Tanınmış şairə: “Həmid Herisçiyə vurulmuşdum”

Kulis.az tanınmış şairə Rəbiqə Nazimqızının müsahibəsini təqdim edir. 

 

Kişilər deyir, qadınları anlamaq çətindir. Hətta, Ziqmund Freyd qadın psixologiyasını otuz il araşdırmağına baxmayaraq böyük suala cavab tapa bilməyib: Əslində, qadınlar nə istəyir? Sizlər bu qədər qəliz varlıqlarsınız?

 

- Məncə, məsələ şişirdilib. Əslində, bütün insanlar kişili-qadınlı xoşbəxt olmaq istəyirlər və dünya yaranandan insan bu mücərrəd axtarışdadır. Sadəcə, yanaşmalar fərqlənə bilər. Bir dəfə belə bir yazı yazmışdım. Başlığa da elə bu sualı çıxarmışdım: Qadınlar nə istəyir? Cavab da vermişdim, amma məncə, konkret şəraitdə bir kişi onu maraqlandıran bir qadınla bağlı suala cavab axtarsa, vəziyyət xeyli asanlaşar, çünki suala cavablar fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər. Hərçənd, ümumi cavab da var. Bir az da konkretləşdirək: qadın kişidən nə istəyir? Bəlli bir zaman kəsiyində bir qadın sevdiyi kişidən diqqət və qayğı istəyir, onun qəhrəman olmasını yox, məhz onun qəhrəmanı olmasını istəyir. Qadın qəbri üstə ağlayıb yas tutacaq qara paltarlı kişi arzulamır. Sevgini və diqqəti sağlığında görmək istəyir. Qadında hissi başlanğıc güclüdür, amma eyni zamanda o, kişidən daha praktikdir. Məsələn, heç bir qadın evə çörək ala bilməyəcək kişidən gül dəstəsi gözləməz. Bir də ki, kişilər gözəl bilir, qadınlar nə istəyir, sadəcə, bu istəklər çox zaman onların istəkləri ilə üst-üstə düşmür. Klassik bir deyim var: kişi çox qadından yalnız bir şey istəyirsə, qadın yalnız bir kişidən çox şey istəyir. Hamı üçün keçərli deyil, amma necə deyərlər, istisnalar qaydaları pozmur.

 

- Qadının kişinin qabırğasından yaradılması fikri haqqında nə düşünürsünüz?

 

- Maraqli mifdir. Şübhə eləmirəm ki, bunu məhz kişilər uydurublar. Əslində, burada təhqir-filan görmürəm, çünki görmək istəmirəm. Kim nə görmək istəyirsə, onu da tapır. Mən qabırğa kababını sevirəm, dadlıdır. Ciddi fikir bildirməli olsam, əsas odur ki, qabırğa da olsa, özlərininki bilirlər. O qədər də pis yanaşma deyil.

 

- Kişilərdə sizi narahat edən cəhət nədir, xoşbəxt edən cəhət nə?

 

- Xoşuma gəlməyən cəhətləri soruşursunuzsa, bu elə qadınlarda da sevmədiyim cəhətlərdir. Sadalayım: sevgisizlik, özündən, taledən və başqalarından bədgümanlıq, özünəinamsızlıq, nə istədiyini bilməmək, məsuliyyətsizlik, daha çox xəyalplov arzulamaq və arzuların həyata keçməsi üçün heç bir cəhd eləməmək və ya əksinə, potensialını olduğundan çox yüksək dəyərləndirmək, kütlük, reaksiyaların gecikməsi, astagəllik, hədsiz ehtiyat, intellektsizlik, ədəbsizlik, isterikaya meyllilik, nihilizm və sair və ilaxır. Sadəcə, kişilərdə bu xüsusiyyətlər məni daha çox əsəbiləşdirir. Xüsusən, kişilərdə xoşuma gələn xüsusiyyətlər: alicənablıq, insanlara sevgi, yumor hissi, çevik təfəkkür, hazırcavablıq, peşəkarlıq, intelllekt, pozitivlik və əlbəttə, istedad!

 

- Sizi narahat edən kişilər olub? Arxanızca düşən, bezdirən...

 

- Çox olmayıb. Bir qayda olaraq, onları ya görmürəm, ya görməzlikdən gəlirəm. Qurtulmaq yollarını bilirəm. Yol isə həmişə var. Bir dəfə gülməli bir şey oldu: universitetdə oxuyurdum, imtahan ərəfəsində bir oğlanla tanış olduq necəsə, yaraşıqlı da oğlan idi, hardansa ev telefonumu tapmışdı, hər gün zəng vururdu, havadan-sudan danışmaqdan bezmişdim. Bu arada deyim ki, telefonla uzun və predmetsiz danışıqları sevmirəm. Nəsə, bir gün dilə gəldi. Belə bir etiraf elədi: "Sən Leyli ol, mən Məcnun". Necə qəhqəhə çəkdimsə, ondan sonra yoxa çıxdı. Bir-iki dəfə arzumun xilafına mənimlə maraqlanan adamlar olub, məcbur olmuşam, sosial şəbəkələrdə bloka atmışam, telefonda qara siyahıya salmışam. İntəhası, beş-altı ay sonra yol tapıb yenə peyda olurlar. Yenə də eyni durum təkrarlanır.

 

- Kişilərdə ilk nəyə önəm verirsiniz? Ağıl, pul, yoxsa yaraşıq?

 

- Pul məni heç vaxt maraqlandırmayıb. Əlbəttə, kiminsə hesabı verməsi, xüsusən də xoşlandığın adamın sənə nəsə çox bahalı olmayan hədiyyələr eləməsi gözəldir, amma mən həmişə pulun münasibətlərə qarışmasına qarşı olmuşam. Özümü borc altında “əzilmiş” hiss eləməkdən zəhləm gedir. Mənim rahatlığımı pozur bu. Ağılla yaraşığa gəlincə, hər şey situasiyadan asılıdır. Tək quru ağıl darıxdırır, adam həm də maraqlı olmalıdır. Yaraşıq da uzunmüddətli cazibə qüvvəsi deyil. İkisindən də vacibi adamda nəsə özünəməxsusluğun olmasıdır. Qoy, heç yaraşıqlı olmasın, ya vunderkindliyi ilə seçilməsin.

 

- Kişilərin təklifinə ilk reaksiyanız necə olur? “Hə”, yoxsa “hə” demək istəyib süründürmək üçün “yox” deyirsiniz?

 

- Baxır nə təklifinə. Adətən çiyələkli çay təklifindən imtina etmirəm. Peşəmlə bağlı adamları tanımağı sevirəm. Eyni zamanda da yeni tanışlıq fikri məni qəribə bir şəkildə narahat edir, çevrəmi genişləndirməyi sevmirəm. “Yeni adam - yeni problem” kimi önyarqım var. Mənə maraqlı gələn nədir? Niyə kreativlik azdır? Mütləqmi yeməyə, çaya, kinoya, ən yaxşı halda, dondurmaya dəvət almalıyam? Məsələn, kartinqə, peyntbola, bolinqə dəvət eləmək olmazmı? O ki qaldı sürünmək və süründürməyə, yaralı yerimə toxunursunuz. Kişilərdə belə bir doqma formalaşıb: qadın “yox” deyirsə, naz edir.

 

Mən bu mənada birbaşa adamam, düşünürəm ki, ömür kimisə süründürmək üçün çatmaya da bilər. Ümumiyyətlə, mənə çatmır, özünə hörmət eləyən adam niyə kimisə bu kimi axmaq, mənasız sınaqlardan keçirsin və qarşı tərəf də niyə buna dözsün ki? Yalan söhbətdir ki, adamlar çətin qazandıqları şeylərin qədrini bilirlər. Bir həmkarım vardı, sizin təbirinizlə desəm, doqquz il sevdiyi qızın arxasınca süründü, axır, qız razılıq verdi, xoşbəxt-xoşbəxt evləndilər, üç ay sonra kişi başladı başqa qadınların arxasınca sürünməyə...

 

- Uşaq vaxtı sevdiyiniz, kumiriniz olan kişi olub?

 

- Yəqin ki, çox olub. Siyasətçilərdən, jurnalistlərdən tutmuş aktyorlaradək. Əksər yaşıdlarım kimi “Santa-Barbara”nın Meysonuna vurulmuşdum, həmin aktyora - Leyn Deyvisə şeir də yazmışdım. Redfordu sevirdim. Yeniyetməliyimdə və erkən gəncliyimdə üzlərini görmədiyim Həmid Herisçiyə və Məmməd Süleymanova vurulmuşdum. Ümumiyyətlə, brend sevgisi indi də məni tərk eləmir. Ulduzları sevirəm. Futbol məşqçisi Mourinyonu, məsələn. Və sair və ilaxir.

 

- Heç kişilərin yerində olmaq və gözəl bir qadına kompliment demək istəmisiniz?

 

- Bu kontekstdə yox. Qadın kimi də kompliment deyə bilərəm. Bir qadına kompliment demək üçün kişilərin yerində olmaq istəsəm... Məncə, normal qadın üçün anormal hissdir. Elə qadın kimi qalıb kişilərə kompliment deyərəm bundansa. Eşitməyə gəlincə, mənim xoşuma gələn komplimenti tapmaq çətin olar. Sözlərlə işləyən adamı heyrətləndirmək çətindir. Təəssüf ki, çətindir.

 

- Xəyanətə uğrasanız, nə edərdiniz? Xəyanətə uğradığınız, aldadıldığınız olub? Və bu baş verəndə reaksiyanız necə olub? Ümumiyyətlə, “kişilər xəyanətkardır” fikrinə münasibətiniz necədir?

 

- Olub. Heç nə, öz-özümə ağrımışam. İsterikadan uzaq adamam bu mənada. Ya rəfiqələrimlə görüşmüşəm, danışmışam, ya da təkbaşına yaşamışam. İndi başqa cür yanaşıram. Məni təəccübləndirməz və ağrıtmaz. Çox sakit qəbul edərəm. Bir şey ki, artıq baş verib, onu heç bir reaksiya geri qaytarmayacaq. Tamam, tutaq ki, kişilər xəyanətkardırlar, bəs onlar kimlə xəyanət edirlər? Təbii, məsələnin bir tərəfində də qadın dayanır. Bir də ki, xəyanət nəyə deyirik axı? Qadın-kişi münasibətlərində daha vacib və problematik aspektlər var.

 

- Atanızı bir kişi kimi necə xarakterizə edərdiniz?

 

- Atam məni ərköyün böyüdüb. Hər dəfə işdən gələndə mənimçün ayrıca nəsə alırdı. Bəzən qardaşlarıma heç nə çatmırdı. Ən dadlı konfetlər, dondurmalar, zefirlər mənim olurdu. Mənə yaşıl bir maşın almışdı, həyətə düşüb sürürdüm, siqnalı da vardı, elə bilirdim, dünya mənimdi. Onun qoluna girib qaranlıqda hardansa evə qayıtmağı sevirdim. Onun danışdığı nağılları, dediyi şeirləri, baxdığımız filmləri... Daim özümü müdafiədə hiss eləmişəm onunla. Anam hirslənəndə atamın qucağına qaçmışam. Dünyanın ən güclü, ən həssas adamı olub mənim üçün. Bir-iki il əvvəl qəribə bir şey oldu, işə gedirdim, üzümə baxıb nəsə dedi, birdən fərqinə vardım ki, dünyanın heç bir başqa kişisinin dediyi söz məni bu qədər xoşbəxt edə bilməzdi. Hərdən danlayır, küsürəm, tez də gəlib könlümü alır. Xəstələnəndə anamdan daha çox onun qayğısını hiss edirəm. Daha doğrusu, anam bilir ki, vəziyyəti şişirdirəm, atamsa ciddi-ciddi narahat olur. Xəstələnməyimi mənə sevdirən adamdı atam.

 

Söhbətləşdi: Hikmət Orhun/faktor.az/

 

 

LENT

26 Aprel 2018
25 Aprel 2018
24 Aprel 2018