Uşaqları ciddiyə almayan kino məmurları – Sevda Sultanova yazır

Sıravi azərbaycanlıya “Hansı uşaq filmlərimizi xatırlayırsız?” sualını versələr, ilk sırada “Sehirli xalat”, “Bir qalanın sirri”, ”Şir evdən getdi”, “Şərikli çörək”, “Asif, Vasif, Ağasif” yer alacaq… Altıncı filmin adını isə çəkməkdə çətinlik çəkəcək güman ki. 

 

Çünki uşaq kinosu ənənəsindən danışmaq üçün təəssüf ki, yetərli əsasımız yoxdur. Bizdə uşaq kinosuna ögey münasibət, ailələrdə adətən uşağı şəxsiyyət kimi ciddiyə almamaqla müqayisə oluna bilər.   

 

 

Hər halda kino yaranandan pis-yaxşı uşaq filmləri çəkilib. Amma həmin ekran əsərləri nə qədər keyfiyyətlidir, indiki halda aktuallığını saxlayırmı, əsas məsələ budur.

 

Sovet dönəmində çəkilən uşaq filmlərinin çoxu populyar ola bilmədi…

 

İlk uşaq filmlərimizdən biri - Qəmər Salamzadə və Aleksandr Popovun 1937-ci ildə çəkdiyi "Dəcəl dəstə" komediyasıdır. Hadisələr Bakının beynəlmiləl orta məktəblərindən birində baş verir, film ideal sovet məktəblisi modelini təbliğ edir: şagirdlərin hamısı birmənalı şəkildə zəhmətsevər, əlaçı, nümunəvi insan olmalıdırlar. Filmin vizual nəqli , vəziyyətlərin təsvir həlli primitivdir, hadisələrin gedişatında istifadə olunan fəndlər klişedir.

 

 

Yaxud 1982-ci ildə lentə alınan “Qaladan tapılan mücrü” filmi… Əsərin müəllifi Gülbəniz Əzimzadə uşaq mövzusuna daha çox müraciət edən rejissorlardan biriydi. Onun uşaq filmləri yalnız televiziyada müntəzəm nümayiş olunmadığına görə tanınmadı.  Sadəcə, filmlər yaddaşda qala bilmir. Çünki “Qaladan tapılan mücrü”də (əhvalatda iki məktəbli cinayətkarların tapılmasında milis əməkdaşlarına kömək edir) uşaq xarakterləri detektiv süjetin içində itir-batır. Üstəlik, süjetin özü detektiv janrının tələblərinə tam cavab vermir. 

 

Və ya Rüfət Şabanovun 1983-cü ildə çəkdiyi “Gəmi saatının sirri” filmi. Əsas mövzu - ailədəki münasibətlər, böyüklərin dünyası ilə uşaqların dünyasının toqquşması, dostluq, inam, qarşılıqlı anlaşma və sairdir. Filmin qəhrəmanı on yaşlı Əli valideynlərinin boşanması ilə barışa bilmir. O, əmisini tapmaq üçün valideynlərindən xəbərsiz Ukraynaya gedir. Əlinin bir xarakter kimi şişirdilməsi (həddindən artıq özünə əminlik, yad mühitdə özünü lider kimi aparması, soyuqqanlılıq) falş təsiri bağışlayır, ekranda gördüklərimizin səmimiyyətinə inandıra bilmir. İnandıra bilmir ona görə ki, müəllif obrazının davranışını, konkret situasiyaları əsaslandırmır, vacib psixoloji vurğuları önə çıxarmır…

 

 

Örnək göstərdiyim son iki filmdə sırf olaraq uşaq dünyası araşdırılmır, anladılmır, onlar bir şəkildə böyüklərin dünyasına, problemlərinə tabe etdirilir və açıq tekstlə diktə olunur: nümunəvi olmalısız və böyüklərin müəyyənləşdirdiyi qəlibdən kənara çıxmaq qadağandır!

 

Başqa bir tərəfdən rejissorun özünün də aydın konsepsiyası olmalıdır ki, o, nə çəkmək istəyir: uşaq dünyasınımı, onların qayğılarını, sevincini, arzularını, qorxularınımı? Yoxsa böyüklərin konfliktlərini, dövrün ziddiyyətlərini göstərmək üçün uşaq obrazını sadəcə bir vasitə tək istifadə əsas məqsəddir? 

 

Çünki uşaq filmləri daha rahat qavranılmalı, dinamik olmalı, ağır süjetlər olmamalı, onların kövrək psixikasında travmatik izlər buraxmamalıdır.

 

 

Misalçün “Buratinonun macəraları” nə qədər uşaq filmidirsə, Tarkovskinin on iki yaşlı qəhrəmanının əhvalatını anladan  “İvanın uşaqlığı” bir o qədər uşaq filmi olmaqdan uzaqdır.  

 

Yaxud Mikayl Mikaylovun “Lətif”, Şamil Mahmudbəyovla Həsənağa Turabovun “Tənha narın nağılı” da qəhrəmanlarının uşaq olmasına rəğmən uşaq filmi deyil.

 

Çünki Mikayıl Mikayılovun 1930-cu ildə ekranlaşdırdığı, “Lətif” filmində əsas xətt 1920-30-cu illərdə kəndlərdəki kolxoz quruculuğudur, yeniləşmədir. Filmin mərkəzində dayanan yeddi yaşlı Lətifin taleyi isə kollektivləşmə ilə özəl sahibkarlığın sərt toqquşduğu dövrdəki konfliktləri daha aydın, təsirli göstərir. Başqa cür ifadə etsək, bir çox situasiyalarda o, dövrün mühitini anlatmaqdan ötrü daha çox vasitədir, nəinki bütöv bir əsərin qəhrəmanı.

 

 

Rejissor mürəkkəb keçid dövründə köməksiz uşağın qarşılaşdığı yeniliklərə, istismarına reaksiyasını, psixoloji nüansları ustaca təsvir etməklə dövrün fonunu, ictimai–sosial mühitini dəqiq əks etdirir. 

 

“Tənha narın nağılı”nda isə uşaq müşahidəçidir. Biz onun dünyasından böyüklərin necə göründüyünü seyr edirik...

 

...Azərbaycan müstəqillik illərində isə uşaq kinosu tamamən unuduldu. Hərçənd, qəhrəmanları uşaq olan bir neçə film çəkildi. Amma çəkilən ekran əsərləri sırf uşaq filmləridirmi və hansı yaş kateqoriyası üçün nəzərdə tutulub? Dəqiq cavabı yoxdur.

 

Rüfət Əsədovun 2004-cü ildə çəkdiyi “Arxada qalmış gələcək” filmində qaçqın düşərgəsində yaşayan balaca Səməd 1990-cı illərin müharibə bölgəsinə düşür. Burdakı hadisələrin şahidi olur. Filmdə əsas fokus uşaq yox, Qarabağ müharibəsidir.

 

İlqar Nəcəfin 2011-ci ildə çəkdiyi “Buta”nın da qəhrəmanları uşaqlardır. Kənddə nənəsi ilə yaşayan Buta ağlı, düşüncəsiylə başqa uşaqlardan seçilir, bu cəhətlərinə görə o, yaşıdları onu qəbul etmək istəmir.

 

Ancaq Butanın fəlsəfi tənhalığı, qocayla dialoqları, ləng, astagəl temp, pritça elementlərinin yer aldığı film geniş uşaq auditoriyası üçün nə qədər keçərlidir?

 

 

Müstəqillik dövründə Mədəniyyət Nazirliyinin sifarişi ilə, sırf uşaq auditoriyasına hesablanan vur-tut bir film ekranlaşdırılıb. Söhbət 2015-ci ildə ekranlara çıxan, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmindən gedir.

 

Film məktəb həyatını, şagirdlərin münasibətini anladır. Müəlliflər uşaqların iç dünyasına daxil olub, onlara onların şəxsiyyət kimi yanaşıblar. Filmin təsviri uğurlu həll olunub, kamera bizi uşaqların dünyası ilə axıcı bir yumşaqlıqla tanış edir.

 

Balaca aktyorlar da öz obrazlarının xarakterinə, təbiətinə, davranışına inandıra bildilər.

 

Düzdür, lüzumsuz didaktika, ritorik baba obrazı filmə yoruculuq və ağırlıq gətirir, bəzi dialoqlar danışıq dilinə uyğun deyil. Bununla belə qüsurlar “Dərs”in uğuruna kölgə salmır.

 

Kədərli odur ki, keçən illər ərzində Mədəniyyət Nazirliyi kino sahəsində uğursuz layihələrə pullar xərclədi, rəflərdə tozlanan filmlər çəkildi. Amma əvəzinə heç olmasa, “Dərs” kimi bir neçə yaxşı uşaq filmi çəkilə bilərdi. Üstəlik, “Azərbaycanfilm” kinostudiyasının nəzdində uşaq filmləri istehsal edən studiya yaradıla, ümumən çox iş görülə bilərdi.

 

Uşaq kinosunun gözardı edilməsi, gələcəyə mənəvi kapital qoyulmaması kino sahəsinə məsul olan məmurların uşaqları (oxu: gələcəyimizi) şəxsiyyət kimi ciddiyə almamasının göstəricisidir.

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018