Bu dünyaya cəmi bircə şeir yazmaq üçün gələn şair

 

Kulis.az tənqidçi İradə Musayevanın “Salam Sarvanın absurd şeirləri” adlı yazısının davamını təqdim edir.

 

Əvvəli

 

Məqalənin əvvəlində Salam Sarvanın absurdizm nəzəriyyəsinə əsaslanan şeirlərindən danışmışdım. Absurdizm “inkar”, “təzad”  məhdudluğunda deyil. Bu poeziyada əksliklər, inanılmazlıqlar adi intonasiya ilə ifadə edilir. Dünyanın, eləcə də insanın bu dünyadakı bayağı, karikaturalaşmış həyatının cəfəngiyat olduğuna parodiya şeirlər yazılır. Və həmin insanın azadlıq, sevgi, vətən, tarix, cəmiyyət, təbiət haqqındakı düşüncə, təxəyyül və təsəvvürləri isə sanki yoxluqdan yoxluğa yol gedir. 

 

Onun poetik xəyalları sevgini yerə enməyə qoymur, ən uzağı yuxulara yol tapa bilər. Yuxular isə ən ilğımlı illüziyalardan, ən dərin xəyallardan da uzaqda, əlçatmazlıqdadır. Və qəribə bir tərslik olur belə sevgilərdə:

 

Heyif ki, gec bildilər:

heç vaxt yanaşı yatmayacaqmış

bir-birini yuxuda görənlər.

 

Yenə də, ya qəribə bir tərslik, ya da qəribə tapıntı... Sevgi hər yerdə, hər canlıda, hər varlıqda olurmuş. Bir bədəndə kişi və qadın mehrinin, məhəbbətinin qarşılaşması, üz-üzə, göz-gözə dayanması bədən üzvlərinin ünsiyyəti ilə “kəşf” edilir.

 

Gözlərinin bir-birinə məhəbbətlə baxdığını,

barmaqlarının bir-birinə ehtirasla sarıldığını,

ayaqlarının bir-birinin üstündə

məmnunluqla uzandığını görürəm.

 

Yəni qəribədi dünyanın işi:

hər bədənin simmetriyasında iki nəfər var-

biri qadın, biri kişi.

 

“Köhnəlmişəm”- deyəndə adamı təəccüb bürüyür. Insan necə köhnələ bilər? Bu kəlmənin açmasını təmirsiz, uçub-tökülən bir otağın mənzərəsi ilə ekvivalentləşdirir. Bu xaraba ev şəkli onun  iç dünyasının təlatümlü ifadəsi kimi divara mıxlanır sanki... “İçimdə xaraba bir ev var”. Suvağı sökülüb-tökülmüş bu evin təsvirində bircə detal-“siqaret tüstüsü” bu ev sahibinin dərddən “köhnəlməsini” andırır.

 

Köhnəlmişəm.

Otağımda tavanın suvağı sökülüb.

Döşəmənin boyası tökülüb,

divar kağızı siqaret tüstüsündən saralıb...

 

Şeirin ikinci parçası isə tam fərqli bir dünya, fərqli ovqat sahibinin sonsuzluğa yol alan xəyalları haqqında danışır. Uçuq daxmanın xarabalıqları altından sürünüb çıxan adam inanılmaz güclə yenilənmə, təzələnmə, yenidən doğma, dirilmə məqamına çatdırır özünü. Burda artıq döşəmə-tavan, qapı-divar sıxıntısından əlamət yoxdur. Göylərə, yerlərə, dənizlərə meydan oxuyan, onların görünüşünü belə dəyişə bilən adamın halında möhtəşəmlik müşahidə edirik. Absurd vəziyyət mənzərəsi, bütün hallarda yenə bir insan psixologiyasının, düşüncə və ovqatının əksi, astar tərəfi, tərsi kimi diqqət mərkəzinə gətirilir.   

 

Amma bu il göylərin rəngini, dənizlərin səsini,

dağların örtüyünü dəyişmək istəyirəm.

Sonra səni qonaq çağırmaq,

səninlə bu yenilikdə görüşmək istəyirəm.

 

Bəzi şeirlərdə görürük ki, köhnə məktublarda yazılan sözlər, etiraf edilən hiss və duyğular da köhnəlirmiş: “Sənin “sevirəm” yazdığın o məktub da köhnəlir: burda bir varaq saralır, varaqda bir söz solur”...

 

“Çıxılmazlıq” şeirinin adamı isə yenə içindən yerə yıxılır. Yenə “uçmuş bir bina” özündən bezən, usanan, düşüncələrində belə sökülüb-tökülən insanın proobrazı kimi qarşımızda kədərli tablo yaradır. “Uçmuş bir binanın altında qalmışam” – deyir. Adamlara hay salmaq lazımdırmı?  Amma o qorxur ki, burda gəlib tapacaqlar onu. Tənhalıq xarabasının qəbristanlıq dincliyini, zirzəmi hüzurunu pozacaqlar... Təkcə ideyada yox, hətta ayrı-ayrı misralardakı yan-yana dayanmış sözlərin də semantikasında absurdluq görürük. Necə ki, eyni misrada deyir: boşam, doluyam... Və yenə qəribə, absurd bir giley eşidirik: “Həyatımıza o qədər adam yığırıq ki, indi onların əlindən tənhalığa çəkilmək də olmur”.

 

Uçmuş bir binanın altında qalmışam.

Bir azdan tapacaqlar məni.

Hələliksə boşam, doluyam,

qəbiristanlıq kimi daşlıyam,

saat kimi qumluyam,

zirzəmi kimi suluyam.

 

Bir azdan tapacaqlar məni...

Axx, həyatımıza o qədər adam yığırıq ki,

indi onların əlindən

tənhalığa çəkilmək də olmur.

 

İntihar edənlərin arxasınca göz yaşı axıdırıq. Amma eyvandan özünü atanlar, qatar altına düşənlər də, sən demə, hansısa göydə sürətlə axıb keçən ulduzların arxasınca sevinərək uçurmuş. Göyə baxıb yerə doğru uçmaq... Bu absurdluq deyilmi?

 

İntihar qərarına gəlib

eyvanda dayanmış bu qadın

özünü atmaq istəyir

göydə sürətlə axıb keçən bir ulduzun altına.

 

İntiharların da yarışması, “yerə ən tez çataraq qalib olanı” varmış:

 

Qorxmağa dəyməz.

Hündürlükdən atılmaqla

intihar edənlərin yarışında

yerə ən tez çatan da qalibdii.

 

Salamın şeirində zədələnmiş qürurun, sındırılmış iradələrin, xəyalları güllələnmiş, ümidləri heçliyə ünvanlanmış insanların taleyini alın yazısı kimi oxuyuruq. Bu cür ümumiləşdirilmiş tipiklik bircə şeir assosiasiyası yaradır bəzən. Elə bilirsən ki, Salam bu dünyaya cəmi bircə şeir yazmaq üçün gəlib. Lakin o bircə şeirdə bütün bəşəriyyətin ruhuna, hissinə, düşüncəsinə tanış olan o qədər doğma yaşantı cizgiləri var ki, o bircə şeirdən  özün də onlarla şeir çıxara bilərsən.

 

Hər şairin özünəməxsus şeir leksikası, şeir lüğəti var. Bəzində sevinc, ümid, fərəh yansıdan al-əlvan kəlmələr olduğu halda,  bəzində  “xoşbəxtlik” sözünün belə “bədbəxtlik” kimi səsləndiyi kədərli lüğət olur. Salamın şeir lüğətində “qırıntılar”, “dib”, “intihar”, “qərarsızlıq”, “aldanış”, “uçub-tökülmək”, “həbsxana”, “təkadamlıq xaraba”, “kilid-kilid”, “dar ağacı”, “enmə” və s. bu kimi ifadələrin çox vaxt şeir başlığıtək qabağa çıxması da həmin poeziyanın ədəbi portretini, obrazını səciyyələndirir. Yuxarıda onun sözdən “xəsisliklə” istifadə etmə ustalığından danışmışdım. Bu “xəsislik” bütün bəndlərdə, misralarda gözə çarpır. “Qırıntılar” şeirində bircə ifadənin (“qırıntı”) doğurduğu kədərli partlayış minlərlə ruhu sarsıda bilir.  Bir kişinin qan analizi zamanı tibb bacısının salıb sındırdığı bapbalaca bir şüşənin üstündəki mənfi cavab xəbərli qanın dağılması bir talenin yerlə yeksan olması bəyanatı kimi qulaqlarda cingildəyir. Qırıntılar təkcə yerə yox, taleyə, bəxtə də səpələnə bilir. Qırıntılarla dolu bir ömrü yamamağa isə gücün çatmır və barışırsan tibb bacısının əlindən düşüb sınmış şüşə qırıntılarının üstündə ürəyini qana döndərən qan analizinin pis cavabı ilə...

 

Diksinərsən qanından

analiz verdiyin yerdəcə.

 

Diksinərsən bir damcı qanın yayıldığı şüşə

parçası

tibb bacısının əlindən yerə düşüb sınanda.

 

Diksinərsən

sınmış şüşə qırıntıları və sındırılmış kişi qırıntıları

tapılanda qanında.

 

Sonra tapançandan atəş açarsan iki dəfə:

birini havaya – xəbərdarlıq atəşi,

birini gicgahına.

 

Salamın poeziyasında Füzuli şeirindəki qədər mücərrəd, təsəvvürə belə  gəlməyən xəyali aləmdə qəribə arzularla yaşayan, bəlkə də yaşamaq xatirinə arzular uyduran  insanları bəzən yadplanetlilərtək qəbul edirik.  Bu qəhrəmanların zahiri portretini heç kim cıza bilməz. Məsələn, sima, göz-qaş və s. bu kimi realistik detalları axtarmaq əbəsdir. Burda tərz arzu olunmayan arzular, reallaşması mümkün olmayan istəklər, gedilməyən yollar, göndərilməyən məktublar, gəlib çıxmayan xoşbəxtliklərin yolunu bir az da qəlizləşdirməkdən ibarətdir. Tərz həm də diksindirici təkliflər şeir kimi poetik suala çevriləndə aydın görünür:

 

Nəyi gözləyirsən, övlad?

Anan ki belə gözəl ağı deyə bilir,

niyə ölmürsən?

 

Salam bütün şeirlərini eyni üslubla təqdim etmir. Birində sual intonasiyası, birində qınaq, birində etiraz, birində dialoji nitq polemikası və s. bu kimi fərqliliklərlə bizi hər səhifədə yeni  şeir havası ilə təzələyir. Bəzən də çox kiçik şeirdə böyük suallar buraxır bizə. Məsələn, aşağıdakı misraları oxuyarkən,  “yox olan dostlar, ölənsə özüdürmü?” – deyə düşünürük.

 

Dostlar bir-bir çıxıb gedir:

donub gedir, buxarlanıb gedir, əriyib gedir...

 

Udduğum havada uçub gedir,

içdiyim suda üzüb gedir,

basdırıldığım torpaqda yeriyib gedir.

Salamın aforizmləşmiş misraları həmişə  təəccübləndirir:

Bir açar da düşməz aça qapımı,

amma bağlamağa hər kilid düşür.

...

Səni bir yol gördüyüm bir yuxunu yozmağa

həsr elədim ömrümün qalanını, yatmadım.

...

Sən mənim yolayrıcımdın:

səndən yüz yana döndüm.

...

Bu gün vaxtım yoxdur, bu gün ölürəm.

...

Ta çalma qəmgin havalar

qəmi oynatmaz, ay uşaq.

Adam göz yaşı içində

gəmi oynatmaz, ay uşaq.

...

Yaman tez böyüdüm pis xəbər kimi.

...

Özünü ölümdən qoruyur hamı,

hamı özün səndən qoruyur, Allah.

...

Sən mənə dözməyi öyrətdin, sağ ol,

savabdı, Allah da razı olacaq.

O dözüm yolunu gözləməyə yox,

səni unutmağa lazım olacaq.

...

Bir gün durub axtararsan,

tapa bilməzsən sən məni.

Atanda bir baxaydın da

haraya atmısan məni.

...

Öldün, bir başdaşı qoydular sənə,

evini tikdilər bircə daş ilə.

 

Bir də bir “itki” şəkli var bu poetik dünyada. Bu adam axtarır, elə hey soruşur, axtardığının gəlməsini istəməyə-istəməyə gözləyir... Bəzən də ən dərin, mənalı , həyat əhəmiyyətli məsələ haqqınnda məişət dili ahəngində, leksikasında qəribə narahatlıqla söruşur. Məsələn, həyatı bir heç, boşluq kimi yaşayan adam, nəfəsinin belə hədər gedib-gəlməsinin ağrısını yaşayır və bir gün anlayır ki, yaşadığı və yaşamadığı günlərin əslində ona aidiyyatı yoxmuş. Yəni, bu ömür-gün onun deyil, başqasının həyatına, bəlkə də “həyətinə” keçmiş, ondan qaçmış bir taledir. Ömrünün günləri ondan qaçıb kiminsə taleyinə köçüb, ömrünə qarışıb. Qonşudan itmiş toyuq-cücəsini xəbər alan adamın intonasiyası ilə didərgin düşmüş, bada getmiş günlərini soruşur:

 

Ay qonşu, bir ömrünə bax,

gör mənim günüm ordadı?

 

Mənalandırma yenilikləri ilə dolu olan bu yaradıcılıqda həm də bambaşqa bir əksetdirmə, hamıdan fərqli  özünüifadə və söz nizamı, nəzm koloriti var. Məlum təsəvvürləri dağıdan, bütün fəlsəfi kateqoriyalar haqqında insanı tam başqa cür düşünməyə sövq edən yanaşmalar var. Və təbii ki, absurdluq meyarı və ya meyarsızlığı əsasında...

 

Bütün böyümələr ölümə gedən yola üz qoymaq, tələyə düşməkdir. (“Bu gün ad günümdə bildim bu ömür bir oyunmuş”.) Böyüyürsən, böyüyürsən, ölümün qapısından içəri girmək üçün status qazanırsan. Qocaldıqca belin də ona görə bükülür ki, əlin çəliyə rahat çatsın.

 

Bir azdan bel də əyilər

ki əllər çəliyə çatsın.

Tanrı bizi böyüdür ki,

başımız tələyə çatsın.

 

Salamın şeirində 2 + 2 =4 məntiqi inkar olunur. Və şair bu “məlum həqiqət”in doğru olmadığını öz şeirləri ilə yüz dəfələrlə isbat edir. Sübut edir ki, sevinc gülmək, dərd ağlamaq üçün deyil. Çiçəklər də gözəllik simvolu, estetik element olmaya bilər...

 

Belə... nə sevinc gülməyə

və nə dərd ağlamağadı.

Bu dünyanın çiçəkləri

Süpürgə bağlamağadı.

 

Adətən sərbəst düşüncə axarındakı  fəlsəfi qənaətlərin poetik ifadəsində şairlər qafiyələmə texnikasının öhdəsindən gələ bilmir, elə bil çox zaman bu nəzm elementini (qafiyəni) arxa plana atırlar. Diqqət daha çox fikrə, ideyaya, düşüncəyə yönəlir. Lakin Salam Sarvanın hər şeirində obyektə yanaşma, izah və tərz, ifadə yeniliyi, gözlənilməzliyi kimi, şeirin forma estetikasını da çox vaxt partlayış effektli qafiyələr həll edir.

 

Məsələn, “Dirimə ağlayan anam” şeirində bu qədər dərin məna, poetik mükəmməllik və nəzm estetikasını bir araya gətirmək üçün şair nə qədər çalışmalıdır bir şeirin üstündə? Salam niyə bu qədər az yazır? - sualının cavabları da elə burdan qaynaqlanır.

 

Mən öləndə yağış yernən

buludlar göynən ağlar.

Dirimə ağlayan anam

ölümə eynən ağlar.

 

Hamı dalımca danışar

sanarlar “gedişdi” bu.

O qıza da xəbər çatar,

bir özgə bəynən ağlar.

 

Bir ovçusa fikrə gedər

bir gözü nişangahda:

gözündən vurulan quşlar

halına nəynən ağlar?

 

Bəzən məlum, dilimizdə artıq daşlaşmış ifadələrlə postmodern çalarlı oyun tərzini də müşahidə edirik. İki omonim ifadə bir misranın və ya bəndin içindəcə elə ironik şəkildə qarşılaşdırılır ki, bu toqquşmadan daha yeni bir fikir hasil olur. Məsələn, məlum “başını qoyub yatmaq” və “vətən yolunda baş qoymaq” anlayışlarını görün şair hansı bədii mətn kontekstində birləşdirir, daha doğrusu, yenə “xəsislik” edərək bir ifadənin məğzində çoxmənalılıq çalarları yaradır:

 

Mən də vətən yolunda

başımı qoydum yatdım.

Gördüm ki, yuxum gəlmir,

sonacan saydım yatdım...

 

Bildiyimiz “onacan sayıb yatmaq” deyimi də təsadüfən və ya qafiyə xatirinə “sonacan sayıb yatdım” şəklinə düşmür, ömrün bu vəziyyətdə tamamlanması  (“sonacan sayıb başımı qoyub yatdım”) həm də guya “vətən yolunda başını qoyub”  ölmək yox, yatmaq təzadını doğurur.

 

“İzləmə” başlıqlı şeirdə də bu cür absurd, qəlibləşmiş, konkretləşmiş, sabitləşmiş deyimlərə şairin ustalıqla “əl gəzdirməsini” görürük. “Mışıl-mışıl yatmaq” ifadəsi necə çevrilib “mışıl-mışıl susmaq” olur? Necə olur ki, “heç kim eşitmir, amma hamı qulaq asır” məntiqinə inanası oluruq. Axı eşitmək qəlb və şüur işi, qulaq asmaq isə formal bir davranışdır, “dinləmə qurğusutək” texnoloji vasitə... Və necə olur ki, bizi bütün ömrü boyu izləyənlər arasında həm valideynlərimiz, həm də bir gözünü qıyıb, sanki qapının açar deşiyindən baxan fotoqraf da olur? Baxaq:

 

Gözlərimi qarnına dikib

mışıl-mışıl susmaq istəyirəm, qadın,

bir körpə yuxusutək.

 

Heç kim heç kimi eşitmir onsuz da,

adamlar bir-birinə qulaq asır

dinləmə qurğusutək.

 

Bir gözünü qıyıb şəklimizi çəkən fotoqraf da

sanki qapının açar deşiyindən baxır bizə.

 

Gizlənirik, gizlənirik,

yenə də izlənirik.

 

Axx..

uşaq vaxtı əlimizdən tutub itməyə qoymayanlar

hələ də buraxmayıblar əlimizi.

 

“Mışıl-mışıl susmaq” ifadəsinin ikinci tərəfindəki sözü (susmaq) də müəllif rəngdən-rəngə, mənadan-mənaya çevirə-çevirə çoxaldır. “Xəsislik” məsələsinə dönürük yenə:

 

İndi məni düşündürür

bir sərxoşun bir şüşəlik,

bir ağacın bir meşəlik susması...

 

Neynək, küsülülər barışırsa, barışsın.

Amma hələ də yaxşıydı axı:

iki adamın bir-birinə qarşı

həmişəlik susması.

 

İntihar, bəxtsizlik, tərk-dünyalıq, bezginlik və üzgünlük varsa, mütləq bu adamın şüuraltı yaddaşında “dar ağacı” obrazı  da olmalıdır... Dar ağacından azmaq, özünü asa bilməyəndə əlacsız-əlacsız yaşamaq, hətta əlacsızlar dəstəsi yaratmaq, xaraba bir ömrü “kor bəxt”, “nankor ana” xəyanətinin ağrısı ilə sona doğru sürümək... Maraqlıdır ki, bu ədəbiyyatda (Salam şeirində)  kədərin ən son həddi, ən tünd qarası əksər vaxtlarda oynaq ritmli havalar üstündə oxunur. Mövzunu bir yox, bir neçə şeirdə davam etdirmək üslubu imkan verir ki, onun poeziyasını bir bütöv, süjet xətti olan tam bir bədii əsər kimi qəbul edək. Məsələn, “Dar ağacından azmışam” və “Dostum Əli üçün” şeirləri eyni dərdin ifadəsinə həsr edilib. Təkcə dar ağacından deyil, ana bətnindən də düşüb itən adamın yer üzü axtarışı çaşqınlıqlar sitüasiyasında daha bir dramatik sual qoyur ortaya. Ana bətnindən dar ağacına, bəlkə də əksinə, dar ağacından ana bətninə məsafə elə yaşamın, ömrün özüdürsə, bəs bu ömrü harda sürmək lazımdır? Axı yer üzü də yoxa çıxıb. Yoxluqlarda isə ancaq belə düşünmək olar:

 

Bu quyunun divarının

çöl üzü hanı, camaat?

Dar ağacından azmışam,

yer üzü hanı, camaat?

 

Al-əlvan geyib gəzərdi,

gəzərdi burda bir pəri:

yanıb qara külü qalıb,

bəs hanı başqa rəngləri?

 

Yaxşı, mən özüm hardayam,

o Salam hanı, ay ana...

Gəl axtar bətnindən düşüb

itən balanı, ay ana.

 

“Özümü asa bilmədim, eh, qorxdum ölümdən, dost. Yaşamaqdan savay heç nə gəlmirmiş əlimdən, dost”- dramatizmini yaşayan, “ölüb-dirilən” adamların səssiz ağlamasına bənzədi...

 

Qaragözlü baxtımız da

qarşımıza kor çıxar -

 

qənaətində isə absurd yanaşmanın daha bir çaları – “qaragözlü baxt” məcazının bər-bəzəyi, estetik gözəlliyi altında acı bir reallıq - “kor bəxt” sarkazmı var. Bəxtin gözü görmür ki, gəlib sahibini tapsın. Gəlib çatanda da “yorulub yatır”...

 

Salamın şeirləri bizi təkcə  ədəbiyyat faktı kimi silkələmir, bizi poeziya nümunəsi kimi təsirləndirmir, bizi adi həyat həqiqətlərinin kədərli ifadəsi kimi duyğulandırmır. Onun şeirləri gözüyumulu yaşadığımız həyatın üzündən pərdəni çəkməyə kömək edir. Və hər şeirini oxuduqca, əvvəl “olmaz” deyib, sonra təslim oluruq. Absurd, tərəddüdlü qənaətlər arasında qalırıq. Necə deyərlər, halbahal oluruq.

 

“Sənsiz yaşaya bilirəm” misrasını işlətdiyi bəndlərdə, parçalarda həm də “amma yaşaya bilmirəm, bilmirəm” –deyir. “Bir az səndən zəhləm gedir”, “Yavaş-yavaş düşürsən gözümdən”, “artıq səni xatırlayanda başımı bulayıram” və s. bu kimi kəskin misraların işləndiyi şeirlər necə sevgi şeiri ola bilir? Ola bilərmi? Əgər şeirin sonunda-

 

Narahat olma “Qızım”...

Mən şəhərdə gəzəndə

İnsanlar bir adamlıq kənardan keçirlər,

Sanki yanımda yeriyirsən deyə -deyirsə, deməli sevgini canından, yanından, ruhundan uzaqlaşdıra bilmir...

 

Salam Sarvan Azərbaycan şeirində kimdir?-salının bir   cavab verməyə çalışdım. Onun haqqında ədəbi zövqünə inandığımız adamlarsa deyir:

 

Cavanların içində Oxucusu olan yeganə şair Salamdır. (Ramiz Rövşən)

 

 

Dörd böyük dünya dilində dünya şeiriylə can-cana dur­muş bir oxucutək deyə bilərəm ki, Salam bugün dünyanın poe­tik boyuna görə ən uca, ağlına görə də ən qoca şairlə­rin­dəndi.

Salam bu cür davam eləsə, Nobelin onun ayağına gələcə­yinə, gec gəldiyi üçün ondan və Azərbaycandan üzr istəyəcə­yinə şübhəm yoxdur. (Vaqif Bayatlı Odər)

 

Salam Sarvan ədəbiyyata yaşıl burulğan kimi gəldi və elə burul­ğan kimi də bir ömür boyunca getmədə. Açığı, müqəd­dəs­lərdən çox, mənim etiqadım bu cür “havalı” insanlaradır. Məncə, bəşəriy­yət də məhz onlara borcludur.

Daim günəşli Azərbaycanda əlimi qaşımın üstə qoyub, Salam səmtdən gələn şeiriyyəti gözləyirəm. (Rafiq Tağı)

 

 

08.05.2018

 

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018