Müəllimin xadiməni zorladığı məktəb

Günel Natiq

 

Bir dəfə müəllim işləyən bir tanışım: “Məktəbdə axşama qədər qalmıram, sinif otaqları boşalan kimi oranı tərk edirəm”,- dedi. Qadının sözlərinin mənasını başa düşmədim. Sonra müəllim izah etdi ki, o, baş verə biləcək zorakılıqdan qorxur.

 

Məlum oldu ki, müəllim olan bu qadın məktəbdəki fəhlələrin birindən xahiş edib ki, pəncərəni açmaqda ona kömək etsin. Fəhlə müəllimin xahişini yerinə yetirib, sonra qadını qəribə baxışlarla süzüb. Qadın bu baxışlardan özünü itirsə də bir məna verməyib. Fəhlə isə sinif otağının boş olmasından istifadə edərək müəllimin üstünə gedib. Dodaqarası guya müəllimin nə problemi olarsa, ona kömək etməyə hazır olduğunu deyirmiş. Müəllim tez otaqdan koridora qaçıb. Fəhlənin otaqdan çıxmasını gözləyib, sonra çantasını götürüb evə yollanıb. O vaxtdan gözü qorxan müəllim hava qaralan kimi tez məktəbi tərk etməyə tələsir.

 

Düzü, müəllimin söylədikləri mənə gülməli gəldi. Öz məktəbimizi xatırladım, nizam-intizam o qədər ciddi idi ki, quş belə qanad salmazdı. Məktəbdə nə kimi zorakılıq ola bilər? - deyə düşündüm. Amma son illərdə məktəbdə bir-birinin ardınca yaşanan olaylar məktəbin müqəddəsliyini, toxunulmazlığını mifə çevirir.

 

Yeni olay müəllimlə xadimə arasında baş verib. Daha dəqiq desək, xadimə müəllimin təcavüzünə məruz qalıb. Absurd görünür, deyilmi? Amma təəssüf ki, həqiqətdir.

 

Təcavüzkar müəllim kiçik məktəblilərə dərs deyir, yəni ibtidai sinif müəllimidir. Uşaqlara “Ana”, “Vətən” sözlərini yazmağı öyrədir. Yəqin ki, bu sözləri yazdıranda ürəyində cəmiyyətin sadəlövhlüyünə gülür. Çünki belə bir adamın hansısa müqəddəs duyğular daşıması inandırıcı deyil.

 

Müəllim cinsi təcavüz etməklə kifayətlənməyib, zorakılığını videoya köçürüb. Belə bir manyakca bir hərəkət.

 

Bu müəllimə valideynlər uşaqlarını etibar edir, özləri də evdə arxayın oturur ki, uşaq güvənilən yerdədir. Yaxşı, insanlar müəllimə inanmayıb, kimə inansınlar?

 

Qərb ölkələrində müəllimlər psixoloji testlərdən keçirilir, ümumiyyətlə nəinki müəllimlər, elə iş yerlərinin çoxunda belə bir qayda zəruridir. Çünki əməkdaşın davranışını müəyyən etmək üçün onun psixoloji cəhətdən nə qədər sağlam olub-olmaması öncədən diqqətə alınır. Hər halda iş yerində bir psixopatla qarşılaşmaq istəməzsiniz. O ki qaldı müəllim ola. Hansına ki, gələcək nəsil əmanət edilir.

 

Əminəm ki, bu müəllim psixoloji imtahandan keçməyib, yoxsa çətin ki, məktəblərə yol tapardı.

 

Məktəb direktorunun rəyi də məni təəccübləndirdi: “Əgər hadisə məktəbdə baş veribsə, ölçü götürəcəyik”. Söhbət məktəbin müəllimindən və onun törətdiyi cinayətdən gedir. Heç bir halda laqeyd qalmaq olmaz. Təbii ki, həmin adam ömürlük müəllimlikdən məhrum edilməlidir.

 

Bir də harda baş verirsə versin, məkan hadisənin sosial-ictimai ağırlığına təsir etmir. Bu yük təkbaşına çəkilən ağırlıqda deyil. Hətta məktəblilər də bu ağırlığı müəyyən qədər öz zəif çiyinlərində hiss etməli olacaqlar. Bu hadisənin mənəvi travmasını hər bir məktəbli keçirəcək,  istər-istəməz şüurlara neqativ hisslər nüfuz edəcək. İbtidai sinif müəllimimiz hər birimizə əzizdir, çünki doğma sözləri onunla öyrənmişik. Heç kim öz yaddaşında belə bir adamla bağlı xatirələrin yükünü daşımaq istəməz.

 

Nəzərə alın ki, yaddaşın neqativ tərəfi insanı həmişə təqib edir.

 

Hadisənin ikinci hissəsi də var. Müəllim süpürgəçiyə yaxınlaşıb, ikinci dəfə intim münasibət təklif edib. Zorakılığa məruz qalmış xadimə imtina edib. Müəllim isə videonu sosial şəbəkələrdə yayacağı ilə hədələyərək onu şantaj edib.

 

Əslində bu da işin qaranlıq tərəfidir. Zorakılığa məruz qalan qadın orda qalıb xadimə işləməkdə davam edir. Bəlkə də məsələni açıb-ağartmaqdan ehtiyat edib, çünki xüsusilə əyalətlərdə bu hadisə birmənalı qarşılanmır. Ağzıgöyçəklər min cür fikir deyəcək. Necə ki, bu hadisədə də xadimənin qarasınca danışıb qınayanlar tapıldı. Yəqin ki öz xoşuyla olub və s. Bu rəylər isə fikirləri bir az da qarışdırır.

 

Müəllim xadimədən intiqam almaq üçün ikinci dəfə cinayət edib. Çəkdiyi videonu kənddə yayıb. Bu hərəkət də müəllimin psixoloji vəziyyətiylə bağlı yuxarıda dediklərimi təsdiqləyir.

 

Hadisənin üçüncü hissəsində isə xadimənin Rusiyadan əri qayıdıb gəlir. Bu məqamda bizə məlum olur ki, xadimə evlidir və vəziyyət daha mürəkkəb hal alır.

 

Bütün hallarda qadınlar zərər çəkir. Kişinin çıxıb gedəcəyi yer var. Yəqin ki, elin qınaq, bəlkə də lağ-lağı obyekti olan ər Rusiyaya qayıdacaq. Bəs təcavüzə məruz qalan qadın nə edəcək? Cəmiyyətin nəzərində o, üz-gözü çirkaba bulaşmış bir qadındır və hətta müqəddəs sularla da bu çirkabı təmizləmək olmaz.

 

Üstəlik, məktəbə yaxılan silinməz ləkənin izinə baxın: “Hansı məktəbi deyirsiniz? O müəllimin xadiməni zorladığı məktəb?”

 

Və bu məktəbdə bizim gələcəyimiz təhsil alacaq.

 

 

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018