Yeməklərdən qorxuram – Afaq Məsud yazır...

Kulis.az tanınmış yazıçı Afaq Məsudun məşhur “Duyğular imperiyası" silsiləsindən növbəti hissəni təqdim edir.

 

Paltar şkafında

 

Bir növ insan cəmiyyətləri var ki, orada özünü, sahibi ölmüş nimdaş paltar şkafında hiss edirsən.

 

Quzu yazıçı

 

Bu səhər sübhün ala-toranında yuxudan oyanıb heç nə haqda düşünmədən yatağımda uzandığım yerdə, qəfildən tavanın ha tərəfindənsə üstümə dolutək yağan duyğu axıntısından dik atılıb ayağa qalxdım. Yazı masasının arxasına keçib “gələnləri” hürkütmədən vərəqlərə köçürdümsə də, bir çoxunu əldən verib itirdim. İşi bitirib əlimdə qələm, yazılanları gizli yazıçı qüruru ilə gözdən keçirməyə başlamışdım ki, qəfildən ağzımın içində, qəfəsə salınmış quştək çırpınan dilimlə toxunduğum damağımın əcaibliyindən çaşıb qaldım...

 

İllər uzunu ağzımda balaca, isti mağaratək yaşayan bu əzanın, adətən qış fəsilləri, soyuq havalarda yediyim kəllə-paça suyunun içində bulanan həmin quzu damağı olduğunu anlayıb qələmi masanın üstünə qoydum.

                                                 

Səxavət barədə

           

Qəribədir ki, oğlumun dayəsinin – gülər üzlü, gənc qadının körpəmə xəstəhal dərəcədə bağlanması, uşağın da gün-gündən məndən soyuyub mehrini bu həlim təbiətli, şirindil gəlinə salması, onu nisgil dolu yanıqlı iniltiylə “ana” deyə çağırması məni qətiyyən narahat etmir. Uşağı gecələr də evində saxlamaq arzusunu dönə-dönə bildirən dayənin, körpəni gizli həsrətlə süzə-süzə:

 

– Falçılar həmişə deyirdilər… Deyirdilər, oğlun olacaq... – deməsi isə qəribədir ki, mənə anlaşılmaz bir rahatlıq gətirir.

                                                

Zarıyan adamlar

 

Bir qisim adamlar var ki, onlarla aylar, bəzən illərlə görüşməsən də, hey ha tərəfindənsə narazı iniltilərini, zarıltılarını eşidirsən. Sanki səni də nələrdəsə ittiham edən bu lal sıtqamala­rın, getdikcə böyüyüb, qatılaşıb acı hönkürtülərə çevriləcəyindən ehtiyatlana-ehtiyat­la­na, arada bir ah-vaylar dolu ələm-sitəmlə üz-üzə, nəfəs-nəfəsə qalmalı olursan ki, riqqətə gəlmiş narazı vücudlar dünyanı, sənin adını inləyə-inləyə tərk etməsinlər və sən də qalan ömrünü günah kompleksində çapalaya-çapalaya başa vurmayasan.

 

Gödən sevgisi

 

Uzun illərlə sütül quzu budlarından, təzə taxıl və süd iyi qoxuyan peşmək çörəklərdən yeyib-doyub, bir də acan, sonra yenə və yenə bütün vücuduyla şirələnib, dörd bir yandan şahə qalxan ac toxmalarıyla bu ləzzət və nəşə dəryasında yırğalana-yırğalana yeyib-doyan, illər ötdükcə yaşa dolub kökələn, saçları tökülüb, dişləri seyrələ-seyrələ kirpiksiz, qaşsız və yaddaşsız, yumşaq məxlu­qa çevrilən tanış bir qadınla hər rastlaşanda yeməklərdən qorxuram.

 

Ölüm təəssüratları

 

Ölüm barədə düşünərkən, yeri, ünvanı naməlum haranınsa qapısından, pəncərəsindən yox, hansısa alt qatından keçən qaranlıq, darısqal yollarla sürünə-sürünə, ürəyin partlayıb ağzına gələ-gələ sivrilib, harasa, bir az da aşağı – daha qaranlıq və darısqal dərinliklərə getmək məhkumluğunu anlayırsan.

 

Millət məsələlərinə dair

 

Ötən həftə oğlumla getdiyim qapalı heyvanxananın çirkab və üfunət dolu yarıqaran­lığından əzab və sıxıntı dolu insan gözləriylə üzümüzə zillənən heyvanlar – narahat meymunlar, qürurunu içində boğub, heykəltək donan qəzəbli qartallar, darısqal qəfəsə sığışmayan nəhəng bədənini balasıtək qucaqlayıb əlacsız təngnəfəsliklə ləhləyən ayılar taleyin qəddar hökmüylə birgə yaşamağa məhkum edilmiş “millət” təəssüratını yaradırdılar.

 

Teatrın ünvanı

 

Milli Akademik Dram Teatrının yuxarı mərtəbələrində məskunlaşmış “Yuğ” teatrında özümü qoca, qurumuş palıdın yaşıl cücərtilər və hava dolu nəm oyuğunda hiss edirəm.

                                                        

Növbəti kəşf

           

Son vaxtlar məni daha çox insanın fiziologiyası maraqlandırır. İnsan toxumaları,  hüceyrələri, qanının temperaturu, daxili orqanlarının iş rejimi, xəstəliklər, onların yaranma səbəbi və sair və ilaxır. Oxuduğum yalnız bu ədəbiyyatlardır. Biz yuxuda olanda içimizdə isti, şümal su heyvanlarıtək böyür-böyürə qısılıb hər biri öz işi ilə məşğul olan, bir-biriylə mehriban qonşulartək yola gedən bu balaca canlılar “ədəbiyyatın başlıca predmeti olan insan”la bağlı, ədəbi əsərlərdən qat-qat dərin və dəqiq məlumatlar verir.

 

Oynaq proseslər

 

Zaman ötdükcə, illərin axarıyla “əbədi dəyərlər” silsiləsindən olanların, hansısa sirli qanunauyğunluqlar üzrə dəyərini itirib əhəmiyyətsizləşdiyini, dəyərsiz saydığı­mız “əhəmiyyət­siz­lik­lərin­sə”, hansısa əhəmiyyətlər kəsb etməyə başlayıb dəyərə çevrildiyini müşahidə etdikcə dəyərlər barədə qənaətimizi saf-çürük etməli olduğumuzu anlayırıq.

 

Fəlsəfə və ədəbiyyat

 

Zaman-zaman ədəbiyyatdan fəlsəfəyə, fəlsəfədən ədəbiyyata keçib qayıda-qayıda, dünya, insan, onun daxili aləmi ilə məşğul olan bu oxşar sahələrdən hansının İnsanlığa daha faydalı olduğu barədə düşünərkən içimdən bir cavab gəlir:

 

“Əlbəttə, ədəbiyyat. Axı fəlsəfə bu dünyanın sıravi şüurla dərk edilməyən bir sıra gizli məqamlarını tədqiq edir. Ədəbiyyat isə onun fövqündə olanlarla məşğuldur”.

 

Qanun pozuntuları

 

Əslində, bu dünyanın nə yazılan və nə də “yazılmayan” qanunları işləmir. “Haqsız dünya”, “fani dünya”, “yalan dünya” kimi ifadələrlə də heç cür hərəkətə gəlməyən bu qanunları işə salmaq, nələrəsə ədalət, məntiq donu geyindirmək də olmur.

 

Dəqiq duyulan bir budur ki, hər an tük incəliyi dürüstlüyü ilə işləyən hansısa ayrı, gizli proseslər gedir ki, qanunları məhz onlar idarə edir.

 

Tənhalıq mənzərələrindən

 

Bir qədər aramlı olsaq, özümüzü əsla tənha saymadığımızı, adamlar dolu məclislərdə belə, əlacsız dərəcədə tənha olduğumuzu, ən yaxın dostlarımız və doğmalarımızla bölüşdüklərimizi, əslində öz-özümüzlə bölüş­düyümüzü anlayarıq.

 

Ana ocağı

 

Bir neçə il bundan əvvəl iştirak etdiyim bir dəfn mərasimində Şekspiranə bir faciənin şahidi oldum.

 

Bütün ömrünü ailə qurmadan, oğul-uşaq sahibi olmadan, gecə-gündüz sıtqayıb-zarıyan qoca, xəstə anasına həsr edən, bütün həyatını, gənclik illərini onunla bir, şəhərin xırda, uçuq evlər və küçə itləri dolu köhnə məhəlləsində, döşəməsi pürşüklənmiş, nəmişlik qoxulu kommunal mənzildə keçirən, qarı dünyasını dəyişəndən sonra həmin o çarpayıya özü düşən və son günlərini, qarının ağrı-sıtqamalardan pas atmış bu dərman qoxulu, dəmir çarpayıda başa vuran N. xanımı alaq basmış köhnə qəbirlərin arasında – iniltilər və zarıltılar saçan ana məzarına endirib üstünü torpaqladıqca, qəbiristanlığın ha tərəfiyləsə hüznlü aramlıqla bağlanan ağır, tozlu səhnə pərdələrinin xışıltısını eşidirdim…

 

Hazırlıq əhvalı

 

Getmək məcburiyyətində qaldığım yerlərdən, yaxud, kimlərisə qəbul etmək məhkumluğundan əvvəl düşdüyüm əcaib hallar – yuxusuzluq, depressiya, əsəb gərginliyi, qızdırma və ürəkbulanmalar, toxumalarımın, bu görüşlər zamanı mənimlə baş verəcək, nələrəsə müqavimətindən xəbər verir.

 

Hava gəmisində

 

Hər şeyin yorulub susduğu, gücünü, heyini itirib, taqətsiz təslimlə yerinə çökdüyü səssiz gecələrin biri, Yer kürəsinin, ya nəyinsə aramlı təkanıyla qədim qərinələrin nəhəng, avarlı gəmiləritək cırıldayan çardağımızın səsini dinlədikcə bir vaxtlar “Hədis-ül Qüds[1]”dən çevirdiyim təlatümlü “Gizli xəzinətək yaşayırdım… Bir gün aşkar olmaq istədim və dünyanı yaratdım...” – misralarını xatırlayırdım...

 


[1] Qurandan ayələr toplumu

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018