Elza Seyidcahan şeirinin gücü - Sevda Sultanova yazır

Cüzeppe Tornatorenin “Paradizo kinoteatrı” filmi müharibədən sonrakı İtaliyanın bir əyalətini təsvir edir. Həmişə dolu olan əyalət kinoteatrında tamaşaçılar həvəslə film izləyir. Bir gün kinoteatrda Antonioninin “Çığırtı” filmi göstəriləndə tamaşaçı heç nə anlamır, çaşqınlıq içində çırpınır. Çünki onun gördüyü bu film öncəki, yüngül həzm olunan filmlərdən fərqlənirdi. Çünki “Çığırtı” kütləvi istehlaka “yararlı” deyildi.

 

Niyə yazıma Tornatorenin məşhur filmindən sitatla başladım? Misalçün, Kulis.azda Elza Seyidcahanın şeirləri və eyni zamanda ciddi sənət yazısı yayımlansa (dəfələrlə belə olub da!), oxucu birincini tərcih edəcək. Elzanı bəyənməyənlər, mətnlərinin söz yığnağı olduğunu deyənlər belə, sosial şəbəkələrdə onları paylaşacaqlar...

 

Çünki Elza Seyidcahanın şeirləri kütləvi istehlak məhsuludur. Bir az da konkretləşdirsək, günlük, keçici-oxunub unudulan, yüngül mədəni məhsul...

 

Onun şeirləri oxunur, müzakirə olunur və bu mətnlər, onu bəyənənlər, özəlliklə də tənqid edənlər, istehza obyektinə çevirənlər sayəsində günün hadisəsinə çevrilir. Tanınan yazarlar, ictimai fiqurlar belə statuslarında o mətnlərə ironik vurğu edirlər. Vurğunun məğzindən, intonasiyasından asılı olmayaraq Elza  ictimai fokusa düşməklə öz məqsədinə çatır. O, ustaca publikanı tələsinə salır. İstehza edənlər, şeirlərilə əylənənlər onun manipulyasiya zolağına düşür, ədəbi provokasiyalarına uyurlar.     

 

 

 

Ümumiyyətlə, Elza münasibətini hadisəyə çevirməyi bacarır. Söhbət hadisənin mahiyyətindən, onun nə qədər sənətə aid olub-olmamasından getmir. Söhbət ondan gedir ki, şeirlərdəki münasibəti, məsələn, ilk assosiasiyada gülüş doğuran “bığ”ı, ictimai müzakirələrin mövzusu dolları poetikləşdirərək, bir neçə mənayla yükləyərək, Mirmehdi Ağaoğlu demiş, performansa çevirməyi bacarır. Publika da öz növbəsində onun şeirlərini əyləncə məqsədilə gündəmə gətirməklə performansının baş tutmasına yardımçı olur.

 

Elza şeir yazmaqla ədəbiyyatda yüksəlişə iddialı biri deyil. Hər halda onunla qısa ünsiyyətdə, müşahidələrimdə belə bir şey sezməmişəm. Bu, ondan ötrü hər şeydən əvvəl varolma formalarından biridir.

 

Onun “Mən dəlinin rəssamı” adlı şeirlər kitabı zövqlə tərtib olunub. Əməkdar rəssam Əşrəf Heybətov, miniatür sənətin elementlərini, milli memarlıq, nağıl, adət-ənənə, dastan motivlərini bir araya gətirir, rənglərdə uyarlı təmasını yaradır və kitabın vizual effekti mətnləri kölgədə qoyur.

 

Kitabda toplanmış şeirlər arasında zəif mətnlər çoxdur. Ancaq diqqəti çəkənlər də var. Məsələn, yuxarıda söz açdığım “Dollar” şeiri kimi...  

 

1950-60-cı illərdə Qərbdə meydana gəlmiş pop-art cərəyanının xüsusiyyətlərindən biri - aktual tendensiyalara, trendlərə ironik münasibət idi. Bu cərəyan predmet və obraz kimi istehlak məhsullarından yararlanaraq onları bədii məkana gətirir, fərqli kontekstdə yerləşdirirdi.

 

 

 

Tənqidçilər pop-artı əsasən ümuminin asanlıqla qavradığı “banallığın sənəti” adlandırırdılar.

 

Pop-artın məşhur simalarından biri Endi Uorholl həmin illərdə, Qərb cəmiyyətinin pula münasibətini ifadə edən “Bir dollar” adlı tablo çəkir.

 

Bu mənada Elzanın bir neçə il əvvəl yazdığı “Dollar” şeiri ölkədə bu pul vahidinin məzənnəsinin qalxmasına çevik reaksiya idi.  Müəllif mətnini sosial-siyasi mənalarla, eyni zamanda özünün pula olan sevgisini ironiya ilə yükləyir. Cəmiyyətdə baş vermiş olaya bu cür çevik reaksiya həm də situasiya şeiridir.

 

Rəssam, pop-art hərəkatının liderlərindən biri Riçard Hamilton təsadüfən populyar sənətin məhsullarını ötəri, tez unudulan kimi dəyərləndirmirdi.

 

 

 

Bu həmin Hamiltondur ki, onun “Bizim bugünkü evlərimizi belə müxtəlif, cazibəli edən nədir?” əsəri bu cərəyanın parlaq nümunələrindən sayılır. O, müxtəlif jurnal parçalarından kollaj düzəldərək müasir istehlakçının evinin interyerini təsvir edir və aşırı istehlakçılığa etirazını bildirirdi.

 

Elza özünü cəsarətlə epataj instalyasiyanın parçasına, predmetinə çevirir. Qrotesk, əcaib qrimi, qiyafəti və saç düzümü, oxucunun istər-istəməz seksual kontekst yüklədiyi “Tikim sizin ağzınızı” tipli şeirləri ilə...

 

Elza Seydicahan kütləyə hər şeydən əvvəl ona görə maraqlıdır ki, o, tez-tez eksperimentlərə əl atır (xüsusən də öz üzərində), dəyişikliklər axtarışındadır. Bu sözün total mənasında dəyişməyə ehtiyacı olan boz, ölü cəmiyyətimizi bəlkə cəlb edən budur?  

 

Ədəbi, bədii dərinliyə enməyən Elzanın estetik özəlliyi olmayan şeirləri qarmaqarışıq, üzsüz dövrümüzün durumunun ifadəsidir.

 

 

 

Onun mətnləri banal, dekorativ ola bilər, amma digər tərəfdən bu, cəmiyyətimizin mahiyyətinə adekvat deyilmi?

 

... Jan Bodriyar günlük, keçici, banal olan bir şeyin mahiyyəti yoxdur deyirdi: “...deməli, günlük sənət də yoxdur, bu, sadəcə mistik aporiadır. Əgər Uorhol və başqaları buna inanırsa, onda onlar sənətin statusu və bədii aktın özü barədə səhv düşüncədədirlər... Pop-art “sakit” sənətdir, o nə estetik ekstaz tələb edir, nə də emosional və simvolik iştirak”...

 

Və uzun illər sonra XXI əsrdə Uorholun “Bir dollar” əsəri 32,6 milyon dollara satılır.

 

        

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018