“Bu kişini mən də çox istəyirdim” – Bircənin Romanı

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

Yeni ili sakit, söz-söhbətsiz qarşıladıq. Səməndər dərs dediyi məktəbdən bir günlüyə Şaxta baba paltarı götürüb il dəyişən gecəsi bizə qonaq gəldi, uşaqlara bayram sovqatı gətirdi. Cavid də, qaynım balaları da sevincdən hayıl-mayıl olmuşdular, heç biri də Şaxta baba donuna girmiş Səməndəri tanımadı. Qardaşım öz rolunu ustalıqla oynayıb qapıdan çıxanda:

 

- Uşaqlar, ananızı incitməsəniz, onun sözünə baxsanız, ağıllı olsanız, gələn il yenə gələcəm, - dedi. - Yox, dediklərimə əməl eləməsəniz, məni bir də görməyəcəksiz.

 

Çoxbilmiş Bəhruz onu bic-bic süzüb soruşdu:

 

- Şaxta baba, sən hardan biləcəksən biz özümüzü yaxşı aparmışıq, ya yox?

 

Səməndər bir az duruxub məndən qələm istədi. Tez kitabların arasını eşələyib bir köhnə qələm tapdım. Şaxta baba qələmi məndən alıb pəncərənin qarşısına düzülmüş dibçək güllərindən birinin dibinə sancdı.

 

- Bax bu qələm hər şeyi görüb yazacaq, uçan xalçayla mənə çatdıracaq.

 

Uşaqlar gülə-gülə Səməndəri yola salanda ürəyimdən keçdi ki, kaş onun dedikləri doğru olaydı, bu evdə yaşadıqlarımı günbəgün yazıb uçan xalçayla harasa göndərə biləydim...

 

Cavid Şaxta babanın dibçəyə sancdığı qələmə baxıb bir müddət ipək kələfinə döndü, məni qanlı qovmadı. Təzə gəlin o qələmi evdən itirəndə uşaqların üstünə su ələndi, onlardan gizli dibçəyə sancdığım əvvəlkinə bənzər bir ayrı qələm də uşaqların inamını qaytarmadı. Nərgiz bizim bütün bu oyunlarımızı səylik, düşüklük sayırdı, fürsət tapdıqca mənə şəbədə qoşurdu.

 

***

 

Soyuq qış günlərinin birində işdən gəldim ki, gəlin zəncir gəmirir. Mən evdə olmayanda Cavid onun konfet qabını salıb qırmışdı, buna görə Nərgiz uşağın əlinə-əlinə vuranda Zöhrə xala gəlinlə dalaşmışdı.

 

Məni görəndə Cavid balaca qollarını irəli uzadıb qabağıma qaçdı:

 

- Ana, bax, gəlin məni döydü.

 

Nərgiz əllərini belinə qoyub vurağan xoruz kimi döyüşə hazır dayanmışdı. Cavidi qucağıma alıb bağrıma basdım:

 

- Heç nə olmaz, öpərəm keçər. Sən də onun qabını qırmısan axı, yaxşı ki, hələ sənin barmaqlarını sındırmayıb.

 

Elə bil üfürülmüş tuluğa iynə soxdular, gəlin qımışıb otağına çəkildi.

 

O gündən sonra mən işdən gələnəcən Maral Cavidi gözündən qıraq qoymadı, çox vaxt uşağı dalına şəlləyib kürəyində gəzdirdi. Günorta məktəbdən evə qayıdanda birinci qaynımgilə dönürdüm, şəlləyi açıb Cavidi Maralın kürəyindən endirirdim, hər dəfə də eltimin bir topa yolunmuş saçı uşağın ovcunda gəlirdi – Maral onu açıb yerə qoymadıqca Cavid hikkəsindən onun gur şəvə tellərini yolub əlinə yığırdı.

 

Qış uzunu olandan-olmazdan yeyib özünü sobanın güneyinə verən Nərgiz uşağa qalmadığına görə hamını dalayırdı. Bütün günü deyinirdi, kiminə qarğış tökürdü, kimini söyürdü. Qaynımın balaları onun buyruğuna baxmayanda belə günahı məndə görürdü. Mən uşaqları yanlayıb dil tökürdüm:

 

- Başınıza dolanım, nolar onun da sözünü eşidin, bir yerə göndərəndə gedin.

 

Gözlərimin içinə baxa-baxa susurdular, handan-hana Bəhruz hamısının yerinə cavab verirdi:

 

- O niyə səni ağladır, biz də onu istəmirik.

 

- Uşaqlar, o kimdi ki məni ağlada, - deyirdim, - məni fələk ağladır. Siz heç nəyə fikir verməyin, ona da xoş üz göstərin.

 

Nə faydası, dediyimi yel sovurub aparırdı.

 

Yunusun balaca bir iti vardı, gəlin gəldiyi gündən onunla ləc düşmüşdü – neçə yol xalatını ipdən alıb aparıb cırmışdı, corablarını oğurlayıb suya atmışdı. Sonra da ayaqqabılarına dadandı; gəlin ayağını eşikdə soyundumu it bunun ayaqqabısının hər tayını həyətin bir küncünə daşıyırdı. Nərgiz yabanı götürüb itdən qoruna-qoruna künc-bucaqda ayaqqabı gəzəndə ağzını tuta-tuta hər uşaq bir səmtə qaçırdı. Mən də onlara qoşulurdum, bağın dalda yerinə çəkilib o ki var gülürdük. Gəlin güldüyümüzü görsəydi evə qan salardı.

 

Tez-tez uşaqlara nağıl oxuyurdum. Gəlin buna da təhəmmül eləmirdi:

 

- Səsin başıma düşür, yalan-palan oxuduğunu eşidəndə qusmağım gəlir, - deyirdi.

 

Dillənmirdim, balaca dostlarımı götürüb ora-burasını yamadığım, yuyat yerinə dönmüş limonxanaya düşürdüm. Ağacların çoxu qurumuşdu, budaqlarında adda-budda limonlar işarırdı, onlara da əlimdən gələn sayğını-qayğını göstərirdim ki, sönməsinlər.

 

Bir azdan Maral da əlinə gələndən götürüb özünü verirdi yanımıza. Mən nağıl oxuduqca o da gurhagur yanan sobanın üstünə heyva, alma, qoz düzüb bişirirdi. Arada fasilə verib Maralın iri kötüyün üstünə düzdüyü nemətlərdən yeyirdik, Bəhruzun pəltəkləyə-pəltəkləyə danışdığı nağıllara qulaq asıb doyunca gülürdük. Bizim şirin-şirin gülüşdüyümüzü eşidən Nərgiz dözmürdü, həyətə düşüb başını istixananın qapısından içəri uzadırdı:

 

- Nə xoş iy gəlir burdan, elə bil xəzinə tapmısız, - deyirdi, - nə yaman ürəkdən gülürsüz.

 

Bişmiş heyvanın, almanın qoxusu yəqin onun ağzını sulandırırdı. Dözmürdüm, bircə anda pis üzünü unudub ona meyvə uzadırdım:

 

- Al sən də ye, gəl bizim sarayımıza qonaq ol.

 

Almazdı, gedib anbardan bir heyva götürüb evdəki sobanın üstündə qızardıb yeyərdi.

 

Nərgiz uzaqlaşan kimi Maral əllərini cütləyib mənə yağlı bir aley verirdi:

 

- Kül sənin yaltaq başına! Niyə özünü əskildirsən, niyə qoymursan rədd olub getsin?!

 

Yaltaqlanmaq ağlıma da gəlməzdi. İstəyirdim o da adam olsun, bizə qoşulsun, özümüz üçün qurduğumuz bapbalaca cənnətin nemətlərindən o da dadsın. Elə bilirdim Nərgiz azacıq səbr eləyib oxuduğum nağıllardan birini axıracan dinləsə dönüb ayrı adam olacaq. Dinləmirdi, olmurdu, bəlkə də olmaq istəmirdi. “Bitli eşşəyin nağılı”na gizlicə qulaq asandan sonra çıxardığı şəbih hələ də yadımdadı. Mənim yuxuma girməzdi onun başında bit olar. Baldızıma qayıdasan ki:

 

- Bircə yalandan kitaba baxıb özündən nağıl quraşdırır, mənə sataşır.

 

Bəstinin gözləri kəlləsinə çıxdı:

 

- Nədi, sənin başında bit var ki?!

 

Uşaqlar üzümə baxıb gülüşlərini iri tikə kimi udanda bu pinti-palağın öz ayıbını öz diliylə açıb ortaya qoyduğuna baldızım da, qaynanam da doyunca gülmüşdülər. Gəlin soyuq aylarda bəzən həftələrlə çimmirdi, qulaqları kirdən yara bağlayırdı. Ərinin çirkli paltarları ağac koğuşunda qalıb cəng tuturdu, otağındakı tozdan corablarının altı qapqara olurdu. Zibilli yerdə bir dəqiqə belə otura bilməyən mən səbrimi basıb bunların hamısına göz yumurdum.

 

***

 

Novruza yaxın Zöhrə xala qulağıma pıçıldadı:

 

- Gəlin boyludu, az qalır çırtıq çalıb oynasın.

 

Sevindim:

 

- Çox şükür, qoy onunku da olsun, ləzzətini görsün, bəlkə havası alına, biz də yadından çıxaq.

 

Bundan sonra Nərgizin anasının bizdən ayağı kəsilmədi, az qaldı köçüb yığışa bizim evə. Zöhrə xala nə eşitmişdisə gündə neçə yol məni xəbərdar eləyirdi:

 

- Bax ondan uzaq ol haa, heç nəyinə qarışma, qazanına yaxın getmə, bir çöpünə əlini vurma!

 

Qaynanam dedi-demədi, onsuz da mən onlara yaxın getmirdim. Nərgizin anası hər gəlişiylə evimizə dava saldıqca özü də bilmədən mənim anama diriykən rəhmət oxudurdu. Qızını çarpayıya uzadıb tərpənməyə qoymurdu, yastığının qırağını kəsdirib bütün gün olandan-olmazdan ütüb onu yedirirdi, tez-tez Zöhrə xalaya atmaca atıb aranı qatırdı, vaxtını belə şən keçirəndən sonra axşam çəkilib xarabasına gedirdi.

 

Mən artıq özümü bu evdə qarışqa ağzındakı buğda bilirdim. Bibim bayramda bizə gəlib iki gün yanımda qaldı, günümü görüb dizinə döydü:

 

- Niyə oturmusan burda, şələ-küləni də götür çıx bu evdən. Cavansan, bəlkə bir Allah bəndəsiylə ailə qurarsan. Sən burda oturduqca özün öz taleyinin bəbəyinə çöp uzadırsan.

 

Telli mama iki gün məni dilə tutdu. Dediklərində həqiqət vardı, özünün də başı çəkmişdi axı.

 

- Bircə, Allah məni onda istədi ki, ərim öləndə evdə qaynatamdan, qaynanamdan başqa heç kim olmadı. Qocalar mənim gözüm-qulağım oldular, qardaşlarım dayaq durdular, yetimlərimi böyütdüm. Amma sənin bu məhlədə Maraldan başqa arxa-dayağın yoxdu. Mən görürəm, bu evdə sənə yer qalmayıb.

 

Əlacsız-əlacsız onun üzünə baxıb:

 

- Bəs Cavidi neyləyim, - dedim, - aparsam uşağın ürəyi yarılar.

 

- Heç nə olası deyil, elə balacalığından aparsan yaxşıdı, yadında çox şey qalmaz.

 

Telli mama mənim yumşaldığımı görüb sevincək qardaşlarıyla məsləhətləşməyə getdi. Ertəsi gün atam, qardaşlarım gəldilər, qayınlarımla danışdılar ki, yaz açılan kimi mənim payıma düşən mal-davarı satsınlar. Ev məsələsindən sonra qayınlarımın mənim payıma göz dikməyə üzləri gəlmədi, Yunusla Elgiz bir ağızdan:

 

- Bizlik deyil, - dedilər, - özünüz satın-sovun, neyləyirsiz eləyin.

 

Atamgil də bu işi Musa əmimin mal-qara alıb-satmaqda pərgar olan ortancıl oğluna tapşırdılar. Mənim bu evdən çıxmağım Maralla balalarından başqa hamının ürəyincəydi. Gəlinlə anasının yazı gözləməyə də səbirləri çatmırdı, qorxub çəkinməsəydilər çillənin ortasındaca şələ-küləmi qoltuğuma verib məni uşağım qarışıq küçəyə atardılar.

 

***

 

Qışı birtəhər yola verdik. Zöhrə xala, demək olar, evdən çıxmırdı. Cavid gündüzlər qaynımın uşaqlarına baxıb mənlə mehriban davranırdı, gecələr yenə məni yaxına buraxmırdı. Buralardan getmək söhbəti yanında danışılanda üzümə də baxmırdı.

 

Mən qolumu çırmayıb ev-eşiyi təmizləyəndə gəlin süpürgəni əlimdən alıb atırdı:

 

- Mənim evimi sən niyə süpürürsən?!

 

Marala qoşulub mən də bostana göy-göyərti toxumu səpəndə Nərgizin səsi qapıyla bir olmuşdu, xəbər gedib Sahib əmiyə də çatmışdı.

 

Bir gün yenə işdən gəlib Cavidə, Zöhrə xalaya günorta süfrəsi hazırlayırdım, gördüm Sahib əmi pilləkənləri çıxır...

 

Qohumluqdan savayı Sahib əmi cavanlıqda atamla dostluq eləyərdi. Mənim uşaqlığımda bizə tez-tez gələrdi, evimizin ən əziz qonağıydı. Atam onun dörd oğlunun kirvəsi olmuşdu. Mahmud əmigil mənə elçi düşəndə Sahib əminin arvadı anamı yanlayıb demişdi:

 

- Hayıfdı, Bircəni verməyin o evə, uşağınızı dolandırmayacaqlar.

 

Anam bundan sonra xeyli çəm-xəm eləsə də atam onun sözünə baxmamışdı...

 

Sahib əmini görcək onun qucağında keçirdiyim tutiya günlərim yadıma düşdü. Əlimdəkiləri yerə qoydum, Mahmud əmiyə bənzər arıq, ucaboy, ağ saçlı bu kişiyə sarılıb hönkürdüm. O da məni qucaqlayıb kövrəldi, bir xeyli belə qaldıq. Handan-hana Sahib əmi məni özündən aralayıb zənlə üzümə baxdı; kişinin çuxura düşmüş ala gözlərindən yaş süzülüb saqqalı aşağı axırdı.

 

Zöhrə xala oturduğu yerdən dəbərmədi. Sahib əmi ev-eşiyi süzüb qaynanamdan soruşdu:

 

- Hanı sənin o qəhrəman gəlinin?

 

Zöhrə xala başını arxa otağa sarı çevirib bir ağız:

 

- Ay Nərgiz, - deyən kimi gəlin otağından çıxıb irəli gəldi.

 

Mən Sahib əminin əlindən tutub onu masaya sarı dartdım, kişi əlini əlimdən çəkib dedi:

 

- Oturmayacam, bu gəlin-qaynanaya bir-iki sözüm var, onu deyib gedəcəm.

 

Sonra üzünü təzə gəlinə tutdu:

 

- Keç dur qaynananın yanında!

 

Qorxdum. Bilirdim ki, bu heç kimdən çəkinməyən, sözünü adamın alnına güllə kimi çaxan kişi ağzını xeyirliyə açmayacaq. Nərgiz ayağını sürüyə-sürüyə keçib Zöhrə xalanın yanında duranda Sahib əmi əl atıb biləyimdən yapışdı, üzünü qaynanama tutub dedi:

 

- Sən keçəl Ağanın qızısan, - sonra barmağını az qala Nərgizin gözünə soxdu, - sən də səy Fərmanın qızısan. Bax bu Bircə də Rəhimin qızı, erkək Şirinin (nənəmi deyirdi) nəvəsidi. Hər kəs öz yerini bilməlidi! Evin kişiləri ölüb deyə nə at oynadırsız burda?!

 

Sahib əmi qaynanamla eltimə ağzına gələni dedi, hətta Nərgizin anasının da keçmiş-keçənini çölə tökməyi unutmadı. Dönüb gedəndə məni də onlara qatdı:

 

- Sən niyə bunların əlində aciz qalmısan, niyə bunların köləsi kimi aparırsan özünü?! Gözünün qabağında Maralı görmürsən? Sənin hansı pis işin var ki, səy Fərmanın qızı üstünə ayaq alır, uşağını vurur, sən də mal kimi gözünü döyürsən?!..

 

Kişi söyə-söyə gəldiyi kimi söyə-söyə də getdi. Sahib əmi ayağını eşiyə qoyar-qoymaz Zöhrə xala yırtıcıya döndü:

 

- Sənmi qaçıb hər şeyi qoymusan o dəlinin ovcuna?

 

Ayaq üstəcə qurudum, başladım and-aman eləməyə. Nə fayda, kimiydi mənə inanan? Maral əlləri eydirməli sağdığı inəyin altından durub qaranəfəs özünü evə atdı, məni gəlin-qaynananın əlindən aldı.

 

- Belə mən demişəm, hamısını mən çatdırmışam, kimin nə sözü var mənə desin! Daha yolunu tapmışam, indən belə kim bu gəlinə bir söz desə qaçıb qoyacam Sahib əminin ovcuna.

 

Kişinin zəhmi gerçəkdən ağırmış – bu söhbətdən sonra gəlin məndən gen dolandı, anasının ayağı bizim evdən yığıldı, di gəl, Zöhrə xala yenidən mənə düşmən kəsildi.

 

***

 

Mal-davarın subayı, xırda buynuzlusu satılıb qurtarmışdı, qalırdı sağmal inəklərim.

 

Kənddə yas düşmüşdü, atası yeniyetmə qızının əlində məktub tutub onu döymüşdü, qız da danadişi dərmanı içib özünü öldürmüşdü. Marala qoşulub getdiyim o yasdan yenicə qayıtmışdım. Dumanlı-çisəkli bir günüydü, Bəhruz qaçaraq gəldi ki, bibi, səni çağıran var. Uşaq yanımda darvazaya sarı getdim, bala qapını açanda Əlinin anasıyla burun-buruna dayandım.

 

Qulaqlarım uğuldadı, yer ayağımın altından qaçdı. Salamsız-kəlamsız geri sıçrayıb qapını örtdüm. Elə bildim yenə məni qara basır. Qayıdıb qapını bir də açdım – keçmiş nişanlımın anası mehriban çöhrəsiylə üzümə gülürdü. Çaşdığımı görən arvad məni özünə sarı çəkib sinəsinə sıxdı:

 

- Salam, ay Bircə, necəsən, niyə bizə xoşgəldin eləmirsən?

 

Onun qollarının arasında titrəyirdim. Dilim söz tutar-tutmaz soruşdum:

 

- Axı nəyə gəlmisiz?

 

- Ay balam, nəyə gələcəyik, eşitdik sizdə satlıq inək var, ona baxmağa gəlmişik.

 

Elə bil üstümdən dağ götürüldü:

 

- Hə, var, amma indi örüşdədi, axşamtərəfi gəlib baxarsız.

 

Əlidən kiçik oğlu bir az aralıda maşında oturub onu gözləyirdi. Zöhrə xala, Maral duyuq düşməmiş onları başımdan eləmək istəyirdim. Arvad təlaşımı duydu:

 

- Yaxşı, onda biz gedək, kişilər gəlib baxarlar.

 

Sonra yenə məni köksünə sıxdı:

 

- Bəs oğlun hanı? Daha xəstələnib eləmirsən ki? Burnun yenə qanayır?

 

Mən onu birtəhər özümdən qoparıb:

 

- Yox, xəstələnmirəm, - dedim, - narahat olmayın.

 

Arvad məni buraxıb danışa-danışa maşına sarı yeridi:

 

- Bir işə mat qalmışam, axı sən burda niyə oturursan? Yığış get atan evinə.

 

Onu maşına mindirib qapısını örtdüm, darvazaya sarı qayıdıb bir ayağım içəridə, bir ayağım çöldə olanda arvadın səsinə geri çevrildim – başını maşının pəncərəsindən uzadıb az qala pıçıltıyla dedi:

 

- Bircə, Əli arvadından boşanıb, oturma burda, çıx get atangilə...

 

Dəmir qapı əlimdən çıxıb gurultuyla iri darvazaya dəydi, çiskin üzümü islatdı, yuxudan ayılan kimi olub öz-özümə bərkdən dedim:

 

- Doğrudan da, mən daha xəstələnmirəm axı. Emin öləndən bəri hamamda bir dəfə də özümdən getməmişəm.

 

Bu vaxt Bəhruzun səsi məni səksəndirdi:

 

- Bibi, bibi, nolub sənə, nənəm kimi niyə öz-özünə danışırsan?

 

Uşağın sözünü ağzında qoyub qaçdım arxın üstünə, buz kimi sudan ovuclayıb pörtmüş sir-sifətimə vurduqca yanaqlarımın cızıltısı qulaqlarımı batırdı. Üzümün suyu sinəm aşağı axa-axa özümü verdim qovağın dibinə, gözləri yenicə açılmağa başlamış ağacın iri, kələ-kötür gövdəsini qucaqlayıb hönkürdüm. Eşitdiyim bu xəbər Eminin ölüm xəbərindən də qorxulu gəlmişdi mənə. Deyəsən başıma bəlanın təzəsi dolanırdı...

 

***

 

Gün əyilənə yaxın qəbiristanlığa doğru yol aldım. Yolda gördüyüm yumru-yuvarlaq daşları xalatımın cibinə yığa-yığa gedirdim. Allaha yalvarırdım ki, qarşıma məni tanıyan kimsə çıxmasın.

 

Qəbiristanlığın darvazasından Eminin məzarı üstünə yüyürə-yüyürə getdim. Parlaq qara mərmərdən qoyulmuş başdaşıya ikrahla baxıb cibimdəki daşları bir-bir Eminin şəkildən boylanan sifətinə yağdırdım. Cibim boşaldı, ürəyim soyumadı, bu səfər də qəbirlərin yan-yörəsindəki daşları dənləyib Eminin mərmərə hopmuş, daş yuxusuna getmiş başına ələdim. Atdığım daşlar başdaşını çırtma-çırtma qopardıqca yanğıma su çilənirdi.

 

Qollarım yorulanda məzarın üstə diz çökdüm:

 

- Sənin belin qırılsın, evin dağılsın, çırağın sönsün! İndi mən hara gedim?..

 

Bildiyim nə söyüş-qarğış vardısa hamısını onun üstünə yağdırırdım. Səsim yala-yamaca, daşa-torpağa dəyib üstümə qayıtdıqca özümdən üşənirdim. Bir il əvvələ qədər qəbiristanlıqdan it kimi qorxurdum, indi heç vecimə də deyildi. Eminin gözüylə baxan daşa söykənib qışqırırdım, ağlayırdım, gülürdüm, sonra da yorulub fikrə gedirdim.

 

Nə qədər belə keçdi – bilmirəm, bir də başımı qaldıranda qonşumuz lal Kərimi qarşımda gördüm. Bu Kərimin gəlini Cavidin süd anası olmuşdu, özünü də Mahmud əmi çox istəyərdi. Bir eşşəyi vardı, ona daşqa qoşub kənddən xeyli aralı bulaqdan hər gün bidonlarla su gətirərdi. Mahmud əmi ölənə qədər bizim də sənəyimizi o bulaqdan doldurardı, rəhmətlik qaynatam o bulağın suyunu çox bəyənərdi. Səksən yaşı olsa da lal Kərim çox sağlam, çox da zəhmətkeş idi. Mahmud əmiyə qoyduğu hörmətə görə bu kişini mən də çox istəyirdim.

 

Üst-başı tütün qoxuyan qoca kepkası əlində qarşımda dayanıb təəccüblə üzümə baxırdı. Əliylə-qoluyla məndən soruşurdu ki, bu vədə təkbaşına bura niyə gəlmişəm. Dillənmədiyimi görəndə irəli durub məni söykəndiyim qəbirdən araladı, cibindən çıxardığı kirli burun dəsmalıyla üzümü sildi. Sonra kepkasının arxasıyla Eminin sinə daşının tozunu təmizlədi, qıyıq gözlərini həyəcanla daşın çırtdaq yerlərinə, sonra da mənə dikib əliylə qandırdı ki, belə olmaz, cavandı, yazıqdı.

 

Lal Kərim qolumdan tutub məni qəbiristanlıqdan çıxardı, özü də qəbirlərin arasından oraqla biçib yığdığı otu daşqasına yükləməyə başladı. Beynim şeytan əliylə dolaşmış yun kələfinə dönmüşdü. Arxın bulanıq suyundan göynəyən üzümə bir-iki ovuc vurub evə qayıtdım. Cavidi bərk-bərk bağrıma basıb hönkürdüm. Fikirlərim, duyğularım hörümçək toru kimi əl-ayağıma dolaşmışdı. Dərdim-sərim azmış kimi birini də Əlinin anası yağır belimə şəlləyib getmişdi...

 

ardı var

 

 

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018