Əlini qanlı-qanlı süzüb otağımdan çıxdım  - BİRCƏNİN ROMANI

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

Ağzımızın dadını qaçırmış eltim olmasaydı, dönəlgəsi dönmüş evdə uşağımı rahatca böyüdərdim. Çalışırdım bu dölü dönük qızın gözünə görünməyim, çox vaxt çağırığına da cavab vermirdim. İt onu yallayan yiyəsinin baldırını qapdığı kimi gəlin hər gün qarnını sığallaya-sığallaya mənə ağız atırdı:

 

- Kaş mən doğana kimi sən çıxıb gedəsən burdan, yoxsa səni gördükcə südüm quruyacaq.

 

Çevrikib məzlum-məzlum Zöhrə xalanın üzünə baxırdım, gözlərimlə ondan imdad diləyirdim. Qaynanam da mən əvəzdən ona bir-iki tikanlı atmaca atırdı:

 

- Hələ bir doğ görək nə doğursan – ilanmı doğursan, qurbağamı doğursan?

 

Gəlinin havasını Maral kimi alan olmazdı. Bir gün yenə Nərgizin belə solaxay danışığına qulaq yoldaşı oldu, ətli qollarını enli ombasının üstündə cütləyib başladı, nə başladı:

 

- Aaazzz, sən bu qapıdan girəndən inəklərimiz qısır qaldı, Allahın toyuğu fal salmadı. Sən gələli güllü bağımız tikanlığa döndü, evin adamı bir-birinə düşmən kəsildi, ruzu-bərəkətimiz göyə çəkildi. Mən özüm uşaq saldım, ildə dörd dəfə balalayan qara tula da yolunu azdı, səmə olub qapılara düşdü, kürsəyə gəlmədi. Sən o yerə girmiş başını bura təpəndən qapı quruya qaldı, batmış adını tutan kimi igidimizi itirdik – sən hansı xeyirdən-uğurdan danışırsan, aaazzz?!

 

Sonra da mənə sarı dönüb bəxtəvərlik verdi:

 

- Xoşbaxt adamsan, üzün ömürlük qurtaracaq bu xarabadan.

 

Axır vaxtlar Yunus Maralı çox incidirdi, avara dostlarına qoşulub hara gəldi gedirdi, günlərlə evdən-uşaqdan xəbəri olmurdu. Maral da gəlib ağzının odunu Zöhrə xalanın qoynuna tökürdü.

 

Bir gün də elə yelli-yelli bizə sarı gələndə Maralın gözü Mahmud əminin seyvanın bir küncünə atılıb qalmış xrom çəkmələrinə sataşdı – hərdən mən də o çəkmələri ayağıma geyib qapıda-bacada hərlənirdim, ağaca çıxıb-düşürdüm. Maral tozlu çəkmələri sinəsinə basıb necə ağladısa, elə bildim Eminin ölüm xəbəri Mahmud əmiyə indi çatdı, elə bildim Maralın göyə sovrulan külü kişinin qəbrinə səpildi; elə bildim Mahmud əmi özüylə apardığı gülüstanımızı, günümüzü-dirriyimizi, başımızdan yağıb ayağımızdan çıxan ruzumuzu qabağına qatıb geri dönəcək, bu məhlədə taykeş qalmış bir cüt qadını dəmir iradəsiylə dörd yandan çəpərləyəcək...

 

Hə, Dostum, qadın nə qədər güclü olsa yenə zəifdi; hətta Maral kimi cəngavər xatunun da aciz, əlacsız qaldığı anlar olurdu.

 

***

 

Məktəb tətilə çıxmışdı deyə işə getmirdim. Bu arada sağılan mallarım artıq satılıb sovulmuşdu. Atamgilin danışığı belə olmuşdu – yay çıxmamış məni burdan aparasıydılar. İntəhası, neçə yerdən zədələnmiş ata evimizin düşmən ağzında qalması, arvad-uşağın kəndimizdən perik düşməsi hələlik mənim dərdimi-qayğımı da arxa plana atmışdı.

 

Əslində belə vəziyyət ürəyimcəydi – nə gizlədim, bu qədər dar-damanda, əl-amanda qalsam da atam evinə qayıtmaq istəmirdim. Qorxurdum anam məni yola verməyə, uşağım qoltuğumda qalam ortalıqda. Odu ki, indi hamı öz başının hayına qalıb bizi unutduqca mən sevincək olurdum, köçümü təzədən bu qapıya töküb bu evdə yerimi yenidən isidirdim – qol çırmayıb həvəslə ev işlərinə sarılırdım, mürəbbə bişirirdim, banka bağlayırdım. Gəlin də qarnı böyüdükcə evdə tapılmırdı, anası aparıb öz evində bəsləyirdi qızını.

 

Eminin ikinci ilinə az qalmış Yunus Maralla məni rayona bazarlığa apardı. Ucuzlaşmış pomidor-xiyardan bir xeyli aldıq. Maral yenə üzümü danladı:

 

- Bu qədər bankanı kimdən ötrü bağlayırsan, ay yesir?! Ara sakitləşən kimi atangil gəlib səni aparacaqlar. Bu yançağı yerdə qalmışlardan ötrü özünü niyə güdaza verirsən?

 

- Nə bilmək olar, bəlkə aparmadılar, bəs onda qış boyunca neylərəm?..

 

Zöhrə xalayla Cavidin günorta yeməyini verib axşamın sərininə doğru yuyulmuş tərəvəzləri balonlara qabğarmağa başladım. Mən qovağın altında, Maral məndən yüz addım aralı tutun dibində qazanlarımızı asıb balonlarımızı bağladıq. Zöhrə xala qalmışdı ikimizin arasında, çəliyinə söykənə-söykənə gah mənim yanıma gəlirdi, gah da danışa-danışa Marala baş çəkirdi. Arvad onun ocağına hər yaxınlaşdıqca Maral:

 

- Hıhh, yiyəsini yıxmış at gəlir eyy, - deyib bərkdən gülürdü.

 

Zöhrə xala Maralın bu bənzətməsinə elə məhəl qoymazdı, çox vaxt özünü karlığa vurardı; hətta hərdən mənə elə gəlirdi arvad məhz bu sözü eşitmək üçün Marala sarı gedir...

 

Gəlini anası ertədən gəlib aparmışdı, Elgiz də onun dalınca gedib qaynanasıgildə qalmışdı. Maralla yarışırdıq, tez-tez gəlib-gedib bir-birimizin balonlarına baxırdıq. Uşaqlarının, ərinin qayğısı-qarğaşası ucbatından Maral aldığı tərəvəzin yarısını sabaha saxladı, mənsə evdəki sakitliyi, gecənin sərinliyini fövtə verməyib gecəyarıya kimi işləyib işimi bitirdim. Bu müddətdə Zöhrə xala da evə girmədi, gah qovağın altında, gah pilləkəndə oturub məni təkcə qoymadı.

 

Bağladığım balonları ağzıüstə ağacın dibinə düzdüm. Neçə saat dayanmadan qırağında əlləşdiyim ocağın istisi damarlarımda qanımı qaynadıb qıjıldadırdı. Qaynanam oturduğu yerdən dikəldi:

 

- Qurtardınsa qalxaq yuxarı, girək yerimizə, gecə yarıdan keçib.

 

Hamamdan can dəsmalını qapıb dedim:

 

- Zöhrə xala, qadan alım, otur pilləkəndə, özümü arxın suyuna vurub gəlirəm.

 

- Ay bala, qanın istidi, canın tərlidi, gecənin suyu soyuq olur, azarlayarsan, gir hamamda isti suya ver özünü.

 

- Sən beşcə dəqiqə məni burda gözlə, gəlirəm.

 

Qapı-baca işıqlıydı, arxa tərəfsə evlərin işığı yanmayanda qaranlıq olurdu. Əynimdəkiləri sıyırıb arxın qırağındakı qab taxçasının üstünə atandan sonra sərin suya girdim. Su canıma dəyəndə üşürgələndim, mənə elə gəldi dərimə su qarışıq insan həniri də dəydi. Sabunlana-sabunlana dörd yanıma baxındım, arada bir yol eymənib Zöhrə xalanı səslədim. Arvad səsimə səs verdi:

 

- Qorxma, burdayam.

 

Canımın hisini, tərini tezcə suya axıdıb arxdan çıxdım. İri qətfəyə bürünüb qaynanamın üstünə qaçdım:

 

- Zöhrə xala, mənə elə gəlir yaxınlıqda kimsə var, məni adam həniri vurdu.

 

- Ay qız, dəli-dəli danışma, gecənin bu vaxtı adam nə gəzir? Gecələr su vahiməli olur.

 

Zöhrə xalanı pilləkənin başında qoyub özümü içəri atdım. Mən otağımın qapısına çatanda işıqlar söndü. Geri dönüb zala doğru bircə addım atmışdım ki, Zöhrə xala qışqırdı. Elə bildim arvad qaranlıqda yıxıldı. Gecənin işığında zala xeyli adamın girdiyini gördüm. Boğazıma qaynar maye kimi bir şey doldu, qışqırmaq istəyəndə işıqlar hamısı birdən yandı.

 

***

 

Zalda təxminən on beş kişi vardı, hamısı da içəri ayağı qablı girmişdi. Biri Zöhrə xalanın əlindən tutub divana çökməsinə kömək elədi. Gur işığın altında döyükə-döyükə mən bir gələnlərə, bir də özümə baxdım. Can dəsmalını çılpaq bədənimə bərk-bərk doladımsa da çiyinlərim, sinəmin yarısı çöldə qaldı. Çevrilib otağıma getmək istəyəndə əli avtomatlı iki nəfər önümü kəsdi:

 

- Tərpənməyin, sənədimiz var, evləri axtaracağıq!

 

Zöhrə xala yad adamların üzünə baxa-baxa gözlərini döyürdü. İşıqlar yanana qədər içimdə qorxu vardı, sonra da həyəcan çökdü boğazıma. Daha heç nə eşitmirdim, heç nə anlamırdım, bircə istəyim vardı – əynimə paltar tapıb geyinmək.

 

Qarşımı kəsən iki nəfərin hərəsini bir yana itələyib otağıma girəndə Cavid yadıma düşdü: uşaq dünyadan xəbərsiz yatırdı. Gecə lampasının zəif işığında dolabımı eşdikcə qapının ağzını kəsdirmiş iki pəzəvəng göz çəkmədən məni izləyirdi. Geyəcəyim paltarları divanın üstünə atıb onlara sarı çevrildim:

 

- Möhlət verin əynimi geyinim.

 

Biri çəkildi, o biri at kimi dirənib durdu:

 

- Çıxmağa ixtiyarım yoxdu, üzümü çevirəcəm geyin.

 

Can dəsmalını döşlərimin üstündə möhkəm düyüb donumu başıma atanda yadıma düşdü ki, Eminin ata yadigarı tapançası Cavidin döşəyinin altındadı. Qapının ağzındakına məhəl qoymadan əynimi geyinib rahatlaşdım. Zalın qapısına çatanda qulağıma tanış bir səs gəldi. Yaddaşımda bu səsin izinə düşməyə macal tapmamış yarısı mülki, yarısı polis geyimli kişilərin hər gün yuyub təmizlədiyim evləri, yerə döşəli qiymətli gəbələri tapdalayıb yaman günə qoyacağını düşünüb özümü irəli verdim:

 

- Nə istəyirsiz eləyin, amma ayaqqabılarınızı soyunun. Bir də imkan verin uşağı qaynımın evinə aparım, oyanıb bu qədər adamı görsə qorxacaq.

 

Zöhrə xala yalnız indi ayıldı, əl atıb üzünü cırdı, saçını yoldu. Bir nəfər irəli durub arvadın qolundan yapışdı, hardansa pambıq tapıb yarasının qanını sildi, sonra ona ürək-dirək verdi:

 

- Ana, qorxma, biz düşmən deyilik. Bizə deyiblər evinizdə xeyli silah-sursat var, onu yoxlayıb gedəcəyik, bizdən qorxmaq lazım deyil. Bir nəfər də qonşulardan olmalıdı ki, şahidlik eləsin.

 

Mən tez Misir əminin adını verdim, onların həyətinə gedən ara yolu pəncərədən göstərdim. Gələnlərdən bir yaşlısı dilləndi:

 

- Bizimkilərdən birinin iştirakıyla uşağı aparın.

 

Bu sözü eşitcək özümü otağıma atdım. Evdə bircə sənədsiz silah vardı, o da Eminin tapançasıydı. Dolu, balacaboy bir polis mənlə dabanqırma otağa girib qapını kəsdirdi, sonra da gözlərini mənə zilləyib hər tərpənişimi diqqətlə izləməyə başladı.

 

Adyalı çarpayıya sərdim, Cavidi yavaşca götürüb adyalın üstünə qoydum, arxam polisə uşağı bükə-bükə sağ əlimi iki döşəyin arasına saldım, bir göz qırpımında tapançanı ordan çıxarıb adyalın içinə atdım. Uşağı qucağıma alıb çevriləndə polislə göz-gözə gəldim – onun duyuq düşüb-düşmədiyini anlayammadım: ya bilməmişdi, ya bilib susmağı üstün tutmuşdu, ya da bu otaqdan çıxıb zala girəndə məni ifşa eləyəcəkdi. Özümü arxayın göstərmək üçün baxışlarımı bir az da sərtləşdirdim. Otağımdan pilləkənə qədərki on-on beş addımlıq yolu qıl körpünün üstüylə getdim. Çöl qapını açana qədər elə bilirdim bir dəstə avtomat kürəyimə tuşlanıb...

 

Cavid qucağımda Maralgili oyatdım, olanları çaparaq danışıb adyala bükülü uşağı eltimə verəndə qoynundakı amanata da işarə vurdum. Qaynım yerindən dik atıldı:

 

- Sən nahaq onu bizə gətirmisən, mənim evimi yıxacaqsan!

 

Qulaqlarıma inanmadım:

 

- Yaxşı, indi neyləyək, atanın, Eminin yadigarıdı, aparım əlimlə verim onlara?

 

Maral irəli yeriyib Cavidi qucağımdan aldı:

 

- Ona fikir vermə, lap yaxşı eləyib gətirmisən, arxayın get.

 

Elə burdaca deyim ki, o gecədən sonra mən o tapançanı bir də görmədim, Yunus ata-qardaş yadigarının başına nə gətirdi, bilmədik.

 

***

 

Cavidi Marala təhvil verib arxayın geri qayıtdım. Artıq Misir əmi də gəlib çıxmışdı, “qonaqlar” hamılıqla ayaqqabılarını soyunmuşdular, Zöhrə xala sakitləşmişdi. Mənə bir kağıza qol çəkdirib başladılar evləri axtarmağa. Əlimdə qələm möhürlü kağızın üstünə əyiləndə yenə qulağıma həmin o tanış səs gəldi. Cəld başımı qaldırıb yaxınlıqdakı kişilərin bir-bir üzünə baxdım. Tanış sifət görmədim.

 

Gələnlər iki hissəyə bölündülər: bir yarı həyət-bacanı, zirzəmini, taxtapuşu axtarmağa getdi, bir yarı da otaqlara doldu. Onlar evi dağıdıb-tökdükcə mən də arxalarınca gəzib dağınıq-tökünüyü yerbəyer eləyirdim. Misir əmi məni gözündən qoymurdu.

 

Növbə mənim otağıma çatanda Zöhrə xala dilləndi:

 

- Ora ölən oğlumla gəlinimin otağıdı, orda miras paltardan, gəlinin cehizindən başqa ələ gələsi heç nə yoxdu, girməyin ora.

 

Arvad əlində çəlik qapının ağzını kəsdirəndə bayaqdan qulağıma dəyən tanış səs indi lap yaxınımda səsləndi:

 

- Xala, narahat olmayın, ötəri baxıb çıxırıq.

 

Səs gələn səmtə çevrildim: Əli yanıq üzüylə qarşımda dayanmışdı...

 

Sonuncu dəfə Əlinin səsini elə bu evdə, başını qollarının üstünə qoyub yatmış elə bu telefonda eşitmişdim. Doğum günüm idi, hərçənd bu evdə kiminsə yadına da düşmürdü. Səməndər gəlməsəydi özümün də yadıma düşməyəcəkdi.

 

Arada telefonumuzun zəngi çalınırdı. Mən bu evdə telefon qaldırmazdım – həm Eminin acığı tuturdu, həm də kimiydi zəng vurub məni axtaran? Gələn zənglərin çoxu Elgizin ayağına yazılırdı, subay, ərgən qızlarla saatlarla o çənə döyürdü. Həmin gün Eminlə Elgiz axşam yeməyindən sonra həmişəki kimi kənd çayxanasına getmişdilər. Zöhrə xala artıq xoruldayırdı. Mahmud əmi divanda uzanıb kitab oxuyurdu. Mən də gecə yır-yığışıyla məşğul idim. Telefon cingildəyəndə qaynatam məni səslədi:

 

- Dovşan, sən Allah o dəstəyi qaldır görək kimdi, a bala. Xeyrə calansın, bayaqdan neçə dəfə mən götürmüşəm, danışan olmayıb.

 

Dəstəyi qaldırıb qulağıma dirədim:

 

- Alo, eşidirəm.

 

Xəttin o başından axıb gələn uzun bir nəfəs qulağıma doldu, səsimi bir az da qaldıranda dilləndi:

 

- Ad günün mübarək, səni təbrik eləyirəm!

 

Boğazım qovuşdu, kürəklərim alışdı. Səsi dərhal tanımışdım! Çevrilib qorxa-qorxa Mahmud əmiyə baxdım:

 

- Alooo, ay balam, danış daa, - deyib ovcumu yandıran dəstəyi tezcə yerinə atdım.

 

Kişi əlini yellədi:

 

- Allah bilir hansı avaradı, - deyib sinəsinə qoyduğu kitabı üzünə qaldırdı.

 

Özümü eşiyə atıb üz-gözümü sazağa tutdum, altımda əsən ayaqlarımı bir-birinə sıxıb özümü çimdiklədim. O zəng məni sevindirməmişdi, əksinə, qorxutmuşdu, bir suçum olmaya-olmaya məni cəfasını çəkdiyim külfətin içində gözükölgəli eləmişdi, bu evə bir az da pərçimləmişdi Ondan sonra xeyli vaxt gözlərimi Emindən qaçırdım, onun üzünə baxa bilmədim. Uzun müddət elə bildim ərim onun mənə zəng vurduğundan hardan olsa xəbər tutacaq. Ondan sonra gəl ölünü qoy, dirini ağla – dansan da günahkarsan, danmasan da...

 

İndi o səsin müəllifini qarşımda canlı görəndə kəndirim kəsildi, sağ əlimi qaldırıb bura gələndən qulağımda qulluq halqası kimi gəzdirdiyim sırğamdan yapışdım. Sırğanı aşağı dartdıqca canıma silinsimiş ağrı qulağımdan süzülürdü. O an içimə adını bilib-bilmədiyim milyon hiss doldu, o an eşitdiyim bütün səslər sözə çevrildi. O, gəlinlik otağımın qapılarını taybatay açıb içəri girəndə müqəddəs döyüşdə qolları kəsilmiş and yerimiz kimi oldum. Qolsuz canımı ayaqlarıma yükləyib mən də özümü içəri daşıdım.

 

Lampa işığında közərən otağımın lüstrü yandırılanda qapıya yaxın tumbanın üstündəki itə ikimiz də eyni anda baxdıq. Bu iti illər öncə Əli mənə əmisi qızıyla göndərmişdi. Gipsdən hazırlanıb qırmızı boyanmış daxılın ağzından içəri xırda pul atırdıq. İndi Əlidən də çox bu itdən utandım, beynimdən keçdi ki, Əlinin gözü yayınan kimi iti tezcə götürüb o biri otaqlardan birinə aparım.

 

Paltarlarımı yığdığım cehizlik dolaba söykənib kirimişcə baxırdım. Kimi qablarımın içini, kitablarımın arasını yoxlayırdı, kimi divara hörülmüş taxçaların gözünü eşirdi, kimi də kəfkirli saatı divardan endirib baxırdı. Əli iti tumbanın üstündən götürdü, içindəki xırda pulları çıqqıldadıb yerinə qoydu, sonra dönüb istehzayla üzümə baxdı. Otağın içində bir də irəli-geri gedib-qayıdanda iti əliylə vurub yerə saldı. İt şəkilli daxıl döşəməyə çırpılan kimi düşdüyü yerdən qurumuş əhəngə oxşar bir duman qalxdı, içindəki qəpiklər cingiltiylə dağılıb hərəsi bir səmtə diyirləndi. Məni bir əsəbi, isterik gülmək tutdu (Sonralar o deyirmiş ki, o cür güləndə elə bildim Bircə havalandı).

 

İti qırandan sonra Əli yırtıcıya döndü, otağımda gözünə görünən nə vardısa – pərdələri, üzlükləri, örtükləri dartıb-söküb ayağının altına sərdi. Mən dolabdan aralanıb qapının yanına çəkildim. Aralandığımı görcək Əli özünü dolabın yanına verdi, üzündə kinayəli təbəssüm dolabın qapılarını açdı, içinə diqqətlə baxandan sonra ütüləyib qatlayıb səliqəylə çinlədiyim alt-üst paltarlarımın hamısını sıyırıb ayağının altına tökdü.

 

Ərimin mənə xarici ölkələrdən alıb gətirdiyi geyim-kecimi, çantaları, dəsmalları Əlinin ayaqları altında görəndə atamın məni belə bir alçağa yox, Emin kimi kişiyə verdiyinə ilk dəfə sevindim. Oğru pişik sayaq sinib dolabın qapısı arasından mənə baxan Əlini qanlı-qanlı süzüb otağımdan çıxdım, gedib Emin kimi oğul doğmuş qadının yanında oturdum.

 

Zöhrə xala həyəcanla:

 

- Ay bala, sən niyə gəlib məndən yuxarı başa keçdin, - dedi, - qır-qızılın hamısı ordadı, qayıt get otağına.

 

- Cəhənnəm olsun hamısı, yorulmuşam, dayana bilmirəm.

 

Gündə yüz yol sığal verdiyim, bir küncünə toz qondurmadığım otaqları düşmən kimi yoğurub yerə qoyurdular. Gizlindəki boxça-barxanamızı daşıyıb gətirib zaldakı iri masanın arxasında qaynanamla üz-üzə oturmuş yağlıboyun kişinin qarşısına yığırdılar. Zöhrə xala əliylə, gözüylə, çəliyiylə məni didikləyib dümsüklədikcə özünü yazı yazırmış kimi göstərən kişi də altdan-altdan məni süzürdü. Altı üstünə çevrilən ev-eşikdən çox onun baxışları məni sinsidirdi.

 

Qalxıb bir də otağımın qapısına yeridim. Əli yerə səpdiyi paltarlarımın üstündə dayanıb Eminin tikiləsi evimiz üçün həvəslə yığıb ifçinlədiyi pulları dolabın dərinliyindən gözləri parlaya-parlaya eşib çıxarırdı, dimdik baxışlarımın altında pulları sevinclə masanın üstünə yığırdı. Arxası mənə olan başqa bir polis Cavid doğulanda Mahmud əminin bizə bağışladığı sarı samovarın içinə yığdığım qızıllarıma baxa-baxa irişdi:

 

- Pis yaşamırmışlar ha!

 

Misir əminin üzünə baxdım, onun dillənmədiyini görəndə:

 

- Dədənin itiyini tapdın, - dedim, - nə şellənirsən?

 

Pisikdiyimi görən Misir əmi qolunu boynuma salıb məni özünə tərəf çəkdi:

 

- Bir az səbirli ol, bu işin qaydası belədi. Onlar hamısı toxunulmazdı, sənin sərvətindi.

 

Otağımda məni utandırası heç nə yoxuydu – buna çox sevinirdim. Baldızımın təndir odlama əməliyyatından qorumaq üçün paltarlarıma büküb orda-burda gizlədiyim Mahmud əmidən qalma qədimi kitablar evin künc-bucağından tapıldıqca gətirib onları da qaynanamla üzbəüz oturmuş şefin qabağına yığırdılar. Polisbaşı qara cildli qalın bir kitabı o üz-bu üzünə çevirib Misir əmidən soruşdu:

 

- Pulu, qızılı başa düşdüm, kitabları niyə belə gizləmisiz?

 

Mənim kitabqurdu olduğumu da, kitabları kimdən gizlədiyimi də Misir əmi yaxşı bilirdi. Ona görə də qara cildli qədimi kitabı polisdən alıb dedi:

 

- Bu evdə ən qiymətli, sənə görə ən qorxulu (polisin savadsızlığına işarə vururdu) şey o kitabların arasındadı.

 

Kişinin bu sözündən sonra polislərdən bəziləri əllərinə keçən kitabları üzüaşağı tutub silkələməyə başladılar. Bunu görəndə məni yenə gic gülmək tutdu. Vərəqlərin arasından nə vaxtsa qoyduğum qurumuş bənövşə dəstəsi, Xuraman müəllimənin məktubları, Emindən sonra yazdığım məzmunlu-məzmunsuz cızmaqaralar, bir sözlə, nə düşürdüsə hamısını göydə qapıb yağlıboyun kişinin qabağına qalaqlayırdılar.

 

***

 

Yenə gedib Zöhrə xalanın yanında durmuşdum. Həyət-bacanı, zirzəmini, əl damını, tövləni axtaranlar da ikibir-üçbir içəri qayıdırdılar. Bir yığın kişinin nəfəsinin, tərinin, corabının, siqaretinin iyi bir-birinə qarışıb içəridə ürəkbulandıran atmosfer yaratmışdı. Bu iyrənc qoxuya, ondan da çox Əlinin qəlbindən saçılan üfunətə dözməyib çölə çıxdım, seyvanda nəfəs dərib geri qayıtdım.

 

Polisbaşının qarşısındakı masanın üstünə qalaqlanmış kitabları, mis qabları, pulları, qədimi parçaları, Mahmud əminin mənə bağışladığı gümüş kəməri (baldızım əlimdən alsa da aparmamışdı, Zöhrə xalada qalmışdı) görəndə ürəyimin ipliyi üzüldü, yenidən eşiyə çıxdım. Seyvanın sürahisinin üstünə gələnlərin paltarları, əl fənərləri, rabitə ləvazimatı yığılmışdı. Lap üstdə də bir yarımçıq siqaret qutusu. İrəlini-gerini dinşəyib qapağı aralı qutudan iki siqaret götürdüm, üstündəki kibriti də cibimə qoyub özümü verdim bağın dərinliyinə. Dostum, o gecə hamilə vaxtımda siqaretə yeriklədiyim kimi oldum, hərçənd Cavid doğulandan sonra siqaret görəndə ürəyim bulanırdı.

 

Daldaya çəkilib siqaretin birini alışdırdım. Acı tüstünü ciyərlərimə çəkə-çəkə oturduğum yerdən otağımda qaynaşan kişilərin tamaşasına durdum. Tüstü mənzilə yetəndə bədənim yırğalanmağa başladı. Adamların arasından Əlini tapıb uzaqdan onun sifətinə baxmaq istəyirdim, üzünün yanıq yerinə qara qır kimi yaxılmış kin-küdurətin, ayaqları altında xıncımladığı paltarlarımdan aldığı qisasın səbəbini anlamaq istəyirdim.

 

O bir cüt oğurluq siqaret həmin gecə məni bəlkə də ağır xəstəlikdən qurtardı. Artıq üzümə tamam yeni bir sabah açılırdı, mənim yeni eram, təzə dövranım başlanırdı. Qəlbimdən bir tikan kolunun köklü-köməcli çıxıb canımı necə azad elədiyini, asudəliyin barlı-bərəkətli yaylaq dumanı kimi içimə necə yayıldığını gözlərimlə görürdüm.

 

Dostum, o gecə o bir cüt siqaretin şahidliyilə Əlidən biryolluq azad oldum, o yay gecəsi o bağda onun xatirəsini dərin basdırıb üstünü torpaqladım.

 

Ancaq hələ bundan sonra da neçə yol ötüşən maşınlar kimi yolu yoluma dəyib yolumdan aralanacaqdı, hələ neçə yol yoluma girib qəzaya uğrayacaqdı...

 

***

 

Oturduğum yerdən quş kimi qalxdım. İçim boşalmışdı deyə yerimirdim, uçurdum. Ağacdan dərdiyim kal almayla ağız-burnumu siqaret iyindən bir balaca arındırıb adam qaynaşan evə girəndə özümdən xoşbaxtını, özümdən bəxtəvərini tanımırdım. Evdən çıxanda canımda bir xəstə nisgili, yanağımda döyülmüş yetimin göz yaşları, sinəmin altında sağalmaz yara vardı. Qayıdanda qoynum-qoltuğum doluydu, saçımın hər telindən nur-bərəkət yağırdı.

 

Mən içəri girəndə təkcə evdəkilər yox, özüm də özümü tanımadım. Bundan irəli gözümdə saman çöpü qədər dəyəri olmayan mal-madar, var-dövlət bir anda qiymətə minmişdi. Yağlıboyun kişi Zöhrə xalaya:

 

- Muzey kimi eviniz, şah kimi sərvətiniz varmış, - deyəndə lap şelləndim.

 

Zöhrə xala da dil altında qalan deyildi:

 

- Külü küllükdən, gülü güllükdən başına səp – ay oğul, mən çovustana ərə gəlməmişəm ey, Kərbəlayı Sadığın topdağıtmaz evinin gəlini olmuşam.

 

Mən də özümü şirin-şirin Zöhrə xalanın yanına verdim, ixtiyarsız sağa-sola boylanıb Əlinin də bu sözləri eşitdiyinə əmin olmaq istədim. İllər öncə atamın dedikləri qulağımda səsləndi: “Mən səni Naqqal Əhmədin oğluna yox, bəy oğlu Bəy Mahmudun oğluna verəcəm”. Bu evdə çəkdiyim ağrı-acılar, aldığım yaralar bir anda canımdan da, gözümdən-könlümdən də silindi. İndi artıq duruşumla, baxışımla ətrafdakılara meydan oxuyurdum.

 

Xoruz banınacan evimizin altını üstünə çevirən on beş buyruq qulu tapdığı qiymətli əşyaları siyahıya aldı, bir-iki lazımsız şeyi də özüylə götürüb yorğun-arğın, əliboş, üzüqara yiyəsinin hüzuruna getdi. Misir əminin hesabına biz bu ütüdən itkisiz sovuşduq.

 

Gələnlər yığışıb gedəndə Mahmud əminin dərinlikdəki otağına çəkilmişdim. Azca araladığım pərdələrin arasından Əlinin donbalmış gözləriylə yan-yörəyə dəli inək kimi baxmasına baxıb gülürdüm. Deyəsən o bu evdən qalib, yoxsa məğlub ayrıldığını hələ də qanmamışdı. Sonrakı hadisələr göstərdi ki, deyəsən qanmayıbmış...

 

Maşınlar darvazadan çıxanda dan yeri ağarırdı. Xaraba qalmış otaqlara, yerlə bir olmuş yorğan-döşəyə, üç qadının (Zöhrə xalanın, mənim, bir də gəlinin) mis məcməyidə təpələnmiş sərvətinə, ortadan bölünüb mətbəx masasının üstünə səpələnmiş çörəklərə (çörəyin də içində “günah” axtarırmışlar), yazdan tutub payıza qalsın deyə sərində saxladığımız cılğının yarıq qarnından çölə tökülmüş pendir qıçalarına, qurutmaq üçün ortadan bölüb sinilərə düzdüyümüz, gələnlərin əziklədiyi qırmızıyanaq əriklərə, bir sözlə, pərgarı pozulmuş bu evə baxmaq mənə ömrümdə dadmadığım, duymadığım bir sevinc, bir misilsiz rahatlıq gətirirdi. Mən xarabalıq içində heç vaxt indiki qədər dinc, xoşbaxt olmamışdım.

 

Nənəm deyərdi əl uzatmaqla ayı tutmaq olmaz. Yoox, məni qınama, nənəm burda yanılırmış – mən o gecə əl uzadıb ayı da, istədiyim ulduzu da tutmuşdum. Qalırdı o ayla-ulduzla urvatlı davranmaq...

 

...Yaxşı bir iş olmuşdu, Dostum – Sənə gəldiyim yolda üstündən adladığım bir körpü özünü haqlı olaraq partlatmışdı, mənə geri dönməyə yol qoymamışdı...

 

 

ardı var

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018