16 yaşlı qıza vida videosunu çəkdirənlər

Azərbaycan balaca ölkədir. Bu, tək ərazi məsələsi deyil. Balaca həm də məhdudluq məsələsidir. Ona görə də kimsə şortik geyinəndə bu hadisə olur, müzakirəyə, gündəmə çevrilir və bunun ucundan yapışanda hadisənin altından az qala bütün mətləblər tökülür: insan hüquqları, demokratik cəmiyyət, köhnə dəyərlər, yeni dəyərlər, gücün bərabər bölünməməsi, vəhşi təbiət qaydaları (gücsüzə hücum, güclüyə yaltaqlanma) və s. Mövzu da, kontekst də genişdir. Yazarlar da belə məhdud məsuliyyətli mövzunu gücü çatan yerə qədər müzakirə edir.

 

Bu günlərdə, belə periodik gündəmlərdən birində daha bir xəbər-video yayıldı. Biləsuvarlı 16 yaşlı qızın intihardan öncə çəkib nişanlısına yolladığı video...

 

Videoda yeniyetmənin dolayısı ilə sevgilisini peşman etmək üçün, özü ölsə də ömürlük onun xatirəsində yaşamaq üçün intihar etdiyi görünürdü. Qalan heç nə bilmirik. Araşdırma-filan yoxdur, işimiz tezcə gündəmi tutmaq baş verən hadisə haqqında ehtimali versiyaları irəli sürməkdir.

 

Bir də hər intihar xəbərində danışılan klişe fikirləri oxumaq. Məsələn: “Gücü çatıb özünü öldürməyə” və “Yaşamağa gücü çatmayıb”.

 

Bu fikirlərin arasından ciddi sualları seçmək:

 

Nikah yaşına çatmamış 16 yaşlı qız niyə nişanlanır ki?

 

Məsələ oxumaqda deyil. Hər kəs universitet oxumağa borclu deyil.

 

Bəs məsələ nədədir?

 

Məsələ yeniyetməlik kimi psixoloji həssaslıq dönəmində yetkinlik yaşına çatmamış övladı evlilik, ciddi partnyorluq kimi münasibətlərə yönəltməkdədir.

 

Valideyn övladını yalnız fiziki olaraq deyil, həm də bu cür ciddi münasibətlərin gərginliyinə yetişdirməlidir.

 

Əlbəttə, deyəcəksiniz ki, 16 yaşlı qız nişanlı olmasa da, sevgilisi ilə münasibətlərinin gərginliyini yaşayıb intihar edə bilər. Ola bilər. Amma bəlkə o zaman 16 yaşlı qız bu münasibətlərə elə ciddi yanaşmayacaqdı. Bir sevgili ilə münasibət bir nişanlı ilə münasibətdən fərqlənir. Həm də bizdə.

 

Ciddi yanaşmadığı üçün belə ciddi addım da atmayacaqdı.

 

Yeniyetmə yaşda baxdığı romantik filmlərin, dinlədiyi sentimental musiqilərin təsirinə düşmüş qızdan nə gözləmək olar ki? Zatən intiharın bir motivi özünü yada salmaq, kimlərisə peşman etməkdir.

 

Xüsusən ətrafda intiharı motivasiya etmək üçün hər zövqə görə resurslar var. Ən çoxu mahnı janrında.

 

Məsələn, Əmrahın, İbrahim Tatlısəsin ilk filmlərində sevgilisi ölən gəncin etdiyi fəryadlar yaşıdlarımızın hərəsində bir intihar romantikası yaratmışdı. Yetər ki, bu romantika üçün obyekt tapasan. Səbəb isə ümumiyyətlə lazım deyil. Bu filmlər keçmişdə qalmayıb. Keçmişdən bu günə gəlib.

 

Bir rəfiqəm danışırdı ki, toy günündə gözəllik salonuna gedən gəlin yolboyu sürücünün seçdiyi mahnıdan təsirlənərək, saçını bəzəyən ustaya kişi vəfasızlığından danışır, bu başdan özünü cəhənnəmə hazırlayırdı. Yolboyu dinlədiyi Könül Xasıyevanın mahnısının məzmunu isə belə imiş: Öləcəyəm, sən peşman olacaqsan, gəlib qəbrimdən üzr istəyəcəksən, qəbrimin üstündəki otlar da deyəcək:  “Səni sevməyəcəm mən.”

 

Təsəvvür edin, belə bir mahnı, ya da serialda gördüyün intihar səhnəsi həssas psixoloji situasiya yaşadığın yerdə çıxır qabağına ya da yaddaşından avtomatik olaraq bir klişe-düstur kimi ortaya çıxır. Bir dəfə zarafatla planladığın, filmlərdən “oğurladığın” bir intihar səhnəsi yada düşür, daha düzü işə düşür və sonsuz variasiyaları ilə dərin bir həyata bəsit bir şəkildə son verirsən.

 

Minlərlə məna olan həyatdan əlini üzüb ölümə yalnız bir, ya bir neçə məna verirsən - əgər bu çıxılmazlıq deyilsə...

 

Ona görə də, əsil sənət əsəri – musiqi, kitab, film və s. intihara aparmaz, çünki onda həyatın özü kimi dərinlik, çoxqatlılıq, çoxvariasiyalılıq var. Ola bilər, müəllif dərin ziddiyyətlər yaşasın, əzab çəksin, əsər də oxucuya belə təsir etsin, amma bunlar istisnalardır.

 

Vida videosunda türk sözləri işlədən 16 yaşlı qızda hansı mahnı, hansı film, hansı serial intiharı motivasiya edib? Bu barədə o, heç nə demir.

 

Nə səbəb, nə motivasiya...

 

İntihar göründüyü qədər sadə məsələ deyil.

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018