Üzeyir Hacıbəyovu öldürən Tolik

Günel Natiq

 

Demək artıqdır ki, efir son dərəcə məsuliyyətli bir məkandır. Sənə milyonlar baxır və dediyin hər hansı bir yersiz sözün artıq geriyə dönüşü yoxdur. Sözün siqləti isə çox ağırdır.

 

Televiziya əsasən maarifləndirici funksiya daşıyır. Hər hansı bir proqramın mütləq maarifləndirici elementi olmalıdır. Tamaşaçı hər zaman yeni söz gözləyir.

 

Amma vay o gündən ki, bu “yeni söz” heç bir ölçüyə, əndazəyə sığmaya, eləcə havadan asılı qala. Bu sözün sahibləri efirin məsuliyyətini anlamayan, hətta televiziyanı şəxsi mülkiyyəti hesab edənlərdir. Bu şəxslər elə hesab edirlər ki, məhəllədə söylənilən hər bir sözü efirə daşımaq olar.

 

Hətta kimin hansı özəl elanı var, əgər imkanı varsa, efirdən bildirir.

 

Keçən dəfə ən baxımlı telekanalların birində reklam yerinə şirkətin ən gözəgəlimli qızlarından biri çıxıb öz keyfiyyətlərini sadalamağa başladı: “Seriallarda çəkilirəm, proqramlar hazırlayıram, yemək bişirirəm, hətta dolma da bükürəm. Amma hələ də subayam”.

 

Aparıcı doluxsunub əlavə etdi: “Ümidim bu yayadır”.

 

Əvvəl sandım ki, hansısa tamaşadan fraqmentə baxırıq. Sonra gördüm, yox, elə ciddi məsələdir. Həm də o dərəcədə ciddi məsələdir ki, günaşırı, ya gündə bir neçə dəfə ərə gedə bilməyən gənc qızın ürək sözlərini tamaşaçıya təqdim edirlər.

 

Mənim də ürəyim sızıldayır, beş barmağında beş mərifət olan qızın subay qalması haqsızlıqdır, mən də onun hisslərini başa düşürəm, amma burda məqsəd nədir, bax, onu anlamıram. Məqsəd tamaşaçıya yayda efirə gedən verilişlər haqqında anons verməkdirsə, alternativ bir reklam çarxı hazırlamaq olar.

 

Şəxsi həyatı bu şəkildə sərgiləmək nə dərəcədə etikdir?

 

Keçən dəfə efirdən elə bir qalmaqalın səsi gəldi ki, ərə gedə bilməyən qızın dərdi bunun yanında yalan oldu.

 

Hər şey necə başladı. Əvvəlcə televiziya ekranlarında tez-tez gördüyümüz, çox güman ki, xınayaxdı mərasimlərinin təşkilatçısı və aparıcısı olan xanım sosial şəbəkədə canlı yayına çıxıb reytinqli bir verilişin məşhur aparıcısını “ağ yuyub qara sərdi”.

 

Lap yanıltmac misalı, “o bərbərin atası bərbər, bu bərbərin atası bərbəri bər-bər bəyirtdiyi üçün bu bərbər o bərbəri bər-bər bəyirtdi”.

 

Sən demə o aparıcı bu aparıcının adını öz verilişində hallandırıb. Bu aparıcı da sosial şəbəkədə canlı efirə qoşulub izləyicilərinə o aparıcı haqqında gerçəkləri çatdırmaqla hayıf çıxmaq istəyib. Məlum olub ki, bu xanımın əri o xanımı deyil, bu xanımı seçdiyi üçün o xanım hələ də kin bəsləyir və bu xanımın adını ona dəxli olmayan hadisəyə cəlb etməklə intiqam almaq istəyib.

 

Sosial şəbəkədəki bu kiçik canlı efirdən sonra məsələ daha da qorxunc hal aldı. Bu dəfə televiziyalar hadisənin axarına qoşuldu. Efir aparıcısı olan xanım verilişin funksiyasını unutdu, şəxsi haqq-hesabını elə canlı efirdəncə çürütdü.

Sanki televiziya bu xanımın şəxsi mülkiyyətidir və hər bir şəxsi elanını rahat bir şəkildə canlı efirdən bildirə bilər.

 

Aparıcı danışdı, nə danışdı.  Xala-bacı söhbətləri, etikadan kənar, məhəllə dedi-qoduları, daha nələr, nələr.

 

Məlum oldu ki, bu xanım heç də o kişiyə ərə getmək istəmirmiş, çünki həmin kişi bu xanımın qohum-əqrəbasını dolandırmaq imkanına sahib deyilmiş. Halbuki bu xanım elə kişiyə ərə getmək istəyirmiş ki, bütün qohum-əqrəbasını təmin etsin. Nəhayət, elə bir kişi Türkiyədə tapılıb. İndi müğənni ərinin bir konsertindən aldığı qonorarı bu aparıcı bir ay boyunca qazana bilmir.

 

Kimidə gülüş, kimidə hiddət doğuran bu mənzərəyə eləcə təəssüfləndim. Jurnalistlər adətən kütləyə istiqamət verən, milli dəyərlərə sahib çıxan, mənəvi dəyərlərin önəmini qabardan, tərbiyəvi fəaliyyətləriylə seçilən şəxslərdir. Televiziya imkanlarından sui-istifadə edən, toplumun hissləriylə oynayan bu jurnalistin ailə haqqında yuxarıdakı mülahizələri isə bütün toplum üçün zərərlidir.

 

Keçək ara müğənnilərinin meydan sulamasına. Vaxtilə televiziyalara peşəkar jurnalistlər yaxın düşə bilmirdilər, indi isə həvəskar müğənnilərin hərəsi bir televiziyada aparıcılıq edir. Hətta çoxalmaq arzularını da gizləmirlər. Keçən dəfə belə müğənnilərdən biri özü səviyyəsində bir müğənnini təqdim etdikdən sonra fəxrlə bildirdi ki, artıq ayda bir dəfə səni dəvət edəcəyəm. Biz müğənnilər bir-birimizə kömək etməsək, heç kim bizə bunu etməyəcək.

 

Yəni “arxayın ol, efir öz əlimizdədir, indi dövran bizlərindir, vur partlasın, çal oynasın”.

 

Hətta Toliklər də canlı efiri öz əllərinə alıb tamaşaçılara musiqi dərsi keçirlər. Kütlənin zövqünü artıq Toliklər müəyyən edir. Keçən dəfə tamaşaçılardan biri Üzeyir Hacıbəyovun musiqilərindən nümunə gətirmək istəyərkən, Tolik ironiyayla “Üzeyir öldü, indi fəaliyyətdə olanlardan danışaq” deyə tamaşaçının sözünü kəsdi.

 

Üzeyirlər ölməyib, yaşayır, sizin təbliğ etdiyiniz mahnıların isə “dəfn edilmək üçün” artıq çoxdan matəm musiqisinə ehtiyacı var.

 

 

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018