Türkiyədə uşaq təcavüzünün səbəbi

Kulis.az yazar-tərcüməçi Qəmər Alıxanovanın “Eylül” yazısını təqdim edir.

 

Ədəbiyyatsevərlər türk ədəbiyyatında bəzi alimlərin ilk psixoloji roman hesab etdikləri “Eylül” romanından xəbərdardır. Bəyənilən, bəyənilməyən tərəfləri çoxdur. Əsərlə bağlı həm Türkiyədə, həm də Azərbaycanda kifayət qədər tədqiqat işi, məqalə yazılıb. “Eylül” sözünü həmişə yaxşı hadisələrlə xatırlamışıq. Adın lirizmini, gözəlliyini ancaq Məhməd Raufun məhşur romanı ilə yaxud da müxtəlif şəxslərin öz qız övladlarına qoyması ilə yox “Eylül`de Gel” adlı məhşur mahnı ilə də xatırlayırıq. Payızın başlanğıcını, sentyabr ayının ülviyyəti təcəssüm edən bu söz artıq kədərlə, utancla, qəhərlə xatırlanacaq. Uşaq təcavüzü. Qardaş, sirdaş, yoldaş Türkiyəmizdə heç cür səngiməyən hadisə.

 

Təxmini qırx il bundan əvvəlki Türkiyə sosial həyatını, psixoloji travmaları, pedofiliyanı oxucuya çatdıran bir romandan Cingiz Tuncərin “Kerkenez” (Yırtıcı quş) romanından danışmaq istəyirəm. Əsərin baş qəhrəmanı Saleh üçarvadlı bir atanın oğludur. Ögey anaları və özü atası tərəfindən daim döyülən, işgəncə görən Saleh yaşadıqları tək otaqlı evdə atasının arvadları ilə münasibətlərinə şahid olur. Əsərdə təcavüz, heyvanlarla cinsi münasibət kimi müxtəlif hadisələrə şahid oluruq. Yazıçı bütün bu eybəcərliklərin altında uşaqlıq travmalarının olduğunu qeyd etməyə çalışır. Əsgərlikdə atlarla münasibətdə olan Saleh əsgərlikdən gəldikdən sonra qonşu qızı Gülşənlə evləndirilir. Arvadına qarşı heç nə hiss etməyən Saleh, qonşu uşağına qarşı istəyini gördükdə özünü ataraq intihar edir. Yazıçı əsərdə Salehin, ögey analarının faciəsinin altında yatan sosial-psixoloji səbəbləri, genetik amilləri açıq formada əks etdirərək təxmini qırx il əvvəl hal-hazırda çoxalan pedofiliyanın səbəblərini göstərməyə çalışmışdır. Əgər Saleh normal psixologiyada, ailə mühitində böyüsəydi, şiddətə məruz qalmasaydı yaşadığı bu dəhşətli faciələr baş verməyəcəkdi.

 

İyun ayının sonlarında hamımızın ürəyini parça-parça edən iyrənc hadisə baş verdi. Ankaraya bağlı Poladlı rayonun Uzunbəyli kəndində öz qonşusunun 8 yaşlı, ceyran gözlü, çiçək balasına-qızına təcavüz edən, işgəncə verən, ayağını qıran, sonra onu öldürərək basdıran, kənd camaatına qoşularaq öldürdüyü uşağı axtaran insan sifətli şeytanda “Kerkenez”in xəyalı qəhramanı Saleh qədər vicdan olsaydı düşdüyü halətin iyrəncliyindən, özündən iyrənib ölüm yolunu seçərdi. Türk mətbuatında yazılanlara görə qatil daha əvvəl itlərə təcavüz edərək onları öldürüb. Sanki, Çingiz Tuncər illər əvvəl bu günün Türkiyəsini qələmə alıb. Ya da illərdir eyni problemlər qalmaqda davam edir.

 

Yazıçı baxışı ilə əslində problemin altında yatan ailə-məişət problemini göstərsə də, sosial baxımdan problem hələ də həll olunmayıb.

 

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018