Avtobusdakı davanın gizlinləri: Pozitiv diskriminasiya

 

Mirmehdi Ağaoğlu

 

Elə şeylər var ki, onları dərk etmək üçün gərək ilan öz dərisindən çıxan kimi sıyrılıb içindən çıxasan və kənardan ona baxasan. Yoxsa başa düşmək, anlamaq çətin olacaq. Necə deyərlər, özünə gedən yol başqasından keçir. İctimai nəqliyyatda qadınlara yer vermək ənənəsi də bunlardan biridir.

 

Gözümüzü açandan belə görmüşük ki, kişi cinsinin nümayəndələri lazım oldu-olmadı ictimai nəqliyyatda qadınlara yer verirlər. Bu etiket qaydası özlüyündə bəlkə də normaldır, hətta bəzi məqamlarda gözəldir, ancaq bu adət, bu qayda mükəlləfiyyət, məcburiyyət halını alanda eybəcərləşir, özünün xeyirxah niyyətini itirir. Necə ki, bizdə mövcud halını alıb. Sosial şəbəkədə videosu yayılmış, avtobusda baş verən məlum hadisə də bu eybəcərliyin nəticəsidir. İlk baxışdan heç bir fiziki əngəli olmayan həmin qadın ona oturmaq üçün yer verməyən cavan oğlanın başının üstündə deyinib-deyinib təhqir etməsəydi bu hadisə də yaşanmayacaqdı.

 

Bir neçə il əvvəl Türkiyədə oldum və ictimai nəqliyyatda qadına yer vermək məsələsi ilə bağlı orda maraqlı təcrübə yaşadım: İstanbulda ilk dəfə ictimai nəqliyyata minəndə təzəcə özümə yer tapıb oturmuşdum ki, gördüm bir neçə qadın mindi, o dəqiqə qalxıb yer verdim. Orda qaldığım bir həftə ərzində bu hal bir neçə dəfə yaşandı, ancaq ətrafa fikir verəndə gördüm ki, avtobusda, tramvayda, metroda qadınlara yer verən bircə mənəm, türklərdə belə adət yoxdur, bığıburma türk gəncləri yerlərində elə rahat oturublar, elə bil evlərindədirlər, divana yayxanıb televizora baxırlar. Bizdə hələ heç bir kişini ictimai nəqliyyatda belə rahat oturan görməmişəm. Bizim kişilərin hamısında bir narahatlıq var ki, indicə bir qadın avtomusamı, metroyamı minəcək, məcburən yerimi ona verməli olacam. Ancaq türklərdə belə qayda yoxdu. Kim istəyər qadına yer verər, kim istəməz verməz. Qadın olanda nə olar, oturmağa yer yoxdursa əziyyət çəkib ayaq üstə getsin. Nəticədə sən də onun kimi pul ödəyib nəqliyyata minirsən, oturmaq sənin də haqqındır. Maraqlı burasıdır ki, türk qadınları da bu cür düşünürlər. Daha onlara yer verməyən əks cins nümayəndələrinə “nakişi” kimi baxmırlar.

 

Bizdə yaşından, fizioloji quruluşundan asılı olmayaraq ictimai nəqliyyata minən istənilən qadına, qarşı cinsin nümayəndəsi yer verməyə borcludur. İstədi-istəmədi, bunu könül xoşluğu ilə elədi, ya eləmədi fərq etməz. Yer verməlidir, vəssalam! Hətta bəzən avtobusa minən qadın bircə kişini oturmuş görürsə, gedib qəsdən başının üstündə dayanır ki, ona yer versin. Əks təqdirdə həmin adama düşmən kimi baxırlar. O nəqliyyat vasitəsində dərhal belə bir rəy yaranır ki, qadına yer verməyən o adam nakişidir, biqeyrətdir, ana-bacısına hörmət etməyəndir və sair və ilaxır.

 

Məlum videoda da gənc oğlana qarşı aqressiyanın səbəbi qadınla kobud davranmağından çox ona yer verməməyidir. Çünki o avtobusdakılar da bizim çoxumuz kimi düşünür; qadına yer vermək oğlanın borcudur!

 

Bizdə hətta bu cür düşünən adamlar var: “Bu gün ictimai nəqliyyatda qadına yer verməyən oğlan, sabah Qarabağı necə alacaq!" Məsələni gör hara bağlayırlar.

 

Kimsə deyə bilər ki, ictimai nəqliyyatda qadına yer verməyin nəyi pisdir? Nolsun başqa xalqlarda yoxdur, biz bu cür gözəl adətimizdən imtina etməyək. İlk baxışdan doğrudur. Ancaq dərindən yanaşanda görünür ki, qadına qarşı bu pozitiv diskriminasiya üzdə müsbət hal olsa da, əslində bizim cəmiyyətdə qadın-kişi bərabərsizliyinin bariz nümunəsidir.

 

Məsələyə birbaşa dəxli olmasa da başqa bir misal deyək. Hər il 8 Mart zamanı kişilər işdə, evdə, bayırda tanıdıqları qadınlara hədiyyə alırlar. Çox vaxt istəməsələr belə, cəmiyyətdə formalaşmış adətlər onları buna vadar edir. Qarşı çıxa da bilmirlər. Ancaq eyni hal qadınlar tərəfindən həyata keçirilmir, bərabərlik pozulur.

 

Hətta bəzi idarələr, böyük şirkətlər 8 Mart zamanı bütün qadın işçilərə müəyyən məbləğdə mükafat verir, kişi işçilərə isə heç bir bayramda belə üstünlük verilmir. Qadınlara tanınan bu üstünlük ilk baxışda elə təsir yaradır ki, guya bu, bizim cəmiyyətdə qadına hörmətdən, ehtiramdan doğur, dərinə gedəndə isə görürsən ki, bu qadın-kişi bərabərsizliyinin göstəricisidir. Bu kimi pozitiv diskriminasiyalar şüurlu, ya şüursuz, əslində qadın hüququnu daraltmağa xidmət edir, nəticədə feminizmin ən böyük nümayəndələrindən biri Simona de Bovuarın da dediyi kimi, qadını ikinci cinsə çevirir.

 

Dünyanın bir çox modern cəmiyyətlərində bu məsələlər aydınlaşıb və qadına da kişi ilə eyni hüquq tanınır, eləcə də ictimai nəqliyyatda. Əgər qadın əliuşaqlı, hamilə, yaşlı deyilsə qarşı cinsin nümayəndəsi də ictimai nəqliyyatda ona yer verməyə borclu deyil.

 

Avtobusda, 8 Martda qadına böyük hörmət qoyulur, ona yer verilir, hədiyyə alınır, ancaq vacib məsələlərə gələndə ona “qadın” damğası vurularaq bir kənara itilir. Bir şey olan kimi “qadındır da, nə gözləyirdin” deyib əlimizi yellədirik. Dolayısı ilə bizim kimi cəmiyyətlərdə qadın bacarıqsızlığın, natamamlığın, gücsüzlüyün, zəifliyin simvoludur. O qədər zəifdir ki, heç avtobusda iki dayanacaq yolu da ayaq üstə gedə bilməz. Ona görə yer verək otursun. 

 

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018