Gördüyün hər şeyin üstünə qışqırır gözlərin - Malik Atilaydan Yeni Şeirlər

Kulis.az gənc şair Malik Atilayın yeni şeirərini təqdim edir.

 

Heçliyin ağzında

 

Bir sərxoş qadın gəzir küçələri

Gözləri içkidən deyil

Həyatın yalnızlıq acısından yaşarmış

Gecə qədər gözəl qadın

Qadın qədər gözəl gecə

Bir-birində əriyir

 

Havalı-havalı gəzən qadın 

Bu şəhərin neçə adamlıq yalnızlığı var deyə

Ölçür küçələri

Bir az sevgiyə

Bir az darıxmağa yer saxlayıb sol yanında

 

Hər gecə bir az daha sərxoş,

Bir az daha heçliyin ağzında görür özünü

Çiynindəki qanad döyməsi belə atlada bilmir uçurumlardan

 

Çiliklənir sükutun aynası

 

Sən bu həngamədə

Necə susmusan

Söz-söz susub dodaqların

Səs-səs səsin kiriyib

İndi susqunluğun oxuyur

Ayrılığın ən yanıqlı nəğməsini...

 

Gördüyün hər şeyin üstünə qışqırır gözlərin

Dilsiz şəkillərlə dil tapmaq çətindi

Belindən tutası əl tapmağa nə var

Gözlərini qurutmağa əl tapmaq çətindi

Yenə də öz gözündən itirsən

Bu dəfə də göz yaşlarınla çiliklənir sükutun aynası

 

Ayrılığın ağırlığı

 

Salıb itiririk gözəl nə varsa

Dərd çəkib 

Köks ötürüb

Özümüzdən qat-qat ağır "yük" götürüb

Yaşayırıq

Buna da yaşamaq demək olarsa

 

Qanadı qırılmış sığırçın kimi

Qısılırıq öz yuvamıza

Həyat da nadinc uşaqlar kimi

Daş atır bizə

 

Boğuluruq sevdiklərimizin ayrılığında

Əzilirik ayrılığın ağırlığından

 

Gecələr ümidlərimizin işığında

İçki şüşəsinin boğazından tuturuq

Həyatın ətəyindən yapışa bilmirik deyə...

 

Yuxularımda gəzdiyim şəhər

 

Yuxularımda gəzdiyim şəhərsən

Yoruldum demədən gəzirəm səndə

Küçələrin dolaşıqdı

Dönə-dönə yol tapıram

Dönə-dönə azıram səndə

 

Yenidən başlayır hər şey

Tanış oluram yenə səninlə

Ürəyimdə çevriliş olacaq

Bədənim asi bir sevgiyə ocaqdı

Azadlıq eşqiylə çırpınır ruhum.

 

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018