Tanınmış yazıçı: “Mən hələ o qadının mərtəbəsinə çatmamışam” - MÜSAHİBƏ

Sabah – aprelin 27-i yazıçı Mübariz Cəfərlinin 50 yaşı tamam olur. Bəlkə də Mübarizi tanıyanların çoxu inanmayacaq. Bəli, doğrudan da elədir, düppədüz 50 yaş!

 

Mübariz Cəfərli günümüzün ən ciddi nasirlərindən biridir. Heyf ki, onu çox da tanınmırlar. Bunda bir az özünün, bir az da zamanın günahı var. Özünün günahı odur ki, müsahibə verməkdən qaçır, kitab çap eləmir. Halbuki ard-arda romanlar yazır və “Azərbaycan” jurnalında çap olunur. O, həmişə aktiv yaradıcılıqla məşğul olub. 90-cı illərdən başlayaraq kitabları ən yaxşı nəşriyyatlarda nəfis şəkildə çap olunur, ən nüfuzlu salonlarda təqdimatları keçirilirdi. Bəs indi niyə belə deyil?

 

Yazıçının 50 yaşı ərəfəsində həm də bu sual düşündürürdü bizi.

 

Onunla yubiley söhbəti etmək üçün Kulis.azın redaksiyasına dəvət etdik. Mətbuatdan qaçsa da sözümüzü yerə salmadı. Gəldi. Əlində də N.Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabı...

 

Az keçməmiş məlum oldu ki, kitab Sevda Sultanovanın imiş. Mübariz düz 22 il əvvəl – 1996-cı ildə onu oxumaq üçün alıb, indi geri qaytarır.

 

“Görürsünüz, necə etibarlıyam?” – deyib istehza ilə qımışsa da bu sözlərdə həqiqət də yox deyildi. Və əslində bu sözlər həm də Mübariz Cəfərlinin uzun illərin yazıçısı-oxucusu olduğuna sübut idi  

 

Söhbətimiz də bir az ironik, bir az ciddi alındı. Buyurun, oxuyun.

 

 

- Kompliment deyil, sizə 50 yaş vermək olmaz...

 

- Heç 40 da vermək olmaz.

 

- Yox, 40 vermək olar...

 

- Dostluğa görə olar (Gülür).

 

- Ad günlərinə münasibətiniz necədir?

 

- Normal.

 

- Qeyd edirsiniz?

 

- Mən həyatda heç nəyi planlaşdırmıram. Bilmirəm sabah nə olacaq. Bir devizim var: “Hər şey olmayan plan üzrə gedir!”. Ona görə necə gəldi, yaşayıram.

 

- Ad günü keçirməmisiniz heç?

 

- Keçirəndə keçirmişəm.

 

- Dostları yığmaq, içki süfrəsi qurmaq...

 

- Yox. Dost deyəndə, mənim heç düz-əməlli dostum da yoxdur. Amma “uzkiy” kruqda kimsə gəlib çıxır.

 

- Ədəbi mühitdən ad gününə çağıracağınız dost varmı?

 

- Ad günümü yazıçılarla keçirmirəm. Evdə də ad günü qeyd etmirəm. Bir də gördün baş götürüb gedirəm. İstəyirəm, qeyri-adi ad günü olsun.

 

 

- Kənardan sanki münzəvi həyat sürən biri kimi görünürsünüz... Ədəbi təbirlərə gəlmirsiniz...

 

- Niyə gəlmirəm? Sizə bir şey deyim, mənim qüsurumdur, ya deyil, bilmirəm, xarakterim belədir - çoxluğun içində yazı yaza bilmirəm. Tədbirlərə də, görürəm, mənasız, sıradandır, ona görə getmirəm. Son vaxtlar hiss edirəm ki, bunu yekəxanalıq kimi qiymətləndirənlər var. Amma elə deyil   

 

- Siz 20 il əvvəl də cəmiyyəti yaxşı tanıyırdınız. Tədbirləri də o cür mənasız hesab edirdiniz. Sanki mühitə hazır gəlmişdiniz.

 

- Nə qədər hazır gəlirsən gəl, yaş, təcrübə öz işini görür. Əvvəldən hər şeyi bilmək mümkün deyil. Gərək yaşayasan, görəsən. Elm, ədəbiyyat elə bir yerdir ki, ora liftlə qalxmaq olmaz. Pillələri bir-bir, addım-addım çıxmalısan.

 

- Bir dəfə demişdiniz, elə yazılarım var ki, indi yaza bilmərəm, onları yazmaq üçün azı 40 yaşım olmalıdır.

 

- Mən bütün yazılara mistik baxıram. Hər şey yuxarıların əlindədir. Əgər Allahın icazəsi olmasa, heç bir gözəl əsər yazılmaz. Mənim yox, Qorkinin sözüdür. Ola bilər, mən bir az köntöy deyirəm, o səliqəli deyib. Təcrübəli yazıçı başqadır. Yazının ortasında qəfil ayılır ki, başlanğıcda nəsə bir “quş” buraxıb. Amma sonluqda onu elə gətirib yerinə oturdur ki...

 

 

- Bu yaxınlarda “Nur” romanınız çap olundu...

 

- Cavanlıq romanımdı. 30 yaşında yazmışam. Sandığımdan çıxartdım.

 

- Sanki əvvəlkilərdən bir az aşağıdır.

 

- Bunu mənə deyiblər. Məmməd Oruc sağ olsun, “Azərbaycan” jurnalında mənim haqqımda bir yazı yazdı. Orda mənim povestim də çıxdı. O da cavanlıq povestimdi. Yazmışdı ki, “Bərpaçı”dan, “Bənna”dan... O birisinin adı nəydi?

 

- “Bağban”...

 

- (Gülüşmə). Hə, “Bağban”dan sonra onun yazdıqları o səviyyədə deyil. Düz tutub məqamı. Amma mən də deyə bilmirəm ki, axı mən bu əsərləri “Bağban”dan sonra yazmamışam. Əvvəl yazmışam, sonra çap eləmişəm.

 

- Sandıqda yenə var o cür əsərlər?

 

- Var, hə. Lazım olduqca üzə çıxardıram (gülür).

 

- Olub ki, hansısa hazır mətninizi bəyənməyib təzədən yazasınız?

 

- Olmayıb. Amma olub ki, əvvəl əsərin sonluğunu yazmışam, sonra ortasını və əvvəlini düzəltmişəm. Hazır olandan sonra oxumuşam, demişəm, İlahi, mən bunu yazmaq istəmirdim axı.

 

 

- Mətn özü bu cür diktə edib.

 

- Bəli.

 

- Tolstoyun məşhur söhbətidir, deyir, Anna Kareninanı öldürmək istəmirdim...

 

- Hə... Şərifdi, mənəm, Tolstoydu, biz söhbəti bilirik (gülür).

 

- Mübariz bəy, siz əvvəllər kitablar çap edirdiniz. Heç yerdə çap olunmadan, birbaşa kitabla oxucuların qarşısına çıxırdınız. Təmtəraqlı təqdimatlarınız da olurdu...

 

- Cavan idim də. Cavan olanda adam istəyir ki, onu tanısınlar. Məşhur olsun.

 

- Yox, əslində biz sonradan anladıq ki, yazıçı əslində kitab-kitab gəlməlidir oxucunun görüşünə. Siz 20 il əvvəl bunu edirdiniz, indi isə əksinə, kitab çıxartmırsınız...

 

- İndi jurnal-jurnal gəlirəm (gülür). Əvvəl kitab idi, indi jurnal.

 

- Kitab niyə çıxmır? Düzdü, bizə müsahibədə demisiniz ki, əvvəl sponsor olurdu, qonorar verilirdi...

 

- Reallıq var da. İndi sponsor yoxdur. Siz də bilirsiniz, əsl sənət əsəri yazmaq insandan nələr aparır. Zəhmət, uzun illər, ağıl, enerji və s. Ömrünü verirsən buna. Bir dostum deyirdi ki, sənin romanlarını rahat oxuyuram. Ay zalım, sən onu rahat oxuyasan deyə, mən girinc eləyirəm axı özümü. Mənim gecəm-gündüzüm olmur. Sən də bütün bu əziyyətləri qoyursan qırağa, kitab çıxardırsan, verirsən oxucunun ixtiyarına, yalvarırsan ona ki, sən allah məni oxu. Oxucu da çıxır yazıçıdan beş-altı mərtəbə yuxarı, deyir, oxumuram. Əşşi, oxumursan, oxuma da (gülür).

 

 

- Amma reallıq budur ki, ölkədə oxuyan təbəqə var. Az da olsa...

 

- Mənim elə əsərim yoxdur ki, onlar jurnalda çıxmasın.

 

- Çıxıb, düzdü, amma jurnal tapılmır axı...

 

- O mənim gücümdür də... (gülür).

 

- Vəziyyət belədirsə, heç vaxt kitab çıxartmayacaqsınız?

 

- Yaxşı təşəbbüs olsa, düşünmək olar. Sizdən soruşuram, nə vaxt yaxşı bir sponsor qapımı döydü. Əgər mənim onların yanına getməyimi gözləyirlərsə, bu olmayacaq. Bilirsiniz, bizdə yazıçı özünü ucuz tutur, yapışır oxucunun ətəyindən ki, onu oxusun. Sən yaxşı əsər yazmısansa, xahiş eləməsən də oxucu səni oxuyacaq.

 

- Bir az da piar lazımdı axı... Cavanlar tanımır sizi.

 

- Niyə? Tanıyanlar var.

 

- Ümumən deyirik. İndi Mübariz Örən gəlib. O da nəsr yazır. İki Mübariz bir yerdə...

 

- (Gülür) Amma sizi tanıyırlar.

 

- Kitabdan çox, sayta görə tanıyırlar bizi...

 

- Bəs onda niyə kitab çıxardırsınız? Onda kitab çıxarmağın nə mənası var?

 

- Kitab hər halda qalıcıdır...

 

- Təklif olunmur mənə...

 

 

- Siz də nəsə etməlisiniz də. “Səndən hərəkət, məndən bərəkət” anlamında.

 

- Hərəkət deyəndə ki... İndi hərəkət edən nə zülmlər çəkir, hansı qapılarda boynunu bükür, haralara üz tutur... Və bu prosesi siz gözəl bilirsiniz. Haqqı olmayan adamı tərifləmək, özü də boğazdan yuxarı. Özünə xəyanətdir bu. Şikayət kimi çıxacaq, amma bəzi adamlar bu hərəkətlərinə bəraət qazandırmaq üçün deyir ki, mənim balalarım var. A kişi, sən balana yaltaq çörək yedizdirmə. Burda cəmiyyətin böyük günahı var ki, belə şərait yaradıb. Sizə həqiqi sözümü deyim. Kitab çıxarmaq, görünmək mənə həqiqətən də ziyan vurur. Bizdə bir tendensiya var. Sən filankəsi tərifləməlisən ki, o da səni tərifləsin. Mümkün qədər bu şeylərdən qaçıram.

 

- Mətbuatdan da qaçırsınız... Bizim təklifi də çətinliklə qəbul etdiniz.

 

- Niyə qaçıram? Çünki görünmək yazılarıma ziyan vurur. Adam çox olan yerə gedəndə bir də görürsən ədəbiyyatdan danışırlar. Baxırsan, danışdığı nağıldır. Adama elə sual verirlər ki, öz-özünə deyirsən, mənim burda nə işim var? Tanınmaq-tanınmamaq, bunlar adi şeylərdi. Sizə bir əhvalat danışım. Bir dəfə dostum mənimlə görüşmək istədi. Maşınla onun dediyi yerə gəldim. Dostumu gözləyərkən pişiklərə yem verən bir rus qadını gördüm. Mən ona kimsəsiz, yiyəsiz pişiklərə yem verdiyi üçün təşəkkür etdim. Qadın mənə eynən belə dedi: “Emu spasibo şto, dayot vazmojnost pomoqat”. Onun cavabını ona görə rus dilində deyirəm ki, nə qədər eləyirəm, onun dediyini olduğu kimi Azərbaycan dilində səsləndirə bilmirəm. Deyirsiniz, görünmək, tanınmaq... Mən bu qədər əsər yazmışam, amma bilirəm ki, hələ pişiklərə yem verən o qadının mərtəbəsinə yüksəlməmişəm. Bundan sonra nə qədər görünürsən görün (gülür). Söhbətimizlə əlaqəsi olub-olmadığını bilmirəm, amma deyəsən bir az sentimental oldu.

 

- Bu, sufi məqamıdı...

 

- Sufi görünmək istəmir. O sufiliyini göstərmək üçün sufi olmur. İndi namaz qılan, oruc tutan qışqırır ki, mən namaz qılıram, oruc tuturam. Eləyirsən, tay niyə göstərirsən? Niyə reklam edirsən?

 

 

- Əsərlərinizdə də o mistik aura var. Təmizlik, kamillik axtarışı...

 

- Salvador Dali necə deyirdi? Kamillikdən qorxma, sən onsuz da ona çata bilməyəcəksən. Sən yola çıxacaqsan, gedəcəksən, gedəcəksən, yol bitməyəcək. Amma o yolun özü gözəldir.

 

- Sizin əsərlərdə müasir zamanın ab-havası var. Bura necə gəlib çıxdınız? Oxuyaraq, yoxsa içinizdə baş verdi?

 

- Oxumadan heç yerə getmək olmaz. Birincisi odur ki, gördüyün işə xəyanət etmirsən.

 

- Sizinlə yaşıd yazıçıların bir çoxu 60-cıların havasından çıxa bilmədilər. Amma siz sözün həqiqi mənasında, yeni tendensiya kimi ortaya çıxdınız.

 

- Heç kimə oxşamamaq yaxşıdır.

 

- Bəzən oxşamaqdan qaçmaq istəyirsən, ancaq qaça bilmirsən...

 

- Bu, poeziyada daha çox olur. Nəsrdə də var...

 

- Bəlkə sizi ironiya xilas edib?

 

- O ironiya həyatımda da var. İroniya olmasaydı, mənə çox çətin olardı. Mənə ən çox yazıçı bicliyi öyrədən Remark olub. Ondan öyrəndim ki, yazıçı öz yazısına necə müdaxilə eləməz, kənarda durar.

 

- Müəllifin ölümü anlayışı var...

 

- Bax onu mən Remarkdan öyrəndim. Ondan sonra Tolstoyu çox oxudum. “Sergi ata”nı bəlkə 50 dəfə oxumuşam.

 

- Sizin trilogiyada, “Bərpaçı”, “Bənna, “Bağban”da “Sergi ata” ideyası var hardasa. Kamilliyə çatmaq yolundakı mərtəbələri, sınaqlar və s.   

 

- “Sergi ata” dahiyanə əsərdir. Əsas həcm deyil, bilirsiniz. Mən bu yaxınlarda bir hekayə yazmışam. 5 səhifədir. Bu balaca hekayədə çalışmışam dünyanın tarixini verəm. Necə nail olmuşam, onu Allah bilir. Bu baxımdan deyirəm ki, “Sergi ata” mənə “Hərb və sülh” qədər əzizdir. Ypon ədəbiyyatını da çox sevirəm. Bircə Murakamidən başqa. Onu oxuya bilmirəm.

 

 

- Bəs İşiquro?

 

- Onu da oxuya bilmirəm. O da mənə “indeyski” film kimi gəlir. Yaponiyada mənim yazıçım Mişimadır, Kobe Abedir, Kavabatadır. Onların, əsas da Kobe Abenin, demək olar, bütün əsərlərini oxumuşam. Cavanlıqda Kamyunu çox oxuyurdum, hamıya da məsləhət edirdim. Amma onun “Taun” əsərini bəyənmədim. Oxucu rahatlıqla məşhur əsəri bəyənmədiyini deyə bilməlidir.  

 

- Mübariz bəy, Pol Osterlə tanışsınız?

 

- Yox. Oxumamışam heç.

 

- Sizin əsərlərdə Pol Osterə bir az yaxınlıq hiss olunur.

 

- Maraqlıdır.

 

- Ümumiyyətlə, kimləri oxuyursunuz? Dünya ədəbiyyatından, bizim ədəbiyyatdan...

 

- Mən bir az vasvasıyam. Deyirlər e, gəncləri oxuya bilirsən? Yarısına qədər oxuyursan, sonra oxuya bilmirsən axı. Məcburiyyətlə oxumaq heç. Yazını oxuyub ləzzət almaq başqa şeydir. Azərbaycan ədəbiyyatından son vaxtlar Elçinin “Baş” romanı çox xoşuma gəldi.

 

 

- Mübariz bəy, 50 yaşa çatdınız, nə qazandırdı bu illər sizə?

 

- Əgər ədəbiyyat baxımından deyirsinizsə, dörd roman yazdım. Özümü qane eləyən dörd roman. Beş-altı povest yazmışam. Ondan sonra da hekayələr. Və bunları mən heç kimə boyun bükmədən eləmişəm. Əsas mətndir. Əlahəzrət mətn! İndi mətni olmayanlar düşüblər ortalığa.

 

- Sizdə sözə böyük inam var. Bu, yaxşıdır. Ürəklə “Mənim mətnim var” deyə bilirsiniz...

 

- Bax ona görə məni kitab çıxartmaq narahat etmir. Elə mətnlərim var ki, onlara inanmıram, kitab kimi çıxıb amma (gülür).

 

- Məhsuldarsınız... Tez-tez romanlarınız çıxır...

 

- Mənə çox deyirlər bunu. Əslində, elə deyil. Mən məhsuldar deyiləm. Romanları yazıram. Mən iki-üç ilə yazıram. Arada sandıqdan köhnə yazdıqlarımı ortaya çıxardıram. Bəlkə də düz eləmirəm, bilmirəm. Hələ də şübhəliyəm. Özümə miyanə gələn romanları da çap edirəm.

 

- Yazı yazmaq prinsipiniz necədir? Nə vaxtlar yazırsız?

 

- Ancaq gecələr. Gündüz avaraçılıqdır. İstəsəm də yaza bilmərəm. Hava işıqlaşanda yaza bilmirəm. Bir də yayda. Qızmar olanda. Onda heç işləyə bilmirəm.  

 

- İlham pərisinə inanırsınız?

 

- Bütün gözəl əsərlər ilhamla yazılır. Ancaq başqa cür düşünənlər də olur. Misal üçün Sabir Əhmədli mənə deyirdi ki, iştah diş altdadır, başlayırsan yazmağa, ilham özü gəlir, ilhamı yazıçının özü çağırır. Görünür, bu cür yazanlar da var.  

 

- Gəldiyiniz üçün çox sağ olun. Yubileyqabağı sizi çox yormaq istəmirik. 50  yaşınız mübarək olsun. Sizə sağlamlıq və yeni yaradıcılıq uğurları arzu edirik.

 

- Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Yada saldığınıza və təbrikinizə görə.   

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018