Ədəbiyyat moda sənəti kimi – Ülvi Babasoy yazır...

Kulis.az tənqidçi-ədəbiyyatşünas Ülvi Babasoyun “Moda və ədəbiyyatın zərifliyi” essesini təqdim edir.

        

Həmişə düşünmüşəm ki, ədəbiyyat moda sənəti kimi zövq işidir. Hər ikisi gözəllik duyumu yaradır. Rolan Bartın “Moda sistemi” adlı kitabı var. Bu kitab semiotika və  dilçilik barədə tabuları yıxmağa cəhddir. Bart  Ferdinand de Sössürün dil və ifadə haqqında tezislərinə qarşı çıxır.  Moda ilk baxışda dəbi stilizə edir. Ancaq qətiyyən birbaşa gəlir üçün nəzərdə tutulmur. Ali zövq maddi gəliri də arxasınca aparır. Qadın gözəlliyi kimi incə və zərif aura yaratmaq üçündür moda sənəti. Zövq kapitalı birinci dərəcəlidir. Digər gəlirlər sonra gəlir. İnsan kapitalında olduğu kimi. Moda zövqsüzlüyə qarşı reaksiyadır. Bədii əsərlər də bayağılıq və faniliyə qarşı söz və ifadə ilə münasibətdir. Mübariz Örənin “Balıq gülüşü” kitabı da dəb halını almış, ancaq sənətə çevrilə bilməyən “bədii mətn” yazmaq sindromuna etik və estetik reaksiyadır. Estetik miqyasda etirazdır bu. Ucuz yazı və imitasiyalardan doğmur. Sənətin təqdimatında konkretləşir.

     

“Balıq gülüşü” kitabında hekayələr və “Ağ buludlar” romanı (çünki roman janrının tələblərinə uyğundur. Fərqli dövr və zamanları vahid estetik çətir altına yığa bilmək roman janrında mümkündür. Günah kompleksi və ondan xilas olmaq istəyən insanın ekzistensial vəziyyəti ata və oğulun həyatı fonunda canlandırılır) fərqli estetik görüşləri təmsil edən ədəbiyyat adamlarında maraq oyatdı. Bu əsərlər hələ kitab kimi çap edilməmişdən əvvəl də təhlil və analiz çərçivələrini aşan resenziyalar qələmə alındı. Obrazlı, təşbeh və epitetlərlə dolu heyranlıq yazıları. Əslində isə Mübarizin hekayələri ədəbi tənqidə cəlb edilməsi lazım olan, heyranlıq və tərifdən uzaq ağıllı söhbətlərə rəvac verən mətnlərdir. Bu tip yazılar azlıq təşkil edir. Bu gün xaric. “Ədəbiyyat qəzeti”nin bu missiyanı üzərinə götürməsi təqdirəlayiqdir.

      

Kitabda “Qar tanrısı”, “Balıq gülüşü”, “Skayp” hekayələri və “Ağ buludlar” romanı daha uğurlu əsərlərdir. Çünki bu mətnlərdə təzə yanaşma və dil nəzərə çarpır. Digər hekayələrin məna və struktur estetikası qüsurludur. Yeni söz demir. Azərbaycan ədəbiyyatı 40-50 ildir ki, bu cür yazı tərzləri  ilə tanışdır. “İlıq” hekayəsi nisbətən fərqlənir. “Qar tanrısı”, “Balıq gülüşü”, “Skayp” hekayələri və “Ağ buludlar” romanında yeni üslub yaranır. Mübarizin dili dinamik və temperamenti yüksək bir funksiya sərgiləyir. Oxucunu oyun estetikasının içinə salmaqda, onu danışılan hekayəyə inandırmaqda sehrli, musiqili təsir gücünə malikdir.

    

Image result for balıq gülüşü

 

Hekayələri ortaq nöqtədə birləşdirən məqam zamana olan etirazdır. Necə ki, bədii əsərlər alternativ bir dünya və zaman yaratmaq zərurətindən doğulur. Eləcə də Mübariz Örən hekayələrində qəhrəmanlar əldən çıxan uşaqlıq, gənclik və məsum xatirələrlə çarpışırlar. Kəsəsi, zamanla. Bəzən isə başa gələn acı bir hadisə və qismətə etiraz axına qarşı üzənlərin melodramasını yaradır. “Qar tanrısı” və “Ağ yel” hekayələrinin qəhrəmanları ötüb keçən zamana düşməndir. Niyə? Çünki… Çünki “Qar tanrısı” hekayəsində Yexiya qocalıb əldən düşüb. Xatirələr isə əl çəkmir. Ancaq heç özünə də tam olaraq aydın deyil ki, zirvəni fəth edib, ya yox. Edib. Yexiyanin zirvəsi qadın ürəyidir. İllər əvvəl ona qoşulub qaçan generalın gənc və gözəl arvadı Yesaranın sevgisi Yexiyanın “everest”idir. Əks halda zirvəyə çıxmaq bir işə yaramır. Elbrus zirvəsinə çıxmaq haqqında xəbərlər çardan bəxşiş alan məmurlara lazımdır. Durbini əldən vermirlər. Ona görə ki, heç kim zirvəyə ayaq basmayıb.

     

“Ağ yel”də atalı atasız olan Vaqifin yaddaşında sevdiyi qız və aldığı travmalar qalıb. Lazımsız əşyaların taleyi düşündürür onu. Çünki insan dəyərsizləşəndə və ya ona dəyər verilməyəndə yaxşı və pisin sərhədləri itir. Lazımsız, istifadə müddəti keçən əşyaya çevrilir. Necə ki, ədəbi mühitdə də mətnlər dəyərini almayanda meyarsızlıq yaranır. Bax, elə. Vaqif atalı yetim olmağın nisgilini yaşayır. Qəhər boğazına düyünlənir həmişə. Onun ömrü ağ yellə  sovrulub gedir. Gənclik xatirəyə qovuşur. Zaman və taleyə etiraz etməmək əlində deyil.

          

“Balıq gülüşü” hekayəsi adının əksinə itirilmiş bir vaxtın, günün siestasıdır. “Skayp” “high tech” (yüksək texnologiya) dövrünün insanına daxilə, içə çəkilməyin estetikasını xatırladır. Kökdən, mahiyyətdən uzaqlaşmaq, yadlaşma sindromu bir kəndin içinə yığılır. Makrodan mikroya keçid baş verir. Əslində isə mikro aləm makrodan təsirli və effektivdir. Maraqlı “Skayp” əhvalatı əyləncəli oyun estetikası üzərində qurulub. Eyvaz kişi və İsmayıl (İsti) babanın torpağa bağlılığı dövrün kənd sakinləri üçün maraqlı deyil. Dəyərlərin aşınması Eyvaz kişini əqidəsindən döndərmir. Arzuladığı kimi yaşayır, ölür və dəfn edilir.

                

“Ağ buludlar” romanı kölgə arxetiplərini eramızdan əvvəldən, hətta Habil və Qabil zamanından müasir həyata transformasiya edir. Romanda kölgə arxetipi və onun bədii həlli zamanla diaxron əlaqə yaradır. Kölgə arxetipləri son dövrün iki bədii əsərində öz əksini tapır. Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanlarında. Otto Veyningerin “Cins və xarakter”, Yunqun arxetiplər və Bart, Derrida və Lakanın struktur estetikası ilə bağlı nəzəri görüşləri bu iki romanda əyaniləşir. “Ağ buludlar” Marsel Prustun “Sodom və Homorra”, “Arzulardan sonrakı şəhər” Karlos Fuentesin “Bizim torpaq” romanları ilə mətnlərarası əlaqəyə girir. Mübarizin romanı  fərqli dövrləri bir estetik çərçivədən çıxarır. Genişləndirmə estetikası  əsasında yazılıb. Şərifin romanında montajlama, daraltam estetikası aparıcıdr. Bu mövzu daha geniş və akademik tədqiqatda aydınlaşacaq…

       

“Balıq gülüşü” kitabı itirilmiş zaman və ömürləri mənalandırır. İşıqlı və qaranlıq yönləri, onu addım-addım izləyən sevinc və kədər estetik miqyasda özünü doğruldur. Oxucuya ədəbi əsərin energetikası ötürülür. Moda sənəti fizioloji quruluş və simmetriyanın harmoniyası deyil. İnsanın oxuduğu kitab, izlədiyi film, tamaşa və dinlədiyi musiqidir də. Ruh və cismin uzlaşması ən çox bədii əsərlə, sözlə mümkündür. “Balıq gülüşü” müəllifin ilk kitabı kimi bu missiyanı yerinə yetirə bilir. Maraq doğurur. Forma, struktur estetikası qərb ədəbiyyatında sınaqdan keçirilmişdir. Yeni deyil. Məzmun, ifadə üsulları uğurludur. Gələcək barədə iddialı və ümidvericidir. Azərbaycan ədəbiyyatının estetik xəritəsini genişləndirməyə namizəddir. Mübariz bu məqamda haqlıdır: “Balıq gülüşü” kitabı əldə edilmiş, qazanılmış gün və günləri romantizə edir. Zamanın dəbini tənzimləyən moda və alternativ həyat yaradan ədəbiyyatda itirilmiş gün yoxdur. Qazanılmış və dalğa impulsları ilə efirə yayılan fikir və duyğular var. Ancaq modadan fərqli olaraq ədəbiyyat gündəlik hadisə deyil, daima təzə və zərifdir.

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018