan gənclərin hazırladığı tuncdan tökülmüş heykəlin açılışı 1962-ci ildə baş tutub. Bu işə görə heykəltəraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülüb.

 

Abidənin ümumi hündürlüyü 12 metrdir: 6 metr qranit pyedestal, 6 metr isə tunc heykəl. Bir əlində “Divan” tutan, digər əlini isə çənəsinə söykəyən şair təsvir olunub.

 

Beş əsr qabaq yaşamış şairin cizgilərinin tapılması məsələsinə gəldikdə isə o problem bundan qabaq həll olunubmuş: Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin fasadında ucalan 6 heykəldən birincisi Fuad Əbdürrəhmanovun yaratdığı ilk Füzuli heykəlidir. Deyilənə görə, şairin siması haqda xeyli düşünən heykəltəraş onu yuxuda görüb.

 

 

Əliağa Vahidin büstü

 

 

 

Məşhur qəzəlxanın yubileyi ərəfəsində hazırlanan bu heykəli 1990-cı ildə Filarmoniya bağında qoymuşdular. Müəllifi Rahib Həsənovdur. Qəzəlxan şairin başında, saç yerinə təsvir olunan insan fiqurları ona orijinallıq gətirir. Lakin məhz buna görə büstü bəyənməyib, müəllifə irad bildirənlər olub. Bürüncdən tökülən heykəl, daha doğrusu büst o dövr üçün “bunt” kimi bir şey olub. Müəllifə tapşırıblar ki, açılış vaxtı heykələ yaxınlaşma, birdən camaat bəyənməz.

 

Heykəl hələ gil formasında olanda sifarişə məsul şəxslərdən biri Tikinti materialları naziri Arif Mansurov da ilk dəfədən heykəli bəyənmir. Amma onun fikrini büstü çox bəyənən Allah Şükür Paşazadə dəyişə bilir: “Açığı, Arif nə Şeyxə, nə də başqalarına inanırdı. Elə bilirdi ki, bu heykəl ona problem yaradacaq. Heykəl hələ gil formasında olanda o müəlliflə şərt kəsir: “Dedi, Rahib, mən sabah bura bir nəfər adam gətirəcəm, desə, yaxşıdır, deməli işə davam edirik. Yox, bəyənməsə, gözümüzün qabağında heykəli sındırırsan. Yaman dilxor oldum. Bir də gördüm Arif Mansurov, başında aerodrom papaq qoymuş kök bir kişi, onların da yanında əliavtomatlı üç nəfər emalatxanaya girdilər. Bu kök kişi heykəlin ətrafında fırlanmağa başladı. Fırlana-fırlana bir mənə, bir də Arifə baxırdı. Arif bir saata bir qutu “BT”-ni çəkib qurtardı. Əsəbdən əlləri əsirdi. Birdən bu kök kişi qışqırdı ki, Arif, bunu hardan tapmısan? Dedim, vəssalam, bunlar məni vuracaq. Dünyanın da pis vaxtı. Arif qayıtdı ki, nə olub? Dedi, bu bizim adamdı ki… Bax e, gör nəşəni necə işləyib. Sən demə bu narkobaron imiş. Vallah, mən də nəşə filan işləməmişdim, heykəlin altını ağac formasında hazırlamışdım. Həmin narkobaron da elə bilib nəşədir.“

 

 

Mikayl Müşfiqin büstü

 

 

 

İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində yerləşən şəhər heykəlidir. 1968-ci ildə şairin altmış ilik yubileyi ərəfəsində heykəltəraş Münəvvər Rzayeva və memar Şəfiqə Rzayeva tərəfindən işlənmiş abidənin açılışı 1970-ci ildə baş tutmuşdur. Heykəlin hündürlüyü 1.5 metr, postamentlə birlikdə abidənin hündürlüyü isə 3.2 metrdir. Postament güzgü kimi cilalanmış çəhrayı qranitlə üzlənmişdir.

 

Müəllif heykəli hazırladığı ərəfədə şairin həyat yoldaşı Dilbər Axundzadə ilə ünsiyyətdə olmuş, şair haqqında məlumatlar almışdı.

 

2017-ci ilin fevralında abidə “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan götürülsə də, bir ay sonra heykəl bərpa olunub əvvəlki yerinə qoyulub.

 

 

Səməd Vurğun heykəli

 

 

 

Heykəl 1961-ci ildə Xalq rəssamı Faud Əbdürrəhmanov tərəfindən hazırlanıb. Memarı Mikayıl Hüseynovdur. Bu, keçmiş SSRİ-də ədəbiyyat xadiminə ölümündən dərhal sonra düzəldilən ilk abidə olub.

 

Mahir portret ustası olan Fuad Əbdürrəhmanovun özünəməxsus “sənət öncəgörənliyi” varmış. Məsələn, o, sonralar əfsanəvi fırça ustası kimi dillərə düşəsi Səttar Bəhlulzadəyə hələ lap “komsomol”luğundan dahi kimi baxırmış.

 

 

Cəfər Cabbarlı

 

 

 

1959-cu ildə Cəfər Cabbarlının heykəlinin hazırlanması üçün keçirilən müsabiqədə Mirəsədulla Mirqasımov qalib gəlib. Heykəlin Nizami kinoteatrının arxasında Cabbarlı bağında qoyulmalı olduğunu israr edəndə, heykəltəraş buna qəti etiraz edib. Cabbarlı bağı çox kiçik idi və 5,5 metrlik heykəl orada tam uyğunsuz bir obyekt kimi görükəcəkdi. Mirəli Mirqasımov o bağda ancaq büst qoyuluşunun mümkünlüyünü vurğulayıb. "28 May" meydanında qoyulmasının vacibliyini də bu cür izah edib: "C.Cabbarlı burada oxuyub, Sabunçu vağzalı onun həyat məktəbi olub, qaynar vağzal həyatını burada, pəncərələrdən müşahidə edib..."

 

Mirqasımovun fiziki durumunda bəzi qüsurlar var idi. O, eşitməyən qulaqlar və xəstə ürəklə 22 il həmin heykəlin üzərində işləyib. Yoldaşı Gültəkin İsrafilova da həmişə onunla çiyin-çiyinə çalışıb. Hətta xanım öz maaşı ilə heykəltəraş alətlərini alırdı ki, Mirəli Mirqasımov işi yarımçıq qoymasın. Ondan bunun səbəbini soruşanda demişdi: "Mirəli Cəfəri öz oğlu kimi bilir, əgər heykəl hazır olmasa, o buna dözməz." Heykəl hazır olur və 1982-ci ildə ucaldılır.

 

Qeyd: Yazının hazırlanmasında faridmehrali.wordpress.com bloqundan istifadə edilib.

 

 

 

LENT

22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018