Kişilər qadınlardan niyə baş aça bilmir?

Murad Köhnəqala “Sirli zərif cinslər” yazısını təqdim edir.

 

Qadınlar haqda deyilən fikirlər, yazılan kitablar, çəkilən rəsmlər, filmlər bitib tükənmir. Adətən, qadınları anlamağa çalışan kişilərin cəhdi fiaskoya uğrayır. Niyə, bilirsinizmi? Çünki kişilərə görə qadınlar dayaz varlıqlardı, odur ki, hər şeyi öz ağılları ilə üzdən anlamağa çalışırlar. Halbuki, qadın sirrini hərəkətə gətirən enerji mənbəyi çox dərindədi.

 

Bir qadında aşkarlanan xarakteri başqa bir qadına şamil etmək düzgün deyil. Çünki hər qadının illüziya yaratmaq, sirr qondarmaq məharəti başqadı, unikaldı. Kişilərdə qadının daxili aləmini vərəqləmək, oradakı rəngli sirlərə vaqif olma istəyi başadüşüləndi. Ancaq bu zərif cinsin icad elədiyi illüziyalara uymayan, onun arzu və istəklərini dərindən anlaya bilən bir kişiyə rast gəlinibmi, görəsən? 

 

Metafizik-kimyəvi reaksiyalarla hər dəm sirr yaratmağı bacaran qadının bir sirrini aşkar edən kişi dərhal növbəti sirr pərdəsi ilə üzləşir. Görünən bu ki, qadın gizlinləri və istəkləri sonsuz sayda qat-qat düzülmüş rəngarəng pərdələr arxasında gizlənir. İstənilən anda daha yeni və daha gözəl formada peyda olan bu sirr pərdələri insan təxəyyülü qədər tükənməz və sonsuzdu.

 

Milyon illərin təkamülü nəticəsində həyat şəraitindən və növündən asılı olaraq təbiətdəki canlılarda cütlüyün dünyaya gətirdiyi balaya münasibəti də müxtəlif cür formalaşıb. Elə canlılar var, dünyaya gətirdikləri balaları axıra qədər birgə bəsləyib böyüdürlər. Eləsi var, erkək partnyor balalayan dişinin müdafiəsində, doğulan yavruların yemlənməsində və böyüməsində heç bir məsuliyyət daşımır. Buna misal olaraq pişiklərin həyatı gözümüzün qabağındadır. Bu cür həyat tərzi, demək olar, bütün ev heyvanlarında da hökm sürür. İtlərdə, inəklərdə, qoyunlarda, keçilərdə, donuzlarda, atlarda, eşşəklərdə də belədi. Ata özünü unutqan, məsuliyyətsiz aparsa da ana balalarını ərsəyə çatdırmamış onları öz yanından aralamır. Lakin, dünyaya gətirdiyi balaların sonrakı həyatı üçün tamam məsuliyyət daşımayan canlı növləri də mövcuddur. Buraya həşəratların, balıqların həyatını aid etmək olar.

 

İnsanda isə birinci növdə, dediyimiz kimi, dünyaya gələn çocuq üçün hər iki tərəf məsuliyyət daşıyır. Lakin sonsuz sayda həyat nümunələri göstərir ki, bu cütlükdə dünyaya gələn balaya dişi tayı erkək tayından daha çox canıyananlıq edir. Bu, çox əhəmiyyətli məqamdır. Adətən, vəhşi təbiətdə yaşayan, məsələn, fil, canavar, şir, pələng kimi heyvanların ailəsində erkəklər dişilərlə birgə yaşayaraq doğulan balaları böyütməkdə analara arxa olurlar. Çünki təbiətin sərt şərtləri altında ana təkbaşına bala böyüdüb nəsil artıra bilmir. Eynilə, insan həyatı da belədir. Ona görə ailədə, ən azı balalar böyüyüb ərsəyə çatana kimi cütlüklərin birgə yaşaması şərt kimi qəbul olunur. Çünki insan cəmiyyəti də canavarın yaşadığı təbiət kimi amansız və sərtdir. Lakin getdikcə sivilləşən dünya bu şərtin aradan qalxmasına da səbəb olur. Bütün problemlərə baxmayaraq ən çətin məqamlarda övladları axıra qədər sinəsinə çəkən zərif cins adlandırdığımız ana tərəf olur. Fikrimcə, insan növünün doğulub yaşamasında, yəni bəşəriyyətin Yer kürəsindən tükənməməsində qadınlar daha çox fədakarlıq göstərirlər.

 

Bütün bu xroniki xüsusiyyətlərə görə heç vaxt kişilər, yəni erkəklər qadınların, yəni dişilərin duyğusunu sona qədər anlaya bilməyəcəklər. Lakin qadının həmişə gözəl və zərif görünmək kimi heç vaxt tükənməyən bir arzusu da var. Sən əgər rəssamsansa onu gözəl çəkməli, şairsənsə onun vəsfinə zərif sözlərlə naxış vurmalı, aşiqsənsə  könlünü duymağa çalışmalı, həyat yoldaşısansa onun bütün məğrurluqlarını təmin etməyə can atmalısan.

 

Onu da bil ki, söhbətin bir məqamında qarşındakı qadın özünü eşitməməzliyə vuraraq “necə-necə?” deyə soruşarsa, demək, sənə onun haqda düşündüyün səhvini düzəltməyə yenidən şans verir.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018