Bakının ən böyük kitab mağazası... - Açılışdan Reportaj

Ayxan Ayvaz

 

Kulis.az "Elmlər Akademiyası" metrosu yaxınlığındakı (H.Cavid prospekti, 100/106 B) "Libraff" kitab mağazasının açılış mərasimindən reportajı təqdim edir.

 

Bakıda böyük kitab mağazası. Biz öyrəşmişdik axı, balaca, kibrit qutusu boyda kitab mağazalarına. İndi böyük deyəndə diqqətlə baxıb inanmırıq.

 

Mən bəlkə də bundan dolayı "Libraff" kitab mağazasının içərisinə keçəndə özümü qəribə hiss etdim. İlahi, bu qədər də kitab olar? Bilmirsən, hara baxasan. Mən boyda balaca adam üçün bu yekəlikdə kitab mağazası... İşıqlar da bol idi, kitablar da. Adamlar da çox idi. "Libraff" kitab mağazasının açılışına gələn rəsmi, intellektual adamlar.

 

Biz hələ tədbirin rəsmi açılışı başlamadan əvvəl bir neçə dövrə vurduq kitab mağazasının geniş, işıqlı salonunda. Mən "biz" deyirəm, siz "intellektuallar" oxuyun.

 

İsveç masalarının qıraq-bucağı hələ ki boş idi. Hamı rəflərdəki kitablara baxmağa getmişdi. Elə mən də...

 

Gəlin, kadrı geriyə verək və içəri girmədən əvvəl yazıçı, millət vəkili Aqil Abbasla salamlaşdığımız məqama gəlib çıxaq.

 

Qapının ağzında lentin kəsilməsi anı. Biz ora diqqət kəsildik, Aqil müəllim də gənc yazarlardan sevgiylə danışırdı. Lent kəsiləndə Aqil müəllimin də orda olmasını istəyən yazar dostlar oldu. Aqil müəllim dedi, mənsiz də keçinər, qoy lenti kəssinlər.

 

Tanış üzlərlə salamlaşa-salamlaşa, ayaqüstü bir-iki xoş cümlələri bir-birimizə ötürə-ötürə içəri keçdik...

 

Kitabların qoxusundan və çoxluğundan bihuş olduğumuz zaman mikrofonda xanım səsi eşitdim. Tədbir başlamışdı artıq. “Libraff Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Cümhuriyyətin 100 illiyinə həsr edilmiş kitablarının sərgisi ilə bağlı tədbir.

 

Moderator ilk olaraq Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış üçün dəvət etdi.

 

Tale Heydərov:

 

 

"Bu Azərbaycanda ən böyük "Libraff" mağazasıdır. “Libraff” mağazaları Bakının müxtəlif görkəmli yerlərində, ticarət mərkəzlərində, hava limanında və Gəncədə oxucuların ixtiyarına verilib. “Libraff” təkcə kitab mağazası deyil, eyni zamanda çoxfunksiyalı layihədir. Biz bu layihənin yaradılmasında qarşımıza müxtəlif məqsədlər qoymuşuq. Kitab satışı ilə bərabər Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi də bizim layihənin funksiyalarından biridir. Bu mağazanın yerindən tutmuş, xidmət tərtibinədək hər bir şey məqsədəuyğun seçilib. Oxucular yalnız kitab almaq deyil, eyni zamanda burda mütaliə etmək şansı əldə edəcəklər. Bura kitab mağazası olmaqla bərabər, həm də kitabxana kimi də fəaliyyət göstərəcək. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək".

 

“Libraff” kitab mağazalarının təşkilində “Teas Press”in yaradılmasının böyük rolu olduğunu söyləyən çıxışçı daha sonra əlavə edti: “Artıq bizim müxtəlif brendlər -  “Teas Press”, “Üç alma” və “Yay” brendləri oxucular arasında böyük rəğbət qazanıb. Bu brendlər təkcə Azərbaycanda deyil, Azərbaycanın kənarlarında da bu rəğbəti qazanıb. Artıq fəxrlə deyə bilərik ki, Türkiyədə ilk onluğa “Teas Press” daxil olub"

 

Tale bəyin dediyinə görə, bu gün həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı müxtəlif kitabların təqdimatı keçiriləcəkdi: "İlk dəfə Türkiyə arxivinə və mətbuatına əsaslanıb hazırlanmış dörd cildlik Azərbaycan Cümhuriyyəti ilə bağlı kitab təqdim olunacaq. Bundan əlavə 1923-1927-ci illəri əhatə edən və Məmməd Əmin Rəsulzadənin başçılığı ilə nəşr olunmuş dörd cildlik “Yeni Kafkaziya” dərgisini də çap etmişik”.

 

Növbəti çıxışçı dəvət olunana qədər xeyli alqış eşidildi.

 

 

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev də hamını təbrik etdi və kitabla bağlı dəyərli fikirlər söylədi. Sitat: "Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları burda olsaydılar Azərbaycanın bugünkü inkişafı ilə, belə gözəl tədbirlərin keçirilməsi və xüsusən bütün beynəlxalq standartlara cavab verən kitab şəbəkəsinin açılışı ilə doğrudan da qürur duyardılar".

 

Xalq yazıçısı, dünya şöhrətli detektiv Çingiz Abdullayevin çıxışından ən maraqlı parçaları sizə bəxş edirəm:

 

"Bura gələndə soruşdum ki, mənim də kitablarım satılır. Mənə bir rəf göstərdilər, hamısı mənim kitablarım. Bu məni daha çox yazmağım üçün həvəsləndirir. Tək məni yox, bütün yazıçıları. Yazıçılar bu gün sevinirlər."

 

Yazıçı deyir ki, 30 ildir bu cür kitab mağazasının Bakıda açılmasını arzulamaq və yeri gəldikcə bu arzunu dilə gətirmək onda adət halını alıbmış:

 

 

"Mən hələ neçə illər əvvəl inanırdım ki, gec-tez Bakıda bu cür gözəl kitab mağazaları açılacaq".

 

Ardınca yumorunu işə salır:

 

"Aqil Abbas zarafatla deyirdi ki, restoran açmaq daha gəlirli olar. Düzdü, orda qazanc çoxdu. Restoran da açmaq pis deyil, açılsın. Amma kitab bizim gələcəyimizdir. Heç bir millətin kitabsız gələcəyi yoxdur".

 

Və yazıçılıq haqqında çox maraqlı fikri ilə Çingiz Abdullayevə ayrılan bölməni qapadıram:

 

"Yazıçı xalqın əbədiyyətdəki vəkilidir".

 

Daha sonra “Teas Press” nəşriyyatının Azərbaycanşünaslıq bölməsinin rəhbəri, professor Kərim Şükürov çıxış etdi. Professor əlamətdar bir gün kimi qeyd etdi bu günü. Və daha sonra Cümhuriyyətlə bağlı kitablar haqqında geniş məlumat verdi.

 

Cümhuriyyətlə bağlı kitablar demişkən... Həqiqətən mən o kitabları görəndə heyrət etdim. Gözəl tərtibat xoşuma gəldi. Üstəlik kitabın nə qədər böyük zəhmətlə başa gəldiyi içəridəki faktlardan bilinirdi.

 

 

Onların arasında Dilqəm Əhmədin kitabı da gözümə dəydi. Harda Cümhuriyyət, orda Dilqəm. Dostumuz doğrudan da ciddi işlər görür.

 

Millət vəkili Musa Qasımlı tədbirlə bağlı fikirlərini bölüşdü. Dedi ki, bu gün Azərbaycanın ictimai həyatında çox gözəl gündür: "Buranın yerləşdiyi yer və kitabların tərtibatı - eyni fikirdəyik, - çox xoşuma gəldi. Düşünürəm ki, poliqrafiya da bir mədəniyyətdir. Və bu Azərbaycanda poliqrafiya mədəniyyətində yeni bir səhifədir. Hesab edirəm ki, bu çox böyük bir gündür bizim üçün. Kitablarsız cəmiyyət tanına bilməz".

 

 

Və sonda cazmen-pianist Elçin Şirinovun ifasının fonunda kitablarla və mağazanın zəngin və rəngarəng bölmələri ilə yaxından tanışlıq başladı.

 

Hər cür kitab stendi var. "Detektiv", "Romanlar", "Yeni gələnlər", "Tarix", "Fiction", "Elmi-kütləvi", "Klassika"... Və dillər üzrə bölmələr: Azərbaycan, rus, ingilis, türk...

 

Gözlərin kitabların üstündə gəzişir, amma kitablar bitmir. Mən deyirdim ki, vəssalam, mağaza qurtardı, bir də görürdüm, "Tarix" bölməsindən seçilmiş kitablar lövhəsi qarşımda durub. Bunu da keçdik deyəndə, qarşıma təhsil haqda kitablar çıxırdı. Hələ uşaqlar və məktəblilərə aid xüsusi hissəni, oxuyub yazmaq üçün nəzərdə tutulan guşələri, qəlyanaltı xidmətini demirəm...

 

 

Kitablar təkcə məni deyil, hər kəsi - ictimai-siyasi xadimləri, ziyalıları, sənət adamlarını, yazıçıları, jurnalistləri, oxucuları dörd tərəfdən ağuşuna almışdı...

 

Xoş ifanın müşayiəti ilə gəzişə-gəzişə gülümsəyən kitablara baxırdım. Onların hamısını oxumaq imkanımız varmı? Təbii ki, yox. Bütün kitabları oxumaq mümkün deyil, amma bu kitabların işığından udmaq üçün tələsməlisiniz.

 

 

Kitablar mənə dünya xəritəsini xatırlatdı. Elə bil hər rəfdə başqa bir ölkədə gəzişirdim.

 

Bu yerdə KVN-çi Tahir İmanovla rastlaşdıq və görüşdük. Yanında kim olsa yaxşıdır? Yazıçı Varis. Bir az söhbət edib təkrar kitablara qayıtdıq.

 

Bu gün kitablar məni öz qanadları altına almışdı. Tək mənimi? Əlbəttə yox. Bura yığışanların hamısını...

 

 

İnanıram ki, bu işıq daha uzaqlara uzanacaq və biz kitabın yaydığı işıqla daha geniş dünyalara çıxacağıq.

 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018