“Vicdan haqqı”nın İmranı: “Omskda pinəçilik edirdim” - MÜSAHİBƏ

“Ora yox, ora “Xozyayka”nın evidir...” - Pilləkənin qabağındakı qapını indi fərq edirəm. Aktyor İlham Hüseynov qapını açıb bizi kirayə qaldığı evə dəvət edir:

 

- Ev mənim üçün rahatdır. Ümumiyyətlə, mən evdar adamam. Biş-düş etməyi, təmizliklə məşğul olmağı, hətta turşu bağlamağı sevirəm.

 

Mətbəxdən gələn lobya şorbasının iyi bunu təsdiqləyir. Evdə bir yumşaq səliqə var. Fotoqrafımız kamerasını sazlayır, evin ab-havasına uyğunlaşıb, aktyorun dəmlədiyi çaydan içirik.

 

- Evimə çox qonaq gəlir. Tamaşaçılar gəlib-gedir. Söhbət edib çay içirik.

 

Rahat olduğumuza əmin olandan sonra müsahibə başlayır.

 

Beləliklə, həmsöhbətimiz “Vicdan haqqı” serialının İmranı kimi tanınan Əməkdar artist İlham Hüseynovdur.

 

- İlham bəy, yayda əməliyyat keçirdiniz, amma elə bil yenə ayağınızı çəkirsiniz...

 

- Bu yay daha bir əməliyyat da olmalıdır. Tamam düzələcək onda.

 

- Uzun müddət Rusiyada yaşamısınız. Həm də deyəsən çəkməçi işləmisiniz. Teatrda işiniz varkən, niyə Rusiyaya getdiniz və niyə çəkməçi işlədiniz?

 

- Rusiyaya qədər qapalı həyat sürmüşəm. Ünsiyyət saxladığım insanlar çox az olub. Əsl həyatdan uzaq düşmüşdüm. Üç il idi, Gəncə Dövlət Dram Teatrında işləyirdim. Amma içimdə həyatımı dəyişmək, başqa bir işlə məşğul olmaq ehtiyacı var idi. Aktyor sənəti elə bir sənətdir ki, özün özünlə mübarizə aparırsan, içində bir iztirab çəkirsən.

 

Kiçik qardaşım Omsk şəhərində təzə ayaqqabılar tikirdi. Onun yanına getdim. Yeni ayaqqabı tikməyi öyrənmək çətin idi, vaxt alırdı, onda mən köhnə ayaqqabıları təmir etməyə başladım.

 

 

Ora getməyim taleyin işidir. Deyim ki, belə bir taledən razıyam da. Orada yaşamaq həyat məktəbi kimi bir şey idi. O dərsi mən burada, bu sənətdə ola-ola almayacaqdım. Ora gedənə qədər əl işi ilə məşğul olmamışdım. Atam da, qardaşlarım da əlinin zəhməti ilə çörək qazanıblar. Əl işində bir cəhət var - insanların problemini həll etdikcə zövq alırsan. Öyrəndiyim pinəçilik sənəti mənə zövq verirdi, qəlbimdəki boşluğu doldururdu. Hiss edirdim ki, insanlara kömək edirəm, onlara lazımam. Niyyət pul qazanmaq deyildi. Bəzən pulsuz da işləyirdim. Amma işdən zövq alırdım. Gündüzlər  işləyirdim, axşamlar ağ kostyum geyib, kəpənək qalstuk taxıb, şlyapa qoyub teatra gedirdim. Mütləq aktyorlara gül alırdım. Pinəçi işləyirdim, amma hamı məni aktyor kimi tanıyırdı. Pinəçilik mənə cürbəcür sferada dostlar qazandırmışdı. Hakimdən həkimə, professora kimi.

 

- Sadə rol ya mürəkkəb rol deyə bir bölgünüz varmı?

 

- Təbii, var. Bəzən aktyorlar deyir ki, mən rollarımın hamısını sevirəm-filan... Mən belə deməzdim. Mənim sevmədiyim, ürəyimcə olan rollarım olub, amma oynamaq məcburiyyətində qalmışam. O rolları ki, hiss edə, duya bilməmişəm. Mənim birinci tənqidçim mənim özüməm. Az hallarda kiminsə tənqidinə rast gəlmişəm. Amma o tənqidləri nəzərə alıb öz üzərimdə işləyirəm. hətta alınsa belə mən rolu daim təkmilləşdirməyə çalışıram.

 

- Özünüzü bir aktyor kimi inkişaf etdirmək üçün hansısa fərdi metodunuz varmı?

 

- Bəli. Müəyyən çalışmalar var ki, onları etmək lazımdır. Məsələn, mən “Aktrisa” filminə çəkildim. O rolun psixoloji yükü çox ağırdır. Orada elə məqamlardı, əvvəlcədən bilirdim ki, burada fəryad qoparmaq lazımdır. O film mənim təcrübəsiz vaxtıma düşmüşdü. Kinoda ilk işim idi. Bilirdim ki, ağlamaq lazım gələcək. Çəkilişdən hələ bir-neçə ay əvvəl düşünürdüm ki, necə ağlayacam. O arada televizorda rus aktrisanın öz metodundan danışdığını eşitdim. Deyirdi, mənim üçün ağlamaq problem idi və mütəmadi şəkildə hər gün ağlamağa başladım. Nəhayətdə emosiyalarımı idarə etməyi öyrəndim. İndi istənilən vaxt ağlaya bilirəm. Yəni mütəmadi etdiyim trenajlardan biri budur.  Baxın indi də ağlaya bilərəm.

 

 

- Amma bu texnikadır, hə? Hissləriniz iştirak etmir.

 

- Bilmirəm. Necəsə kövrəlirəm. Bu, mənim üçün asan bir vərdişə çevrilib. Baxın trenajlarımın birini sizə dedim. Əlbəttə başqa şeylər də var. Müşahidə də var...

 

- Müşahidə demişkən, “Vicdan haqqı”ndakı İmranın prototipi varmı?

 

- O adamı mən həyatdan tanıyıram. Nə yaxşı da tanımışam! İmran rolu mənə veriləndə ilk növbədə yadıma o düşdü. Mənim vaxtaşırı görüşdüyüm bir insandır. Gəncə Dövlət Dram teatrında işləyir. Mimikaların hamısını ondan götürmüşəm. Amma yalnız o deyil. Hər kəsdən var İmranda. Hətta Rövşənin (serialın rejissoru Rövşən İsaxı nəzərdə tutur – red.) özündən də nələrsə götürürəm. Bu, buket kimidir. Hərədən bir şey götürürsən. Amma əsas prototip o teatrda işləyən adamdır. Əgər o olmasaydı, İmran mənim üçün çətin olardı. O adam elə bil beynimdə material kimi hazır idi.

 

- “Vicdan haqqı”nın finalı, ən azı obrazınızın aqibəti sizə bəllidir?

 

- Təxminən bəllidir. Yəni final var. Bu mövsüm serialı bitirməyi düşünürük.

 

 

- İmran obrazının əməllərinə bəraətiniz varmı?

 

- Əlbəttə var. Bu, aktyor sənətinin qanunudur. Obrazın əməllərinin məntiqini tapmalısan ən azından. İmranın da belə bir məntiqi var ki, Kamilin qazandığı var-dövlətdə onun da payı var. O, bunun davasını edir. Müəyyən mənada haqlıdır da.

 

- Bizim tamaşaçılarda aktyoru obrazı ilə eyniləşdirmək var. Bu, sizi qıcıqlandırırmı?

 

- Bəli, eyniləşdirirlər. Təbii ki, səhv yanaşmadır. Serial təzə başlayanda mənə nifrət edənlərdən kənd salmaq olardı. Xoşbəxtlikdən ATV kanalında verilişdə qonaq oldum, özümdən, həyatımdan danışdım, tamaşaçılar məni insan kimi tanıyandan sonra məni sevməyə başladılar. İnsanların qəlbində nifrət yarada bilirəmsə, bu peşəkarlıqdır. İnsanların reaksiyası istənilən halda maraqlıdır. Bir dəfə taksiyə mindim. Bilirsiniz ki, səhhətimdə problem var, ayağımı çəkirdim. Sürücü soruşdu ki, ayağınıza nə olub? Dedim, ayağımda problem var. Qayıtdı ki, Allah evinizi tiksin, bütün Azərbaycan sizə baxır, siz bir ayağa baxa bilmirsiniz?

 

Bir dəfə də küçədə nalə çəkən bir dilənçinin səsi məni özünə çəkdi. Yaxınlaşdım ona pul verəm, çıxarıb bir manat uzatdım. Üzümə baxıb pulu qaytardı ki, mən sizdən pul götürə bilmərəm, ayıbdı. Güclə, təkidlə pulu ona verə bildim.

 

 

- Bəs nə şərhlər yazırlar?

 

- Biri yazmışdı ki, avtobusda gedəndə təsadüfən iki tamaşaçının söhbətini eşitdim. Sizin serialdan danışırdılar. Biri o birinə dedi ki, o İmranı Həzrət Abbasa tapşırmışam, Allah səsimi eşitmir.

 

Bəzən insanlar obrazımdan ayrılıb reallıq hissinə köklənə bilmirlər. İmrandan qopa bilmirlər. Xəstəxanada yatanda axın-axın yanıma gəlməklə məni təəccübləndirdilər. Gül-çiçək gətirirdilər, tort gətirirdilər. Qan lazım idi, hamısı gəlib kömək etmək istəyirdi. Gəlib-gedən əlindən dincliyim yox idi. İşdən çıxandan sonra insanlar mənim üçün narahat olurdu, zəng edib pul təklif edirdilər...

 

- İşdən çıxarıldığınız Akademik Milli Dram Teatrına qayıtmaq istəyiniz rollarınıza görədir, yoxsa iş yerini itirmək təəssüfüdür?

 

- Hər ikisi. Əslində, mənim orada bir rolum qalmamışdı, hamısı ixtisar olunmuşdu. Bircə “Nazirin xanımı”nda bir rolum vardı, onu da çox keflə oynayırdım. Baxmayaraq ki, balaca rol idi, dadlı-duzlu obraz idi. O personajı tamaşaçılar da yaxşı qəbul edir. Rol insanın ürəyincə olanda fərq eləmir böyükdür ya kiçikdir... Olsun balaca rol, amma emosional yükü olsun. Bu yük varsa həmişə şövqlə oynayıram. İncəsənətdə əsas məsələ də budur: birinci özün zövq alasan! Özün zövq almasan, tamaşaçı da zövq almayacaq.

 

 

- Sizin Akademik Teatrdan işdən çıxarılmağınızla bağlı davamiyyətdən başqa bir rəsmi arqument səslənmədi. Üç yerdə işlədiyinizi deyirdilər: Akademik Teatrda, Musiqili Teatrda, Gəncə Teatrında bir də serialda. Çatdırmaq olurdumu?

 

- Çatdırırdım. Dünyanın hər yerində aktyorlar belə işləyir. Aktyoru dəvət edirlər, o da müxtəlif teatrlarda olur. Bir də mən Musiqili Teatrda müqavilə ilə işləyirdim. Bircə rolum var – “Mənim günahım”da. Onu da çox olsa ayda bir dəfə oynayarıq. Gəncə Teatrında isə yarımştat işləyirəm. Akademik Teatrda tam ştat idim...

 

- Sizcə, İmran ağıllı adamdır, ya axmaqdır?

 

- Siz nə danışırsınız, axmaq nədir? İmran çox ağıllı insandır. Başı da çox yaxşı işləyir. Onun qədər çox manevrli düşünən bir personaj yoxdur.  O, hadisəyə hər bir bucaqdan baxa bilir. Ona görə də istədiklərini həyata keçirə bilir.

 

 

- Amma bunlar onu xoşbəxt edə bilmir. Əsas hədəfinə çatmır yəni...

 

- Xoşbəxt olmaqla bağlı mənim öz fikrim var. Həyatda ən çətin şey xoşbəxt olmağı bacarmaqdır. Çox nadir insanlar xoşbəxt olur. Xoşbəxt olmaq bir bacarıqdır. İnsan özü-özünü xoşbəxt etməyi bacarmalıdır. Özü-özü ilə dil tapan, özü-öz düşüncələrini və emosiyalarını idarə edən adam xoşbəxt ola bilər.

 

- Yəni, məsələ yanaşmadadır?

 

- Ay sağ olun. Məhz belədir. Faciəyə başqa cür baxarsan, bu, artıq sənin üçün faciə olmaz. Yəni özünü bədbəxtlikdən xilas etmək də xoşbəxtliyin bir növüdür.

 

- Rejissor İradə Gözəlova ilə evli oldunuz. Ayrıldıqdan sonra da münasibətləriniz korlanmadı, işbirliyiniz, dost münasibətləriniz davam etdi.

 

- Bu elə indicə dediyim məsələdir. Biz düşmən də ola bilərdik. Bir-birimizin uğuruna qısqanc yanaşa bilərdik. Bunlar bizi bədbəxtliyə sürükləyərdi. Amma görürsünüz ki, öz əlimizdə oldu hər şey. Biz hər şeyə başqa cür baxdıq. Biz özümüz özümüzü korlamadıq, yemədik.

 

 

 

- Bəlkə sizi sənət xilas etdi?

 

- O da var. Amma məsələ həm də yanaşmadadır.

 

- Bəs birgə yaşamağınıza nə mane oldu?

 

- Mən düşündüm ki, mənim üçün tək yaşamaq daha rahatdır, nəinki bir yerdə. Mən özümü bu sıxıntıdan xilas etdim. Biz bir yerdə yaşayanda hər hansı bir hadisəyə müxtəlif cür yanaşırdıq, bu yanaşmalarsa üst-üstə düşməyəndə narazılıq yaranır. Biz ayrılmaya da bilərdik, bir yerdə də qala bilərdik. Amma mübahisə edəcəkdik, sıxıntı içində yaşayacaqdıq. Bu bədbəxtliyə gətirib çıxaracaqdı. Mənsə həmişə, xoşbəxtlik axtarışındayam, insanın özünün özünü xoşbəxt etdiyini bilə-bilə...

 

- İndiki vəziyyət sizin münasibətlər üçün ən idealıdır?

 

- İdeal deyil. Bir yerdə iş görürük və mübahisələrimiz olur. Amma bu işdə qalır. Bir də var ki, sən həm işdə mübahisə edirsən, həm də evdə davam edirsən. Ev ocaqdır. Burada insan rahat olmalıdır. Xoşbəxtliyin ən birinci məkanı mənim üçün evdir. İnsan özü ilə tək qalır, özünə hesabat verir, öz səhvləri üzərində işləyir, özünü təhlil edir, rahat olur.

 

 

- Yenidən evlənməyi düşünürsünüz?

 

- Bilirsiniz, həyat təcrübəsi mənə belə bir həqiqəti anladıb: heç nəyi planlamaq lazım deyil.  İnsan yerdə plan quranda tanrı göydə gülür. Bu taleyin işidir. Mən taleyin sürprizini qəbul etməyə hazıram.

 

- Sizi başqa tamaşalarda görmüşəm. Amma xatırlaya bilmirəm rollarınızı. İradənin tamaşalarındakı rollarınızsa yadımdadır. ...

 

- Ümumiyyətlə, İradənin mənim həyat yoluma çıxmasını taleyin hədiyyəsi hesab edirəm. İlk növbədə aktyor kimi. Mən onun tamaşalarında özümü daha çox qiymətləndirməyə başladım. Özümə inam hiss etdim. O, aktyorla işləməyi bacaran rejissordur. Mən onunla işlədikdən sonra aktyor kimi özümdə yeni keyfiyyətlər kəşf etdim. Baxmayaraq ki, bizim həyatda ittifaqımız alınmadı, amma sənətdə çox uğurludur.

 

İradə ilə ilk işim “Qəribə oğlan” tamaşasında oldu. Ikinci işimiz Qoqolun “Evlənmə” tamaşası oldu. 2012-ci ilin mayında bu tamaşanı Ukraynanın Dnepr şəhərinə- festivala aparmışdıq. Mən orada “Ən yaxşı kişi rolu” nominasiyasında qalib oldum.

 

- Bir aktyor kimi rejissorları necə təsnifatlandırırsınız? Aktyora münasibətdə neçə cür rejissor var?

 

- İki cür. Tamaşanı aktyor üzərində quran rejissor. Yəni ideyanı aktyor vasitəsilə ötürən.  Rejissor var ki, quruluşla həll edir. Aktyor necə oynayacaq öz işidir. Təbii ki, mən birincini istəyərəm. Özünə inamı az olan aktyoram. Komplekslərim var. Rejissorun mənimlə işləməsinə ehtiyacım var. Bu baxımdan mənim üçün aktyorla ən yaxşı işləyən rejissor Rövşən İsaxdır. O, aktyorun düşdüyü vəziyyətə düzgün diaqnoz qoyur. İradə də aktyorla işləməyi bacaran və bu işi sevən rejissordur.

 

- Nə kitablar oxuyursunuz?

 

- Ezoterik ədəbiyyata meylliyəm. Oşonu çox sevirəm. bir də aktyorluq haqda nəzəri kitablardır –İvana Çabbakın kitabını da oxuyuram. Vaxtım az olur düzü. Yerli müəlliflərdən Gülər Eldarqızının “Gülü qaralı” povestini oxumuşam. Xəstə olanda mənə dəyməyə gəlmişdi və bu kitabı gətirmişdi. Bir də təkrar-təkrar oxuduqlarım var: Çexovun pyesləri. Çexovun əsərində oynamağı həmişə arzulamışam. Xoşbəxtlikdən ötən il Gəncə Dram Teatrında “Vanya dayı” tamaşasında Ostrov rolunu oynadım.

 

- Daha hansı obrazları arzulayırsınız?

 

- Çexovun bütün əsərlərində oynamaq istəyərəm. Şablon da olsa Hamleti oynamaq istəyərəm. Kral Liri, Frans Moru da. Amma ən çox  Dostoyevskinin “İdiot”unda Knyaz Mışkini oynamağı arzulayıram. Xaraktercə özümü ona yaxın bilirəm.

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018