Lev Tostoyun ən layiqli varisi – İradə Musayeva yazır

Kulis.az tənqidçi İradə Musayevanın “Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər...” məqaləsini təqdim edir.

 

(A.Soljenitsinin “Birinci çevrə” romanı haqqında)

 

Əvvəli burda 

 

III məqalə

 

Kral lütdür!

 

V.Havel “Gücsüzlərin gücü” kitabında yazırdı ki, “yalanlar dünyasının örtüyü qəribə maddədən düzəldilib. Nə qədər ki, o, bütün cəmiyyəti bürüyüb, əhatə edir, adama elə gəlir ki, o, daşdandır. Ancaq kimsə onun bir hissəsini qoparmağa başlayırsa, dağıdırsa, “Kral lütdür!” - deyə qışqırırsa, bircə nəfər oyunun qaydalarını pozub, baş verənlərin, sadəcə, oyun olduğunu faş edirsə, qəflətən hər şeyin üzərinə işıq başqa tərəfdən düşür. Və həmin qopmuş hissədən barmağımızı içəriyə uzatdıqda görürük ki, daşdan yox, sadəcə palçıqdan düzəldilmiş, torpaq kimi ovulub tökülən bir büt var. Beləcə həmin yalanlar durmadan parçalanır, sökülüb tökülür”...

        

Deməli, insan əhatə olunduğu bütün riyakarlıq, yalan dolu dünyaya ram olmamalı, barmağı ilə də olsa, həmin “daş”ı döyəcləməli, didməlidir! Mütləq altında uçulub tökülən torpaq bütlər görəcəyik! Yetər ki, döyəcləyək, dırnağımızla da olsa o “yalan” adlı daş qapıları qoparmağa çalışaq!

 

Soljenitsın dırnaqları ilə daş qapıları didirdi və deyirdi: “Daim nədənsə qorxarıqsa, insan olaraq qala bilərikmi?” Minlərlə sovet  yazıçısına sona qədər əks mövqedə oldu. Həmin yazıçılar Soljenitsının təkcə istedadına yox, həm də iradəsinə nifrət edirdi. O isə öz “həqiqət” adlı  yoluna, bəlkə də dar dalanlara, çıxılmazlıqlara, bir sözlə, yolsuzluqlara aparıb çıxaran məşəqqətli bir ünvana üz qoymuşdu. 89 yaşına qədər gəldi və bizi inandırdı ki, daşı dırnaqla deşmək, böyük bir dünyaya qapı açmaq olar! SSRİ dağıldı, yazıçılar əslində qalib kimi qarşılanacaq yazıçını yenidən yanlış yozumlarla təqib etməyə, gözdən salmağa çalışırdı. “Soljenitsının ölümü ilə Rusiya ən böyük müasir yazıçısını itirdi. O, Lev Tostoyun ən layiqli varisi idi; ədəbi dəyərinə görə XX əsr rus yazıçılarının heç biri onun səviyyəsinə çata bilmir, hətta Şoloxov da. Soljenitsın böyük və qəribə bir dünya yaratmışdı; bu dünya ədəbi baxımdan çox parlaqdır. Bir çoxlarının fikrincə onun “Qırmızı təkər”i XX yüzilliyin “Hərb və sülh”üdür”. (Media Kaşiger)

 

Lakin qəribədir ki, M.Kaşigər Soljenitsının şəxsiyyəti ilə yaradıcılığı arasında olan ziddiyyəti onun ədəbi portretinə şamil edir. Bu isə, zənnimcə, tamamilə yanlış yanaşmadır. Soljenitsının şəxsi həyatı, ailəsi, arvadı və yazıçı dostları ilə münasibəti onun bədii, ictimai-siyasi dünyagörüş və fəlsəfəsinə aid edilməməlidir. Məsələn, müəllif bu fikirlərini belə izah edir: “Maraqlıdır, belə görünürdü ki, o demokratik düşüncəli bir adam olmalı idi. Amma yox, o, tamamilə irticaçı bir insandır. Soljenitsın azadlığı qətiyyən xoşlamırdı və cahanşümul demokratik dəyərləri  qətiyyən sevmirdi. Bəs niyə o SSRİ-yə zidd gedirdi? Onun ideyaları sovet düşüncə və hakimiyyət strukturuna xeyli yaxındır. Onun SSRİ ilə ziddiyyəti insanı özündən ayıran bir quruluşa qarşı çıxmasından qaynaqlanırdı”.  M.Kaşigər daha sonra deyir: “O, həbsxanadan çıxandan sonra öz  ortadoksal xristian görüşlərində elə ifrat həddə varır ki, hətta həyat yoldaşı da ondan ayrılır. Bu qadın sonralar “Mənim Soljenitsınla həyatım” adlı bir kitab yazır. Soljenitsının həmin kitabdakı obrazı qətiyyən xoşagələn deyil. Burada heç kəsin varlığına dözməyən hökmran və diktator bir kişi təsvir olunur”.

        

Dahi yazıçılardan və ya rəssamlardan, bəstəkarlardan ailə üzvləri, həyat yoldaşları dad deyənlər azmı olub? Siyasi, fəlsəfi, dini  görüşləri ətrafdakılarla, lap həmkarları ilə tən gəlməyənlər? Qarşımızda ən azından Tolstoy misalı var. Ailə konflikti ilə bağlı söz-söhbət az qala bütün dünyanı dolaşdı. Onu da elə mənalandırmalıyıqmı?

 

Modernizmə, postmodernizmə, ümumiyyətlə, yeni ədəbi-estetik nəzəriyyələrə də Soljenitsının birmənalı münasibətini ədəbiyyatşünaslar, tənqidçilər müxtəlif cür izah edirdi. M.Kaşiger göstərirdi ki, “həmin dövrdə nəsrdə Bulqakov, teatrda Meyerhold, poeziyada akmeistlər vardı. Lakin mərkəzləşdirilmiş hakimiyyət sistemi modern sənət nümunələrinə qarşı repressiyaya başlayır. Və 1930-cu illərdən etibarən sovet ədəbiyyatı yaradıcıları dünya ədəbiyyatında gedən proseslərdən  çox az hallarda xəbərdar  ola bilir. Ola bilsin ki, həmin dövrdə  bir çox başqaları kimi Soljenitsın heç modern ədəbiyyat nümunələrini oxumamışdı. O bu işi sonralar da görmür, çünki artıq çox gec idi...”

 

Bu fikirlərlə də razılaşmaq olmur, çünki, Soljenitsının həyatı, xarakteri, ədəbi zövqü və sənətə estetik baxışı məhz acı katorqa reallığının realizmini yaratmalıydı...

 

Riçard Tempest yazırdı ki, “siyahıda qeyd etdiyim kitablar (“Bülbülü öldürmək” - Harper Li, “Anna Frankın gündəliyi”, “Kor edən zülmət” - Artur Kestler, “1984” - Corc Oruell, “Görünməyən adam” – Ralf Ellison, “İvan Denisoviçin bir günü” – A.Soljenitsın) amerikan məktəblərində əsasən tədris mətnləri kimi, yəni müasir dövrün tarixi faciələrini ədəbi anlayış nümunələri, sağ və ya sol totalitarizm (Frank, Kestler, Oruell, Soljenitsın) və ya ABŞ-da irqi ayrı-seçkilik (Li, Ellison) fenomenləri kimi öyrədilir. On minlərlə amerikan şagirdi Soljenitsını oxuduğundan, hətta “Barnes and Noble” və ya “Borders” kimi kütləvi kitab mağazalarında siz demək olar ki, həmişə “Bir gün”ün ekzemplyarını və ya bir il əvvəl nəşr olunmuş “QULAQ arxipelağı”nın ixtisar olunmuş bircildlik nəşrini tapa bilərsiniz.

 

Soljenitsının “Bir gün” və başqa əsərlərinin statusu, ideyası rus və amerikan antistalinist, antikommunist təhlillərində, diskurslarında artıq çoxdan müəyyən edilmişdi. ABŞ-da yazıçını Andrey Saxarov, Lex Valensa və Ronald Reyqan ilə birlikdə kommunizmin təşəbbüskarı kimi qiymətləndirirlər. Jurnalistikadakı məşhur deyimlərə görə, bu böyük dördlük “Berlin divarını yıxdı” və beləliklə, öz mədəni, tarixi missiyasını həyata keçirdi və hətta bitirdi. Bundan əlavə, həm Rusiyada, həm də Qərbdə özünü Dostoyevski və Tolstoyun şagirdi adlandıran və modernizm incəsənətini dəfələrlə tənqid edən Soljenitsının yaradıcılığına əsas etibarilə ingilis alimi Ketrin Belsinin “Tənqidçilik praktikası” kitabında olduğu kimi, “ədəbiyyata sağlam düşüncə nöqteyi-nəzərindən yanaşma” bucağından baxılır. O (Ketrin Belsi) izah edir ki, belə ənənəvi baxışa əsasən, “əhəmiyyətli ədəbi mətnlər dövrlər, onların yaranması, bütövlükdə dünya və insanın təbiəti haqqında” əsil həqiqəti deyir. Buradan geniş yayılmış bir fikir meydana gəlir ki, Soljenitsın - ədəbi mühafizəkar, zərərli realist, Fadeyev və Fedin kimi mənfi (və ya istəsəniz, müsbət) bir fiqurdur...”

 

Riçard Tempestin “zərərli realist” ifadəsi, təbii ki, qeyri-estetik və qeyri-dəqiq şəkildə ifadə olunmuş fikrin ümumiləşdirməsidir. Söhbət təkcə “antistalinist” və “antikommunist” ədəbiyyatdan getmir. Söhbət bizim yaxşı bələd olduğumuz tarixi şəraitin (Stalin rejiminin) bütöv bir ziyalı nəslinin, azad düşüncə formalarının repressiyasından gedir. Soljenitsın mətnləri, minlərlə roman səhifələri C.Orueldə də olduğu kimi, ölümlə üz-üzə dayanan, amma əsil simasını saxlamaq uğrunda  mücadiləyə qalxan “sonuncu insanlar”ın məhv edilmək üzrə olan hisslərinə həsr edilirdi. Təkrar edirəm ki, məhz hisslərə!   Məncə, Soljenitsın zorakılıq və nifrətlə repressiya edilən həmin insan şüuru və duyğusu ilə postmodern oyunlar “oynamağı” özünə rəva görmədi. Müharibə və sürgün, məhbəs həyatı görmüş yazıçının yumorla yazmaq metodu, ifadədə oyun üslubu bəlkə də alınmazdı. Soljenitsın elə bu soyuq tərzi, klassik üslubu, acı realizmi və birxətli ənənəyə sadiqliyi ilə də üslub yarada bildi. Onu bədii formalardan çox məna və məzmun, mahiyyət maraqlandırırdı – insanın mahiyyəti... Soljenitsın Amerikaya mühacir kimi gedəndə (1973-cü il fevralın 12-də Soljenitsın dövləti cinayətkar kimi həbs edilmiş, sovet vətəndaşlığından çıхarılmış, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olunmuşdu. İki il Süriхdə yaşayan Soljenitsın 1975-ci ildə ailəsi ilə birlikdə  ABŞ-ın Vermont ştatına köçmüş və burada məskunlaşmışdı.) hələ 80 yaşı yox idi (1918-ci ildə anadan olub). Yəni, yaradıcılığını yeni mühitdə davam etdirən Soljenitsın modern və postmodern sənət dünyasının bircə addımlığında, Amerikada idi. Görünür, o sona qədər öz “acı realizm”ini, məhz “Soljenitsın realizmi” kimi, ədəbiyyatda özünə obraz qazanmış realizmini başqa ifadə forması ilə əvəzləmək fikrində olmamışdı.

 

Aydındır ki, Soljenitsın “Birinci çevrə” romanındakı qəhrəmanların taleyini o şəkildə təsvir etməklə təkcə haqsızlığa, zülmə, zora məruz qalmış insanlar haqqında roman yazmaq istəməyib.  Müəllifin əsas məqsədi yalnız onlara qarşı rəhm hissi oyatmaq istəyi ilə əlaqədar deyildi. Məqsəd milyonların on illərlə inanmaqda davam etdiyi gələcəksiz rejimə qarşı münasibəti alt-üst etməkdən, “Kral lütdür!”- həqiqətini qışqırmaqdan ibarət idi. Və Soljenitsının ədəbiyyat adına gördüyü bu iş həm də siyasi, sosial və mədəni mühitin adamlarının düşüncəsində oyanış yarada bildi. Bu romanın baş qəhrəmanı Soljenitsın özüdür. O özü və “cəhənnəm yoldaşları” haqqında romanlar yazdı...

 

Bəs bu insanlar, cəhənnəm sakinləri, əslində kimlərdir? Təkcə “alçaldılmış və təhqir olunmuşlar” və ya, aldadılmışlar da deyil. Onların hamısı “cəhənnəmin birinci qatı”nda, saraşkada cəza çəkir. Saraşka adlı məkanda mənən ölmüş bu insanların, axtarsan, bəlkə çox az bir hissəsi sovet hökumətini qəbul etmir. Onların arasında Patapov kimi ixtirasının sirrini verməyib, “and içmişəm”- deyən, sovet hökumətinin mənafeyini düşünən, amma əsil satqınlarla eyni cəzanı (10 il) çəkən alimlər, Rubin kimi Leninə sadiqlər də var...

 

İnnokentinin metrodakı telefon köşklərindən birindən katibliyə zəng edib səfiri soruşması və sonda aviasiya attaşesinə bir həyəcan doğurucu xəbəri (“-Qulaq asın! Qulaq asın!- o, əlacsızlıqla dedi. – Bu günlərdə sovet agenti Koval radio mağazasında atom bombasının istehsalı üzrə vacib texnoloji sənədlər alacaq...”) verməsi ilə başlayan romanda bütün təhkiyə və dialoqlar diktatura oyunlarının və bu oyun qaydaları ilə ölkəni uçuruma aparan məmurların mahiyyəti, xisləti ilə bağlı həqiqəti açmağa xidmət edir.

 

Qleb Nerjin obrazının düşüncələrində daha çox soljenitsınlıq var. Heç cür razılaşmır, heç cür barışmır və qəbul etmir. Ona görə də elə hey cəzalanır. Bütün cəzalar isə adətən düşüncələrə, azad iradə sahibliyini qorumağa görə olur... Dialoqlardan birində oxuyuruq: “- Bu necə oldu? Axı heç vaxt və heç kəsi buraxmırlar, bunu mənə kamerada izah etmişdilər: təqsirkarsan, təqsirkar deyilsən – on il əlinə, beş də buynuzuna – birbaşa düşərgəyə.

 

- Buynuzuna – bu nədir belə?

 

- Yəni beş il də buruntaq.

 

- Bəs buruntaq nədir?

 

- İlahi, siz necə də bisavadsınız. Özü də prokurorun qızı. Atanızın nə ilə məşğul olması sizə necə maraqlı olmaya bilərdi? “Buruntaq”, yəni, qapmaq, dişləmək olmaz. Vətəndaş hüquqlarından məhrum edilmə. Seçmək və seçilmək olmaz!”.

 

Romanda ideyaların, mövzu ilə bağlı oxucuya çatdırılacaq əsas fikirlərin obrazlar arasında dəqiqliklə paylaşılması, bölünməsi ustalığı da diqqəti cəlb etdi. Məkan və situasiyalar, dialoqlardakı tərəf müqabillərinin düzgün seçilməsi metodu da uğurludur. Kim kimlə necə, hansı mövzuda və hansı dildə, hansı üslubda söhbət edə bilər? – sualının cavabı mətndə dəqiq həlini tapıb. Məsələn, Qleb Nerjin və başqa dustaqlar onlara ildə cəmi bircə dəfə və yarım saatlığa verilmiş ailə üzvləri ilə görüşə gedərkən, avtobusda, yol boyu sürəkli mühakimələr yürüdürlər. Bu düşüncələrin də taleyi onların müəmmalı sonluqları kimidir. Bu düşüncələrin də həbsxana ağrısı var. Bayırda onları gözləyən əzizləri üçün maneəyə, əngələ, bədbəxtliyə çevrilən bu ziyalı insanlar hər kəsdən üzr istəmək məcburiyyətindədirlər. Onların adı ailə üzvləri üçün baryer, şlaqbaum, qırmızı hərflər və nida işarəsi ilə yazılan “YOX!” – demək idi. Arvadları, ərləri, övladları onların adını üstlərindən silməli, “ləkəsiz” yaşamağa davam etməli idi. Bunu edənlər isə çox olduğu kimi, etməyənlər də var.

 

“Əsl məhbəs hissi uzun və sonsuz illər boyu yaranır. Nadya məktubunda yazır: “Sən qayıdandan sonra...” Dəhşət də elə bundadır ki, qayıdış olmayacaq. Qayıtmaq – olmaz. On dörd cəbhə və həbsxana ilində bədənin bircə də olsa hüceyrəsi, ola bilər, əvvəlki kimi qalmasın. Yalnız təzədən gəlmək mümkündür. Əvvəlki ərinin soyadını daşıyan yeni, tanımadığın bir adam gələcək, əvvəlki arvad görəcək ki, onun əvvəlki, yeganə on dörd il özünə qapanıb gözlədiyi insan daha yoxdur, o, molekullara bölünərək buxarlanmşdır”.

 

Saraşkada insanların “milliyyəti” qrafasında milli mənsubluğunu deyil, “dustaq” sözünü yazırdılar. Onlar hamısı məhbus paltarında eyni dəmir qablarda qaşıqları taqqıldadarkən belə, eyni təhqiramiz baxışlar altında iş görəndə, yemək yeyəndə, hava almaq üçün həyətdə var-gəl edərkən -  hər saniyə, hər an bu alçaltmanın acısı ilə yaşamaqda davam edirdilər. Orda akademiklik, ixtiraçılıq xüsusi status, imtiyaz vermirdi heç kimə...  “1950-ci ildə həbsinin on səkkizinci ilini yola salmış qocaman riyaziyyat professoru Çelnovun qələmi çoxlu texniki kəşflə – düzaxarlı qazandan başlamış, reaktiv mühərrikə kimi – bağlı olmuşdu, bu kəşflərin bəzilərinə isə o, bütün ruhunu qoymuşdu. Yeri gəlmişkən, professor Çelnov hesab edirdi ki, “ruhunu qoymaq” ifadəsi ehtiyatla işlədilməlidir, belə ki, yalnız dustağın ölməz ruhu olur, azadlıqda olana isə mənasız yerə çox ora-bura qaçdığına, vurnuxduğuna görə bundan imtina olunub. Soyumuş balanda kasası və ya buğlanan kakao fincanı arxasında gedən dustaq söhbətlərində Çelnov bu fikri Pyer Bezuxovdan əxz etdiyini də gizlətmirdi. Fransız əsgəri onu yolu keçməyə qoymayanda Pyer qəhqəhə çəkərək demişdi: “Ha-ha! əsgər məni buraxmadı. Kimi – məni? Mənim ölməz ruhumu buraxmadı!” Marfino şaraşkasında professor Çelnov yeganə dustaq idi ki, kombinezon geyməməyə icazəsi vardı (bu məsələ ilə bağlı şəxsən Abakumova müraciət olunmuşdu). Bu cür güzəşt üçün əsas səbəb isə ondan ibarət idi ki, Çelnov Marfinonun daimi dustağı deyildi, o, köçəri dustaq idi: keçmişdə Elmlər Akademiyasının müxbir üzvü və Riyaziyyat İnstitutunun direktoru olmuş bu adamı hər dəfə hansı şaraşkada riyaziyyatla bağlı problem yaranırdısa, ora da göndərirdilər. Problem əsas cizgilərində həll olunduqdan və hesablama metodikası aydınlaşandan sonra isə professor başqa yerə göndərilirdi.

 

Marfinoya Çelnov mütləq şifrləyicinin riyazi əsaslarını hazırlamaq üçün göndərilmişdi”.

 

Dustaqlar hətta ildə bircə dəfə və yarım satlıq görüşdükləri qadınları ilə qucaqlaşa, əl tuta və öpüşə bilməzdilər. Və özləri, real vəziyyətləri barədə də ancaq təlimatda göstərildiyi kimi “Hər şey yaxşıdır, heç nəyə ehtiyacımız yoxdur”-deməlidirlər,  başqa heç nə haqqında danışmaq olmazdı...

 

“- Bəs nədən danışaq? –kimsə bərkdən soruşdu. – Siyasətdən?

 

Klimentyev əziyyət çəkib bu suala cavab vermədi, çünki onun yersiz olması hamıya aydın idi.

 

- Öz günahınızdan, - dustaqlardan kimsə məsləhət verdi, - peşmançılıqdan.

 

- İstintaq işindən də danışmaq olmaz, məxfidir, - Klimentyev halını pozmadan təklifi rədd etdi. –Ailənizlə maraqlanın, uşaqlarınızla. Daha sonra. Yeni qayda: bugünkü görüşdən etibarən öpüşmək və əl tutub görüşmək qadağan edilir.

 

... Nerjin öpüşməyin qadağan edildiyini eşidəndə gözlərinin qaraldığını hiss etdi. Xırıltı ilə Klimentyevə dedi:

 

- İldə bir dəfə görüşürük...

 

Dustağın daha nəsə deyəcəyini gözləyən Klimentyev sevincək ona tərəf döndü.

 

Nerjin Klimentyevin indicə necə bağıracağını, sanki əvvəlcədən eşitdi:

 

- Görüşdən məhrum edirəm!!!

 

... və səsini boğdu.

 

...- Öpüşəcəyiniz, əl verib görüşəcəyiniz və ya başqa qayda pozuntusuna yol verəcəyiniz təqdirdə görüş dərhal dayandırılacaq.

 

- Arvadım axı bunu bilmir! O, məni öpəcək! - oymaçı qızğınlıqla dilləndi.

 

- Qohumlarınız xəbardar ediləcək! - Klimentyev izah etdi”.

 

Lakin görüşə gələn ər-arvadlar, o cümlədən Nerjin və arvadı, eləcə də ər-arvad Gerasimoviçlər bir az söhbətdən sonra qeyri-ixtiyari, hətta ortada dayanan nəzarətçilərin baxışlarına əhəmiyyət vermədən qucaqlaşır və öpüşürlər.

 

Burada sanki hamı casusdur, bu öpüşmək məsələsi də az qala dövlət sirri kimi məxfi qalmalı idi.

 

Lakin romanın bu məqamdakı təsvirlərdə, bütün qadağaları alt-üst edib, ölümü belə gözə alaraq istədiyi adama doğru atılmaq, qucaqlamaq, öpmək cəsarəti bir insanın, hətta ən ağıllı insanın hissinin, sevgisinin onun düşüncə, şüur və məntiq ilə əlaqəli davranışını üstələdiyini göstərir. Hiss ağıldan daha cəsarətli çıxır... Dilini saxlamağı, fikirlərini gizlətməyi  bacaran insanlar cismani istəklərində daha azad, daha cəsarətli olurlar. “Canavar qnunları” ilə idarə edilən məkanlarda insanlığı bir ömür bahasına satın almaq lazım olurmuş...

 

“Başqa” məkana – sovet həbsxanasına salındıqdan sonra mənəvi, siyasi, estetik prinsiplər və etiqadlarla birdəfəlik vidalaşmalı olursan. Klassik ənənələrdə tərbiyə olunmuş, dünya və gələcəklə bağlı nəcib illüziyalar və arzular aləmindən qoparılaraq qəddarlıq, prinsipsizlik, zorakılıqla dolu kirli bir məkana atılmış insanların taleyi xüsusilə acınacaqlıdır. Canavar qanunları ilə yaşanılan bu məkanda İnsan kimi qalmaq, sadəcə, təhlükəlidir, bu qanunları qəbul etmək və öz həyatını onlara görə tənzimləmək isə alçaldıcıdır. Bu əsər (“QULaq Arxipelaqı”-İ.M.) seçim imkanları son dərəcə məhdudlaşdırılmış insanın həyat dramıdır”. (E.Başkeçid)

 

900 səhifədən çox həcmi olan romanda hansı hadisələrin baş verməsi haqqında düşünsək, bəlkə də bir səhifəlik cavabımız olar. Süjet çox qısa, fraqmentallıqla təqdim edilsə də, hər kiçik, lakin mənalı  nüansın  uzun-uzadı, təfərrüatlı, roman təfəkkürü ilə analiz edilən incəlikləri var. Yazıçı mətnin məzmununda görünməməyə çalışsa da, hər səhifədə bioqrafiyasının, yaşantılarının izi yandırılmış tonqal yeri kimi kədərli şəkildə öz sözünü deyir, öz tarixçəsini danışır. Soljenitsının da sürgündə yazdığı əsərlərin əlyazmasının çox acı aqibəti olub.

 

“Oymaçı” kimi tanınan dustağın məhbəsdə özü üçün kəşf etdiyi novellalar yazmaq qabiliyyəti bəlli olub. O, alman əsirliyi, kameralardakı görüşlər, tribunallar haqqındakı  novellalardan bəzisini  minbir əziyyətlə arvadı vasitəsilə  bayıra ötürə bilib. Bayırda isə onu hətta Çexovla müqayisə edən oxucuları tapılmışdı. Bugünkü görüşdə isə mikroskopik xətlə yazılmış ən yaxşı novellasını həvəslə bayıra ötürməyə hazırlaşırdı ki, Krasnoqubenkidən qoxduğu üçün novellalarını yazdığı kalka topasını udmuşdu. Sonda isə novellaları yediyi üçün çox heyifslənmişdi, düşünürdü ki, bəlkə də keçirə bilərmiş... Sanki bütün qəzəb və etirazını novellalara çevirib sakitləşən insana onu (qəzəbi və etirazı)  yenidən udmağa, yeməyə məcbur edirlər... Sonda isə oymaçı peşmanlıq hissi keçiri: gərək o novellaları yeməzdim, heyif...

 

Romanda Rubin və Nerjin düşüncələrinin, əqidəsinin, inam və inamsızlığının maraqlı qarşılaşdırılma məqamları var. Rubin kommunist əqidəli ola-ola antisovet, antikommunisttək cəza çəkir. Əsərdə obrazların birinin dilindən də deyildiyi kimi, bu qəribə Stalin və onun hökuməti həqiqətən də dostu ilə düşmənini tanımır. Onlar üçün hətta sadiqlik və sədaqət meyarı belə əhəmiyyətli deyil. Rubinin kommunist sədaqəti isə Nerjini daxilən çox əsəbiləşdirir.

 

Mövzunun real həyat mənzərələrinə bu qədər dərin fəlsəfi əsaslarla bağlanması faktı imkan verir deyək ki, Soljenitsın realizmində simvolizm və postmodern tərz elementləri axtarmağa ehtiyac yoxdur.

 

“Təəccüblü deyil ki, Ezra Pound hesab edirdi ki, “hər bir yaxşı incəsənət bu və ya digər baxımdan realizmdir”. “İvan Denisoviçin bir günü”nün müəllifi onunla heç bir şübhə olmadan razılaşardı. O, özünün ədəbi və estetik zövqündə bir qədər viktorian idi, görünür,  müasir incəsənət dövrünün tələbləri biganəliyə, sevinclərə, təxribatlara və iddialı ambisiyalara qarşı idi. Soljenitsın XIX əsrin sonlarından etibarən Qərb mədəniyyətində geniş yayılmış intellektual kvazi-esxataloji mifologiyanın sonu – Allahın ölümü (F.Nitsşe), Avropanın qaçılmaz sürətlə çöküşü (O.Şpenqler), romanın sonu (O.E.Mandelştam) və başqa bu cür ideyalara qarşı çıxırdı.  Onu, ümumiyyətlə, rus və Avropa modernizminin ikonabənzər (simvolik) xarakteri narahat edirdi, lakin çoxəsrlik mədəni ənənələri aşan və inkar edən incəsənət nümayəndələrinin (ən mütərəqqi olanların) ifadələri onu xüsusilə qıcıqlandırırdı”. (R.Tempest)

 

Soljenitsın realizmi naturadan köçürmə deyildi. Və sırf  gözlə görünən həyatın da realist rəssamı, sadəcə fotoqrafı kimi ifadə etmirdi həqiqətləri. Onun böyük bir qorxusu vardı: insanlıq üçün Allahın bəxş etdiyi dəyərlər ölür və bu ölümün fərqində olanlar çox azdır. Bu ölümün səbəbkarı isə həmişə adəətən tiranlar, diktatorlar, Allahın hökmünə və insanlar üzərindəki hökmünə, sonsuz səlahiyyətinə şərik çıxmaq istəyənlər olur. “Rədd olsun tiran! Yaşasın Azadlıq!” adlı bir şüarın nə vaxtsa mənasız olması, insanların şüurundan bu nidanın birdəfəlik  silinməsi həyəcanı Soljenitsına romanlar yazdırırdı. Azadlıq hisi yoxa çıxa bilər, azadlıq istəyi arzular sırasından silinə bilər və ümumiyyətlə, bu sözün semantikası zədələnər, anlamı, mahiyyəti deqredasiyaya məruz qalar. Və o zaman insanlar ancaq yalana və bu yalanı qoruyub saxlayan, böyüdən zora, zülmə tabe ola bilər... Avtobusda yol gedirlər dustaqlar... Yarım saatlıq görüş onlara bayırın, asudəliyin havasını daddıracaq. Və yolboyu avtobus pəncərəsindən boylanaraq gördükləri hər şeyi öz analitik təfəkkür süzgəcindən diqqətlə keçirən  bu ağıllı dustaqlar tarixi-siyasi hadisələrə, ictimai ətalət və korluğa işarə edən məqamları da təhlil etməyə çalışırlar. “Bu tutuquşu mundirlərini düşüncələrə qərq olmuş Gerasimoviç də görmüşdü. O, qaşlarını çataraq  bütün avtobusun eşidə biləcəyi tərzdə soruşdu: – Bir baxın! Qorodovoylar peyda olub! Yenə – qorodovoylar. Hə, onlardır?.. Qleb xatırladı ki, hələ otuzuncu illərin əvvəlində komsomol rəhbərlərindən kimsə onlara demişdi: “Siz, yoldaş gənc pionerlər, bir də heç vaxt diri qorodovoy görməyəcəksiniz”. – Görməli olduq... – Qleb gülümsündü. – Nə? – Gerasimoviç onu başa düşmədi. Nerjin onun qulağına tərəf əyildi: – İnsanların beyinlərini o qədər doldurublar ki, indi lap küçənin ortasında durub “Rədd olsun tiran! Yaşasın azadlıq!” qışqırsan da, heç başa düşməyəcəklər ki, hansı tirandan və hansı azadlıqdan danışırsan. Gerasimoviç alnındakı qırışları aşağıdan - yuxarı  dartdı.

 

– Siz əminsinizmi ki, məsələn, özünüz başa düşürsünüz?

 

– Zənn edirəm, – Nerjin dodaqlarını büzərək cavab verdi.

 

– Təsdiqləməyə tələsməyin. Ağılla qurulmuş cəmiyyətə necə azadlıq lazımdır – insanlar bunu  çox pis təsəvvür edirlər”...

 

09.05.2018

Ardı var

 

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018