“Ufak tefek cinayetler”in rejissoru: “Senzura yoxdur, işimizi görürük” - MÜSAHİBƏ

Türkiyənin “Medcezer”, “Ufak tefek cinayetler”, “Delibal”, “Arka sıradakılar”, “Cesur ve güzel” kimi məşhur seriallarının rejissoru, “Ən yaxşı serial rejissoru” nominasiyasında “Altın portakal” mükafatını qazanmış Ali Bilgin AF media incəsənət məktəbinin dəvəti ilə seminar keçmək üçün Bakıdadır. Kulis.az rejissorla müsahibəni təqdim edir.

 

- Əli bəy, ölkədən kənarda da izlənən, satılan Türkiyə serialının uğurunu nəyə bağlayırsınız?

 

- Universal hekayələr danışırıq. Ölkədən kənara çıxan seriallarımıza da baxanda belə görünür ki, melodram daha çox sevilir. Türk televiziyaları melodramın alışqanlıq yaratdığını kəşf etdilər. Aktyor oyunu, istehsal keyfiyyətini bəyənən xarici kanallar türkiyə serial sənayesni izləməyə başladı və hər cür layihələr satılmağa başladı. Ölkənin içində istehsal rəqabəti keyfiyyəti və işin miqyasını daha da artırdı. Amma məncə türk serialının özəlliyi yerli və universal əhvalatlar təqdim etməsidir. Və artıq 5 ildir ki, bu əhvalatlar ölkədən kənarda satılmaq üçün seçilir, işlənir.

 

- Serial işində maliyyə dayaqları olması əsas şərtdir. Serialın keyfiyyətinə nə qədər təsir edir bu?

 

- Yalnız maliyyə heç vaxt bir işə yaramaz. Ən vacibi eyni sahənin insanlarının bir araya gəlməsidir. Hər şey yaxşı ssenaridən başlayır. Daha sonra yaxşı rejissora və bunları bir yerə yığan yaxşı prodüserə ehtiyac var.

 

 

- Yəni peşəkarlıq həll edir...

 

- Bəli. Başqa sahələrdə də belədir.

 

- Çox az maliyyə ilə ortaya çıxan uğurlu serial nümunələri varmı Türkiyədə?

 

- Var belə sürprizlər. Süpriz deyərkən mən bunu nəzərdə tuturam: Məsələn, iki milyona başa gələn bir layihə var, bir də 600 min liraya çəkilmiş bir serial var. Olur ki, 600 minə başa gələn, tanınmamış aktyorların oynadığı serial o iki milyona başa gəlmiş işin reytinqinin iki qatını ötür. Deməli, bu işdə hansısa vahid düstur yoxdur.

 

-Türkiyə serial istehsalçıları arasında rəqabət hansı həddədir?

 

- Daim ətrafınızda reytinq üçün yarışan seriallar var. Bir yandan da “həftənin ən yaxşısı” olmaq, “ən çox danışılan” serial olmaq azarı var. Ən çox bəyənilən olmaq yaradıcı insanların eqosunu oxşayır. Aktyor da ən bəyənilən olmaq istəyir, rejissor da. Amma prodüserlər arasındakı rəqabətin formatı və miqyası başqadır. Onlar daha strateji qərarlar almalı olurlar. Bu rəqabət nə qədər stimulverici də olsa, neqativ təsirlərini də göstərir. Və bu rəqabətin üzündən serialın müddəti 90 dəqiqədən başlayıb indi 150 dəqiqəyə kimi uzanır. Bu uzanmalar bir çox ssenari yazarını, rejissoru, aktyoru bu sahədən soyutdu.

 

 

 

- Rəqabət uğrunda mübarizədə pis-yaxşı daha nələr edirlər?

 

- Qarşı tərəfə heç nə etmirlər təbii. Amma özləri öz layihələrində nəyisə dəyişirlər. Bayaq dediyim seriyanın müddətinin artırılması kimi. Amma müddət uzandıqca, layihənin məzmunu seyrəkləşir.

 

- Türk serialının böhranından nə danışa bilərik?

 

- Böhran var, zaman-zaman çətinliklər yaşanır. Bunu hiss edəndə telekanal rəhbərləri bəzi şeyləri dəyişir. Bu mənada “Ufak tefek cinayetler” təəccüb doğuran işdir. Normal gedən serial sahəsində yeni bir nəfəs verdi. Artıq fərqli istiqamətlər sınaqdan keçirilir. Yeni bir şey etmək yaxşı edəcəyin də deyil, təbii...

 

 

 

- Bəs Türkiyə HBO kanallarındakı kimi, “ağıllı serial” formatına keçmək mərhələsinə çatıbmı?

 

- Yox, elə bir şey yoxdur. Bunlar böyük maliyyə tələb edən işlərdir. Bizim serial uğurludur, amma olacaqsa da, o cür işlər rəqəmsal müstəvidə olacaq. Blue tv var, ora üçün 45 dəqiqəlik seriallar çəkilməyə başladı. O tərz işlər üçün Amerika və ya Hollivudla rəqabət çətindir. Biz daha yaxşı bildiyimiz işdə uğurluyuq. Öz hekayələrimizi çəkmək kimi...

 

- Ümumiyyətlə, siyasi triller janrlı serial təcrübəsi varmı Türkiyədə?

 

- Yoxdur. Tamaşaçı da belə bir şey tələb etmir. Belə bir şey çəkərsiniz, amma reytinqli olmaz və işiniz batar. Televiziya kanalları tamaşaçının tələbinə görə qurulur. Siyasi serial çəkmək risklidir Türkiyədə.

 

 

 

- Tamaşaçı baxmaz deyə risklidir?

 

- Birincisi, bunu tamaşaçını maraqlandıracağını düşünmürəm. İkincisi də gerçəkləri çatdırmaq, anlada bilmək çox çətindir...

 

- “Leyla ilə Mecnun” serialının siyasi xətti olduğu üçün yarıda bitdiyi yazıldı...

 

- Elə bir şey yoxdur. Hekayəsi bitdiyi üçün tamamlandı serial. Bizim serial üçün də elə xəbərlər çıxdı. Amma hansısa senzura yoxdur, işimizi görürük.

 

-“Ufak tefek cinayetler”in Hollivudun “Böyük və kiçik yalanlar”-ından götürüldüyü deyilir...

 

- Hansısa təbdil və ya uyğunlaşdırmadan söhbət gedə bilməz. Amma təsirləndiyimiz oldu.

 

 

 

- Əli bəy, Bakıda çəkilən seriallarla tanışsızmı?

 

- Görməmişəm. Bu mövzuda danışa bilməyəcəyəm.

 

- Müştərək bir layihə düşünürsüzmü?

 

- Bir şeylər var. Bura gəliş səbəbimdə də belə bir niyyət var. Hələ görək nə olur...

 

- Kino cameəsində “sənət filmi” kimi təsnifatlandırmalar vardı, indi də var. Sizin sənət filmi çəkmək arzunuz varmı?

 

- Mənim sənət filmi çəkmək dərdim yoxdur. Danışmaq istədiyim hekayələr var. Bunların prokat filmləri olmayacağı şəksizdir. Amma mən “gərək sənət filmi çəkim” deyə yola çıxmaram. Amma bir film çəkmək arzum var. Təəssüf ki, seriallardan buna vaxtım qalmır.

 

 

 

- Seriallar uzanır. İnsanların zamanını alır. İnsanlar ömürlərinin xeyli hissəsini buna xərcləyirlər. Siz bu məsuliyyəti, insanların zamanını almaq, onları məşğul etmək məsuliyyətini hiss edirsiniz? Bu zamanın əvəzini vermək kimi bir narahatlığınız varmı?

 

- Biz seriyaların bu qədər uzanmasından narahatıq. 90 dəqiqəlik olsa seriallarda keyfiyyət yüksək olacaq. Amma 100 dəqiqə verəndə belə bizə “Bu bölüm niyə qısadır?” kimi şərhlər gəlir. Biz heç kimi zorla televiziyanın qarşısına əyləşdirib, serialımız izlətmirik. Hər kəsin azad seçimi var. Amma mən normal şərtlərdə oturub 140 dəqiqəlik serial izləyə bilmərəm. Mənim o qədər vaxtım yoxdur, mənim vaxtım dəyərlidir. Deməli, vaxtı dəyərli olmayan xeyli sayda insan var. Daha doğrusu, bir axşamını 8-dən 12-dək televizor qarşısında keçirmək böyük bir lüksdür. Mən o qədər konsentrasiya ola bilmərəm. Uzağı 140 dəqiqəlik bir film izləyərəm. Amma mən də insanların daha az zamanını alsaq deyə narahat oluram. Serial biznesdir və rəqabət belə tələb edir. Bir serial satıldığı qədər uğurludur. Yəni, serial bir kapitalizm sisteminin təbii nəticəsidir.

 

- Böyük insan kütlələrinə təsir etmək imkanı olan, baxılan ekran işi təqdim edirsiniz. Ümumi prinsiplər heç, bəs fərdi olaraq, yaradıcı şəxs olaraq bir prinsipiniz varmı?

 

- Onsuz da dediyiniz kimi bəzi şeyləri qadağan edən RTÜK (Radio Televizyon Üst Kurulu) var. Onlar onsuz da bir çərçivə qoyur. Mənim özümün də prinsiplərim var təbii. “Ufak tefek cinayetler”i tərcih etməyim də buna görədir. Çox silah olsun, istəmərəm, silah sevdalısı deyiləm. “Zorakılıq, təcavüz olmasın” kimi əslində yenə də ümumi prinsiplərim var. Film başqa... Amma serialda mən bunu çəkməməyə üstünlük verirəm.

 

-Əli bəy, insanlar sizin çəkdiyiniz seriallara baxanda dincəlirlərsə, siz nəyə baxanda dincəlirsiz?

 

- Mən seriala baxmayanda dincəlirəm... (gülür)

 

 

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018