Aqşin Yeniseydən Yeni Şeir

Kulis.az şair Aqşin Yeniseyin yeni şeirini təqdim edir.  

 

Ulduzlu, aylı, ancaq qaranlıq səma

Kiminçünsə sehrdi, kiminçünsə müəmma.

Mənim üçünsə amma...

Gözümü yumub xatırladığım uşaqlıq...

 

Sevirəm gövdələri fikirli ağacları

Zonalara atılacaq ağac olmaq suçları

Kiminçünsə çırpıdı budaqların ucları

Mənim üçün ən əlçatan uzaqlıq...

 

Yaxşı şeir pis günlərdən gileydi

Adam var ki, ona ağu da meydi

Hamı deyir tanrı nəhəng bir şeydi

Mənim üçün uşaqdı bir qucaqlıq...

 

Kaş quş olam uçam ağac dəlməyə

Amma bunu evdə kimsə bilməyə

Adam çoxdu harda gəldi ölməyə

Mənimçün adam o ki bircə gün yaşamaqlıq...

 

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018