Min şeirdənsə, bir öpüş... – Sayman Aruzun şeirləri

Kulis.az tanınmış şair-yazıçı Sayman Aruzun yeni nəşr olunmuş “A hərfinə uduzmaq” kitabından seçmə şeirləri təqdim edir.

 

Məni azad edən qadın

 

Ona ithaf...

 

Məni azad edən qadın,

Sən mənim azadlığımsan.

Könlümü şad edən qadın,

Viranə abadlığımsan.

 

Bu gördüyün xanımçalar,

Heç biri sən ola bilmir.

Bu dağ, bu bayraq, bu divar,

Sənsiz vətən ola bilmir.

 

Sənsiz İbrahim kimiyəm,

Alovların ortasında.

Cənnətdə buğda kimiyəm,

Qopar məni gedək burdan.

 

Məni şair edən qadın,

Hansı sözcüksən, de bilim?

Hansı mənasan içimdə,

Ki, səni tutmayır dilim.

 

Hansı günümsən təqvimdə,

Hansı ayım, hansı ilim?

Yuva qurubsan dilimdə,

Yuvan mübarək, əzizim!

 

Ünvanını Füzulinin,

Qəzəllərində salmışam.

De, hansıdır sənin evin,

De, hansı tində qalmışam?...

 

Bu küçələr, bu qapılar,

Açılmırsa sənə sarı...

Etirazım var günəşə,

Saçılmırsa sənə sarı...

 

Sinəmdə dağ gəzdirirəm

İnan ki, Gilqamış kimi.

Torpaq altdakı dənətək

Həyata dolmamış kimi.

 

Səni sevəndən, əzizim,

Həsrətə vətən olmuşam.

Güzgüyə baxdım dün gecə,

Sən olmuşam, sən olmuşam.

 

Qar dənəsi

 

Donub çevriləsən qar dənəsinə,

Gah elə yağasan, gah beləsinə.

Düşəsən torpağın düz təpəsinə,

Öcünü alasan sən bu dünyadan...

 

Bir az da donasan, dolu olasan,

Buludun vurağan qolu olasan.

Yeri tapdamağın yolu olasan,

Öcünü alasan sən bu dünyadan...

 

Nəsimi dünyaya dəri çəkəsən,

Çəməndən dünyaya dəri əkəsən,

Açıb bu dünyanın sirrin tökəsən,

Öcünü alasan sen bu dünyadan...

 

Cırıb tullayasan pulu, paranı

Xəyanət qoxuyan kağız yaranı.

Satasan bir qara, bütün dünyanı,

Öcünü alasan sən bu dünyadan...

 

Vecsizlik mərsiyəsi

 

Bilirəm vecsizlik baş alır gedir,

Bilirəm vecinə deyiləm, amma,

Sənə bir etiraf eləyəcəyəm,

Sənsiz darıxıram, vecinə alma…

 

Vecinə alma ki, sənsiz ölürəm,

Ölə də bilmirəm, söz onda deyil.

Bilmirəm bunları niyə deyirəm,

Bilirəm onsuz da umrunda deyil.

 

İstər bir dağ kimi çəkil torpağa,

Buludun, dumanın, dağ nə vecinə?

İstər bir bağ kimi əkil torpağa,

Köçəri quşların bağ nə vecinə?

 

Sənin nə vecinə tənhayam axı?

Sən ki, bir atalı, analı qızsan.

İçini bilməsə üzündən hamı,

Vallah elə bilər vəfalı qızsan.

 

Dünya bu al-verin üstə qurulub,

İndi vecləri də pul alır, satır.

Hətta güzgülər də eqoist olub,

Adamı güzgüdən bayıra atır.

 

Vecinə deyiləm, vecin sağ olsun!

Dərmanım özümdən betər xəstədir.

Dünyada hardasa bir qırğın varsa,

Əmin olginan ki, vecin üstədir…

 

Gərəksə qalxaram Allaha kimi,

Adəmə, Həvvaya buğda olaram.

Gedib pul qazanar, çoxları kimi,

Gəlib vecini də pulla alaram.

 

Image result for hasret

 

Adam bə adam

 

Küləkdən yelə düşmüşəm,

Yağışdan selə düşmüşəm,

Mən dildən dilə düşmüşəm,

Gəzirəm adam bə adam.

 

Ayaqdan ayaq qabıya.

Cummuşam lap alt yapıya.

Kim dərk edə, kim anlaya,

Üzürəm adam bə adam.

 

Məni daşıyan kədərdə,

O əsərdə, bu əsərdə,

Bir ömürdür bu şəhərdə,

Azıram adam bə adam.

 

Özümü də unutmuşam

 

Ağzımı fəryad cırıbdır.

Ey dadi-bidab cırıbdır.

Dost kimi bir zad cırıbdır,

Danışa bilmirəm, lələ!

 

Özümü də unutmuşam,

Sükut orucu tutmuşam.

Dilimi də udqunmuşam,

Danışa bilmirəm, lələ!

 

Varlığım çox kədərlənib.

Çox təklənib, çox şərlənib.

Nitqim susub, zəhərlənib,

Danışa bilmirəm, lələ!

 

Boynumda başım ağrıyır,

Qohum, qardaşım ağrıyır.

Torpağım, daşım ağrıyır,

Danışa bilmirəm, lələ!

 

O tayımda bu taysızam.

Bu tayımda o taysızam.

Ağısızam, laylasızam,

Danışa bilmirəm, lələ!

 

Demə kardı, demə laldı,

Məni dostlar ruhdan saldı.

Ətrafım tülkü, çaqqaldı,

Danışa bilmirəm, lələ!

 

Suyu döymək məni yorub.

Üzümə azadlıq durub.

Qəriblik ağzımı yumub,

Danışa bilmirəm, lələ!

 

Dağa sığınmaq

 

Gedib sığınasan bir dağın üstə.

Elə çığırasan, Allah oyana.

İçindən naləni elə çəkəsən,

Allahın sızlaya, Allahın yana.

 

Özünü vurasan tikənə, kola.

Başını çırpasan daşa, qayaya.

Özünə dağ boyda bir dağ çəkəsən,

Möhtac olmayasan günəşə, aya.

 

Yenidən doğasan öz dağın üstə.

Batanda batasan öz dağ ölkənə.

Elə öz dağını enib qalxasan,

Dağ çəkə bilməsin dostların sənə.

 

Bu torpaq mənimdi

 

Onsuz da torpağın olacaq bədən.

Torpağın üstü də, altı da vətən.

Torpaqdan başqasın geyinmərəm mən.

Bu torpaq mənimdi, mən də torpağın.

 

Torpaq da əkmişəm, əkilmişəm mən.

Ərk kimi, Bəz kimi tikilmişəm mən.

Torpağın üstündə yekəlmişəm mən,

Bu torpaq mənimdi, mən də torpağın.

 

Ulu bayraq kimi ucalır başım.

Torpaqdan dikəlir, güc alır başım.

Mənim torpaq qədər yaşım var, yaşım,

Bu torpaq mənimdi, mən də torpağın.

 

Zəngəzur mənimdir, Qarabağ mənim

Təbrizim mənimdir, Qaradağ mənim.

Mənimdir üç rəngli bu bayraq, mənim,

Bu torpaq mənimdi, mən də torpağın.

 

Torpağın altında babam yatırsa,

İtirsəm, nəsilim itib, batırsa…

Babəkim, Səttarım, Nəbim vardısa,

Bu torpaq mənimdi, mən də torpağın.

 

Vətən sevgi dolu bir həyəcandır.

Vətən etiqaddır , vətən imandır.

Vətən Turan eli, Azərbaycandır,

Bu torpaq mənimdi, mən də torpağın.

 

Aç qapını, ilahi

 

Aç qapını, ilahi,

Gələnin var, gələnin,

Uğrunda yaşayanın,

Ölənin var, ölənin.

 

Bu dünyadan, ilahi

Sənə xəbərlərim var.

Bizim adamlar səni,

Hər yerdə axtarırlar.

 

Qaçan da qovanı da,

Səndən imdad axtarır.

Qocası, cavanı da,

Səndən imdad axtarır.

 

Axtarırlar meşəni,

Kərbəlanı, Məkkəni.

Ünvanını mənə de,

Peyğəmbər yolla məni.

 

Bir ömürdür qapında,

Dözürəm ki, açasan.

İntizarı vüsala,

Yozuram ki, açasan.

 

Cismimdə məhbus quşam.

Artıq yaşa dolmuşam.

Aç qapını, ilahi,

Qapıdan yorulmuşam…

 

Bircə addım

 

Həyat çox qəribədir,

Allahım, səbir, səbir.

Pisliyi bacaranlar,

Bircə addım öndədir.

 

Öndədir ömür bizdən.

Şeir qələmimizdən.

Qəmdə Bakı Təbrizdən,

Bircə addım öndədir.

 

İnsanlar öz cibindən,

Budaqlar öz dibindən,

Kölgə də sahibindən,

Bircə addım öndədir.

 

Mələklər insanlardan,

Xəstəliklər dərmandan,

Arzular imkanlardan,

Bircə addım öndədir.

 

Bədənim kəfənimdən,

Sərhədim vətənimdən,

Ruhum da bədənimdən,

Bircə addım öndədir.

 

Yığış şeirim, yığış,

Kağız-kuğuzdan sürüş.

Min şeirdən bir öpüş,

Bircə addım öndədir.

 

Image result for sayman aruz

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018