Fahişələrimizi ərəblərə qısqanan “qeyrətlilər”

Könül Cəfərli

 

Sosial şəbəkədə ərəb turistlərin bizim qızlarla intim sövdələşməyinə dair video qarşıma çıxdı. Gözdən iraq, tənha yerdə deyil, çox adamın var-gəl etdiyi mərkəzi küçələrin birində çəkilmişdi. Əvvəl qız ha çalışsa da müştərisini başa sala bilmədi. Sonra kənardan daha 2 fahişə yardıma gəldi, sınıq-sökük ingilis cümlələri ilə bir təhər anlaşma baş tutdu. “Cinsi” alver uzaqdan aydın eşidilirdi. Nə isə, sözüm onların “ticarət”i deyil. Bütün dövrlərdə və cəmiyyətlərdə fahişələr olub, olacaq da.

 

Mənim diqqətimi videonun altında yazılmış rəylər cəlb etdi. Həmvətənlərimiz qızları fahişə olduqlarına görə deyil, məhz ərəblərə “xidmət” göstərdikləri üçün qınayır, söyürdülər. Rəylərdən birini abıra salıb, təqdim edirəm: “Kül başımıza, ərəb gəlib bizim qızlarla min oyundan çıxır. Qeyrətimiz hardadır?”

 

200-dən çox izləyici videoya fikir bildirmişdi. Hamısı da müştərilərin ərəb olmasından hiddətlənirdi. Qəribədir, deyilmi? Bu qızlar onsuz da əxlaqsızlıqla məşğuldur, çörəkləri bədənlərini satmaqla çıxır. Onlar üçün müştərinin kimliyi, milli mənsubiyyəti, şəxsiyyətinin nə önəmi var? Ümumiyyətlə, bunların fahişə üçün əhəmiyyət olmalıdırmı? Bədənini hərraca çıxaran qadına görə pul ödəyən hər kəs onun müştərisidir, istər yerli kişi olsun, istərsə də ərəb. Əməl və nəticə eynidirsə, şəxsin əcnəbi olmağı nəyi dəyişir ki? Guya ki, özünüz pul verib bədənini satın alanda ayıb olmur? Yaxud da “klient”in ərəb olması daha böyük əxlaqsızlıqdır?

 

Yox, cənablar, yanılırsınız. Burada problem və hədəf fahişəlikdir. Fərq etməz, pulu kim ödəyir. Qadın bədənini satışa çıxardığı ilk andan ləyaqətini itirir. Ona görə narahat olmayın, həmin qadınlarda ərəbin kirləndirəcəyi namus onsuz da qalmayıb.  Boş yerə qonaqlara söyməyin, o qızlar gündəlik işini görür, pulunu qazanır, üstəlik turist sizdən çox ödəyir.

 

Yolumun üstündə bir avtobus dayanacağı var. Hava qaralan kimi fahişələrlə dolu olur. Onların əlindən dayanacağa yaxın düşə bilmirik, yan-yörəsi “alver” qaynayır. Özü də qulağımız eşidə-eşidə açıq şəkildə sövdələşirlər. Ərəblərlə yox ha, yerli kişilərlə. “Atamın goru 30 manatdan 1 qəpik də aşağı olmaz”-deyən xalanı artıq üzdən tanıyırıq, gündüzlər də o tərəflərdə fırlanır.

 

Dediyim odur ki, belə namuspərəstsinizsə, heç özünüz də həmin qadınlara yaxın getməyin, o qızların satdığını ərəblərdən əvvəl siz almayın. Necə bir ərəbin yanında görmək qeyrətinizi incidir, özünüz də maşına mindirməyin, namusunuz götürməsin.

 

Həm də fahişəlik təktərəfli fəaliyyət deyil. Çirklənən yalnız  qadınların əxlaqı deyil, siz də bulaşırsınız. Bədəni satın almaq satmaqla bir mahiyyətdədir. Əməl olaraq, hər ikisi eyni günah və əxlaqsızlıqdır. Bunu bizim qızlara nə ərəb etsin, nə də siz!

 

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018
18 May 2018