İki romanın təqdimatı keçirilib

 

8 aprel 2018-ci il tarixdə “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” məkanında yazıçı Məhbubə Hacıyevanın “Taclı Bəyim” və “9 Sevdalı” romanlarının təqdimatı və imza günü keçirildi.

 

Tarixi keçmişimizi özünün “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu” romanlarında əks etdirən Məhbubə xanım Hacıyeva bu dəfə oxucularını iki yeni kitabı ilə sevindirib. “Taclı Bəyim” romanı XVI əsrdə Səfəvilər dövlətinin yarandığı dövrdən, Şah İsmayıl Xətainin ömür-gün yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Əsərdə Şah İsmayıl Xətai və Osmanlı sultanı Yavuz Səlim qarşıdurması, Çaldıran döyüşü, Şah Təhmasib Mirzənin gənclik illəri, Taclı Bəyimin Səfəvi dövlətindəki nüfuzu, onun sürgün olunması və ölümü haqqında maraqlı məlumatlar verilir və mənbələrə istinadən o dövrün qaranlıq məqamlarına aydınlıq gətirir.

 

“9 Sevdalı” adlı ikinci kitab isə son məlum Aprel döyüşlərində bizim cəsur Xüsusi Təyinatlı Qüvvələrimizin Qarabağda işğalçı erməni ordusuna qarşı göstərdikləri şücaətdən bəhs edir. Birinci Qarabağ savaşında və Aprel döyüşlərində həlak olmuş bir çox qəhrəmanlarımız haqqında, eləcə də bu məkrli işğalçılıq planını hazırlayan əsas terrorçuların barəsində də məlumat verilir.

 

Təqdimatda gorkəmli Azərbaycan jurnalisti, yazıçı-publisist, Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatı, uzun illər Dövlət Televiziya və Radio Verilişləri şirkətində çalışmış, məşhur “Bulaq” verilişinin yaradıcısı İntiqam Mehdizadə, yazıçı-jurnalist, “Neft Daşları” qəzetinin baş redaktoru, “Qızıl Qələm”, H.B.Zərdabi mükafatları laureatı Xeyrulla Ağayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlet İdarəçilik Akademiyasının dosenti Ağamehdi Mehdiəliyev, müəllifin bütün kitablarının daimi oxucusu, Naxçıvandan təşrif buyurmuş Rahilə xanım Allahyarlı, şairə xanım Təranə Musayeva, Rəssamlar İttifaqının üzvü rəssam Əlimirzə Musayev və başqaları yazıçı və onun yaradıcılığı haqqında xoş sözlər söylədilər.

 

Maraqlı fikir mübadiləsilə bitən təqdimatın sonunda iştirakçılar müəllifdən imzalı kitab aldılar.

 

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018