Məşhur şairin qızının şeirləri: Torpaq, cücərt atamı

Kulis.az tanınmış şair Fikrət Sadığın qızı Aysel Fikrətin şeirlərini təqdim edir. 

 

Bənövşə

 

Sən gözünü, yum Bənövşə,

Donsan da, xəbərin olmaz.

Ömür keçir boş Bənövşə,

Solsan da, xəbərin olmaz.

 

Demə ki, bağlanma mənə,

Yazığam, ağlama belə.

Mənə bel bağlama hələ,

Sevsəm də, xəbərin olmaz.

 

Keçəcək, bu da keçəcək,

Uçacaq, ruhum uçacaq.

Dönüb, səndən də qaçacaq,

Bitsəm də, xəbərin olmaz.

 

Yum gözünü, sığın mənə,

Səhərə, xeyli var hələ.

Danışıram ürəyimdə,

Dinsəm də, xəbərin olmaz.

 

Sən də məni çox sevirsən,

Yuxuda da bax, gülürsən.

Mənim sonuncu dərdimsən,

Çəksəm də, xəbərin olmaz.

 

Qar altında istim mənim,

Ocağımda, tüstüm mənim.

Ürəyimdə, yanğın yeli,

Yansam da xəbərin olmaz.

 

Bürünmüsən xəyallara,

Ayin üzü səndən yana.

Al qırmızıdı yanaqlar,

Öpsəm də, xəbərin olmaz.

 

Sən gözünü yum Bənövşə,

Donsan da, xəbərin olmaz.

Ömür keçir boş, Bənövşə,

Solsan da, xəbərin olmaz.

 

Yuxu getmir gözümə,

Sən gözümdən düşəndən.

İllər durub gözümə, 

Sən gözümdən düşəndən.

 

Tüm doğrular yalandı,

Kəpənəklər ilandı.

Bütün dünya qaranlıq,

Sən gözümdən düşəndən.

 

Nə insanam nə də gül,

Son gülən, yaxşı gülür.

Bütün insanlıq ölür,

Sən gözümdən düşəndən.

 

Axtarıram hər yanı,

Hanı deyirəm hanı,

Dolabları cantamı.

Sən gözümdən düşəndən.

Sən gözümdən düşəndən.

 

Atam Fikrət Sadığa

 

Torpaq, cücərt atamı,

Gül qoxulu, çiçək et.

Torpaq, cücərt atamı,

Qol-budaqlı ağac et.

 

Hər budağı əfsanə,

Sığışmaz yerə-göyə.

Torpaq, cücərt atamı,

Yenə cücərt sevginlə.

 

Bir budağında bitir,

Onun həzin gülüşün.

Bir budağında yetir,

Məsum, asta yerişin.

 

Sən görmürsənmi məgər?

Necə həsrət çəkirəm.

Hər gün kor səhralarda,

Ayrılıqlar biçirəm.

 

Yabanı otlar kimi,

Bürüyüb hər tərəfi.

Yığ ayağım altından,

Yox et otu-ələfi.

 

Hər tərəf ayrılıqdır,

Torpaq, daha insaf et.

Bir dəfə də, bir iş gör

Torpaq, cücərt atamı,

          

Dua

 

Bilmirəm günahı nə idi ömrün,

Yazıldı, pozuldu, duası ömrün.

Göylərin ümidi, öz yerindədi,

Yerlərdə bitmədi, davası ömrün.

 

Bilmirəm günahı nə idi axı,

Ruhu öz canında, yaman darıxır.

Sanma yer möhkəmdi, o da dayaqdı?

Son günü torpaqdı, alası ömrün.

 

İpdən aslı qalıb, teldən üzülüb,

Bir yağışa dönüb, göydən üzülüb,

Əlləri dünyadan, çoxdan üzülüb,

Öz külündə yanıb, sönəsi ömrün.

 

Sevgisinə söyür, qəminə deyir,

Özü öz içində, özünü yeyir.

Ta onunçun birdi deyən, nə deyər,

Sağına-soluna, çapası ömrün.

 

Olmazla barışıb, dərdlə barışıb,

Sanma bu dünyaya, dolub qarışıb.

Guya ki, get-gedə dərdə alışıb,

Göz dağı, üzünün qarası ömrün.

 

Uzaqlar ola

 

Elə uzaqlar ola,

Məcbur olaq getməyə.

Elə doğmalar ola,

Bizi çəkən geriyə.

 

Elə sevələr bizi,

Biz onlara yol olaq.

Kiminə, itki olub,

Kiminəsə tapılaq.

 

Həyatın nəğməsini,

Zümzüməsi, oxunsun.

Çağa, körpə, cavan, qoca,

İlmə kimi toxunsun.

 

Səni belə tanıyıb,

Səni belə, sevməyim.

Dərdini kərpic kimi,

Ruhuma yük etməyim.

 

Sənin də gözlərində,

Dəniz olmasın, yaşlar.

Ürəyində, mən adla,

Başlamasın savaşlar.

 

Gözlərinə həsrəti,

Bildirməyim, heç sənə.

Belə məğlub olmayım,

Dərd, sevinməsin mənə.

 

Bir-birinin canında,

İynə kimi itməyək.

Bir-birinin yolunda,

Tikan olub, bitməyək.

 

Ömürlük həsrət qalıb,

Doğma, isti baxışa.

Ömrü başa vurmayaq,

Bu qədər əldən düşüb,

Bu qədər, yorulmayaq.

 

Gözlər, süzməsin bizi,

Bu odu filankəsdi.

O, tapıb itirilən,

O, sevilməyən kəsdi.

 

Elə uzaqlar ola,

Məcbur olaq getməyə.

Elə doğmalar ola,

Bizi çəkən geriyə.

 

O həsrətlər

 

Yoxdur daha o həsrətlər,

Həsrətin də, dəbi gedib.

Yoxdur daha, o sevgilər,

Sevgi qara tikan bitib.

 

Deyəsən, bu zalım dünya,

Tək mənə, bata bilməyib.

Yenə xəyallarım oyaq,

Gecəni yata bilməyib.

 

Tanrım daha yorulmuşam.

Mən də hamıdan biriyəm.

Bunca ildir yaşayıram,

Deyirsən, yəni diriyəm?

 

Dünyanın, dərdi tükənmir,

Hamısı da bizə gəlib.

Daha su dənizi aşıb,

Bıçaq sümüyə dirənib.

 

Yorulsam da usanmıram,

Doğru sözə nə deyəsən.

Bu boyda dünya, bir yana

Mən bir yanayam deyəsən.

 

Ümid

 

Soyuq evimizdə qırıq soba tək,

Sıxılıb bir küncə, donur ümidim.

Nə gecədən küsür, nə də səhərdən,

Hər gün zərrə-zərrə, olur ümidim.

 

Olur gözlərinin yumuqluğunda,

Olur həsrətlərdə, olur ahlarda.

Göydə Allahından, yerdə bəndədən,

Yavaş-yavaş yanıb, sönür ümidim.

 

Nə ardımca düşür, nə qarşılayır,

Yolum sevgiyədi, ya ölümədi.

Elə uzaqlardan, tamaşa edir,

Heç yaxına gəlmir, donur ümidim.

 

Elə ki, gözümdə, qığılcım görür,

Baxır gözlərimə, şaqqanaq çəkir.

Sonra üz-gözünü, turşudub mənə,

Dünyanı başıma, döyür ümidim.

 

Deyəsən sonudu, boş xəyalların,

Elə sayıqladım, elə ağladım.

Bir dəli ümidin, əsiri oldum,

Bir sonsuz nağıla, belmi bağladım?

 

Daha bundan sonra, təkəm özüməm,

Bir saman çöpünə, dönür ümidim.

Soyuq evimizdə, qırıq soba tək,

Sıxılıb bir küncə, donur ümidim.

Nə gecədən küsür, nə də səhərdən,

Hər gün zərrə-zərrə olur ümidim.

 

Barışdım özüm özümlə

 

Barışdım özüm-özümlə,

Çox yaxşı, adam imiş.

Keçdi bunca, dərdi mənə,

Gülümsədi barışdıq,

Elə dedim bağışla.

 

Möhtac edib sözlərə,

Dərdlərə, fikirlərə.

Bağlamışam üzünü,

Kilidləyib getmişəm,

Gəl kilidə bağışla.

 

Səni çox itirmişəm,

Səni özgə, bilmişəm.

Utanmısan, min kərə,

Arsız-arsız gülmüşəm,

Gülüşümə bağışla.

 

Canında mənim kimi,

Ağır dərd, daşımısan.

Heç bilmirəm, sən harda,

Kiminçün, yaşamısan,

Gəl dərdimə bağışla.

 

Yanındakı kim olub,

Ürəyindəki, bəs kim.

Bu qədər il, dözmüsən,

Bu qədər, dözməz heç kim,

Gəl o kimə bağışla.

 

Bir nakəsi sevmişəm,

Alıb oyuncağını.

Ta körpəlik yaşından,

Sənə qüssə vermişəm.

Adını, sevgi qoyub,

Gəl sevgimə bağışla.

 

Sənə göstərməmişəm,

Dünyanın gözəlliyin.

Gözlərində qoymuşam,

Bütün arzularını,

Gəl arzuma bağışla.

 

Əlacın olsa məni,

Bir anda atıb gedib,

Basqa bir can tapardın,

Gəl sən canın, bağışla,

Gəl canıma bağışla.

 

Sevgi deyil

 

Bir cüt bulud ağlayır,

Hər yan duman, sevgi deyil?

Canında ağrıdı gəzən,

Dərddi güman, sevgi deyil.

 

Bürüyüb aləmi ahın,

Göylərə, çatıb fəryadın.

Daha getmir, ayaqların,

Ona yetmir, sevgi deyil?

 

Özgələri, gəlir qonaq,

Yeni sınaq, yeni qınaq,

Pəncərəndə yaşıl qovaq,

Boynun büküb, sevgi deyil?

 

Tanrı özün yetir mənə,

Yolda dəyişmə, min kərə.

Möhtac etmə, özgələrə,

Hər aşiq də sevgi deyil.

 

Nədir məni, belə üzən,

Dərdi, muncuq kimi düzən.

Rəqqas kimi, yalan süzən,

Ayrılıqmış, sevgi deyil?

 

Uğuldayır son sözləri,

Getdiyindən, üzü bəri.

Təkcə onu səsləməyim,

Kor dalandı, sevgi deyil.

 

Bundan sonrası, qocalıq,

Harda qırıldıq, qırıldıq.

Bütün bir ömrü uduzduq,

Gəl inanma, sevgi deyil?

Gəl inanma, sevgi deyil!

 

LENT

17 İyul 2018
16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018