Gürcülər ermənilərə nəyi irad tutmuşdular? – Ceyhun Hacıbəylinin 99 illik yazısı

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) anadan olmasının 125 illiyinin keçirilməsi ilə bağlı  Sərəncamı həm bu böyük tarixi şəxsiyyətin irsinin, yaradıcılığının araşdırılmasında, həm bütövlükdə mühacirət irsinin tədqiqində, həm də tariximizin obyektiv, yaxud subyektiv amillərə görə  araşdırılmamış, qaranlıq səhifələrinin işıqlandırılmasında mühüm əhəmiyyət kəsb edir.

 

Həmin dövrdən keçən müddət ərzində bu problemlərlə bağlı KİV-də çox sayda elmi, elmi-publisistik materiallar dərc olunmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Ceyhun Hacıbəylinin «Seçilmiş əsərləri», “Bir il xəyallarda və bütöv bir ömür” memuarı çap olunmuşdur. Bütün bunlar xalqımızın ədəbi-mədəni, ictimai-siyasi həyatında silinməz iz buraxmış C.Hacıbəylinin həyat və yaradıcılığının tam, dərindən və hərtərəfli öyrənildiyini söyləməyə əsas vermir.

 

XX əsrin ilk 20 ilində buraxılan mətbu orqanlarda, Fransa və Almaniya nəşrlərində Ceyhun bəyin hələ araşdırılmamış çox sayda yaradıcılıq nümunələrinin olduğu şübhəsizdir və onlar bu gün öz tədqiqatçılarının yolunu gözləyir. Publisistin vaxtı ilə “Azərbaycan” qəzetində dərc etdirdiyi və dəyərli oxucularımızın diqqətinə təqdim edəcəyimiz “Yol təəssüratım. Tiflis” adlı xatirə yazısı da bu qəbildəndir.

 

1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyət hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyəti tərkibində yola düşən  C.Hacıbəyli digər silahdaşları kimi səfər boyu gənc Cümhuriyyətin tanıdılması və təbliği üçün fədakar, faydalı fəaliyyət göstərir, qələmi yerə qoymur. Bu xatirədən məlum olur ki, Tiflisdən sonra nümayəndə heyətinin üzvləri, o cümlədən C.Hacıbəyli Batuma keçir. Məsələ burasındadır ki, C. Hacıbəyli burada da Batum təəssüratını qələmə alır. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində ərəb əlifbasında əlyazması saxlanılan həmin xatirənin (fond 649,siyahı 1,iş 65, 9 vərəq) hansısa mətbu orqanda çap olunduğunu güman etmirik. Yaxın vaxtlarda həmin xatirənin də elmi ictimaiyyətə və oxuculara təqdim etmək niyyətindəyik.

 

Peşəkarlıqla qələmə alınmış “Yol təəssüratım. Tiflis” adlı oçerk bir çox cəhətdən diqqəti çəkir, əhəmiyyətlidir. Bu əsər

 

- səfərin bütün çətinliklərinə, sıxıntılarına baxmayaraq, C.Hacıbəylinin Cümhuriyyətə sonsuz məhəbbətinə və sədaqətinə, daşıdığı məsul və tarixi  missiyaya bütün gücü ilə xidmət etdiyinə,  peşəsinə vurğunluğuna, fədakarlığına dəlalət edir;

 

- Tiflis mühitinin,  dövrün mürəkkəb ictimai-siyasi proseslərinin, şəhərdə cərəyan edən hadisələrin, insanların əhval-ruhiyyəsinin öyrənilməsi baxımından maraqlı mənbədir;

 

- erməni xisləti və xəyanətkarlığını ifşa edən daha bir bədii-sənədli nümunədir

 

- qərbin ikibaşlı  Qafqaz   siyasətinin   əsl   mahiyyətini, eybəcərliklərini göstərən məxəzdir;

 

- adını   Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirmiş görkəmli ədib, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist, Mesxeti türklərinin böyük oğlu Ömər Faiq Nemanzadənin həyatının daha dəqiq və dərindən araşdırılmasına yardım edən sənəddir;

 

- Cümhuriyyət dövrü mətbuatının, xüsusi ilə “Azərbaycan” qəzetinin mövzu, dil, üslub, sənətkarlıq məsələlərinin araşdırılmasında dəyərli, diqqətçəkən  materialdır;

 

- C.Hacıbəylinin imzaları ilə bağlı elmi dövriyyədə olan müxtəlif mülahizələrə aydınlıq gətirilməsi baxımından faydalıdır;

 

- M.F. Axunzadə, Həsən bəy Zərdabi, İsmayıl bəy Qutqaşınlı ilə əsası qoyulan, N.Vəzirov, Əsgərağa Gorani, E.Sultanov, M.Sidqi, F.Köçərli, T.Bayraməlibəyov, S.M.Qənizadə ilə inkişaf etdirilən, N.Nərimanov, Ə.Haqverdiyev, M.Şahtaxtlı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Haşım bəy Vəzirov ilə yeni mərhəlyə çatdırılan, məzmun və idya baxımından daha da zənginləşdirilən publisistika xəzinəmizə layiqli töhfədir.

 

Bu oçerki təqdim etməzdən öncə vurğulamağa ehtiyac duyuruq ki, C. Hacıbəylinin yaradıcılığı, o cümlədən publisistikası haqqında daha kamil elmi-nəzəri qənaətlər əldə etmək üçün onun irsinin üç mərhələdə araşdırılması məqsədəuyğundur:

 

- mühacirətdən əvvəlki dövr;

 

- Azərbaycan Xalq Cümhuriyyəti dövrü;

 

- mühacirət dövrü.

 

Bu dövrlərdə qələmə alınan publisistik nümunələrin qəhrəmanları müxtəlif vaxtlarda  yaşasalar da, müxtəlif millətləri və fərqli sosial təbəqələri təmsil etsələr də, mövzular, toxunulan problemlər  fərqli olsalar da, onları birləşdirən ortaq və ümumi cəhətlər çoxdur: milli mənafeyə, xalqın azadlığına, hərtərəfli tərəqqisinə xidmət, adət-ənənələrə,  mənəvi dəyərlərə hörmət.

 

Ceyhun Hacıbəylinin mühacirətəqədərki publisistikasının məğzini, mahiyyətini, ideyasını, amalını bir sözlə ifadə etmək mümkündür: maarifçilik! Cümhuriyyət dövründə C. Hacıbəyli publisistikası milli dövlət quruculuğuna xidmət edir. Mühacirət dövründə C.Hacıbəyli yaradıcılığı, o cümlədən publisistikası yeni məzmun, mahiyyət, xarakter kəsb edir: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə!

 

Yaradıcılığının bütün mərhələlərində Ceyhun Hacıbəylinin publisistikası mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və ədəbi dəyəri baxımından aktuallığı və əhəmiyyəti ilə diqqət mərkəzində olmuş və onlar Azərbaycan bədii-sənədli irsinin, mühacirət ədəbiyyatının ən parlaq və nadir nümunələri sırasındadır.

 

Mehdi Gəncəli,

dos.dr.

 

Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini

 

Abid Tahirli

filologiya elmləri doktoru

 

Yol təəssüratım – Tiflis

 

Gürcüstan cümhuriyyətinin paytaxtı Tiflis şəhərinə daxil olduqda əvvəl Qafqazın əski paytaxtı və sabiq rus hökuməti Qafqaz canişininin məqərri [qərərgahı] olan Tiflis hiss edilirsə də, lakin yavaş-yavaş həmin təəssürat yeni görünən lövhələr və şəkillər sayəsində rəf olub [ortadan qalxıb] gidiyor. Artıq Rusiyadan burada bir əsər qalmadığı görünüyor. Əski rus jandarması əvəzində zahir, ondan bir qədər “xəfif” görünən cəmaati-xəvassa müfrəzi “narodno qvardeys”, öz vətəninin xidmətində zəif şəkilli, lakin mətanəti-qəlbiyyəsi ilə qəvi [güclü] olaraq gözə görünür. Küçələrin hamısında xalq qvardiyası nəfərləri [əsgərləri] nizam və qaidəyi mühafizə ediyorlar. Ara-sıra milli qoşun əfradı [fərdləri] müşaiyəti altında erməni əsirlərini ora-bura aparırlar.

 

Erməni-gürcü müharibəsi münasibətiylə bura ermənilərinin başları aşağı sallanıbdır. Ermənilərin bu hallarına bər-əks [əksinə] olaraq, müsəlman əhalisi kəmali-təmkin və vüqarla “papaqları gözləri üstə” şəhərin küçələrində asudə gəziyorlar. Bunların böylə bir şəkildə görünüşləri, İslam əhalisinin mehriban və dost bir məmləkətdə yaşamalarına dəlalət ediyor.

 

Qolovinski prospektdə gəzərkən böylə bir mənzərəyə tesadüf etdim: Gürcü qoşun dəstələri musiqi ilə arkadaşlarından birini darülbəqaya müşaiyət ediyorlar. Bu dəstənin qarşısına küçənin sağ tərəfindən başqa bir dəstə gəliyor. Burada Acaralılar dəstəsi, xalq qvardiya nəfərləri, könüllü müsəlman dəstələri, hamısı müsəllah olaraq kəmali-qaidə və nizam ilə bir nəfər gürcü təbəəsi olan müsəlman cənazəsini təşyi ediyorlar. Orada musiqi Şopenin qəmli marşını çalıyor. Burada ise cənazənin qarşısında gedən mollanın uca səslə oxuduğu “lahavləvəla”sı bir əməl ilə birləşmiş və həmin əməl yolunda qurbanlar vermiş iki mədəniyyətin asarını [əsərlərini] samilərin [eşidənlərin] qulaqlarına eşitdiriyor.

 

Əvət, bu gün gürcü millətçiləri böylə söylüyorlar: Bizi indiyə kimi böylə güman ediyorduk ki Zaqafqazyada üç qism millət yaşıyor. Lakin şimdi artıq düşündük ki, bunlar üç deyilmiş, yalnız iki imiş. Şərqdə Azəri türkləri, qərbdə gürcüler. Mavərayi-Qafqaz, yalnız bu iki milləti təşkil ediyor.

 

Qafqaz millətlərinin bir bu qədər bəla və müsibətdən sonra öz hüquqlarını qazanmaq üçün səy ve kuşiş etdikləri əsnada və böylə imtahan günlərində ölkədə ixtilaf çıxarıb da Rusiyadan ayrılmış Qafqaz məmləkətlərinin istiqlaliyyətə nail olmaq ümidlərini puç etmək fikri ilə bunlar arasında qanlı müharibə salan erməni daşnak məhafilinə qarşı filhəqiqə gürcüler miyanında [arasında] qayət şiddətli bir nifrət vardır ki, həmin nifrət nəinki yalnız biz millətçilər, hətta gürcü sosyalistləri tərəfindən dəxi ibraz olunuyor. Demək olar ki, Daşnaklar əleyhinə mövcud olan nifrət, bütün erməni millətinə qarşı nifrətamiz bir hissiyyata müncər olmuşdur [bağlanmışdır] və bu nifrət Daşnakların hökumət başında durmağı davam etdiklərinə dək yaşayacaqdır.

 

Erməni nümayəndəsi Gürcüstan parlamanında Gürcüstan ermənilərinin “sədaqətindən” dəm vurduqda gürcülər tərəfindən “bəs Şulaveri xəyanəti necə olsun?” kimi iradlar olunur. Ermənilərə inanan yoxdur.

 

Bu gün gürcülərin hər bir sinfləri arasında böylə iman vardır ki, ermənilərin bu fövqəladə və qayət namünasib bir zamanda Qafqazda müharibə salmalarından məqsəd, yalnız Qafqazda bir şuriş [qarışıqlıq] yapıb burasını müttəfiqlər nəzərində yaman qələmə vermək imiş. Başqa bir səbəb görmüyorlar.

 

Müttəfiqlərin müdaxiləsi sayəsində qət olmuş [kəsilmiş, bitmiş] erməni-gürcü müharibəsində ümumən kim qazandı, kim qaib etdi? Bu məsələ hələ dürüst bəlli deyildir. Gürcü mətbuatına baxdıqda qaib edənlər ermənilər olmuşlar. Lakin “əhli-xibre”lər böylə söylüyorlar ki, həmin müharibədə mütəzərrir olan [zərər görən] yenə də gürcülər olmuşlar. Artıq tələfatla bir çox əsir vermişlər və nəhayətdə mübahisəli yerlər ingilislər tərəfindən işğal edilmişdir. Bunlar sonra kimə veriləcəyi yəqindir ki, başqa bir mübahisəyə səbəb olacaqdır. Hər halda bir çox tələfat verdikdən sonra üzərlərinə təmayül edən müvəffəqiyyətə ki, bəhrəmənd olmayan gürcülər müharibənin böylə bir nəhayətə varmasından razı qalmamışlardır.

 

Burada rus ünsürü artıq görünmüyor gibidir. Hər halda gürcülərin paytaxtı “girdə papaq” süvari həriflərdən masundur. Lakin ingilizlər vardırlar və hər gün buradaki qüvvələrinin artırılması söyleniyor. Bununla belə, ingilizlər buraya mehman sifətində gəldikləri və Tiflisdə idarə tamamilə gürcülər əlində olmasına dair sübutlardan biri də onların böyükləri, heyətləri, genralları avtomobillə Gürcüstan cümhuriyyəti ricali-hökumətinin [hökümət adamlarının] nəzdinə gəldikləridir. Bunu gördükdə hər bir Azərbaycanlının qəlbində müxtəlif hisslər oyanıyor.

 

Ömər Faiq əfəndi ilə görüşdüm. Tevqifdən [tutulmaqdan] azad olub da hanənişinliyə [ev həbsinə] məhkum olduğunu bəyan etdilər. Mumaileyh [adı keçən şəxs], bu rəsmiyyət üstündən götürülürkən Baküyə gədəcəklərmiş. Ömər Faiq kimi qəyur [geyrətli] bir zatın Baküyə vürudu [gəlməsi], səmərəsiz qalmayıb nadir olan fəal mücahidlərimizin qüvvəsi artmağa inanıyoruz.

 

Bu gün siyasi nümayəndəmiz Məhəmməd Yusif Cəfərov tərəfindən müsafir olduq. Burada iki gün qalıb lazımi material cəm etməyə və həm də Dağıstanlı arkadaşlarımızı gözləməyə sərf edəcək idik. Lakin eşitdik ki gürcü heyəti-mürəxxəsəsi bizdən bir gün əvvəl Batuma getmişlər. Bunun üçün yarın Batuma tərəf getməli olduq.

 

Ceyhun Dağıstani,

 

Azərbaycan” qəzeti,

№ 98, 28 kanunisani/yanvar 1919.

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018