Dünyaya istiqamət verən uşaqlar – Yalçın İslamzadə yazır...

Kulis.az Hədəf liseyinin elmi məsləhətçisi Yalçın İslamzadənin “Düşünən uşaq” yazısını təqdim edir.  

 

Uşaqlara yanaşmamıza klişelər hakimdir: “Uşaqlar dəcəl və şıltaqdırlar”, bir uşaqla dialoqumuza “gözəl bala” müraciəti ilə başlayıb, ardınca nə deyəcəyimizi bilmirik. Güman ki, uşaqlara xitab edən hər hansı məhsul ya da xidmət obyektinin adı kimi “Cırtdan”, ilk ağla gələn ehtimaldır. “Susmaq qızıldır”, “Böyüyün yanında danışmazlar”, “Böyüyəndə bilərsən”, “Sakit dur”, “Əl vurma” - təbii hərəkət impulsuna sahib olan və təbii maraq duyğusu ilə suallar soruşan uşaqları “neytrallaşdırmaq” üçün düşünülmüş “təlim-tərbiyə üsulu”dur. Uşaqlara nağıllar danışır, həm də böyüdükdə bu nağıllara inanmamalarını istəyirik.

 

Bu yanaşmada qapalı dövrə yaradan gizli bir alqoritm mövcuddur: uşaq yaşlarından sual verməkdən çəkindirilən, maraq duyğusuna müsbət reaksiya verilməyən, motor bacarıqları məhdudlaşdırılan uşaqlar böyüyürlər və onlara göstərilmiş münasibəti öz uşaqlarına göstərirlər. Böyüklərin konstruktiv dialoq qurmadığı uşaq böyüdükdə, o da uşaqlarla dialoq qurmaqda çətinlik çəkir. Bu metodun nəticəsi isə böyüyənə qədər uşaqları düşünməkdən, öyrənməkdən, sual verməkdən kənar saxlamaqdır (Auditoriya qarşısında çıxış etmiş bir çox şəxs, yetkin dinləyicilərin sual verməyə çəkindiklərini təsdiq edər). Güman ki, bu prosesdə böyüklərin səbirsizliyi, maraq və mütaliə dairələrinin çox geniş olmaması və bilmədiyi suallar qarşısında özlərini “sındırmaq istəməmələri” də rol oynayır.

 

Nə üçün əhalisinin sayına görə dünya ölkələri arasında 96-cı olan İsrail start-up layihələri üzrə dünyada ilk yerlərdən birini tutur? Nə üçün yəhudi əsilli Nobel mükafatçılarının sayı çoxdur? Bu sualın cavabını Ziqmund Freyd (evin yeganə yağ lampasını kitab oxuması üçün gənc Freydin sərəncamına vermişdilər), Albert Eynşteyn (Elmə marağını 6 yaşındaykən əmisinin ona Evklidin “Elementlər” kitabını hədiyyə etməsinə borclu olduğunu yazmışdı), Riçard Feynman (atası onu sərgiyə aparmış və səbrlə oradakı illüziyaları açıqlamışdı), Karl Saqan (“mənə maraq və şübhə kimi elmi düşüncənin asanlıqla uzlaşmayan bu iki yanaşmasını öyrətdikləri üçün valideynlərimə borcluyam”) kimi yəhudi əsilli alim və düşünürlərin bioqrafiyalarında tapmaq mümkündür. Valideynləri onları ciddiyə almış, gələcəyin alimi potensialını görmüş, həmsöhbət kimi dünyanın müxtəlif aspektlərini müzakirə etmiş, elm sərgilərinə aparmış, oxumaq üçün kitablar almış, onların anlayacağı dildə dünyanı tanımağı və onu öyrənməyi təşviq etmişdilər.

 

Təhsil sistemi bütün dünyada təqdir edilib maraq oyandıran, şagirdləri beynəlxalq testlərdə ən yüksək nəticələr əldə edən Finlandiyanın əhalisi  6 milyondan azdır (Ölkələr arasında əhalisinin sayına görə 114-cü yer). Ancaq Finlandiya yaxın dövrə qədər dünya mobil telefon bazarının yarıdan çoxunu əlində saxlayan “Nokia”nın, gəmi və enerji stansiyaları üçün turbinlər istehsal edən, dünyanın öz sahəsində qabaqcıl şirkətlərindən olan “Wartsila”nın və “Ahlstrom”, “Cargotech”, “Kemppi”, “Metso” və bir çox başqa, öz sahəsinin qabaqcılı olan şirkətlərin vətənidir. Nisbətən az sayda əhali ilə bu qədər böyük şirkət, təhsil müəssisəsi, məhsul və bilgi olaraq əlavə dəyər yaratmaq, yəqin ki, insanın faydalı iş əmsalını maksimuma çatdıran təhsil və yaradıcı düşüncə olmadan, mümkün olmazdı.

 

Əhalisi yüz milyondan çox olub sənayesi Finlandiyanın onda biri qədər olmayan ölkələr misal vermək mümkündür. Bütün yaxşı göstəricilərə baxmayaraq bu qabaqcıl ölkələr işlərin yolunda olduğunu düşünüb arxayınlaşmır, uşaq və gənclərini gələcəyin dünyası üçün hazırlayır, daima təhsil sistemlərini təkmilləşdirirlər. Bir çox mütəxəssis isə hər gün dəyişən müasir dünyada təhsilin məktəb və universitetlə yekunlaşmadığını, həyat kursu ərzində daimi öyrənmənin vacibliyini vurğulayırlar. Uşaq və gənclərin təhsilini ifadə edən pedaqogika termini ilə paralel olaraq, həyat kursu boyunca böyüklərin daimi öyrənmələrini ifadə edən androqogika termini də getdikcə populyarlaşır.

 

Jan Piajeyə görə 7-11 yaş arası konseptlər haqqında abstrakt təfəkkürün formalaşmağa başladığı perioddur. 11 yaşdan yetkinlik yaşına qədər keçən, rasional düşünmənin formalaşdığı dövrdə, bu ön hazırlıq çox vacibdir. Nəzəriyyəsi son dövrlərdə populyarlıq qazanan Vıqotski isə düşüncənin formalaşmasında dil və mühitin əhəmiyyətini vurğulayır. Demək olar ki, bu iki nəzəriyyə məşhur təbiət/mühit mübahisəsini tamamlayır. Vıqotski həmçinin “proksimal inkişaf zonası”ından da bəhs edib. Şagird hətta yaşına görə təbii olaraq qavraya bildiklərindən çətin olan müəyyən mövzuları da, müəllim və böyüklərin köməyi ilə mənimsəyə bilər. Ümumiyyətlə isə, beynin imkanlarının artırılmasında neyronların sinaptik əlaqələr qurmaq üçün zəngin mühit tərəfindən stimullaşdırmasının əhəmiyyəti tədqiqatçılar tərəfindən qeyd olunur; sinaptik rabitələrin zəngin şəbəkəsi beynin koqnitiv imkanlarını artırır. Bunun üçün ən uyğun dövr isə uşaq və gənclik dövrüdür.

 

Dildən istifadə bacarığı təkcə şeirlə əldə edilməz. Fəlsəfə, düsturlarla ifadə oluna bilməyən, müzakirə və mübahisəyə açıq mövzularda anlamaq və ifadə etmək, sual vermək, aqrumentlər və əks-arqumentlər formalaşdırmaq  üçün ən uyğun disiplindir.

 

***

 

 

Nuran Direk stajlı fəlsəfə müəllimi, Türkiyə Fəlsəfə Kurumu Uşaqlar üçün Fəlsəfə Bölməsi rəhbəri və Beynəlxalq Uşaq Fəlsəfə Olimpiadasının qurucularındandır. Tanınmış fəlsəfəçi İonana Kuçuradinin tövsiyəsi ilə uzun illərdir ki, uşaqlara fəlsəfənin necə öyrədiləcəyi mövzusunu araşdırır. “Uşaqlar fəlsəfə ilə məşğul olsunlar. Ailələri onları danışmağa təşviq etsinlər və həqiqətən onlara qulaq assınlar. Nəsihət eşitmək heç kimin xoşuna gəlmir, uşaqların da. Onlara doğrunu, yaxşını diktə etmək əvəzinə uşağın sual-cavabla, sorğu-sual edərək doğrunun, yaxşının nə olduğunu tapmasına şərait yaratmaq lazımdır.”

 

“3 Alma Yayınları” Nuran Direkin üç kitabını tərcümə və nəşr edib - “Biləndər uşaq”,  “Filosof uşaq”,  “Uşaqlarla fəlsəfə”.

 

“Filosof uşaq” kitabı hekayələr və sual-cavablar vasitəsiylə həqiqət-görüntü, doğru-səhv, yaxşı-pis kimi fəlsəfi kateqoriyaları müzakirə edir. “Azad olmaq, yoxsa olmamaq?” fəsli, misal üçün, “Azad olmaq istədiyini edə bilməkdirmi? Nələri etmək və ya etməmək bizim əlimizdədir? Məcburiyyətlərimiz azadlığımızı məhdudlaşdırırmı? Nə vaxt doğru olanı seçirik?” kimi sualların müzakirə edildiyi, hər fəslin sonunda “Nə düşünürsünüz?” sualı və “Azad olmaq öz əlimizdədir” (Epiktet) və “İnsanlar azad olduqlarını zənn edərək yanılırlar” (Spinoza) kimi iki əks fikri, qrup yaradaraq müzakirə etməyi təklif edir. “Uşaqlarla fəlsəfə” kitabında, tutaq ki,  “Tənqidi düşünmə” haqqında ilkin məlumatlar verilir, təhlil və sorğu-suallar nəticəsində tanınmış filosofların, mif və nağılların mətnlərini ümumiləşdirmə və özünü qiymətləndirmə tapşırıqları ilə analiz edərək, növbəti müzakirəyə keçilir.

 

“Biləndər uşaq” kitabı isə daha çox elmi fəaliyyətin və düşüncənin uşaqlara çatdırılması məqsədi ilə yazılıb. İllüstrasiyalar, böyük alim və filosofların əsərlərindən sitatlar, müxtəlif elm sahələrindən nümunələrlə maraq, düşüncə, ehtimallar mövzuları və alim kimi düşünmənin şərtləri izah edilir.

 

Uşaqlara böyüdükdə həqiqət olmadığını aşılayacağımız, nağıllar vasitəsiylə təqdim etdiyimiz dünya əvəzinə, onları elmi və fəlsəfi yanaşmaya alışdırmaq, bu düşüncəni daima, kiçiklikdən böyüklüyə qədər inkişaf etdirmək daha effektiv olar. 21-ci əsr bacarıqları arasında sayılan “kritik düşüncə” (kritik burada sırf tənqidi deyil, analitik mənada istifadə edilir) vərdişinin aşılanması onları gələcəyin mürəkkəb dünyasına hazırlamaq üçün olduqca vacibdir. Bu kitablar isə, sadəcə uşaqların yay tətillərini mənalı keçirmələrinə yox, həm də onları uşaqlarla birlikdə oxuyacaq böyüklərə də faydalı olacaq. Bu kitabları uşaqlarla oxuyaraq, böyüklər də androqogika sahəsində ilk təşəbbüslərini göstərmiş olarlar.

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018