Sənin ərini mən öldürməmişəm – Bircənin Romanı

 

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

Gün qızmamış qalxıb hər işimi görürdüm, günəş qovağın təpəsindən qapımıza şaxıyanda Cavidi də götürüb çəkilirdim arxa otaqlara. Çiy kərpicdən tikilmiş ev yayda sərin olurdu. Axşamın qara sərininə qədər uşağı orda birtəhər ovudub daldalayırdım. Cavid ayrı bir əyləncə tapmayanda mənim çoxunun qulpundan qırmızısı hələ də açılmamış tavalarımı, qab-qacağımı düzürdü divanın üstünə, onlarla oynayıb əylənirdi.

 

Bir gün yenə günü batırıb yuvamızdan çıxanda otağımın cəhəngində ayağıma yumşaq bir şey dolaşdı. Cavidi qucağımdan yerə qoyub diqqətlə baxanda ayağıma dolaşanın parça olduğunu gördüm. Parçanı qaldırıb işığa tutdum: hələ Nərgiz bu evə gəlməmiş mənim Zöhrə xalanın ismarışıyla aldığım parçaydı. O üz-bu üzünə çevirib baxıb parçanı divanın başına atdım. Öz-özümə dedim görən kim bunu bura tullayıb, ancaq heç nədən şübhələnmədim. Həyətə düşən kimi parça da yadımdan çıxdı.

 

Axşam süfrəsini hazırlayıb nədən ötrüsə otağıma qayıdanda o parçanın yenə qapımın ağzında yerə atıldığını gördüm. Parçanı götürüb hamının süfrə başına yığılmağını gözləyən qaynanama göstərdim:

 

- Ay Zöhrə xala, bax bu parça bu gün ikinci dəfədi mənim qapımın ağzına atılır. Bəlkə biləsiz, nə məsələdi?

 

Zöhrə xala başını qaldırmadan əlindəki boşqabı mənə uzatdı:

 

- Gəl o şorbadan bir qaşıq bura çək, onu da apar tulla götürdüyün yerə, əlini də vurma, nəyinə lazımdı.

 

Parçanı çiynimə atıb arvadın boşqabına bir çömçə lobya şorbası çəkdim. Qaynanam mənim çaş-baş qaldığımı görüb acıqlı-acıqlı dilləndi:

 

- Ay balam, it qursağı yağ götürməz, balağı batdaq, dabanı çatdaqdan arvad olmaz. Apar o parçanı tulla götürdüyün yerə, gəl otur çörəyini ye.

 

Cavidlə nənəsini qovağın altında açdığım süfrənin qırağında qoyub evə qalxdım, parçanı yenidən divanın üstünə atıb geri qayıtdım. Mən pilləkəni düşəndə Elgiz də gəldi, əlinə-üzünə su vurub özünü qovağın kölgəsinə verdi. Boşqabını mənə uzadanda:

 

- Sən babanın goru mənə şorba vermə, - dedi, - gör orda ayrı nəyin varsa ondan bir qaşıq qoy bura.

 

Beçə çığırtmasının saytal tikələrini seçib Elgizin qabına çəkdim. Boşqabı ona uzadanda evin qapısı açıldı, Nərgiz bayaqkı parça əlində pilləkənin başında göründü:

 

- Balağı batdaq, dabanı çatdaq bax sənin o oğru gəlinindi, - deyib düz Zöhrə xalanın çənəsinin altına yeridi.

 

Çömçə əlimdə quruyub qaldım. Nərgiz parçanı yerə atıb üstünə çıxdı, gördü Zöhrə xala dillənmir, bu səfər mənim üstümə gəldi:

 

- Nə vaxt kəsdin mənim parçamın yarısını? Sonra nəyimi oğurlamısan, mən tapmamış özün boynuna al!

 

Bir gözüm Elgizdə, bir gözüm üzü günəbaxan tağalağına oxşayan gəlində qalmışdı, udub içimdə saxladığım nəfəsim az qalırdı ciyərlərimi dağıda. Bir-iki addım qovağın koğuşuna sarı çəkildim. Susduğumu görən gəlin bir az da ürəkləndi:

 

- Mən bu evə gələndən sən mənə bir gün vermədin! Sənin ərini mən öldürməmişəm ha! Hamı sənə görə yas tutub qara bağlayır. Radionu açıram – qoymurlar, televizoru açıram – qoymurlar. Ərimi də az qala özəlləşdirmisən – paltarını yuyursan, başını qırxırsan. İndi də parçamı oğurlamısan.

 

Baxışlarımı qaynanamın üzünə tuşudub ondan kömək umurdum, ancaq Zöhrə xala başını qaldırmadan qaşığını bayaqdan yeyib boşaltdığı qabına aparıb gətirirdi. Mən geri-geri getdikcə gəlin daha cəsarətlə üstümə yeriyirdi. İstəmirdim günün bu şen vaxtında səsim çıxsın, yay axşamı qonum-qonşu hamısı çöldə-bayırdaydı. Özümü bir az da geri itələyəndə kürəyim qovağın xırda zoğuna sancıldı, ağrıdan sinəmi irəli verəndə qollarını hikkəylə oynadan gəlinin əli başımı tutdu. Çoxdandı qanamayan burnumdan yenə qan şora verdi. Bir əlimlə burnumu sıxa-sıxa o biri əlimi atıb qovağın qoynundakı kirli paltarların içindən Cavidin bir qoftasını tapıb burnuma tutdum. Çənəm aşağı axan qanı görəndə Elgiz yerindən atılıb gəlini qamarladı, elə qofta burnumdaca özümü onların arasına atdım:

 

- Sən Eminin adı ona toxunma, - dedim, - amandı, uşağa bir şey olar, vayqanlı mən qalaram. Qoy dərdini desin görək nə məsələdi.

 

Mən gəlini Elgizin əlindən alıb pilləkənə tərəf ötürəndə Zöhrə xala ildırım kimi şaqqıldadı:

 

- Ay livə, ay fərsiz, niyə qoymursan onu yolub yolpanını çıxartsın, niyə qoymursan onu sürütmə çəksin bu qapıda?! İki qamqalaqla gəlib bu evə, oğursaq dədəsinin görmədiyi qızıla-gümüşə tutmuşam onu. Anasının gördüyü bez tuman olub, evimdə zər-ziba görüb qudurub o!

 

Arvad nəfəsini dərib səsini bir az alçaltdı:

 

- Üç gündü ona yalvarıram ki, yığışdır bu söhbəti, onsuz da mənim dönəlgəm dönüb, erməni dağıdıb o gəlinin dədəsi evini, qoy yetimim daldalansın bu xarabada. Səy Fərmanın doydaq qızı bir at minib, birini də yedəyinə alıb...

 

Zöhrə xala gözünü yumub ağzını açdı, Nərgizin təpəsindən hər latayırı axıtdı, gəlin yenə susmadı, dediyini deyib durdu. Oturduğum yerdə şər-şəbədəyə düşmüşdüm. Bundan irəli demişəm, mən bu evdən ara-sıra oğurluq eləmişdim – uşağı zəhərlənmiş anaya bir abgərdən qatıq oğurlayıb vermişdim, naəlac qalmış qonşuya bir-iki qaşıq yağ oğurlayıb vermişdim, təndir odlayan qonşuya çörək üzlüyündən ötrü iki yumurta oğurlayıb vermişdim, balaca dostlarıma Zöhrə xalanın gizlətdiyi konfetlərdən cilbidib vermişdim... Bunlardan başqa nəsə oğurlamağa ehtiyacım olmamışdı, kiminsə bir çöpünə xain gözlə baxmamışdım. İndi bu üzü dönmüşün saç yolub, sovruq atıb məni şərləməsi cıvrığımı çıxarırdı. Yaman yerdə axşamlamışdım.

 

Arxın suyunda ağız-burnumun qanını yuyub geri qayıtdım. Bəhruz yanıma düşüb yaxamı-ətəyimi buraxmırdı, mən ağlayanda o da ağlayırdı:

 

- Bibi, nolar sən o uzun-hellana fikir vermə, biz bilirik o yalan danışır, get yeməyini ye. Sən otur, mən qaçım Maralı çağırım.

 

Bir əlcə uşaq qolumdan darta-darta məni qovağın altına aparıb süfrə qırağına oturtdu, sonra da hamıdan güclü bildiyi anasının dalınca qoparaqlandı.

 

Süfrə dolu qalmışdı, gəlin hamının çörəyini zəhərə döndərmişdi. Ürəyimdə yenə Emini qarğıyırdım, yəqin o sağ olsaydı məni bu suyumsuzun ayağına verməzdi. Zöhrə xalanın hirsi soyumamışdı, hələ də söyüş, nifrin yağdırırdı. Bilirdim ki, indi qonşular hamılıqla çəpərlərin dibinə sinib bizim sözümüzü-həkətimizi dinşəyir.

 

Məni ağlayan görəndə qaynanam yenə coşdu, Nərgizə sarı dönüb:

 

- Get mənim aldıqlarımı gətir bura, - dedi, - hamısını təndirə töküb odlayacam. Səni də iti qovan kimi qovacam bu qapıdan.

 

Gəlin baş barmağını şəhadət barmağıyla orta barmağının arasına qoyub qaynanasına tuşladı:

 

- İkiniz də bunu yeyərsiz, - dedi, - versin mənim parçamı.

 

Zöhrə xalanın gözləri böyüdü:

 

- Apar onu zağar qardaşlarına yedizdir! Lap yaxşı eləyib kəsib, özü almışdı, özü də kəsib, dədənin aldığını kəsəndə hürərsən.

 

Maralın gəldiyini görcək gəlinin səbbi alındı. Eltilərin böyüyü həmişəki qaydasıyla əllərini ombasında çataqlayıb Nərgizi üstdən-aşağı cəngavər ədasıyla süzdü:

 

- Nə at oynadırsan, aaazzz?! Dədənin bir eşşəyi yoxdu eeyy xotuğundan kabab çəkə, axşama kimi bu evdə döyməc yeyirsən. Bu gəlin qabağında kəniz-qaravaş olub deyə qudurmusan?! Küpənə bir siçan ölüsü düşüb deyə başımıza yüyən salıb, ağzımıza buruntaq verib çapacaqsan bizi? Bu da son görəcəyimizdi?! Onun da, mənim də bəzəkli parçalarımızı sən kimi güvələr yeyir, sənin murdar əsginə qalmışıq biz?

 

Sonra Elgizə sarı çevrildi:

 

- Əəə, sən nə vaxt kişi olacaqsan, niyə bunun burnunu ovmursan?

Zöhrə xala oğluna aman vermədi:

 

- Vallah Bircə qoymadı. Bir bu soysuzun ağzının-burnunun qanını bir-birinə qatsaydı ürəyim soyuyardı.

 

Maral qolunu boynuma salıb məni öpə-öpə üz-gözümün yaşını silməyə başladı:

 

- Aaz, mən səni dağ başında qala bilirəm, mən səni gərməşov sanıram, bu zirciyin sözüylə niyə ağlayırsan? Denən əlimin içindən gəlib kəsmişəm. Bu heç öz pasağını yuya bilmir, əlində bir yetimin var, özünü niyə yazıq eləyirsən? Dur, dur düş qabağıma!

 

Maral Cavidi qucağına aldı, məni də yanına salıb evlərinə apardı. İçəri girən kimi Yunusu qızışdırıb gəlinin üstünə göndərdi. Ağızdan pərtov Yunus Elgizlə Nərgizi topa tutub geri qayıtdı. Pilləkəni çıxa-çıxa Maralı səslədi:

 

- Hanı o siyahı? Sən ehtiyatlıydın, elə şeyləri saxlayırdın axı.

 

Maralın gözləri çıraq kimi alışıb yandı. Yerindən quş təki sıçradı, bizi seyvanda qoyub özünü arxa otaqlara təpdi, çox keçməmiş əlində bir mil-mil dəftər geri qayıtdı.

 

Biz tərəfdə belə bir adət vardı: oğlan evi də, qız evi də təzə bəylə gəlinə toy ərəfəsində nə alırdısa (gəlinin cer-cehizi, oğlan tərəfin paltarbiçdidən qabaq qız evinə göndərdikləri qarışıq) hamısının siyahısı tutulurdu; siyahının bir nüsxəsi oğlan evində, bir nüsxəsi də qız evində saxlanırdı. Qabaqlar mənim də gülüb lağa düzdüyüm bu adət indi dadıma çatacaqdı.

 

Dəftər açıldı, Yunusla Maral baş-başa verib yazılanları gözlərinə təpdilər. Maral Nərgizə alınanları yuxarıdan-aşağı oxuya-oxuya gəlib parçalar olan yerə çatdı. Əlini bir sətirin üstündə saxlayıb məni çağırdı:

 

- Gəl, yaxın gəl, gör bura nə yazılıb.

 

Dəftərdə baldızımın xəttiylə yazılmış belə bir qeyd vardı: “Ətəyi yaşıl yelənli 2 metr ipək parça, Bircə Bakıdan aldığı”. Bu sözləri dönə-dönə oxuyandan sonra başımı qaldırıb gözümü Maralın gözünə dikdim:

 

- Hə, nolsun, bu nəyi dəyişəcək? Hamı bilir ki, o parçanı mən almışam.

 

Eltim üzümə məzəmmətlə baxdı:

 

- Əmiqızı, deyəsən bir şey qanmadın. Gözlə, bu dəqiqə qayıdıram.

 

Maral ağır gövdəsiylə pillələri cüt-cüt enib yelbə kimi getdi. Seyvanda üzü həyətə dayanıb siqareti siqaretə calayan Yunus mənə sarı baxmadan üzümü yüngülcə danladı:

 

- Səni bu qədər aciz bilməzdim, niyə onun saçını biləyinə dolayıb o qapıda sürümədin?

 

- Boyludu, başına bir iş gələr, qalaram ömürlük töhmət altında.

Bəhruz yaxına gəlib üzünü qoluma söykədi:

 

- Cəhənnəmə boylu olsun! Biz and içmişik, onun uşağını evciyimizə qoymayacağıq.

 

Bəhruzun tosqun canını özümə sıxıb bərkdən güldüm. Mənim güldüyümə sevinən uşaq atasının diqqətini çəkmək üçün onun buduna bir dürtmə vurdu:

 

- Yunus, bax mən bibimi ona görə çox istəyirəm ey, o, ağladığı yerdə birdən dayanıb ürəkdən gülür.

 

Uşağa baxıb özümü yığışdırmağa çalışdım – ilk dəfəydi belə tərif eşidirdim, bu qədər sırtılıb-bərkidiyimi indiyəcən unamamışdım.

 

Əlində başıbəlalı parça Maral getdiyi kimi də pürfələk geri qayıtdı. Təntiyə-təntiyə üzünü Yunusa tutub:

 

- Düş maşından metrəni gətir, - dedi.

 

Yunus maşının yükəyini açıb paslı dəmir arşını götürdü. Ər-arvad parçanı yerə sərib ölçməyə başlayanda Maralın neyləmək istədiyi mənə əyan oldu. Parça 2 metr 20 santim gəldi. Yunus qalxıb siyahıya bir də baxdı: bir il əvvəl tutulub Misir əminin şahidliyilə qollanmış dəftərə bu parçanın 2 metr uzunluğunda olduğu yazılmışdı.

 

Maral səhrada yiyəsiz qəflə-qatır tapmış sarvantək sevinirdi. Mən onların hərəkətlərini key kimi izləyirdim, özümü tanıyırdım, özümə inanırdım deyə elə də pəhsinmirdim. Eltimin köşək gözləri qığılcım saçırdı:

 

- Dur gözünün midiyini yu, bir tikə çörək ye, get rahat yat. Təki sabah üzümüzə xeyrə açılsın, Misir əmini də çağırıb onun halvasını özüm çalacam. Görüm səni bu şərə salmaqda məqsədi nədi.

 

Yunus sümürdüyü siqareti seyvandan aşağı atıb bizə sarı çöndü:

 

- Bilmirsən nədi məqsədi? Şərləyib-bezdirib Bircəni bu evdən kürümək...

 

Qaynımın uşaqları Cavidi də aralarına alıb döşəkləri yaylı çarpayıların üstündən döşəməyə tökdülər, yan-yana yer salıb ayaq-baş yatdılar. Maral məni seyvanda oturdub olandan-olmazdan qarşıma yığdı, qardaşlarımın canına and verə-verə məni yedirtdi, Emini yada salıb xeyli ağladı, mən bu evdə binə tutub kök sala bilmədiyimə görə ərşi-kürşü yamanladı.

 

Gecədən keçmiş mən durmaq istəyəndə:

 

- Sən də qal, - dedi, - səhərin açılmağına nə qalıb ki.

 

Sonra da əliylə Yunusu göstərdi:

 

- Onsuz da bezmişəm bu kirkitlə bir evdə yatmaqdan, dur gedək yanımda yat, - deyib şaqqanaq çəkdi.

 

Eltimə qoşulub mən də güldüm:

 

- Bir dəfə yatmışam sənlə, yadında deyil?

 

Maral üzümə təəccüblə baxdı:

 

- Nə vaxt? Sən uşaqların sünnəti olanda bizdə qalmısan, amma onda da ayrı yatdıq axı.

 

- Yaxşı fikirləşsən yadına düşər.

 

Gördüm Maral nə dediyimi tutmur, daha onu çətinə salmadım:

 

- Yadında, Emin məni qovanda qaçıb aranıza girmişdim?

 

Söz ağzımdan çıxantək Maralın cingiltili gülüşü gecənin ağzına örkən doğanağı kimi keçdi:

 

- Həə, yadıma düşdü, qaynını da dombalaq aşırmışdın.

 

Yunus bığaltı qımışıb arxa evə adladı. Biz o günləri xatırlayıb ürəkdən güldük, sonra da ürəkdən ağladıq.

 

Maral məni qovağın yanınacan ötürüb geri qayıtdı.

 

***

 

Qovağın altında durub gecəni dinşədim. Yerə baxdım yer, göyə baxdım göy məni çəkmədi. O gecə dünyayla aramda böyük bir boşluq, dərin bir uçurum olduğunu hiss elədim. Kənd yatırdı, hər kəs yuxusuna çəkilmişdi. Kimsə mənim dərdimdən halı deyildi.

 

İndən belə qucağımda bir uşaqla kimin ömrünün qapısını tıqqıldada bilərdim? Lap tutalım elə biri tapıldı, bir-birimizə doğmalaşdıq, ortaq uşaqlarımız oldu – mənim oğluma ki ata olmayacaqdı. Demək, mən övladımdan, övladım da məndən kənar həyat yaşayacaqdı, uzaq başı ailəmizdə “ikinci sort” övlad olacaqdı...

 

Heç vaxt!

 

Bəs onda neyləməli? Bəlkə qarşıda hələ qırx, əlli, altmış ilim var – bu illəri necə yola verməli?

 

O gecə bəlkə də ilk dəfə dünyaya gəlişimin yanlış olduğunu düşündüm. Anamı həkim masasından düşürüb həyatın qapılarını üzümə açan nənəmə lənət oxudum. Guya mən doğulmasaydım dünyanın harası ağrıyacaqdı? O uzaq ulduzların, bu yatışan adamların, qaranlıqda yem axtaran həşəratların, sağdığım inəklərin, bəslədiyim arıların, lap elə çiynimi söykədiyim bu qovağın nə vecinəydi ki, mən varam bu dünyada, ya yox?

 

Mən olmasam nolacaqdı? Heç nə, dünyanın tükü də tərpənməyəcəkdi. İnsan dünyaya öz dərd-səriylə gəlir – mən olmasam dərdim-sərim də olmayacaqdı. Bu qovaq da durduğu yerdə duracaqdı, o su da şırhaşır axıb gedəcəkdi, itlər yenə belə hürüşəcəkdi, cırcırama min illər necə oxumuşdusa eləcə oxuyacaqdı. Əvəzində bizi otarmağa məhkum olunmuş cəfakeş, başıqaxınclı Yer Ananın bir qadınlıq qayğısı azalacaqdı...

 

Odu sönmüş samovarın dudkeşini başına keçirdim, gündüzdən dərdiyim yaylıq armudlardan (Emin bu armudu çox xoşlayardı, indi armud vardı, Emin yox) birini suya verib dişimə çəkə-çəkə yuxarı qalxdım. Cavidin yatdığı çarpayını boş görəndə içim laxladı. Hər gecə balamın ipək tellərini üstünə dağıtdığı yastığı bağrıma basdım, pəncərədən göyə baxıb sayrışan tanış ulduzlardan birini qaraladım.

 

Ancaq həmişə üzümə gülən ulduz indi deyəsən mənə arxa çevirmişdi – elə bil mənə sarı yox, göylərin ay-ulduzdan o taydakı dərinliyinə baxırdı. Gecənin, ölümün də üzü dönmüşdü məndən...

 

ardı var

 

 

LENT

21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018