Xəbərsiz dəfn edilən məşhur azərbaycanlı aktyor - Yüz İlin Məqaləsi

“Mədəniyyətimizin ziyası və ... düşmənləri”

 

Milli teatrımızın ilk peşəkar səhnə ustalarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovun (1865-1918) vəfatı ilə bağlı “Azərbaycan” qəzetinin 100 il bundan əvvəl dərc etdiyi “Bir zıya” adlı məqalə bir çox cəhətdən diqqəti çəkir.

 

Ən əvvəl, qeyd olunmalıdır ki, qəzet qədirbilənliklə 35 il könüllü surətdə səhnə uğrunda hər cür fədakarlıq göstərən Cahangir Zeynalovun xidmətini layiqincə dəyərləndirir və böyük aktyorun ölümündən, onun cəmiyyətdən, mətbuatdan xəbərsiz dəfnindən təəssüflə bəhs edir.

 

Yazıda diqqəti çəkən məqamlardan biri də 1918-ci ilin 31 mart- 3 aprel tarixlərində bolşevik cildinə girmiş silahlı erməni quldur dəstələrinin əliyalın azərbaycanlılara qarşı törətdiyi qətliamdan sonra çox sayda dinc əhalinin, o cümlədən 53 yaşlı Cahangir Zeynalovun qırğından xilas olmaq üçün İrana keçmək məcburiyyətində qalması faktının yazıda əksini tapmasıdır.

 

Yeri gəlmişkən, qeyd olunmalıdır ki, bu problem- erməni vəhşilyindən, qırğınından qurtarmaq üçün azərbaycanlıların, o cümlədən tanınmış ədəbiyyat, mədəniyyət xadimlərinin Bakını tərk edərək İranda müvəqqəti sığınacaq tapması mövzusu mütəxəssislər tərəfindən dərindən və hərtərəfli araşdırılmalı və ermənilərin törətdiyi cinayətlərin ağır nəticələrindən biri kimi qiymətləndirilməlidir. Bu baxımdan oxucuların diqqətinə təqdim etdiyimiz “Bir ziya” adlı məqalə dövrün olaylarını əks etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Mehdi Gəncəli,

dos.dr. Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini

Abid Tahirli

filologiya elmləri doktoru

 

Bir ziya

 

Bu günlərdə kimsə xəbərini bilmədən, otuz beş ildən bəri Bakü Türk və müsəlman səhnəsində bitəmənna, könüllü surətdə çalışaraq, bu uğurda hər şeydən keçən aktyorlarımızdan Kərbəlayi Cahangir Zeynalov vəfat etmişdir. Kərbəlayi Cahangiri Baküdə tanımayan bir kəs yoxdur. 18 (31) mart hadisəyi-müəssifəsindən sonra başqa türk və müsəlmanlar kimi İrana fərar etmiş, altı ay bir müddət orada yaşamışdır. Son günlərdə İrandan öz yurduna avdət etmiş, xəstələnərək vəfat eyləmişdir.

 

Ölüm haqdır. Kimsə bunun əlindən təxlisi-giriban edəməyəcəkdir. Kərbəlayi Cahangirin bu surətlə vəfat edərək çalışdığı maarif və xeyriyyə cəmiyyətləri üzvlərinin və aktyor arkadaşlarının və mətbuat xadimlərinin xəbəri olmadan dəfn edilməsi təəssüf ediləcək, bəlkə əfv edilməyəcək birhaldır.

 

Image result for Cahangir Zeynalov

 

Zəmanəmiz o qədər keşməkeşli bir hal almışdır ki, kimsə öz yaxın tanışlarından belə olsun, vaxtlı vaxtında xəbər tutamıyor. Kərbəlayi Cahangirin vəfatı və dəfni də bu qəbil olmuşdur. Lakin onun qohum-əqrəbası, vəfatı xəbərini qazətə elanları ilə xəbər verə bilərdilər ki, bizim şəhərimizn adətidir. Nasılsa burasına etina edilməmişdir.

 

Kərbəlayi Cahangir, otuz beş sənə bir zamandır ki, səhnə və tiyatro işlərində çalışıyor ve öhdəsinə götürdüyü müdhik rolları layiqincə ifa ediyordu. Hacı Qara və Hacı Qəmbər komediyalarının qəhrəmanları dərxatir edilirkən ixtiyarsız olaraq insanın nəzərində Kərbəlayi Cahangir təcəlli ediyor. Son on ildə faciələrdə də iştirak edib, birinci dərəcə baş rollar oynayırdı. Hər nə qədər yaşı altmış beşi təcavüz etmişdisə də, ruhu cavan idi. Vaxtiylə Baküdə təşkil edilmiş “Nicat”, “Səfa” ve “Nəşri- maarif” kimi cəmiyyətlərdə idarə üzvü sifətiylə çalışmışdır.

 

Kərbəlayi Cahangir, yanılmıyorsam, Azərbaycan səhnəsində ən ixtiyar aktyor idi.

 

Tanrının rəhmətində olsun.

 

“Azərbaycan” qəzeti, № 24,

28 təşrini-əvvəl ( oktyabr 1918).

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018