Məmurların müdaxiləsi, film gözləyə-gözləyə ölən rejissorlar, qayçılanan səhnələr... – Sevda Sultanova yazır...

Sevda Sultanova

 

Qeyd: Yazım Azərbaycan kinosunun 120 illiyinə həsr olunub. Kinomuza qısa baxışı ifadə edən bu məqalə "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"dür...

 

KİNO Azərbaycanda həmişə olub. Sadəcə müxtəlif dövrlərdə, müxtəlif səbəblərdən inkişafı hansısa nöqtələrdə qırılıb. 

 

Ölkədə kinonun yarandığı ilk illərdə ən yaxşı, maraqlı filmləri məhz azərbaycanlı rejissorlar çəkib. Əsasən bədii filmləri nəzərdə tuturam.

 

Baxmayaraq ki, XX əsrin ilk 30 illiyində çeşidli - ideoloji, kadr qıtlığı, təcrübə azlığı, milli kimliyimizə sayğısız yanaşma nədənlərindən rejissorlar, operatorlar, baş rol oyunçuları kənardan gətirilirdi, amma onların ortaya çıxardığı filmlər ümumən zəifiydi.

 

Bu da regionu, coğrafiyanı, mühiti, tarixi, mədəniyyəti, məişəti bilməməkdən və ya bir Şərq ölkəsinə ciddi yanaşmamaqdan qaynaqlanırdı…

 

Örnəyi, əslən Vitebskdən olan rejissor Leo Murun 1928-ci ildə çəkdiyi, inqilabın təbliğinə xidmət edən “Gilan qızı” filmində şərqlilərin ailə, mənəvi dəyərlərinin yoxluğu əsas hədəf kimi götürülür. Kinodili baxımından da əsər uğurlu sayıla bilməz. Misalçün, kinomuzda ilk dəfə olaraq məhz bu filmdə qısa, qırıq montajdan istifadə edilib, amma bu metod filmdə dekorativ xarakter daşıyır. 

 

1923-cü ildə peterburqlu Vladimir Ballyuzek lentə aldığı “Qız qalası əfsanəsi”ndə daha çox bəsit ekzotikaya qaçıb, müəllif tariximiz, mədəniyyətimiz və məişətimiz barədə məhdud təsəvvürə malik olub (hətta bir epizodda tar gitara kimi istifadə olunur).

 

Yaxud Aleksandr Beknazarovun 1929-ci ildə çəkdiyi “Vulkan üzərində ev” sosial dramında qəhrəman müsbət erməni inqilabçısıdır və titrlərdə vurğulanır: “Xeyirxah erməni türkə görə erməni sahibkarına qarşı getməkdən əl çəkmədi”.

 

Kinoya kənardan gətirilən mütəxəssislərlə bağlı Cəfər Cabbarlı “Hara gedir “Azərkino?” məqaləsində kəskin danışır: “Haradansa dəvət olunmuş rejissor və aktyorlar bir neçə yüz manat pulu havayı yerə xərcləyərək çıxıb gedirlər və “Azərkino” həm məhsulsuz, həm də işçisiz qalır. “Azərkino” yerli qüvvələrlə ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və qadını haqqında hər cür uydurmalar yazır, sonra da ssenarini oxuyan ilk türk elə buna etiraz edir və hər şey alt-üst olur. “Gilan qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə ağlasığmaz cəfəngiyyat yazmışdılar ki, sonra hər cürə vəziyyətdən çıxa bilmirdilər”.

 

“On ən yaxşı Azərbaycan filmi” siyahısı tərtib etsəm, ilk pillədə Abbas Mirzə Şərifzadənin 1925-ci ildə ekranlaşdırdığı “Bismillah”ı gələr.

 

Realist üslubda çəkilən “Bismillah” zamanının çox önəmli problemlərini əhatə edən dramdır. Adət-ənənələrdəki arxaikliyin, məkanın təsvir həllini, personajların psixoloji, dövrün sosial portretini ancaq bir azərbaycanlı dolğun verə və hiss edə bilərdi.

 

Dziqa Vertovun dünya kinosuna gətirdiyi “gizli kamera” metodu milli kinoda ilk dəfə “Bismillah” filmində istifadə olunub. Bibiheybət  məscidində Aşura mərasiminin çəkilişini nəzərdə tuturam. Belə bir epizoda, epizoddakı tamaşa estetikasına, funksional, çoxmənalı mizana - sənədli kinoda “mondo” janrının əsasını qoymuş, italyan Gualtiero Yakopettinin 1962-ci ildə çəkdiyi “Mondo Cane” (hərfi mənası “Köpək dünyası”) filmində rast gəlinir. Yaxud körpə uşağın başını bir neçə yerdən ülgüclə çərtilməsi, Bunuelin “Əndəlus köpəyi”ndə - ülgüclə gənc qızın gözünü kəsməsi səhnəsinin effektini doğurur. O zaman Bakıda qonaq olan alman kino şirkətinin nümayəndələri epizodların yüksək keyfiyyətlə həll edildiyini, toy dəstgahı və dini mərasimin onlarda dərin təəssürat yaratdığını demişdilər.

 

Yeri gəlmişkən, bu filmin çəkimləri Şərifzadə ilə birlikdə  Ballyuzekə də təklif olunur. O, baş rol ifaçılarını kənardan dəvət etmək istəsə də Şərifzadə milli teatr truppasına üstünlük verir. Onun fikrincə, obrazların psixologiyasını yerli aktyorlar dəqiq ifa edə bilərdi. Bu səbəbdən Ballyuzek filmdən imtina edir.

 

Vizual forma axtarışlarına, yozumuna, dövrü dəqiq fiksə etdiyinə görə Mikayıl Mikayılovun 1930-cu ildə çəkdiyi “Lətif”i (kəndlilərin traktorun gəlişini qarşılaması səhnəsi ənənəvi toy estetikasında qurulub, triller janrına xas elementlərdən, subyektiv kameradan istifadə olunub və s ) də “onluq”da yer alardı.

 

Həmçinin, 1929-cu ildə Cəfər Cabbarlının eyni adlı pyesi əsasında ekranlaşdırdığı “Sevil”i. Filmdə ikinci rejissor Cabbarlıydı. Rejissor kimi Aleksandr Beknazarov göstərilsə də, o, özü filmin çəkilişində Cabbarlının rolunun daha çox olduğunu deyirdi: “Sevil”in elə bir kadrı yox idi ki, Cəfər Cabbarlı orda mənimlə birgə işləməsin. Cabbarlının kino sənəti sahəsində az müddətdə çalışmasına baxmayaraq, onun bir sıra kinematoqrafik hökmlər vermək qabiliyyəti məni doğrudan da heyran edirdi”. 

 

“Sevil” müasir filmlərimizdə çatışmayan mühüm bir cəhəti psixologizmi ilə seçilir. Personajların psixoloji vəziyyətini açmaq üçün yaxın, ekspressivliyi gücləndirən rakurslardan istifadə olunub.

 

1930-cu illərin ikinci yarısından başlayaraq milli kinoda estetik, kinodili, mövzuya yanaşma baxımından axsamalar başladı. Ona görə də Şərifzadənin həmin dönəmdə lentə aldığı, son filmi “Məhəbbət oyunu”nda “Bismillah”dakı entuziazmı, sevgisi duyulmur. Və filmdən 3 il sonra Şərifzadə repressiyanın qurbanı olacaqdı.

 

1930-cu illərdə artıq repressiya maşını işə düşür, senzura müdaxilələri artır, ideoloji nəzarət güclənir və bu, kinomuzda ilk qırılma nöqtəsi olur.

 

1940-50-ci illərdə isə daha çox müharibə, neftçilərin, neftçi alimlərin, şəhər ziyalılarının kənddəki fəaliyyəti əks olunur.

 

1960-cı illərin ikinci yarısından bədii kinoda maraqlı kinobaxışları, forma axtarışları meydana gəlməyə başlayır: Eldar Quliyevin “Bir cənub şəhərində”, Muxtar Dadaşovun “Mehman”, Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim”, Şamil Mahmudbəyovun “Şərikli çörək”, Tofiq Tağızdənin “Yeddi oğul istərəm”, Arif Babayevin “Uşaqlığın son gecəsi” və s.

 

Hərçənd, 60-80-ci illərdə çəkilən filmləri keyfiyyət tərəzisinə qoysaq, zay filmlərin çəkisi ağır gələcək.

 

Daha çox bizdə kollektiv əməkdaşlığın nəticəsi olan kinonun - yaradıcılıqdan uzaq, individual oyuna çevrilməsi, nüfuz, maraq toqquşmaları, intriqalar, qruplaşmalar səbəbindən…

 

Misalçün, Adil İsgəndərov – Əlisəttar Atakişiyev, Hüseyn Seyidzadə - Tofiq Tağızadə qarşıdurması. Bu qruplaşma ilə Həsən Seyidbəyli konflikti və s. və i. 

 

…Kinomuzun 120 illiyi ərəfəsində, 1960-cı illərdə kinoya gələn, 30 yaşında faciəli şəkildə həlak olan, əziz Ramiz Əsgərovu vurğulamaq istəyirəm. Müəllimi, məşhur rus rejissoru Mixail Romm onu ən istedadlı tələbələrindən biri sayırdı. Rommun emalatxanasında təhsil almaq asan gəlməsin sizə. O, emalatxanasına yalnız gələcəyinə inandığı istedadlı gəncləri götürürdü.                              

 

Əsgərovun tammetrajlı debütü, kommunistlərin fəaliyyətindən bəhs edən “Yaşamaq gözəldir, qardaşım” filmində şüarçılıq yoxdur, o, ideal qəhrəman obrazı yaratmağa iddialı deyil. Müəllif qəhrəmanın iki fərqli tərəfini göstərir, nəql texnikasını fraqmental fleşbek, paralel süjetlər üzərində qurur, fərqli zamanları iç-içə keçirir və inqilabçıya ənənəvi baxış rakursunu dəyişir. 

 

Film 1967-ci ildə Tbilisidə keçirilən kinofestivalında ən yaxşı rejissor debütünə görə xüsusi mükafat qazanır. Artıq ilk filmində Əsgərovun özünəməxsus kino dilinin, vizual forma axtarışlarının əlamətləri aydın görünürdü. Nə bilmək olar, yaşasaydı, bəlkə də…

 

Ümumən kinomuzda böyük nəfəslik 1980-ci illərin ikinci yarısında yenidənqurma illərində açıldı. Yaradıcı mənada bol fürsətlər, imkanlar dövrü 1990-cı illərin ortalarınadək davam etdi.  Rejissorlar ifadə formaları, üslublar axtarır, yeni söz deməyə çalışır, kinonu sovet ideologiyasından təmizləyirdilər: Oqtay Mirqasımovun “Şeytan göz qabağında”, Rasim Ocaqovun “Özgə ömür”, Vaqif Mustafayevin “Yaramaz”, Fərhad Yusifovun “Aşkarsızlıq şəraitində”,  Şahmar Ələkbərovun “Sahilsiz gecə”,  Nizami Musayevin “Lətifə”, Hüseyn Mehdiyevin “Süd dişinin ağrısı” və s. filmləri.

 

Bu, təkcə dövrün diktəsi yox, eyni zamanda 1986-cı ildən kinostudiyays rəhbərlik edən Ramiz Fətəliyevin demokratik, yenilikçi siyasətinin nəticəsiydi.

 

1990-96-cı illər iqtisadi, siyasi çətinliklərə, müharibə şəraitinə rəğmən, ciddi mövzular ən müxtəlif janrlarda işləndi: “Fəryad” (Ceyhun Mirzəyev), “Köpək” (Tofiq Tağızadə), “Həm ziyarət, həm ticarət” (Rasim Ocaqov), “Yük” (Rövşən Almuradlı), “Yarasa” (Ayaz Salayev), “Şahid qız” (Hüseyn Mehdiyev), “Fransız” (Vaqif Mustafayev), “Girişmə öldürər” (Cahangir Mehdiyev), “Qırmızı qatar” (Hafiz Fətullayev).

 

Bura aktual problemləri cəsarətlə fiksə edən sənədli, qısa bədii filmləri də əlavə etsək zəngin palitra alınar. Belə bir məhsuldar dövrdə həm də kommersiya kinosunun ənənəsi qoyulurdu. Çünki yuxarıda sadaladığım filmlərin bir qismi məhz sponsor hesabına çəkilmişdi.

 

1980-ci illəri ikinci yarısından başlanan kino bumu davam etsəydi, kinomuzun çox daha başqa yerlərdə olacağı şəksiziydi, üstəlik, müxtəlif cərəyanlardan, yeni dalğadan danışa bilərdik.

 

Bəs niyə bu baş vermədi? Niyə 1990-dan sonra film istehsalı aşağı düşdü? Səbəblər çoxdu. Hər şeydən əvvəl kinoya soyuq münasibət, tətbiq olunan vergilər, ölkəyə gətirilən texnikaya görə yüksək gömrük haqqı, maliyyənin vahid mərkəzdə cəmlənməsi, kinonu idarəetmə sistemində subyektiv amillərin önə çıxması, məmurların şəxsi səbəblərdən bəzi kino adamlarının qara siyahıya salınması prosesi başladı.

 

Bununla belə 2000-ci illərin əvvəllərində kinoda yeni tendensiyaların başlamasına ümid vardı.

 

Həmin dönəmdə kinoda rəqabət yaradan, stimul verən beynəlxalq  Audiovizual Film Festivalı, “Şərq-Qərb”, Start Gənclər Film Festivalı fəaliyyəti göstərirdi.

 

Ard-arda müstəqil prodüser mərkəzləri, studiyalar açılırdı: “Dərviş”, “Sinema evi” Prodüser Mərkəzi, “24 K” studiyası, “Buta Film” kino şirkəti, “Nərimanfilm”…

 

Nazirlik (Mədəniyyət və Turizm Nazirliyi – S.S.) daha çox, ölkəyə mükafat gətirən müstəqil prodüser şirkətləri ilə işləyirdi.

 

Sonradan bu rəqabət sistemi dağıdıldı, 2000-ci illərin sonlarından istehsalat bütünlüklə “Azərbaycanfilm”in nəzarətinə keçdi, prodüser mərkəzləri əsasən işlək olmayan quruma çevrildi. Nəticədə dövlət büdcəsi hesabına çəkilən xeyli zay film premyeradan sonra rəflərə yığıldı. Təbii ki, rəqabətsiz, hesab-kitab sorulmayan mühitdə başqa cür ola bilməzdi.

 

Üstəlik, yaradıcılığa, rəqabətə stimul verən, başqa ölkələrin kino qurumları, yaradıcı adamları ilə dialoqa zəmin yaradan festivallar maliyyə dəstəyi olmadığına görə bağlandı.

 

Əcnəbi ölkələrin təcrübəsi göstərir ki, kino mühitinin hərəkətliyinə təkan verən eyni zamanda kino jurnalları, kino jurnallarındakı polemika, fikirləri qıcıqlandıran yazılardır. Amma ölkədə yeganə akademik kino jurnalı olan “Fokus” maliyyəsizlikdən nəşrini dayandırdı… 

 

Alternativ maliyyə tapa bilməyən rejissorlar film çəkmək üçün nazirlikdə növbəyə düzüldülər. Gözləmə bəzi rejissorlar üçün ölüm növbəsinə çevrildi. Məsələn, Nicat Feyzullayev film gözləyə-gözləyə həyatla vidalaşdı.

 

Doğrusu, nazirliyin bir çox hallarda hansı kriteriyalarla ssenari təsdiqləməsinin, hansı kriteriyalarla rejissora film verməsinin məntiqini anlamaq çətindir. Ortada olan fakt isə bundan ibarətdir ki, hər halda seçim əksər hallarda sənət meyarı ilə ölçülmür. Əksinə olsaydı, keyfiyyətli filmlər tərəzinin gözünü əyərdi. 

 

Bu bir tərəfə rejissorların çoxu filmlərinin məmurlar tərəfindən müdaxiləsini, hansısa səhnələrin qayçılanmasını, ideyalarının şikəst olmasını sükutla qarşılayır. Öz yaradıcılıq məhsulunu qoruya bilməyən, onun zədələnməsinə tolerantlıq göstərən, prinsipial olmağı bacarmayan rejissor tamaşaçıya hansı ciddi fikri, hansı ideyanı təlqin edə bilər? Onun səmimiyyəti şübhə doğurmazmı? Nüfuzu etibardan düşməzmi?

 

Hələ rejissor da tapılır ki, istehsalat prosesində min cürə süni yaradılmış maneələrlə qarşılaşmasına, filminin qayçılanmasına rəğmən yüksək kürsüdən kinostudiyanın direktoru Müşfiq Hətəmova ("Azərbaycanfilm" kinostudiyasının direktoru – S.S.) təşəkkür də edir.

 

Üstəlik, ölkə prezidentinin sərəncamı ilə hazırlanan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan bir sıra bəndlər yerinə yetirilmədi…

 

Yarandığı ilk dövrdə kino varlıların əyləncəsiydi. Çünki kino çəkmək xərc tələb edirdi və belə bir şeyi özünə ancaq varlılar izn verirdi. Bunu xatirələrində Bunuel də yazırdı. Amma texnologiyanın inkişafı, kino çəkmək üçün alternativ-ucuz metodların mövcudluğu rejissorlarımıza nazirlikdə növbə gözləmək vərdişindən, nə yazıq ki uzaqlaşdırmadı.

 

…Əgər sənin ideyan, sənətə tutqun varsa, məhdud imkanlarda da film çəkəcəksən. Dünya kinosunda belə nümunələr çoxdu.

 

Amma bizdə də bu nümunələr var. Nazirliksiz film çəkən Elvin Adıgözəl, Teymur Hacıyev, İmam Həsənov, Emil Quliyev… Yaxud qısa müddətdə yaranan “Aranfilm” çox az büdcə ilə 30-a yaxın film çəkib, çəkir… 

 

…Kino canlı prosesdir. Onu yaşamaq, özü də içdən, bir gerçək həyat tərzi kimi YAŞAMAĞI bacarmaq vacibdir. Çünki sənət hər şeydən əvvəl ruhi aktdır, özündə gedən, özündən keçirib başqasına ötürdüyün prosesdir. Rejissor bu prosesin içində ola bilmirsə, “Paramount Pictures” də sərmayə yatırsa, filmi alınmayacaq…

 

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018