Hacıbaba Bağırovun həyat yoldaşı: “Mən heç kəsin ailəsini dağıtmamışam” - MÜSAHİBƏ

Kulis.az Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu xanımla müsahibəni təqdim edir.

 

- Arzu xanım, necəsiniz?

 

- Şükür, yaxşıyam. Mən hər şeydən razıyam. Düşünürəm ki, insanın bu gün yaxşı, pis və ya çətin günüdürsə, demək ki, belə yazılıb. Hər gününə şükür edən insanam.

 

- 11 ildir ki, həyatınızda Hacıbaba müəllim yoxdu...

 

- 12 - ci ilə keçir. Hər şey var, amma bircə Hacı yoxdu. Dəyişən sadəcə budur. Deyə bilmərəm ki, hər şey yağ kimi gedir. Bu yalan olar. Amma birtəhər idarə etməyə çalışıram.

 

- Hacıbaba müəllimin adını yaşatmaq üçün nazirliyə və ya teatra hansısa layihələr təklif etmisinizmi?

 

- Hacı sıradan biri olsaydı və mən onun adını reklam etmək istəsəydim, onda bunlara əl atardım.Hacı Azərbaycan incəsənətində öz sözünü demiş bir insandı. Yəni, bu gün istənilən bir şəxsə sual versən ki, Azərbaycan teatrında ən tanınmış aktyor kimdir, hər kəs üç dahi şəxsiyyətin adını qeyd edəcək: Nəsibə Zeynalova, Siyavuş Aslan və Hacıbaba Bağırov.

 

Düşünürəm ki, kiminsə adına mükafat və ya nələrsə təsis edilməlidirsə, bunu Mədəniyyət Nazirliyi düşünməlidir. Mən heç nə təklif etməmişəm. Ən böyük arzum odur ki, Hacının adına hansısa küçə olsun. Bu günə qədər yaşadığı binaya barelyefi də vurulmayıb. Gözləyirəm ki, bəlkə kiminsə yadına düşər.

 

Hacı sağlığında dövlət mükafatlarının hamısına layiq görülüb. Hacıya hansısa mükafat verilməyib deyə bilmərəm. Əməkdar artist, xalq artisti, "Şöhrət" ordeni - bütün bunları ulu öndərin imzası ilə alıb. Teatr direktoru idi, bədii rəhbər idi. Bir aktyora, rəhbərə necə diqqət lazım idisə, biz o diqqətin hamısını görmüşük. Bir insan illərlə əziyyət çəkir, ev alır. Amma dövlət bizə iki dəfə ev hədiyyə etdi. Biz heç vaxt diqqətdən kənarda qalmamaışıq. Hacı prezident təqaüdü alırdı. Və bu diqqət təkcə bizə deyildi. Digər sənətkarlara qarşı da hər zaman layiqli diqqət olub.

 

Bu gün heç bir aktyor deyə bilməz ki, mən dövlətin diqqətindən kənardayam, unudulmuşam. Prezident hamısına prezident mükafatı, təqaüdü verir, evlə təmin edir. Hacı həmişə bir söz deyirdi: "Sənətin varsa, səni dənizə atsalar da dalğa vurub çıxardacaq".

 

Bircə Hacı üçün balaca ev muzeyi etmək istəyirəm. Harda, necə demiyəcəm. İnşallah, çalışacam ki, edim.

 

- Arzu xanım, "Hicran" tamaşasının məşhur üçlüyü ömürlərinin son gününə kimi bir -birlərindən küsülü idilər. Hacıbaba müəllim tərəfindən barışıq cəhdləri oldumu?

 

- Hacı onlarla düşmən olmayıb. İllərlə onlarla çörək kəsib, bir səhnəni bölüşüblər. Hacı dünyasını dəyişəndə Siyavuş müəllim sağ idi və çox gözəl münasibətləri var idi. Tez-tez bir -birləri ilə telefonda danışırdılar. Hamı bilir ki, Hacı kinli deyildi. Aralarında inciklik ola bilərdi. O da nə Hacıdan, nə Siyavuş müəllimdən, nə də Nəsibə xanımdan irəli gəlib. Bu teatr problemləri ilə bağlı olub. Özlərinin şəxsi problemleri ilə bağlı olub. O müddətdə mən teatrda olmamışam. Ona görə bu haqda heç nə deyə bilmərəm. Amma Hacının sözlərindən deyə bilərəm ki, o zaman da teatrdan çox adamlar getmişdi. Hətta Hacı teatra qayıdanda teatrdan küsüb gedən bir çox insanları yenidən teatra dəvət elədi. Hacının həyat yoldaşı olsam da, boynuma bu böyük yükü götürüb dahi sənətkarlar haqqında danışmaq istəmərəm. Mən onlar haqqında hər zaman yaxşı söz deyə bilərəm.

 

 

- Sizin Hacıbaba müəllimlə ailə qurmağınız uzun zaman insanlar arasında müzakirə mövzusu oldu.

 

- Sənətkarın şəxsi həyatı bizim heç birimizə aid olmamalıdı. İnsanlar sənətkarı öz sənəti ilə tanımalıdı. Hacıbabanın gənc bir xanımla ailə qurması heç kimin müzakirə obyekti olmamalı idi. Bu bizim şəxsi işimizdi. Necə ki, mən kiminsə ailəsi haqqında danışmağı özümə ayıb bilərəm. Azərbaycan qanunları var. Və bu qanunda 18 yaşına çatan hər bir vətəndaş öz qərarını sərbəst, azad şəkildə verə bilər.

 

Şükürlər olsun ki, Hacı xoşbəxt olub. Hətta deyərdim ki, öz yaşıdları ilə həyat quran insanlardan da qat-qat xoşbəxt olub. Mən heç kimin ailəsini dağıtmamışam. Məndən neçə il öncə Hacı rəsmi olaraq ailəsindən ayrılmışdı. Mən subay bir insanla ailə həyatı qurmuşam. Hacı o qədər ailəcanlı idi ki... İkinci belə bir insan həyatda ola bilməz. Bizdə hər bir şey qarşılıqlı idi. Diqqət də, sevgi də...

 

Azərbaycan incəsənət aləmində Hacıdan öncə də məşhur kişilər özlərindən kiçik yaşda xanımlarla ailə qurmuşdular. Amma heç kim onlar haqqında yox, məhz bizim haqqımızda danışdılar və indi də danışırlar.

 

Biz uzun müddət birgə yaşadığımızı gizlədirdik. Hacı ilə ilk dəfə dini nikah bağladıq. Mənim və Hacı üçün önəmli olan imam nikahı idi. Biz rəsmi dövlət nigahına insanlara görə girdik. Mənə rəsmiyyət lazım deyildi. Mən Allahımın qarşısında düzgün idim, halalzadə övlad dünyaya gətirmişəm. Mənim üçün o önəmli idi. Mənim və Hacı üçün rəsmi nikah heç zaman önəmli olmayıb. Və biz rəsmi nikaha ona görə girdik ki, sabah heç kim deməsin ki, Hacıbaba cavan bir qızla görüşür.

 

Amma indi artıq insanların nə deyəcəyi, düşünəcəyi mənim üçün maraqlı deyil. Həyatımda kimisə düşünərək etdiyim hərəkətlərə görə çox peşimanam. Həyat insana bir dəfə verilir və onu istədiyin kimi yaşamalısan.

 

- Səhv etmirəmsə, Hacıbaba müəllimin rəhbərliyi dövründə teatrda işləyirdiniz. İndi necə, teatrda çalışırsınızmı, sizə qarşı münasibət necədi teatrda?

 

- Teatr təmirə dayananda işləmədim. Amma hazırda işləyirəm. Əliqismət müəllim hər zaman bizə diqqət göstərir. Premyeralara dəvət edir, qızım Şöləyə xüsusi qayğı göstərir. Hacıbaba müəllimin doğum günündə Şölənin teatrda şərgisi keçirildi və sərginin bütün problemlərinə Əliqismət müəllim özü nəzarət edirdi.

 

Bu sərginin keçirilməsini istəmirdim. Bilirsiniz, tək qadın olmaq və bütün problemlərlə tək məşğul olmaq çətindi. 11 ildir ki, artıq bütün problemlərlə tək məşğul oluram. Qadınlar zərif, incə məxluqdur. Təbii ki, bunca illər bütün bunlar məni də yorub. Əliqismət müəllim bizim ailəmizin bir üzvüdür. Təklifi də o özü verdi. Şölənin gözəl rəsmlər çəkdiyini bilirdi. Hətta bu yaxınlarda Şölənin səhhətində kiçik bir problem yarandı. Yanımıza birnci gələn insan məhz Əliqismət müəllim oldu, bizə əlindən gələcək hər bir köməkliyi təklif etdi.

 

Əliqismət müəllimdən öncəki rəhbərlikdə bizə qarşı belə münasibət yox idi. Sizə deyim ki, teatrın kollektivi də bizə qarşı çox diqqətlidi. Hacı ilə birgə olduğumuz zaman kollektivin hər bir üzvünün hörmətini ayrı -ayrılıqda saxlamışam. Elə bir insan ola bilməz desin ki, mən Arzudan incimişəm və ya Arzu mənə diqqət göstərməyib. Teatr rəhbərinin xanımı kimi bütün işçilərin problemləri ilə maraqlanmışam, hamısı ilə yaxın olmağa çalışmışam. Bu gün də onlar mənim zamanın da onlara göstərdiyim diqqəti qaytarırlar.

 

- Arzu xanım, Hacıbaba müəllimin öncəki nikahlardan övladları var. Bu gün onlarla sizin, Şölənin əlaqələri necədi?

 

- Bir oğlu Rusiyada, qızı isə Bakıda yaşayır. Qızı ilə desəm ki, tez- tez danışıram, görüşürəm, bu yalan olar. Çox az hallarda danışıram, görüşürəm. Oğlu, gəlini ilə tez-tez danışıram.

 

Şölə uşaqdır, onların mənimlə münasibətləri, əlaqələri var. Mən çalışıram ki, Şölə ancaq dərsləri ilə məşğul olsun. O, bir az utancaq, çəkingəndir. İnşallah özü böyüyəndə, sərbəst olanda öz seçimini edəcək. Mən ona nəyisə məcbur edə bilmərəm. Suyu axarına buraxıram hər zaman. Amma onu da deyim ki, eyni qan daşıyırlar. Hamısı Hacının övladlarıdı. Eyni candan, eyni qandan olan övladlardı. Şölə necə ki, Hacının övladıdı, onlarda elə. Heç birinə qarşı heç bir söz deyə bilmərəm.

 

 

- Hacıbaba müəllim öz övladı olmayan iki qıza soyadını vermişdi. Onlarla necə əlaqəniz varmı?

 

- Mən onları heç zaman yaxından görməmişəm. Hacının sağlığında da onlarla heç bir əlaqəsi olmayıb. Hacı onları məhkəmə yolu ilə soyadından çıxartmışdı.

 

- Sənət çox zaman genetik yolla övladlara keçir. Amma Hacıbaba müəllim dediyinizə görə Şöləni sənətdə yox, həkim kimi görmək istəyib. Şölə atasının arzusunu yerinə yetirməyi düşünürmü, yoxsa tamam başqa bir sahə üzrə istiqamətlənir?

 

- Şölə hələ 8 - ci sinifdə oxuyur. Mənim də arzum idi ki, o həkim olsun. Özü də uşaq olanda həmişə deyirdi ki, "Atam xəstələndi, vəfat etdi. Mən həkim olacam və heç bir uşağı atasız qoymayacam". Son günlər Şölə xəstələnib xəstəxanada olanda həkimlərin necə əziyyətlə çalışdıqlarını gördüm. Amma, Şölə istəsə bu çətin peşənin də öhdəsindən gələr. Övladım olduğuna görə demirəm. Şölə çox istedadlı, çalışqan qızdı. Qismətimizdə nə yazılıbsa o da olacaq.

 

Özü son günlər diplomat olmağı düşünür. Bu nə məndən, nə də ondan asılıdır. Bu tale yazısıdır. Mən yazıya inanan insanam. Bu da onunla bağlıdır ki, heç vaxt düşünməzdim ki, uşaqlıqda Hacıbabanın tamaşalarını televiziyadan seyr edən bir insan, onun pərəstişkarı olan biri sonunda onunla ailə quracaq. Bu heç vaxt ağlımın ucundan da keçməyib. Bütün istəklərim allahdandır. İnşallah mənim, Şölənin əziyyəti hədər olmaz.

 

Hər şey kənardan çox asan görünə bilər. Bir uşağa nələrsə etmək, həyatını ona sərf etmək zəhmət tələb edir. Hər bir ananın övladı üçün nələrsə etmək borcu var. Azərbaycan xanımları bunu özlərinə borc bilir. Bizim qadınlar çox fədakardır. Allahdan bir istəyim var ki, zəhmətimiz yerdə qalmasın, ağlını əlindən almasın, gözəl bəxt versin. Qadın üçün ən əsası bəxtdir. Əgər gözəl bəxtin varsa, onun içində hər şey var - təhsil də, sağlamlıq da, ruzi -bərəkət də var.

 

- Və bütün bunların hamısını tək edirsiniz...

 

- Bilirsiniz, həmişə deyirəm ki, qadın zərif ola bilər, amma zəif deyil. Qadınlar hər zaman güclü olmağa çalışırlar. Məndə bu xüsusiyyət son illərdə olmayıb. Bu mənim bürcümdən, xasiyyətimdən irəli gəlib. Hər zaman problemləri öz üzərimə götürmüşəm. Hacının sağlığında da usta ilə mən danışırdım, indi də. Amma bir məsələ var ki, o zaman Hacı yanımda olub. Hər zaman deyirəm ki, kişi çiyninin arxasında bir kişi ilə danışmaq və bir kişi ilə üzbəüz danışmaq. Bunlar tamam fərqli şeylərdi. Hacıdan sonra çox çətindi. Bakı gözəl şəhər olsa da balacadı. 11 ildə çalışmışam ki, onun adına xələl gəlməsin, ailəsi ilə bağlı bir problem olmasın. Bu mənim xasiyyətimdən də irəli gəlir. Bunu nə qədər bacarmışamsa, başqaları deyə bilər. Mən deyə bilmərəm. Bir xanımı kimi hər şeyi onun adına layiq olmasına çalışıram. Bir qadın üçün bir ailəni saxlamaq çətindi. Mən anam və övladımla bərabər yaşayıram. Hacının sağlığında da biz bir yerdə yaşayırdıq. Hacıdan sonra mənim şəxsi həyatım olmayıb. Bütün həyatımı qızıma həsr elədim.

 

- Ailənizə, evinizə çox bağlısınız.

 

- Hacı hər zaman deyirdi ki, Arzudan sonra mən bildim ki, ailə necə olar. Bir qadın kişiyə necə qulluq etməlidi, onun qayğısına necə qalmalıdı. Bir sözü də var idi:"Əgər kişi işdən evə tələsirsə demək ki, çox xoşbəxtdir".

 

Allahımdan çox razıyam ki, Hacı kimi insanı mənim qarşıma çıxartdı. Həyatımdan çox razıyam ki, bir qadının necə sevildiyini, diqqət görməli olduğunu Hacı mənə yaşatdı. Diqqət dedikdə çoxları maddiyatı düşünür. Amma diqqət madiyyat deyil. Hər zaman deyirəm ki, milyonları olan insanlar var, amma xoşbəxt deyillər. Xoşbəxtlik pulla ölçülmür. Təbii ki, insanın müəyyən rahatçılığı olmalıdı. Mən kasıb yaşayıb, sevə bilmərəm. Bir qadın üçün minimum lazımdır. Mən minimumdan evi idarə edə bilən xanımam. Hər qadın sevib -sevilməyi istəyir. Bu bizim kitabımızda yazılıb. Qadına diqqət olmalıdı. Düzdür, mən bugünkü gün bunlardan artıq çox uzağam. Amma şükürlər olsun ki, övladım, anam yanımdadı. Hacı mənə o qədər diqqət, sevgi verib ki, inandırım sizə bu günə qədər də onlarla, xatirələrimlə yaşayıram. Onun mənə dediyi sözləri yadıma salıb, bir müddət özümə təsəlli tapıram. Onun yerinə kimisə qoya bilmərəm. Çox çətindi...

 

Hacı ilə illər boyu birgə yaşadıq və mən ondan bir dəfə də olsun acı söz eşitmədim. O həmişə, hər yerdə deyirdi ki, Arzu çox ağıllı qadındır. Amma Hacının özünün də yetərincə həyat təcrübəsi var idi. O mənə sevgidolu, çox gözəl günlər yaşadıb. Hər kəlməmə "can, qurban olum" deyib. O, hər dəfə mənə müraciət edəndə "ceyran, gözlərinə qurban" deyirdi. Birgə olduğumuz illərdə bir dəfə də olsun "Arzu"deyə, müraciət etməyib.

 

Onu da deyim ki, Hacının adından dediyim hər bir söz yazılı halda mən də var. Yəni, heç kim düşünməsin ki, mən Hacının adından danışıram. Həyat məni o qədər sınayıb ki, dediyim hər bir sözə çox diqqət edirəm.

 

- Arzu xanım, Hacıbaba müəllimin həyatından, sizə olan sevgisindən kitab yazmağı düşünürsünüzmü?

 

- Bunu mənə yaxın olan, bizim bir-birimizə olan münasibətimizi bilən bir neçə nəfər deyib. Hər kəs çox maraqlı həyatımız olduğunu qeyd edir. Bir müddətdən sonra bu haqda düşünəcəm. Bir az da tənbəlliyim var. Amma onu da deyim ki, sıradan bir kitab istəmirəm. Əgər elə istəsəydim bir nəfərə istəyimi, fikirlərimi deyib o kitabı hazır elətdirə bilərdim. O zaman o mənim istədiyim kitab olmayacaq. Bunun hamısı vaxt tələb edir. Hacının mənim haqqımda, özü haqqında, qızımız haqqında kitabları var.

 

Nigar Adil, Olaylar.az 

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018