Rəssam Çingiz Babayev: “Yanıma imkanlı xanımlar gəlir” - MÜSAHİBƏ

Kulis.az konseptual sənət sahəsində müxtəlif texnikalarda işləyən rəssam, heykəltəraş Çingiz Babayevlə müsahibəni təqdim edir.  

 

- Çingiz bəy, mənzilinizdə bir dərs otağı atmosferi var…

 

- Evim studiya və qalereyadır, həm də burada rəsm, rəngkarlıq və heykəltəraşlıq dərsləri verirəm. Amma bu fərdi dərslərdir. Adətən, xarici xanımlar gəlib dərs alırlar, uşaqlarını da gətirirlər. Bir xanım var idi, ona rəngkarlıq öyrədirdim. O da öz rəfiqəsini gətirdi. İmkanlı ailələrdən olan xanımlardır, məşğuliyyət kimi rəngkarlığa maraq göstərib öyrənməyə çalışırlar, necə ki, yoqaya, rəqsə, idmana gedirlər. Dizayn öyrənmək istəyən var, amma əvvəlcə rəssamlıqdan başlamalıdır. Amma demək olar ki, məqsəd yaradıcılıq deyil. Məsələn, bir xanım var idi, rəngləri sevirdi, rəngkarlıq öyrənirdi. Yaxşı surətini çəkirdi. Ona təklif etdim ki, gəl öz əsərlərini çək, amma edə bilmədi. Müəllif olmaq başqa bir şeydir.

 

 

- Xalça muzeyində sizin “Müqavimət” adlandırdığınız bir müəllif xalçanız daimi ekspozisiyadadır. Maraqlıdır, müasir rəssamın müəllifliyi hara qədərdir? Yalnız eskiz vermisiniz, yoxsa onun toxunmasında iştirak da etmisiniz?

 

- Yox. Mən yalnız eskizi vermişəm və yun iplərin rənglərini seçmişəm. Texniki işləri başqaları həll edib. Amma daimi prosesdə iştirak edirəm. Halbuki sonradan rəngləri elə də bəyənmədim. Amma məsələn, başqa xalçada rənglər daha fərqlidir, pastel tonlarıdır və heç bir süni rəng yoxdur, təbii boyalarla boyanıb. Hətta iplər də təbiidir, fabrik istehsalı deyil, əllə əyrilən yundur. Bir dostumun Abşeron kəndlərində işçi qrupları var, bu işləri onlar həyata keçirir. Hətta biz xalçalar və mənim işlərim haqda bir film də çəkmişik. Daha doğrusu, mənim xalça ideyalarım haqqında.

 

- Məsələn, bu xalçanın ideyası haradan yaranıb? Mənə elə gəldi ki, bu ilk çıxan tetris oyunlarına işarədir...

 

- Yox, bu iki nəhəngin və ətrafdakı həşəratların vuruşudur. Xalça da elə “Həşərat” adlanır. Baxın, bu qalstuk işarəsidir. Burada hamısı kişilərdir. Cinsi orqanların təsvirindən ayırd edə bilərsiz. Qadını təsvir edəndə ucu aşağıya baxan üçbucaq işarələri kimi verirəm. Burada toxucular mənim eskizimdən kənara çıxaraq, bu iki naxışı qadın kimi təsvir ediblər. Bu əlavələri xoşuma gəldi.

 

 

- Çərçivə naxışlara  məncə “yələn” deyilir, ya da ki, mədaxıl...

 

- Mən xalça rəssamı deyiləm və bunları dəqiq bilmirəm, ancaq deyəsən haşiyə deyirlər. Siz bəlkə də xalça haqqında məndən daha çox bilirsiniz.

 

- Mən düşündüm ki, siz o naxışların simvolik mənalarını bilirsiniz və ona göndərmələr edirsiniz.

 

- Bəzi məlumatım var, ancaq məqsədim tək bunları öyrənmək deyil, yenilərini yaradıb və onların vasitəsilə fikirlərimi ifadə etməkdir. Axı bu naxışları özüm düşünüb verirəm. Məsələn, bu şeytan naxışıdır. Bu naxış bu formada heç yerdə yoxdur. Görürsünüz, svastikaya oxşayır, həm buta formasını xatırladan 6 rəqəmi var, görünüşcə də şeytana bənzəyir. Pis-yaxşı bunlar mənimdi. Bunlara heç harada rast gələ bilməzsiniz. Bu müəllif xalçalarıdır və bütün naxışlarım özümündür. Bu ortadakı qapıdır- çıxış və ya giriş rəmzi.

 

Burada isə mənim eskizlərim var. İmkan olanda hamısını toxutduracağam. Əldə olan xalçaları satıb yenilərini toxutdururam.

 

 

- Daha çox pul gətirən xalçadır, eləmi?

 

- Heç o da alınmır. Cəmi iki xalça satmışam. Birini muzeyə, birini də bir fransız diplomat xanımın şəxsi kolleksiyasına. İndi satmaq asan deyil.

 

- Satılmaq üçün lazımi şərtlər nədir?

 

- İşləyəndə satılmaq məsələsini düşünmürəm. Burada zərgərlik işlərim var ki, bunlar da gördüyünüz heykəllərin başqa bir formasıdır. İndi məqsəd qoymuşam ki, xalçaların sayını ən azından yeddiyə çatdırım ki, fərdi sərgi edə bilim. Xalçalarımın üzərindəki o naxışlardan ibarət zərgərlik əşyaları da düzəldib, xalça ilə birgə təqdim edəcəyəm.

 

- Çingiz bəy, bayaqdan düşünürəm, unutmamış soruşum rəssam Rasim Babayevlə qohumluğunuz yoxdur ki?

 

- Yox. Amma onun özü ilə də dostluq etmişəm və hal hazırda da  onun oğlu ilə dostluğumuz davam edir.

 

 

- Sizi kişimərkəzçilik narahat edir? Daha düzü qadınların əzilməsi…

 

- Məncə dünyada kişimərkəzçilik azalmağa doğrudur. Amma mənim üçün fərqi yoxdur. Hər kəsin öz yeri var. Əlini masaya vurub “Mən kişiyəm!” demək adamı kişi etmir. Ya da qadının kişini inkar etməsi də təbiətə ziddir. Hansısa şüar seçib bağırmaqla nə kişi kişi, nə də qadın qadın olur. Davranışda, insanlıqda, sevgidə insanlar özlərinin daxili aləmlərini zənginləşdirib başqaları ilə bu zənginliklə bölüşə bilərlər. Çünki kişi başqa cür sevir, qadın başqa cür. Qadın heç vaxt kişi kimi sevə bilməz və əksinə. Sivilizasiyanın qanunları dəyişir, amma təbiətin axınına heç nə müdaxilə edə bilməz. Mən bu yaxınlarda bir şairə xanımla danışırdım. Deyirəm həyat çay kimi axır, deyir, amma çaylar da quruyur. Deyirəm, amma həyat çayı qurumur axı. Bu çay bizdən asılı deyil. Biz bu həyatın içindəyik, o da bizim içimizdədir. Cismimizi dəyişirik, amma tam yox olmuruq. Bədən torpaq olur, sonra nəyəsə çevrilir, ruh başqa formaya ötürülür. Təbiətdə itməyə yer yoxdur və bu sistemin “ləzzəti” də bundadır. Böyük bir Eşqlə yaranıb bunlar və böyük Eşqlə də yaşadılır. Bəzən insan üçün həyat faciə kimi görünə bilər, amma fəlsəfi yanaşanda həyata faciə yoxdur, faciəni insanlar özləri yaradırlar.  Bu mənada filosof kimi ölümə özümü hazırlamışam.

 

- Yəni möhkəmsiniz?

 

- Heç möhkəm olmaq lazım deyil, ağlamaq istəyirsən ağla, kədərlənmək istəyirsən kədərlən. Hər şeyin zamanı və məkanı var.

 

- Bəs sizin yanaşmanızın filosof olmayandan nə fərqi var?

 

- Mən düşünürəm ki, ölüm son deyil. Son yoxdur ümumiyyətlə, hər şey dövr edir, bunu bilirəm. Sadəcə, doğulmuşuq və həyat deyilən prosesdən ləzzət almaq lazımdır. Başqa yol yoxdur. Hər şey pisdir deyə daim düşünmək olar? Bu neqativ axırda adama qayıdıb gəlir axı...

 

 

- Bəs siz yaradıcılıq böhranı keçirirsiniz?

 

- Böhran nə deməkdir? Böhranı insanlar düşünüb. Təbiətdə böhran görmüsünüz? Görmüsünüz ki, külək qəfil dayansın və bilməsin hara əssin? Böhran süni bir şeydir. Tövratda yazılıb ki, həyatda pislik yoxdur, pislik insanın qəlbində və niyyətindən irəli gələ bilər. Mənim tanış rəfiqəm var, deyir: “Məndən olsa dünyanı məhv edərdim. Bu nə ədalətsiz həyatdır? Niyə bir heyvan başqasını yeyir?” Deyirəm ki, guya sən partladanda ədalətli olursan? Bəlkə mənə həyat zövq verir, sən məni niyə bu zövqdən məhrum etmək istəyirsən? Ya da biri deyir ki, kamikadzenin missiyası var. Uşağı öldürmək missiyadır? Planetdə hələ ki, insanların yaşaması üçün kifayət qədər yer və resurs var. Bəzi insanlara elə gəlir ki, onların hansısa bilikləri var. Əlbəttə, bu biliklər olsa belə bunlar çox nisbidir. Ancaq əslində bizim heç öz potensialımızdan xəbərimiz yoxdur.

 

- Necə düşünürsünüz, bu gün sənətin insanlara təsir gücü varmı? Üç yüz il qabaq bir dualist dünyagörüş var idi- Xeyir-Şər. İndi contemporary-art var. Hansı ki, heç adının nə olduğunu çətin izah edərəm.

 

- İnformasiya artıb – həm sayca və həm də sürət etibarılə - sosial şəbəkələr uzun müddətdir fəaliyyət göstərirlər, bunların sayəsində həyatı klip səviyyəsində duymaq kimi bir keyfiyyət yaranıb. Klip nədir? Qısa və fraqmental bir anlayış. İndi dünyanı assosiativ qavramaq tərzi geniş yayılıb. Bu qavrayış tərzinə elektron-qacet-smart telefon və s. sistemlər təkan verib. İnsanlar artıq hər hansı bir məlumatı tez, qəbul etməyə öyrəşib. Tamaşaçı teatra, kinoya və sərgiyə gələndə assosiativ nəsə qavrayıb sonra o aldıqlarını dərinləşdirə bilər. Amma mesaj elə formada olmalıdır ki, tamaşaçını tutsun, yəni sms formasında yox, daha iti və dərin olmalıdır.

 

İstər yazı, istər rəsm, istər teatr olsun, əsərdə heç nəyi gizləmək mümkün deyil. Müəllif öz əsərlərində sanki çılpaq görünür. Elə bilin ki, bu əsərlər hamısı mənim çılpaqlığımdır - daxili çılpaqlığım.

 

 

- Adətən sərgiyə gələnlər əllərində şərab qədəhi, rəsmlərə baxıb, gedirlər. Ya da mənim sizin sərgidə etdiyim kimi sağollaşanda rəssama “çox gözəldir” deyirlər. Halbuki, gözəllik kateqoriyalardan biridir. Rəssama “gözəldir” demək şablonu özü də köhnəlib....

 

- Mənim üç bayraqdan ibarət  belə bir işim var: Azərbaycan SSR-nin bayrağı, müstəqil respublikanın bayrağı və Makdonaldsın bayrağı. Hər üçündə sloqan yazılıb-daha düzü, Makdonaldsın  “I am lovin’ it”, yəni, mən bunu sevirəm- sloqanını dəyişib üç sloqan yazmışam hər bayrağa. Macdonaldsın bayrağına isə “Am I lovin’ it?” (Bunu sevirəmmi?) yazmışam, Azərbaycan SSR–nin bayrağına “Am I leaving it?” (Bunu tərk edirəmmi?) yazmışam, indiki bayrağımıza “Am I living it? “ (Bunu yaşayırammı?) yazmışam. Məncə bu üç bayraq bizim tariximizin bir hissəsini, biz yaşadığımız hissəni əks etdirir. Bu əsərdən necə zövq almaq olar? Burada artıq estetik zövqdən söhbət getmir. Bu əsərə ancaq analitik yanaşma mümkündür. Sənət əsərlərindən yalnız estetik zövq almaq dövrü çoxdan bitib və artıq bu dünya incəsənəti tarixidir.

 

- Estetik zövq anlayışı yoxdursa, müasir əsərləri niyə almalıdır insanlar?

 

- Siz məsələn, Kantın kitabını götürüb divardan asırsınız? Yox. Oxuyub qoyursunuz rəfə. Bu işlər də elədir. Yəni, mənim işlərim elədir. Mən işləmirəm ki, əsərlər evləri, qalereyaları bəzəsin. Mən gördüyüm həyatı bu və ya digər formatda ifadə etməyə çalışıram. Deyirlər ki, siz müxtəlif texnikada işləməklə eksperiment edirsiniz. Elə deyil; mən bunları ona görə etmirəm ki, desinlər, plakat da edə bilirəm, rəngkarlıq da, qrafika da, heykəl də, xalça da. Hətta şeir də yazıram. Yox. Mənim sadəcə bunlara tələbatım var. Xalçada ifadə etdiyimi rəngkarlıqda edə bilmirəm. Ya da heykəldə ifadə edə bilmədiyimi şeirlə deyirəm.

 

 

- Marsel Düşamp “Pissuar”ı təqdim edəndən bəri, bəlkə daha əvvəldən, hər şey sənət adına təqdim oluna bilir. Xüsusən indi, postmodernizm zamanında. Bədii məkana gətirilmə ilə hər şeyi sənət kimi təqdim etmək olarsa, deməli, hər kəs özünü müəllif kimi qələmə verə bilər. Bundan sui-istifadə edənlər olmur ki?

 

- O zaman Düşamp “Pissuar”ı sərgiyə qoyanda deyib ki, siz cürbəcür sənət təqdim edirsiz. Mən də bunu sənət adı ilə qoyuram, gəlin sənətin nə olduğunu müzakirə edək? Düşamp bunu sənət əsəri kimi yox, fəlsəfi-etiraz aksiyası kimi təqdim edib.  Heç özü də bilmirdi ki, bununla o konseptual incəsənətin əsasını qoyur. Bunu Düşamp ötən əsrin əvvəlində edib, 60-cı illərdə artıq konseptual incəsənət formalaşıb.

 

O, pissuarda məna axtarmaq lazım deyil, onun özündə heç bir məna yoxdur. Ya da Maleviçin “Kvadrat”ı. Düşamp o pissuarla tarixdə qalıb. Amma bunu qiymətləndirmək üçün Düşampın fəlsəfəsilə ən azı tanış olmalısan. Bu da həmin şeydir. İncəsənətdə dönüş edənlər ağıllı insanlar olub. Ciddi dönüşlər ediblər. Amma sonra şarlatanlar ortaya çıxıb. Tutalım, biri yerə zibili tökür, tamaşaçı baxıb deyir ki, bu, konseptual incəsənətdir. Mənim özümü sənətşünaslar konseptual rəssam adlandırılar. Amma bununla tam razı deyiləm, çünki konsepsiya hər şeydə var.

 

 

- Sərgilərə sifarişlər olur. İmtina etdiyiniz sifarişlər də olurmu?

 

- Bax orada əsərim var. Neft bareli və Azərbaycan xəritəsi. Bunu yay qalereyasının önündə qoymaq istəyirdilər, amma kiçik bir yer nəzərdə tuturdular. İzah etdim ki, onu kiçik formatda qoymaq olmaz. O ən azı 3 metr hündürlüyü olmalıdır. Nəhəng olmalıdır ki, insan görəndə xoflansın. Siz heç təsəvvür edirsiniz ki, neft nə deməkdir? İçərişəhər istisna olmaqla bütün Bakı birinci neft bum vaxtı tikilib. Sonra yenə də ikinci neft bumu zamani yani 90-2000-ci illərdən indiyədək tikilməkdə davam edir. Son illərdə əldə etdiyimiz nailiyyətlərin əksəriyyəti neft ilə bağlıdır. Bax budur neft!

 

- Bu eskizdir onda eləmi?

 

- Bəli, bu eskizdir.

 

- Müxtəlif texnikalı işləriniz var. İxtisas təhsiliniz hansıdır?

 

- İncəsənət universitetinin heykəltəraşlığını bitirmişəm. Amma heykəl az işləmişəm, heykəl baha və çətin başa gəlir, satmaq da olmur. Amma heykəllərim də var.

 

- Siz deyəsən Londondakı “Madam Tüssonun mum heykəlləri muzeyi”ndə də heykəltəraş kimi işləmisiniz...

 

- Üç il işləmişəm. Bu avtoportret heykəli də həmin texnologiya ilə işləmişəm. Amma bunu buradakı instalyasiya (quraşdırma) üçün düşünmüşdüm.

 

- Hiperrealist sənət sizə nə qədər maraqlıdır? Buna sənət, yoxsa iş kimi baxırsınız?

 

- Hipperrealist sənəti ancaq olduğu kimi mənə maraqlı deyil, amma onu hər hansı fikir ifadəsi üçün istifadəsi maraqlıdır. Və bu baxımdan avtoportret olan mum heykəlimi də instalyasiyanın bir hissəsi kimi işləmişəm.

 

 

- Bunu demirəm. Ümumiyyətlə, deyirəm, “Madam Tüsso”da işləməyiniz iş idi, ya sənət?

 

- Bu iş idi. Həm pul qazanmaq, həm də orada yaşamaq üçün əlverişli idi, oradakı sərgilərə getmək, sənət mühitinə qovuşmaq əsas idi.

 

- Bu tuncdandır?

 

- Bəli, tuncdandır.

 

- Məsələn, bu iş nə qədər vaxt aparır?

 

- Tuncdan tökməklə maksimum bir-iki ay.

 

 

- Çingiz bəy, realizə prosesində ideyadan qopduğunuz olurmu?

 

- Əvvəl olub, indi yox. İndi edəcəyim iş içimdə elə bişir ki... Mən o zaman edirəm ki, artıq etməyə bilmirəm. Çünki gündə işləmirəm. Həm də prosesi bilirəm. Texnikanı, sirləri bilirəm.

 

- Bu iş necə yozulur?

 

- Rəssam öz əsəri haqda fikir deyə bilməz. Əsər çoxmənalıdır. Məsələn, bu barmaqlar onun içindəki boşluğun, gücün müvəqqətiliyini, fani olmasını ifadə edir. Amma əsərə çoxlu interpretasiyalar deyilə bilər. Mənim əsərlərimin qabağında ağılayanlar da olub. Mən təəccüblənmişəm. Cənubi Afrikadan olan bir qadın mənim bu əsərimdə qaradərililərin yaşadıqlarını görmüşdü. Halbuki, bunu düşünməmişəm. Sadəcə, bunları Qarabağ müharibəsi illərində işləmişəm. O enerji var burada.

 

- Çingiz bəy, epataja münasibətiniz necədir?

 

- Mən epatajdan uzağam. Bu xalçada nə epataj var? Mənə deyirlər sən epataj edənlərə paxıllıq edirsən. Qətiyyən. Kimsə sinəsini açırsa, bunun incəsənətə nə aiddiyyatı var və niyə paxıllıq etməliyəm? Bəlkə sənət yarada bilmir, ona görə, çılpaq sinəsini sənət kimi təqdim edir?

 

 

- Sizcə, epataj yalnız iqtidarsızlıqdan irəli gəlir?

 

- Çox vaxt hə. Məsələn, Babi Badaloff var, o özü epatajdır. Yəni, Babi epataj eləmir, özü epatajdır. Ona görə də, mən Babinin əsərlərini yox, özünü əsər kimi qəbul edirəm.

 

- Sənət əsərlərinin müxtəlif məişət predmetlərində tirajlanması...

 

- Bunun nəyi pisdir ki? Şəxsən mən də etmişəm. Xalçalarımı telefon qaburları üçün işləmişəm, ya da o “War-yox” yazısını köynəklərdə çap etmişəm. Bu kimi tirajlanmalar əsərin geniş kütlə arasında yayılmağa kömək edir.

 

 

- İndi, yəni konseptual sənət zamanında orijinalın əhəmiyyəti varmı?

 

- Əlbəttə var. Əhəmiyyəti də var, qiyməti də var.

 

- Axı bir işin dəyəri ideyadadırsa, onun orijinalında nə özəllik ola bilər ki?

 

- Ola bilər, “Edition” var. İlk nüsxənin qiyməti baha olacaq. Ölçülər var, format var. Amma, performansdırsa, əsas iş səsdirsə, onda siz deyəndir.

 

 

- İntibah dövrünün əsəri ilə müqayisədə indi orijinalın əhəmiyyəti azalmayıbmı?

 

- Struktur eynidir. Orijinalın və nüsxələrin qiyməti seçilir. Amma yenə də ifadə olunma məsələsində orijinal qiymətli olaraq qalır.

 

- Çingiz bəy, əsərlərin qiymətlərini necə təyin edirsiniz?

 

- Gəncliyimdə kimsə mənə demişdi ki, işi satanda hansı qiymətə o işlə xudahafizləşə bilərsən, onu düşünüb qiymət qoymalısan. Mən də o prinsiplə edirəm. Əsərimdən hansı qiymətə ayrıla bilərəmsə, o qiymətə satıram...

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018