Bakının “Əli və Nino” romanında adı keçən tarixi yerləri – SİYAHI

 

Kulis.az məşhur “Əli və Nino” romanında Bakının adı keçən məkanlarını təqdim edir:

 

1. Qubernator bağı - İndiki Filarmoniya bağı. İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinin kəsişməsində yerləşir. Romanın III fəslinin XIII bölməsində Əli ilə Nino burada görüşürlər:

 

 

“...Qubernator bağı böyük idi. Orada nadir ağaclar, asfalt döşənmiş cığırlar var idi. Sağda qədim qala divarları görünürdü. Ortada isə şəhər klubunun mərmər sütunları parlayırdı. Ağacların arasını saysız-hesabsız skamyalar doldurmuşdu. Bəzi palma ağaclar uzaqda batan günəşin qırmızı dairəsinə baxan üç qızıl qaza yuva olmuşdu. Klubun yaxınlığında daş parçalarından hörülmüş, dəyirmi, dərin, nəhəng bir hovuz var idi. Şəhər bələdiyyəsi vaxtı ilə belə niyyətdə olub ki, hovuzu su ilə doldursun və qu quşları sevinclə oranı özlərinə məkan seçsinlər. Lakin bu niyyət olaraq qalmışdı. Su baha idi və bütün ölkədə bir dənə də olsun qu quşu yox idi. Bu üzdən hovuz boş qalmış və ölü divin göz çuxuru kimi əbədi olaraq səmaya baxırdı....”

 

2. İctimai məclislər üçün yay zalı. Romanda adı şəhər klubu kimi gedir. Söhbət indiki Filarmoniya binasından gedir. Keçmiş Nikolayevski küçəsindəki bu bina indi İstiqlaliyyət küçəsi 20-dədir.

 

 

 

Romanda Əli ilə Nino Naxararyanla birgə Opera teatrının tamaşasına baxdıqdan sonra klubda bir axşam keçirirlər. Onlar bölgənin tarixi xüsusiyyətlərini, Rusiyanın Qafqazdakı rolunu müzakirə edirlər.

 

3. Şəhər Duması. İndiki Bakı Şəhər İcra Hakimiyyəti. Keçmiş Nikolayevski küçəsindəki bu bina indi İstiqlaliyyət küçəsi 4-dədir. Romanda adı Duma meydanı və Bələdiyyə Binası kimi çəkilir.

 

 

 

Mart hadisələri zamanı müsəlmanlar daşnak və bolşeviklərə qarşı dayanmaq üçün bu binaya yığışırlar. Məhəmməd Heydər də burada, Nikolayevski küçəsində həlak olur:

 

“...Bir iki üç. Bələdiyyə Binasındakı saatın səsi sükutu pozdu. Bu səs elə bil başqa dünyanın qapısını açdı. Bu başqa dünya şəhərin kənarından gələn dünya idi. İlk güllələr...”

 

 

4. Müqəddəs Nina adına qızlar məktəbi. İndiki 132 və 134 nömrəli məktəblərdir. Romanda adı müqəddəs Tamara adına qız gimnaziyası kimi çəkilir. Keçmiş Nikolayevski, indiki İstiqlaliyyət 33 və 35 ünvanlarında yerləşir.

 

 

 

Nino bu gimnaziyada oxuyur. Romanın I fəslində Əli tez-tez bu məktəbə Ninonu görmək üçün gedir. O, Ninaya dərsləri hazırlamaqda, xüsusən riyaziyyatdan kömək edir:

 

“.. Bu böyük tənəffüs idi və hər kəsin üç imkanı var idi: həyətə qaçıb qonşuluqdakı realnı gimnaziyanın şagirdlərini qızılı düymə və qızılı kokardalarından ötrü döymək idi, çünki bizim düymə və kokardalarımız gümüşü idi. İkinci imkan bir-birimizlə tatarca (azərbaycanca) danışmaq idi, çünki ruslar bu dili başa düşmürdülər və bir də ki, məktəbdə bu dildə danışmaq qadağan idi, üçüncü imkan da küçənin o tayında müqəddəs kraliça Tamaranın qız gimnaziyasında getmək idi. Mən üçüncünü seçdim.”

 

5. Bakı realnı məktəbi. Romanda adı Bakı Rus imperator humanitar gimnaziyası kimi gedir. Bu binada hazırda Azərbaycan Dövlət İqtisad Universiteti yerləşir.

 

 

 

Əli bu gimnaziyada oxuyur. Roman bu məktəbin adıyla başlayır:

 

Bakıdakı rus imperator humanitar gimnaziyasının üçüncü sinfində biz qırx şagird idik: otuz müsəlman, dörd erməni, iki polyak, üç təriqətçi və bir nəfər rus...”

 

6. Şirvanşahlar sarayı. Kiçik qala küçəsi, 46/11.

 

 

 

“…Gimnaziyadan qayıdanda tez-tez yolumu yarıdağılmış saraydan salıram. Mavritan Sütunlarından ucaldılmış bu divanxana indi boş və adamsızdır...” (II fəsil)

 

7. İsmailiyyə binası. İndiki Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin binası. Romanda adı İslam Xeyriyyə Cəmiyyəti kimi gedir. Keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşir.

 

 

 

Qoca oğlunun xatirəsinə böyük bir mülk tikdirir, fasadına isə böyük hərflərlə “İsmayıl” sözünü yazdırır. Bu binanı o islam xeyriyyə cəmiyyətinə verdi.... bu qocanın adı Ağa Musa idi...” (II fəsil)

 

8. Qala qapıları. Romanda adı “Sisianaşvili darvazaları” kimi gedir.

 

 

 

Qala qapıları Əli Xangilin evləri ilə üzbəüzdür. Buradan nə zamansa rus knyazı Sisianaşvili keçib. Romanda bəhs olunan mart hadisələri də bu məkanın ətrafında baş verib.

 

Düz evimizin qabağında knyaz Sisianaşvili darvazaları ucalırdı. Bu darvaza yanında bir zaman insan qanı axıb-nəcib insan qanı. Vaqeə çox illər əvvəl, ölkəmiz hələ İrana aid ikən Azərbaycanın hakimi xərac ödəmək məcburiyyətində qaldığı zamanlarda baş vermişdi...”

 

9. Hacı Hacıbala Haşımovun evi. İndiki Konstitusiya məhkəməsinin binası. Romanda adı “Haşımovların evi” kimi çəkilir. İndiki “Gənclik” meydanı 1 ünvanında yerləşir.

 

 

 

Əsrin əvvəllərində bu bina ikimərtəbəli olub. Mart qırğınları zamanı Əli bolşevik və ermənilərlə döyüşmək üçün bu binanın damında qərargah qurur.

 

“...-Hamısı qırıldı, - deyə təkrar etdim - Mən Haşımovun evinin damında səkkiz pulemyot qoydurmuşdum. Biz bütün ətrafa hakim idik.” (XII fəsil)

 

10. Qız qalası. Keçmiş Aleksandrovski sahili, indiki Neftçilər prospekti.

 

 

 

İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi. Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət verən də elə bu axıdılmış qandı...” (II fəsil)

 

11. Tağıyevin evi. Romanda adı “Zeynal ağanın mülkü” kimi gedir. Əvvəllər Qorçakovski adlanan, indiki Tağıyev küçəsi 4 ünvanında yerləşən bu binada hazırda Azərbaycan Tarix Muzeyi fəaliyyət göstərir.

 

 

 

Romanda Tağıyevin evində Əli və onun sinif yoldaşı İlyas bəyin (Tağıyevin oğlu) buraxılış gecəsi keçirilir.

 

“...Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı sarayında yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif yoldaşımız olduğu üçün buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal ağanın evinin böyük ziyafət salonunda təşkil edilmişdi. Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım.” (IV fəsil)

 

 

12. Filiposyans qardaşlarının qənnadı evi. Romanda adı Filiposyansların restoranı gedir. Bina keçmiş Baryatinski, indiki Əlizadə 5 küçəsində yerləşir.

 

 

 

Romanda Əli dostu Naxaxaryanla bu restoranda görüşür və Ninonun atasının qızını ona verməkdən imtina etməsi barədə danışır.

 

Naxararyan: “gəl gedək Filiposyansın restoranına” dedi: - ”Olar” deyə başımla işarə etdim. Mənim üçün artıq heç bir fərqi yox idi. Naxararyan əlimdən tutub məni Baryatinsk küçəsindəki böyük bir restorana apardı. Restoranın yumşaq mebelləri var idi. Divarlarına da qırmızı ipək parçalar çəkilmişdi...” (XIII fəsil)

 

 

13. Mayılov qardaşlarının teatr binası. Romanda adı Bakı Şəhər Opera Teatrı kimi çəkilir. İndiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı. Keçmiş Qubernskaya küçəsində, indiki Nizami 95 ünvanında yerləşir.

 

 

 

Əli ilə Nino teatra getməyi xoşlayırlar. Onlar “Yevgeni Onegin” operasına baxmağa gedəndə Naxaxaryan ilə qarşılaşırlar (X fəsil). Şalyapin teatrı Bakıya qastrola gəldiyi zaman Əli tamaşaya gedə bilmir, buna görə də dostu Naxaxaryandan Nino ilə getməyi xahiş edir. Naxaxaryan isə operadan sonra Ninonu oğurlayır.

 

Saysız-hesabsız elektrik lampalarının kəskin və parlaq işığı göz qamaşdırırdı. Lojalar gipsdən düzəldilmiş və üzərində qızıl suyu çəkilmiş ilahə fiqurları ilə bəzədilmişdi. Onların üstü qırmızı məxmərlə örtülmüşdü. Tamaşa salonundakı kişilərin daz başları gecələr göy qübbəsində görünən ulduzlar kimi parıldayırdı. Bəzi qadınların isə kürəkləri və qolları çılpaq olduğundan salonda həyəcan yaranırdı. Tamaşaçıları səhnədən qaranlıq bir uçurum ayırırdı. Bu qaranlıq uçurumda utancaq kimi görünən musiqiçilər oturub əllərindəki musiqi alətlərini kökləyirdilər. Teatrın salonunda pıçıltıların səsi, proqram vərəqlərinin xışıltısı və yelpiklərin tıqqıltıları bir-birinə qarışmışdı. Bir neçə dəqiqədən sonra Bakı şəhər opera teatrında “Yevgeni Onegin” tamaşası başlanmalı idi...” (X fəsil)

 

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018