Samiraldo: “Cəmiyyət məni mavi kimi görmək istəyirdi, mən də...” - MÜSAHİBƏ

Kulis.az stilist Samiraldo ilə müsahibəni təqdim edir.

 

- Uşaqlıq insanın vətənidir deyirlər. Sizin uşaqlığınızda, vətəninizdə isə dağıntılar həddindən artıq çoxdur. O illərə qayıda bilirsinizmi?

 

Uşaqlıq illəri ən ağır illərim olsa da, mənim həyatımdır. Həmin illərin xatirələrinə qarşı o qədər həssasam ki, hətta ani xatırlayanda belə kövrəlirəm. Çünki mən nə uşaq kimi uşaq, nə də yeniyetmə kimi yeniyetmə ola bilmədim. İndi də özümü yaşlı, qoca kimi hiss edirəm. Düzdür, Allah çəkdiyim əziyyətlərimin müqabilində bu gün məni mükafatlandırır. Amma yenə də uşaqlıq illərim üçün o qədər darıxıram ki, bunu sizə sözlə izah edə bilmərəm.

 

- İnsan həm də ağrılı xatirələrdən qaçır...

 

- Bilirsiniz, mənim uşaqlığımı əlimdən aldılar. Buna görə də uşaqlığımdan doymadım. Həmin illərdə o qədər yüklənmişdim ki, artıq hər şeyi dərk edirdim. Daim çətin vəziyyətlərdən çıxmağın yolları barədə düşünüb, daşınırdım. Xilas olmaq və sağ qalmaq uğrunda mübarizə aparırdım. Ancaq nə mənə verilən işgəncələri, nə də çəkdiyim zülmləri unuda bilmədim. İndi də elə bilirəm ki, üç-dörd yaşım var və hər şey sanki dünən olub.

 

O qədər insan tanıyıram ki, internatdan sonra dəli olub havalandı, narkomana çevrildi, manyaklaşdı. Əslində mən onları da qınamıram. Heç kimə körpə uşağın 60-70 yaşlı insanın əzab və ağrılarını, yükünü çəkmək asan gəlməsin. O gün bir sinif yoldaşımı gördüm. Çox pis oldum. Öz-özünə danışırdı, əsirdi. Amma o qədər güclü insan idi ki... Qəribədir ki, güclü insanlar tez sınırlar, zəiflər isə yox.

 

İndi tənhalığımı daha dərindən hiss edirəm. Allah heç kimi kimsəsiz, tənha qoymasın...

 

 

- Yaşadığınız məşəqqətli həyatın qaçılmazlığı olan dəlilikdən, xəstəlikdən hətta ölümdən sizi nə xilas etdi?

 

- Anadan uşaq iflici ilə doğulmuşdum. Sağlamlığımı da mənə nə valideynlərim, nə də həkimlər qaytardılar. Allahdan yeganə arzum, istəyim sağlamlığımla bağlı oldu. O da mənim istəyimi yerinə yetirdi. Məhv olmağa haqqım yox idi. Çünki mən tanrıya söz vermişdim ki, əlimi-ayağımı, dilimi, nitqimi özümə qaytarsa, hətta çətin günlərim olsa belə bir də ondan heç vaxt, heç nə istəməyəcəm. Doğrudan da qırx yaşıma qədər ondan daha heç nə arzulamadım.

 

Mən qırx yaşıma qədər pulun nə olduğunu bilmədim. Fəhləlik etdim, maşın yudum, qapı-qapı düşüb hər cür iş görməyə razılaşdım. İndi sanki həyatımın təqaüd dövrünü yaşayıram. Heç bir əziyyət çəkmədən Allah mənim ruzimi yetirir.

 

- Özünüzü neçə yaşında hiss edirsiniz?

 

- Hardasa yetmiş yaşında hiss edirəm. Bəlkə də daha çox. Amma daxilən uşaq kimiyəm. Sadəcə bədənimdə, ruhumda o qədər oturuşmuş ağrılar, əzablar var ki, gün keçdikcə onlar sanki qatbaqat yığılır, artıb çoxalır.

 

On yeddi, on səkkiz yaşım olanda saçlarım, dişlərim töküldü. Mədə xorası xəstəliyi mədəmi tamamilə sıradan çıxardı. Sağlamlığımı itirdim. Mənəvi ağrılar bir tərəfdən fiziki ağrılar da yaşamışam axı. Bütün bunlara davam gətirmək sizə asan gəlməsin. Ona görə də mən özümü yaşıma uyğun hiss edə bilmərəm. Amma bu gün də sevinirəm ki, həmin vaxt Allah ağlımı əlimdən almadı.

 

İndi çoxları məni qınayırlar. Qınasınlar. Mənim heç vecimə də deyil. Mənə şər, böhtan atan insanlar fikirləşməlidirlər ki, mənə etdikləri nə zamansa onların öz qarşısına çıxa bilər. Çünki insanın həyatı ilə oynamaq olmaz.

 

- Vecimə deyil deyirsiniz. Məncə daxilən sizi təhqir edən insanlara qarşı əsəb, sarsıntı keçirirsiniz...

 

- Əlbəttə pis oluram. Bilirsiniz mənim keçirdiyim xəstəlikdən milyonda bir insan sağala bilər. O da həkimlərin ciddi nəzarətində olsa. Mən isə sağaldım. Lakin, müəyyən vərdişlərim vardı ki, onları tərgidə bilmirdim. Yeriyəndə ayaqlarım bir-birinə dolaşırdı, sözləri tələffüz edə bilmirdim, əllərimi də həmişə yöndəmsiz saxlayırdım. Bütün bunlar məni insanların gözündə gülüş hədəfinə çevirdi. İnternatdan çıxandan sonra cəmiyyət mən və mənim kimi insanları qəbul etmədi. Orda olanda mən bilmirdim ki, mavi, homoseksual nə deməkdir. Deməli bizim cəmiyyətdə mədəniyyətsiz, tərbiyəsiz insanlar da var. Onların tərbiyəsi isə valideynlərdən gəlir. Sevinirəm ki, mənə ən böyük tərbiyəni həyat verdi. Cəmiyyətə, insanların arasına daxil olandan sonra isə hər şeyi onların acığına elədim. Axı cəmiyyət özü məni Samir kimi yox, Samiraldo kimi, mavi kimi görmək istəyirdi. Mən də onlara Samiraldonu təqdim etdim. Onların xahişini, tələbini Samiraldo obrazı ilə özlərinə geri qaytardım.

 

 

- Qaytarmasaydınız nə dəyişəcəkdi?

 

- Mən Samir kimi qapılarda işləyəndə, 30 kiloluq çəkimlə 70 kiloluq un kisələri daşıyanda qazancım cəmi bir buxanka çörək olurdu. Təsəvvür edirsiniz? Bir gün ərzində döyülə-döyülə, söyülə-söyülə əlli, altmış kisə daşıyırdım ki, acından ölməym. Qazandığım o çörəyi də özüm kimi yetimlərlə bölüb yeyirdim. Bəzən elə olurdu ki, işlədiyim çörək sexinə beş dəqiqə gecikməyimin üstündə məni vəhşi kimi döyürdülər.

 

Ancaq bu gün Samiraldo kimi üç yüz manatlıq qonorarı olan tədbirə getmirəm. Tələb edirəm ki, beş yüz manat verilsin. Görün, mən necə qudurmuşam! Əslində bu qudurğanlıq da deyil. Sadəcə insanlara demək istəyirəm ki, “mən sizin üçün Maral Tahirqızı deyiləm, Samiraldoyam”. Yenə deyirəm insanlar özləri məni belə görmək istədilər.

 

- İçinizdə qəribə insan sevgisi var. Sizi təhqir edənlərə qarşı təhqirlə yox, gülüşlə cavab verirsiniz.

 

- Bəzən eşidirəm, kimsə deyir ki, Allah göstərməsin, mən Samiraldo kimi olum. Amma mən özümlə həmişə fəxr etmişəm ki, belə uşaq kimi saf, təmiz qalmışam. Hər bir insanın etdiyi yaxşılıq da, pislik bonus kimi üst-üstə yığılıb onun özünə qayıdır. Mənə təhqir yazan, deyən uşaqlara baxıram görürəm ki, 7-8 yaşları var. Bu yaşda uşaq mələk kimidir. O mənə nə pislik edə bilər? Həmin uşağa da, onun valideyninə də yazığım gəlir.

 

- Təklikdə qalanda ən çox nə haqda düşünürsünüz?

 

- Tək olanda ağlayıram, həyatım üçün yanıram. İçimdə çox böyük yanğı var. İnsanlar məni təhqir edəndə bu yanğı daha da güclənir. Ürəyim şüşə kimi qırılıb, çiliklənir. Öz-özümə fikirləşirəm ki, axı bu insanlar niyə mənimlə belə rəftar edib qəlbimi qırırlar. Onsuz da mənim qəlbim sınıqdı. Əgər Allah məni bu qədər qoruyursa, mənə yazığı gəlirsə, insanlar niyə bunu bacarmırlar? İnanın mənim də o insanlara yazığım gəlir ki, onlar da bir gün etdiklərinin cavabını alacaqlar. Heç nə onların düşündüyü kimi yaxşı olmayacaq.

 

- Müsahibələrinizin birində deyirsiniz ki, Samirin bütün yükünü Samiraldoya yüklədim. Sizcə Samiraldoya qarşı haqsızlıq etməmisiniz? Axı Samiraldo da siz özünüzsünüz...

 

- Yox. Elə fikirləşmirəm. Çünki Samirin heç nəyi yoxdur. O, artıq bayaq dediyim kimi 70 yaşlı kişidir. Samiraldo isə uşaq kimidi, dəcəldir. O, təzəcə dünyaya gəlib. Beş-altı yaşı var. Əksinə Samiraldo Samirin gördüklərinin, çəkdiklərinin heç birini yaşamayıb. Samiraldo Samiri qorumaq üçün meydana gəlib. O, heç bir əzab çəkmir. Samiri isə heç kim görmür, tanımır. O, öz aləmində, ev-eşiyində özü üçün yaşayır. Samiraldo isə gündəmdədir. Ordan-ora qaçır, tədbirlərə gedir, pul qazanır. Amma günlərin birində Samiraldo aradan çıxıb elə məhv olacaq, öləcək, heç kim bilməyəcək ki, o, haralardadı. Mən həmin obrazı yaradan adamam. Günün iyirimi dörd saatını bu obrazla yaşayıram. Necə yaratmışamsa, onu bir anın içərisində də məhv edə bilərəm. Bunu isə sırf Samirin adına ləkə gəlməməsi üçün edirəm. Qoy, nə olur Samiraldoya olsun. Çünki o, müvəqqəti obrazdı.

 

- İndi danışan Samirdi, ya Samiraldo?

 

- İndi Samiraldodur. Samiri çox az adam tanıyır. O, heç kimi yaxına buraxmır. Heç kim onun dünyasına daxil ola bilməz. Ancaq Samir də istəyərdi ki, onun ailəsi, həyat yoldaşı, övladları olsun.

 

- Mümkündür?

 

- (düşünür) Xeyir. Bu cəmiyyətə yaraşdırmaram. Çünki bu cəmiyyətdən çox zərbələr almışam.

 

 

- Sizə elə gəlmir ki, Samir Samiraldonu məhv edib üzə çıxsa, o, daha çox hörmət qazana bilər.

 

- Əlbəttə qazanar. Amma pul qazana bilməyəcək. O, üzə çıxsa, sırf öz həyatını yaşamaq üçün çıxacaq. Necə ki, uşaqlıqda öz həyatını yaşayırdı.

 

Məni həyat belə aciz elədi, dəyişdi. Amma sınmağa qoymadı. Elə güclü insan oldum ki, indi hətta üzümə tüpürsələr belə həmin adamlara heç nə etmərəm. Əksinə “Ay mənim canım, niyə üzümə tüpürdün?” və yaxud da “İndi üzümü yumağa gedirəm” deyərəm.

 

- Müharibədən çıxan insanları xatırladırsınız...

 

- Həyat heç kimə zarafat gəlməsin. Həyat çox qəddar və amansızdır. Mən yalandan gülüb əylənə bilərəm. Amma üzümdəki, gözümdəki kədər əylənmir.

 

- Sizi ən çox nə sevindirir?

 

- Allahın mənimlə olması. Onun varlığını həmişə hiss edirəm. Bir də görürsünüz ki, dumanlı havada avtomobilimlə gedirəm. Qəfildən həmin qatı dumanın içərisindən başqa bir avtomobillə üz-üzə gəlirəm. Və o, mənim yanımdan ötüb keçir. Heç bir qəza baş vermir. Belə məqamlar çox olur həyatımda. Evimdə kamera var. Hərdən baxıram ki, yaşlı bir qadın gəlib qapıma, avtomobilimə nəsə sürtüb, cadu eləyib gedir... Öz-özümə fikirləşirəm ki, nə etsin onun da işi pislik etməkdən ibarətdir. Bunun üçün yaranıblar.

 

- Sizə sənət verən, oxudan bir insan da olub...

 

- Elədir. O, çox gözəl insan idi. İndi rəhmətə gedib. Biz bir-birimizi çox istəyirdik. Allah iyirmi dörd yaşımda onu mənə bir illik verdi, sonra da məndən geri aldı. O, məni çox ərköyünləşdirmişdi. Mənə zərbə gələndə güclənirəm, sığal çəkiləndə isə zəifləyirəm. Ona görə da Allah zəif olmağımı istəmədi. Onu apardı.

 

O, mənə çox yaxşı baxırdı, gündə üç dəfə yeməklə, yaşayış yeri ilə təmin etmişdi. Heç kimə imkan vermirdi ki, mənə pislik etsin, məni incitsin. Həkimlər onun beynində xərçəng xəstəliyi aşkar etmişdilər. Xəstəliyi şiddətlənən vaxt o, məni çağırıb dedi: “Mən səni heç kimə həvalə edə bilmərəm. Səni məhv edərlər. Ona görə də sən oxumalısan.” Mən də onun sözünə qulaq asdım. Oxumaq üçün iki aylıq kursa getdim. Qayıdanda isə dedilər ki, o, artıq rəhmətə gedib.

 

Ancaq o, özü nə qədər gözəl insan idisə, həyat yoldaşı da bir o qədər pis idi. Həmin qadın onun mənə etdikləri yaxşılıqların hamısının tərsini etdi. Ancaq yaxşılıqlar hamısı o adamın özü ilə o dünyaya getdi. Əminəm ki, indi onun ruhu indi şaddır.

 

 

Qəbri üstünə gedirsiniz?

 

- Yox, yox nə danışırsınız? Həmin an ölərəm.   

 

- Ananızı bağışlaya bildiniz?

 

- Yox. Mənim anam da, bacım da tapıldı. Samirə adlı bir bacım isə rəhmətə gedib. Amma mən onlara qarşı heç nə hiss etmədim. Anam vaxt ilə çox elitar və imkanlı qadın olub. İndi isə hədsiz dərəcədə kasıbdır. Mən uşaqlıqda onu çox axtardım. Tapa bilmədim. Amma indi 42 ildən sonra, mənim hər şeyim olandan sonra o, özü məni tapdı.

 

- Ondan sizi niyə atdığını soruşdunuz?

 

- Heç nə xəbər almadım. Bir müddət depressiyaya düşdüm. Gecələr səhərə qədər yata bilmirdim, ağlayırdım. Yaşadıqlarım, çəkdiklərim kino lenti kimi gözümün qarşısından ötüb keçirdi. Anamdan da, bacımdan da mənə mənfi enerji gəlirdi. Ona görə də onlarla əlaqələrimi kəsib, uzaqlaşdım. Onlara heç nə demədim. Hər şeyi Allahın üstünə atdım. Fikirləşdim ki, görünür taleyimdə bu hisləri yaşamaq da varmış.

 

- Özünüzdən heç bir nişanənin qalmaması barədə düşünürsünüzmü?

 

- Mən o dünyaya gedəndə çoxlu savabla gedəcəm. Çox insanlara, özüm kimi yetimlərə əl tutmuşam. Amma düşünürəm ki, məndən heç bir nişanənin qalmaması, kiminsə olmaması daha yaxşıdır. Çünki mən bu həyatda yaşamadım, süründüm. Bundan sonra da nə edə bilərəm ki? Heç nə!

 

- Samiraldo belə Samiri xoşbəxt edə bilmədi...

 

- Əsla. Samir yəni mən heç vaxt xoşbəxt olmadım! İndi həyatımın mükafatı olan dövrünü yaşayıb, başa vurmağa çalışıram. 

 

 

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018