Gözlərim Laçını görəydi bir də - ANIM

Bu gün tanınmış şair Hüseyn Kürdoğlunun anım gündür. Kulis.az bu münaisbətlə Filologiya elmləri doktoru  Vaqif Yusiflinin onun haqqında yazdığı “O dağlar azaddı” - dedi Hüseyn Kürdoğlu...” məqaləsini və şairin bir neçə şeirini təqdim edir.

 

Mərhum deməyə dilim gəlmədiyi Hüseyn Kürdoğlu adlı bir gözəl şairimiz həyatımın ağır keçən, son üç ayda az qala ölümlə uğraşdığım günlərin birində yuxuma gəldi. Üzü gülürdü, “Laçın dağlarından gəlmişəm, o dağlar azaddı” - bunu dedi və getdi. Bu yuxunu necə yozacağımı bilmirəm. Bircə onu deyə bilərəm ki, çox zaman yuxular çin olur və bu yuxuda Hüseyn Kürdoğlunun “dağlar azaddı” kimi xoş xəbərinin gerçək olacağına inanıram.

 

Doxsanıncı illərdə yazılan şeirlərin böyük bir qismi işğal olunmuş dağlarımızın, kəndlərimizin həsrətiylə yazılıb. Bu şeirlərdə fəryad da var, çağırış da... Hüseyn Kürdoğlunun o illərdə yazdığı şeirləri oxumaq kifayətdir ki, doxsanıncı illərin Azərbaycan poeziyasında HƏSRƏT, ÇAĞIRIŞ ərazilərinə” daxil olaq.

 

Doxsan üçüncü ildə, Laçın işğal olunandan sonra yazılan bir şeir:

 

Qismət olmayaydım ayrı torpağa

Gözlərim Laçını görəydi bir də.

Sürünüb çıxaydım İşıqlı dağa,

Əllərim bənövşə dərəydi bir də.

 

Beşbulaq üstündə quraydım dəyə,

Canım alan yara “can” deyə-deyə.

İldırım çaxanda baxaydı göyə,

Qaçaydı, qoynuma girəydi bir də.

 

Biçarə Kürdoğlu, ah çəkib inlə.

Bu qanlı dövranın hökmünü dinlə.

Qoşa at minəydim o nazəninlə,

Köhləni yanımca sürəydi bir də,

Gözlərim Laçını görəydi bir də.

 

Hüseyn Kürdoğlunun Laçınlı duyğuları poeziyada özünəməxsus LAÇIN obrazını yaradır. Bu obrazı zaman etibarilə üç məqamdan izləmək olar: Laçının azad və xoşbəxt günləri... Şair Laçına anam deyir, dizinə baş qoyur. Deyirdi ki: “coşum Dəli dağın boranı kimi, Şeh səpim Qırxqızın dumanı kimi. Məcnun bulağının mərcanı kimi şeirimi yaxana düzüm, ay Laçın. İkincisi: Laçının işğalı... H.Kürdoğlunun “Yaralı torpağım, yaralı sevgim” kitabında Laçın Həsrət simvoluna çevrilir. Yara hələ təzədi, qaysaq bağlamayıb. Şair inanır ki, Azərbaycan oğulları Laçını işğaldan azad edəcəklər. Odur ki, üzünü laçınlılara tutub deyir: “Alay tutun, vaxtdır daha, laçınlılar, Bir yol açın xoş sabaha, laçınlılar!” Yaxud: “Qoca Kürdoğlunu bir əsgər sayın, Çağırır Qarabağ, çağırır Laçın...”  Üçüncü məqam: Laçın artıq xatirəyə dönür. O, şairin yuxularına girir. Kəlbəcərli, Laçınlı, Həkərili günlər, o bölgədə olan meşələr, dağlar, dərələr, çaylar, göllər də tez-tez yada düşür...  Bu tipli şeirlər Laçın obrazının ayrı-ayrı dolğun cizgilərini təşkil edir.

 

 Hüseyn Kürdoğlu müasir poeziyamızın aparıcı şəxslərindən biri idi. O, çox təvazökar insan idi. Heç vaxt “mənim şeirim”, “mənim poeziyam” ifadələri səslənməzdi dilində. Azərbaycan poeziyasının natur fəlsəfəsinin yaranmasında H.Kürdoğlunun da müstəsna rolu var. Görkəmli tənqidçi Yaşar Qarayev “təbiət: poeziya və ekologiya” məqaləsində H.Kürdoğlunun dördlüklərindən söz açaraq yazırdı: “Hüseynin dördlüklərində xalis xəyyamvari ruh yoxdur. Taleyin yox, təbiətin müdrikliyinə heyranlıq və pərəstiş var. Burada müdrik nəsihəti. Hikməti və ibrətli qənaətləri təbiətdən lövhələr-bədii peyzaj əvəz edir”.

 

Bulud dağ çiynində yapıncı kimi,

Hər təpə bir çoban balıncı kimi.

Araz parıldayır ay işığında

Babəkin sıyrılan qılıncı kimi.

 

Qoy görüşsün bir dodaqla bir yanaq,

Eşq oduna bir alışaq, bir yanaq.

Tökülübdür bir üzünə qara tel,

Ay tutulub: bir yan qara, bir yan ağ.

 

“Azərbaycan” şeirində dörd misra ilə fəlsəfi fikir söyləmək, həyat, ölüm, dünya və zaman haqqında poetik düşüncələr hasil etmək klassik ənənələrdən gəlir. Lakin onu da qeyd edim ki, şeirin bu kiçik formasında uğur qazanmaq hər şairə müəssər olmur.O yerdə ki, şair başlayır “filosofluq” eləməyə, o zaman şeir dönüb olur “kəlam”, “hakimanə söz” yığını. Hüseyn Kürdoğlunun dördlükləri belə bir iddiadan uzaqdır. Şair çalışır ki, dörd misrada həcmcə böyük bir şeirdə deyə bilmədiyi fikri poetik ümumiləşdirmə ilə deyə bilsin, bir bənzərsiz lövhə yaratsın. Bir neçə misal göstərə bilərəm:

 

Saçından rəng alsın gərək qaranlıq,

Gözündə bir gilə kövrək qaranlıq.

Dünyaya göstərir ay camalını,

Əyninə geydiyin ipək qaranlıq.

 

Yıxsın qarşısından Araz barını,

Dərək Kür barı tək, Araz barını,

Araz körpüsündə qoy bir tar çalım,

Sahillər dinləsin Arazbarını.

 

Qoca İşıqlının saçı dümağdır,

Gecələr sinəsi çıraq-çıraqdır.

Bəlkə yun əyirir bu qarı nənə

Təpələr yanında yumaq-yumaqdır?!

 

O qıza neylədin, a yağı bulaq,

Kəsilmiş üstündən ayağı, bulaq.

Bir zaman dirilik şərbətim oldun,

İndi ay zəhrimar, a yağı bulaq.

 

Sənsiz qor tökülür qoynuma gecə,

Alov geyinirəm əynimə gecə.

Özgə bir gözələ baxmışdım dünən,

Min şahmar sarıldı boynuma gecə.

 

Misallardan göründüyü kimibu dördlük nümunələri (əslində, rübai) şeirdə az sözlə maraqlı fikir söyləməyin mümkün olduğunu sübuta yetirir. Diqqət yetirsəniz, bu rübailərin heç birində yavan-yalxı sözlər gözə dəymir və bu sözlər dörd misrada obraz yaratmaq məramına xidmət edir.

 

Image result for Laçın

 

Hüseyn Kürdoğlu ədəbiyyata əllinci illərin əvvəllərində gəlib. İlk şeiri 1950-ci ildə, “Azərbaycan gəncləri” qəzetində dərc olunub. ADU-nun filologiya fakültəsində oxuyanda respublika qəzetlərində şeirləri ilə müntəzəm çıxış edib və elə ilk şeirlərindən ustadların diqqətini cəlb edib. Məsələn, Bəxtiyar Vahabzadə gənclərə həsr etdiyi bir məqaləsində yazmışdı: “…Hüseyn Kürdoğlu da ümid verən gənclərdəndir. Onun şeirləri təbii, səmimi və axıcıdır. Gənc şair qələmə aldığı mövzunu dərindən duyub, yaşamadan yazmır. Bu cəhətdən onun “Yol üstündə tək qovaq”, “Görüş xatirəsi”, “İnanmıram”, “Torağayım” və s. şeirləri çox maraqlıdır. Şair yazır:

 

Bir gözəldən ilham aldım,

Dağ döşündə fikrə daldım,

Öz qə lbimi tutub çaldım,

Şair elər bu saz məni

 

Bəxtiyar müəllimin o zaman cavan Hüseyn Kürdoğlunun şeirlərində sezdiyi bu cəhətlər sonralar onun yaradıcılığının başlıca məziyyətlərinə çevrildi. Hüseyn Kürdoğlu həmin o təbiiliyə, səmimiliyə həmişə sadiq qaldı.

 

Mən Hüseyn Kürdoğlunun əlli illik yaradıcılıq yolunu izlədim və tam yəqinliklə əmin oldum ki, onun müasir poeziyamızda özünəməxsus yeri var. Heç də o fikirdə deyiləm ki, onun poeziyasına sağlığında obyektiv qiymət verməyiblər və dünyasını dəyişəndən sonra buna daha çox ehtiyac var. Həm də qətiyyən düşünmürəm ki, sağlığında onun şeirlərinin bədii məziyyətləri, poetik özəllikləri barədə söz deməyiblər. Axı, Hüseyn Kürdoğlu doğrudan da bir kimsəyə bənzəmirdi. Əsasən xalq şeiri üslubunda qələm çalan və sözün həqiqi mənasında müasir qoşmanın, gəraylının, bayatının özünü yaradan Hüseyn Kürdoğlu ədəbi tənqidin diqqət mərkəzində idi. Amma bunu da qeyd etməliyəm ki, klassik poeziyamız və aşıq şeiri ilə müasir poeziya arasında yaranan daimi təmas və körpülərin etibarlı sakinlərindən biri də Hüseyn Kürdoğlu olmuşdur.

 

Nədənsə mən XX əsr poeziyamızın ustadlarından olan Hüseyn Ariflə Hüseyn Kürdoğlu arasında (öncə bu barədə bir işarə verdim) daha doğrusu, onların yaradıcılıq dünyası arasında bir doğmalıq görürəm. Onların hər ikisi xalq ruhunun tərənnümçüsü idilər, klassik aşıq şeirinin-bu böyük poeziya ənənəsinin ləyaqətli davamçıları idilər, bu ənənəni müasir dövrdə-yeni biçimdə, yeni bədii təfəkkür işığında inkişaf etdirirdilər. Onlar ənənənin əsiri deyildilər, bu ənənəyə canlılıq və poetik təravət gətirən şairlər idilər. Məlum məsələdir ki, “köhnə” hesab etdiyimiz formalarda bədii uğur qazanmaq olduqca çətindir, bunun üçün xüsusi poetik istedada malik olmalısan. Hüseyn Kürdoğlu “köhnə” havalara yeni ritm, yeni ahəng gətirən şairlərdən idi.

 

“Hüseyn Kürdoğlu xalq ədəbiyyatını sevir” demək bəlkə də onun yaradıcılığına bəsit yanaşmaq kimi düşünülər. Hüseyn Kürdoğlu ədəbiyyata elə xalq ədəbiyyatının canlı təcəssümü kimi gəlib. Məlum məsələdir ki,xalq ədəbiyyatından təsirlənməyən şair tapmaq çətindir, amma təsirlənmək xalq ədəbiyyatı nümunələri səviyyəsində nəsə yaratmaq demək deyil. Hüseyn Kürdoğlunun yazdığı qoşmalar, gəraylılar, təcnislər, bayatılar əgər belə demək mümkünsə, “orijinal”a çox yaxındır. Onun təcnislərini bu sırada xüsusilə qeyd eləmək lazımdır. “ Klassik və folklor ənənələrindən yaradıcılıqla istifadə etmə mədəniyyəti” (Qasım Qasımzadə) bu təcnislərdə və həmçinin cinas üstündə qurulan digər şeir formalarında aşkar nəzərə çarpır.

 

Qobustan-daş adamlar,

Göz yaşım daşa damlar.

Duymaz daş adamları

Ürəyi daş adamlar.

 

Çiçəyə həmdəm arı,

Sızıldar dəm-dəm arı.

Mənim bağrımdan keçir,

Dünyanın qəm damarı.

 

Söz varmış demə səndə,

Demirsən, demə sən də.

Sirrin gözdən oxunur,

Nə fərqi deməsən də?

 

Böyük şairimiz Hüseyn Ariflə Hüseyn Kürdoğlu arasında bir doğmalıq olduğunu vurğulamaq istəyirəm. Bu doğmalığı şərtləndirən təkcə onların hər ikisinin folklorla, zəngin xalq ədəbiyyatı ilə bağlılığında deyil, həm də təbiət şairi kimi tanınmalarıdır .Təbiətdən yazmayan, gülə, çiçəyə, dağa, dərəyə, çölə, çəmənə şeir həsr etməyən şair tapmaq çətindir, amma əsl təbiət şairlərindən söz düşəndə barmaqla sayılacaq qədər şair adı üzərində dayanırsan: Hüseyn Arif, Hüseyn Kürdoğlu, Musa Yaqub, Məmməd Aslan - bu şairlər təbiəti öz dilində dilləndirən şairlərdir. Onların şeirləri təbiət vasitəsilə insanları, cəmiyyəti, dünyanı dərk etməyə səsləyən şeirlərdir. Biz onların şeirləri vasitəsilə təbiəti duyur, sevir və dərk edirik. Hüseyn Kürdoğlu da nədən yazırsa-yazsın, öz fikrini, hiss və duyğularını təbiət obrazları vasitəsilə açıqlamağa çalışır. Onun təbiət şeirləri barədə yazılan bəzi fikirlərə müraciət etmək istəyirəm. Hüseynin şeirlərində taleyin yox, təbiətin müdrikliyinə heyranlıq və pərəstiş var. Burada müdrik nəsihəti, hikmətli və ibrətli qənaətləri təbiətdən lövhələr-bədii peyzaj əvəz edir. Qartal qiyyəsi, çiçək təbəssümü, durna qatarı, çay nəğməsi, bulud karvanı olan dördlüklər formaca da, dil-ifadəcə də folklora, təbiətə doğmalığı ifadə edir” (Yaşar Qarayev). “Şairi təbiətlə bağlayan hansı mənadır, hansı istək,hansı idealdır? Əlbəttə, yalnız onun gözəlliklərindən estetik zövq almaq deyil. Belə olsaydı, şairin təbiətə münasibəti təmənnalı niyyət daşıyardı. Əslində isə şair təbiətin varlığında tükənməz, təmənnasız səxavətə heyrandır. Təbiətin bütövlüyündə, süniliyin ona yad olmasında mənalar axtarır. Təbiətə qovuşmağı, onunla birliyi arzulayır, poetik şəkildə ideallaşdırır” (Camal Mustafayev). “Hüseyn Kürdoğlunun poeziyası ana təbiətdəki tarazlığı, harmoniyanı vəsf edir. Hüseyn Kürdoğlunun şeirə gətirdiyi Laçın, Xaçın, Qırqız, Yeddi qardaş, İşıqlı, Kirs...- bu poetik obrazlar müəyyən bir yurdun, ulusun təkcə adları yox, bütövlükdə Azərbaycanın poetik rəmzidir” (Cavanşir Yusifli).

 

Səhər-səhər şeh düzümü boynunu əyən

Göy otların yarpağı da titrədir məni.

 

***

 

Gedirəm, salamat qalın, meşələr,

Dağlar qoynundakı qalın meşələr.

Ürkək maralları gizlədin barı,

Otların qaydına qalın, meşələr.

 

***

 

Çırpınar, döyüşər yel yıxan ağac,

Sızlar balta ilə əl yıxan ağac.

Baxın, həlak olmuş igid deyilmi

Daşqın çay üstündə sel yıxan ağac?

 

Belə misalların sayını qat-qat artırmaq olar.

 

Hüseyn Kürdoğlu şeirləri mövzuca rəngarəng idi. İndi bunları bircə-bircə təsnifləndirmək, bölgülərə ayırmaq fikrindən uzağam. Ancaq bir məsələni qeyd etməyi lazım bilirəm: O,bütün şeirlərində səmimi idi. Həmişə axtarışda idi, onu tutduğu şeir yolundan, ənənələrdən ayırmaq mümkün deyildi. Bəzi yaşıdlarının və cavanların bir çoxunun poetik dəblərə uyduğu bir zamanda H.Kürdoğlu yenə ilk şeirlərindən birində dediyi kimi yalnız “öz qəlbini tutub çalırdı”. Dərk edir və anlayırdı ki, qaynaqlandığı xalq şeirinin potensial imkanları hələ tükənməyib, hələ bu çeşmənin suyu gur axır. Akademik Bəkir Nəbiyev haqlı olaraq yazırdı ki, Hüseyn Kürdoğlu müasirləri arasında dördlüyün, bayatının, təcnisin əsl ustadı idi.

 

...Hüseyn Kürdoğlunun mənə bir bulağı xatırlatdı. Həmişə gur, duru bir bulağı. Əlbəttə, o bulağın suyu qurumayıb və nə qədər ki, Azərbaycan poeziyası var, o bulaq da qurumayacaq.

 

Hüseyn Kürdoğlunun qoşmaları, gəraylıları, rübai və bayatılarının içində artıq klassik nümunəyə dönən şeirlər də az deyil. Mən onun “Laçın bənövşəsi yadıma düşdü” qoşmasını XX əsr Azərbaycan poeziyasının ən gözəl incilərindən biri kimi qiymətləndirirəm. BƏNÖVŞƏ obrazı Qurbanidən üzü bəri neçə şairin ürəyini dilləndirib, amma bu sırada parlaq nümunələr o qədər də çox deyil. H.Kürdoğlunun Bənövşəsi isə ..heç nə demirəm, baxın, bu Bənövşə Dərdimizin bənövşəsidir.

 

Dərdim səhər-səhər bağçadan səni,

Gətirdim ad günü yara, bənövşə.

Laçın bənövşəsi yadıma düşdü,

Qanadı bağrımda yara bənövşə.

 

Yetdi dövranımız yaman illərə.

Qırxqızın göz yaşı döndü göllərə.

Özünü qayadan atdı sellərə,

Neçə əsir düşən Sara, bənövşə.

 

Sonda qayıdıram o yuxuya. Hüseyn Kürdoğlunun üzünü mənə tutub “Dağlar azaddı” dediyi o Söz. Yuxudu bu, bəlkə H.Kürdoğlu ruhu bu yuxudan xəbərsizdi. Onun ruhu Laçının, Şuşanın, Kəlbəcərin, Xocalının başı üzərində dolaşır. Deyir ki: “Hər gecə Sarıbaba yuxuma girir mənim, bir ovuc torpaq verir, ah çəkir, dönür gedir”. Deyir ki: “Gözlərimdən axır indi Həkəri, Dağ həsrəti dağdan ağır sələmdir”.

 

“Dağlar azaddı” dedi Hüseyn Kürdoğlunun ruhu. O dağlar bizim, biz də o dağların həsrətindəyik. O dağlar azad olsun, - deyirəm. Onda o dağlarda, o meşələrdə H.Kürdoğlunun ayaq izləri də bizim yol yoldaşımız olacaq.

 

Şeirlər

 

Durna məzarı

 

Bir payız günündə qürub zamanı,

Keçirdi dağ üstən durna karvanı.

Vida nəğməsiylə bir durna dindi,

Qatardan üzülüb göylərdən endi,

Burula-burula bir dağa düşdü.

 

Çığrışdı durnalar, ləngidi qatar,

Durna harayına hay verdi dağlar.

Havada göründü neçə ağ lələk,

Küləyə sovrulmuş bir dəstə gültək

Çiçəyi saralmış yaylağa düşdü.

 

Öldü qərib durna günbatan çağı,

Uca göylər idi onun oylağı.

İqlimdən-iqlimə hər il köçsə də,

Ulduzlar içindən min yol keçsə də,

Torpağın övladı torpağa düşdü.

 

Bir qəbir qazdılar orda çobanlar,

Üstündə ağ lələk dəstəsi də var.

Daşına yazdılar: “Durna məzarı”.

Ağladı qəribə çoban qızları,

Bu xəbər oymaqdan-oymağa düşdü.

 

Nakam arzumuzdur bizim durnalar,

Odur ki, nə yurdu, nə məkanı var.

O qəbrə mənim də əyildi başım,

Üzümü yandıran odlu göz yaşım

Bu şeiri yazdığım varağa düşdü.

     

Laçın, 1979

 

Dağdan

 

Uca bir dağdadır ilham çeşməsi,

Almışam bir dolu piyalə dağdan.

Nakam aşıqların arzularıdır,

Hönkürüb tökülür şəlalə dağdan.
 

Hüsnünü doyunca görə bilmədim,

Meh kimi qoynuna girə bilmədim.

Tez solub saraldı, dərə bilmədim

Bağrı qara dağlı bir lalə dağdan.

 

Qızmar şimşəklərə dağlatdı məni,

Dəli sellər kimi çağlatdı məni,

O dağlar gözəli ağlatdı məni,

Getməz dünya boyu bu nalə dağdan.

 

1979

 

Nə istər könül

 

Keçdiyim dərələr dumana qaldı,

Aşdığım gədiklər borana qaldı.

Görüş bulağı da hicrana qaldı,

Bilmirəm bu dağdan nə istər könül?!

 

Gözümün yaşından çeşmə bulanır,

Xəyalım göylərdə yalqız dolanır.

Səməndər quşutək oda qalanır,

Bilmirəm bu dağdan nə istər könül?!

 

Nə fayda gecikmiş sözdən, soraqdan,

O sevda bülbülü uçmuş budaqdan.

Kimdir soruşduğu buzlu bulaqdan,

Bilmirəm bu dağdan nə istər könül?!

 

1970

 

Qalmadı

Döndü düşmən tapdağına,
Çiçəklik-güllük qalmadı.
Başımıza sovurmağa
Vətəndə küllük qalmadı.

Satmışıq namusu-arı,
Xainlər düşmənlə yarı.
Dağlarda dağlıq vüqarı,
Çöllərdə çöllük qalmadı.

Çıxmadıq ər sınağından,
Qaçdıq namərd qabağından.
Bu Qarabağ torpağından
Bizə bir bellik qalmadı.

Gün sızladı, ay ağladı,
Həm çeşmə, həm çay ağladı.
Çəkdi min ah-vay ağladı,
İllərdə illik qalmadı.

Yoxdur ədalət divanı,
Kim kəsər tökülən qanı?!
El saxlar şair olanı,
Eldə də ellik qalmadı.

           

***

 

Mən öləndə qəbrim üstə

                   əzizlərim az ağlasın,

Kəndimizin hər çeşməsi

                    olsun bir Araz ağlasın

Ala gözlü, qara qaşlı

                   bir gözəlin qucağında

Xan Kərəmin yadigarı

                 yanar telli saz ağlasın.

 

***

 

Yenə gəlləm obanıza

            yağışlı yaz axşamı.

Leysan vurar, çadırınız

            aramsız tap-tap eylər.

 

Alaçığın ortasından

             daş asarıq küləkdə.

Ağ çadırın ətəkləri

           yel vurar şap-şap eylər.

 

Qonum-qonşu xəbər tutar,

           görüşümə yığışar.

Qocalar da ay batınca

            şirin-şirin gap eylər.

 

Oğrun-oğrun baxan gözün

            odlar salar canıma.

Ürəyimin tellərini

             kirpiyinə sap eylər.

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018