Başımıza enən sopa -ANALİZ

Yalçın İslamzadə

Repetitorlar, keyfiyyətsiz dərsliklər, başqa problemlərlə assosiasiya olunan növbəti dərs ilinin sürprizi bir qrup dindardan gəldi. Orta məktəbdə oxuyacaq yaşda uşağının olması ehtimalı az, gənc və perspektivli dindarlardan təşkil olunmuş bir dəstə, Təhsil Nazirliyi qarşısında flaşmob stilində aksiya keçirdilər. Yaşıl dəyənəklərlə silahlanmış dindarlar sanki söhbəti birdəfəlik həll etmək istəyindəydilər. Təhsil Nazirliyinin hədəf seçilməsi isə ironik idi.

Vətəndaş hüquqları üçün etiraz etməyənlər, orta məktəb şagirdlərinin məktəbə hicabla gəlmək azadlığı uğrunda mübarizə aparırlar. “Hüquqları” uğrunda mübarizə apardıqları məktəblilər onları kənardan izləsəydi, bu şiddətin səbəbini çətin ki anlayardılar. Çadra yerinə hicab sözünün istifadə olunması isə hər halda çadranın sovet dövründən qalma neqativ assosiasiyasından qaçmaq üçündür. Aradakı texniki fərqlər nəzərə alınmasa, çadra və hicab mahiyyətcə eynidir. Orta təhsilin yaş kateqoriyasına, insanın yetkin sayılmadığı, imza atmaq icazəsinin olmadığı, hətta müəyyən məhsulların satılmasının və müəyyən yerlərə girişinin məhdudlaşdırıldığı bir yaş intervalı daxildir. Bu məhdudlaşdırma praktikasının arxasındakı mülahizə, bu yaş qrupunun müstəqil düşünmə və qərar vermə vərdişlərinin hələ formalaşmamağı, əməllərinin məsuliyyətini hələ tam dərk etməmələri və asanlıqla təsir altına düşmələridir.

Təhsil, dövlətin vahid dərs proqramı, dövlətçilik təmayülləri ilə ilkin tanışlıq və vahid uniforma ilə bütün vətəndaşlarını ortaq məxrəcə gətirdiyi, irəlidə müxtəliflik üçün sərbəst seçim edə biləcəyi intellektual bazanın verildiyi ən vacib sosiallaşma institutudur. Bu mənada homogenlik bu institutun vacib xassəsidir. Dünyəvi və modern təhsil, nəzəri olaraq Qərb mədəniyyətinin əsrlərlə təcrübədən keçirib zəruri bildiyi minimum intellektual vərdişlər və bilgilər toplusudur. Bu prosesdə şagirdlərin müxtəlifləşməsi deyil, minimum əsasda eyniləşməsi nəzərdə tutulur, müxtəlifləşmə texniki məsələ kimi, müəyyən istedad və bacarıq yönündə formalaşma kontekstində təşviq olunur. Demək artıqdır ki, insanın istədiyinə inanmaq və bu inanca görə yaşamaq hüququ var. Ancaq azadlıq mütləq deyil, xüsusi bir azadlıq tələbi dövlətin təməl prinsiplərini və digər vətəndaşların hüquqlarını təhlükəyə atmamalı, məhdudlaşdırmamalıdır.

Təhsil Nazirliyi qarşısındakı aksiya, “Şeytanın övladları”, “Şeytanın eşşəkləri” başlıqlı yazıları həvəslə verən, ancaq təhqir olunan inancsızlara və yeretiklərə (bidətçilər) cavab haqqı tanımayan müxalif mediada əli sopalı aksiyaçıların qarşısının polis tərəfindən alınması pisləndi. Beləcə müxalif medianın sekulyar düşüncəyə qarşı olduğu, sopalı dindarlara simpatiya bəslədiyi ortaya çıxdı. Özünü demokrat sayanların da aksiyanı dəstəkləyən fikirlər səsləndirdilər. Belə düşünmək olar ki, bu demokratlar sabah sekulyar düşüncəni sopalı aksiyaçı qarşısında müdafiə edəcəklər.

Demokratiya uğrunda mübarizəyə şəriəti ortaq edəndə, demokratik dövlət deyil, şəriət rejimi qurulacaq. Bunu anlamaq istəmirlər. Ola bilsin ki, aksiya spontan olub və yaxud kimlərinsə dəstəyi ilə siyasi məqsəd naminə təşkil edilib. Ancaq aksiya sübut etdi ki, əlinə mismarlı sopa almağa hazır, hərəkətinin səmimiliyinə şübhə etməyən, radikal və dözümsüz bir dindar nəsil mövcuddur.

Əgər bu aksiya, iş yerində inanca görə təqibə-bizdə əksi mövcuddur, iş yerində insanlar inancsızlığa görə təqibə məruz qalırlar - ya da universitetdə inancın məhdudlaşdırılmasına qarşı olsaydı, ona haqq vermək olardı. Hədəf, yetkinlik yaşına çatmayanların təhsil arealıdır. Bu, yanaşmanın məhz şəriət tələbli olduğunu göstərir.

Dində çadranın mahiyyəti zərif cinsi naməhrəm-aralarında nikahın mümkün olduğu əks cinsin üzvü - baxışından qorumaqdır. Yetkinlik yaşına çatmamış qızların çadra örtməsi onlarda yanlış təsəvvürlər yaradar. Örtünən şagirdlər belə düşünə bilər ki, örtünməyənlər naməhrəm baxışına açıq şəxslərdir.

Madam oğlan uşaqları erkən yaşda sünnət olur, deməli din onlara da fərz sayılmalıdır. O zaman çadra taxmayan müəllimələr də oğlan möminləri yoldan çıxarmamaq üçün çadra örtməlidirlər? Yoxsa siniflər qız-oğlan olmaqla ayrılmalıdır? Oğlan uşaqları təkkə qoymaq istəsələr necə olacaq? Orduda da dini geyim hüququ istəyərlərmi? Başqa dinin nümayəndələri də məktəbə öz dini geyimlərində gəlmək istəsə, siniflər dinlər muzeyinə oxşamaz? Dini simvollarla belə vizual zəngin məktəblərdə müzakirələr cinlərin materiyası, mələklərin cinsiyyəti, orucu pozan şeylər, halal-haram, məhrəm-naməhrəmlə bağlı olmazmı? Erkən yaşda məhrəm-naməhrəm seçimi erkən evliliyə də yaşıl işıq yandırmırmı? Çadra örtməyən qızlar və valideynləri yarımçıq imanlı sayılmalıdırlar? Müxtəlif imanlara sahib şagirdlər arasında dini mübahisələr yaranmazmı?

Yuxarıdakı sualların siyahısını uzatmaq olar. Ancaq uzatmırıq. Ümumilikdə iki nəticəyə gəlmək mümkündür. İndi 6-cı əsrdə aktual olmuş mövzuların təhsilə mane olmamağını istəyiriksə, yetkinlik yaşına çatmamış insanlar üçün optimal olanı tək tip geyim və tədrisdir. Orta məktəbi bitirdikdən sonra geyimini və inancını özü seçə bilər. Bundan başqa yarımçıq şəriət yoxdur, şəriət sıx toxunmuş sistemdir və tələblərin ardı kəsilməyən, hər yerdə inancına hörmət tələb edənlər-ictimai sahələr də daxil- bir addım sonra tam şəriət istəyərlər.

Yaxşı bilirik ki, dünyəvi sistem müəyyən məhdudiyyətlərlə baxmayaraq düşüncə müxtəlifliyinə təminat verir. Ancaq heç kim şəriətin müxtəlifliyə dözümü olduğunu iddia edə bilməz. Tarix sadəcə irəliyə doğru getmir, bəzən geriyə doğru da irəliləyir. Tarixdə bunun nümunələri çoxdur. Müxtəlif cərəyanların yayılmasını dəstəkləyən dövlətlərin tarixi buna sübutdur. Ölkəmizdə şəriət istəyənlərin neçə faizinin bir şəriət dövlətinə mühacirət etmək istəyəcəyi də maraqlıdır. Hazırkı dünyəvi dövlət modelləri hamının marağını minimum məhdudlaşdırmaq, maksimum azadlıq verməklə şəriət rejimindən üstündür.

Bu arqumentləri dindarların qəbul edəcəyinə inanmaq çətindir. Cəmiyyəti radikal istiqamətdə dəyişmək istəyənlər və buna müqavimət göstərənlər həmişə tapılacaq. Aydındır ki, bu iki cəbhə öz mövqeyini dəyişməyəcək. Balansın ciddi şəkildə pozulması kənardakıların-əsasən müstəqil həyata girmək üzrə olan məktəblilərin - kimin tərəfində olması ilə müəyyənləşəcək. Dindarlar fərdi mübarizə aparsalar da, arxalarındakı güclər onlar vasitəsilə demoqrafiyanın yeniyetmə və gənc qismi üçün sistemli mübarizə aparırlar. Biz isə öz növbəmizdə bu kəsimin təsir altına düşməməyinə çalışırıq. Təəssüf ki dünyəvilərlə dindarların mübarizəsində fürsət bərabərliyi yoxdur və imkanlar birincilərin əleyhinə olmaqla xeyli asimmetrik paylanıb.

Özünə demokrat deyənlər şəriətlə əməkdaşlıq etmiş cərəyanların aqibətinə nəzər salmaq istəsələr, yaxın tarixdə və coğrafiyada nümunələr tapa, nəticələri analiz edə bilərlər. Ümid edək ki sekulyar dövlətdə hökumət inzibatı üsulla deyil, dünyəvi təhsilin etibarını qaytarmaqla prosesin qarşısını alacaq. İndiki problemlər 6-cı əsrdəkindən vacib və daha fərqlidir. Əgər hər şey olduğu kimi davam etsə, qısa müddətdə siyasi müxalifət arxa planda qalmaqla dindarlardan mədət umacaq, hökumət isə qarşısında siyasi müxalifəti yox, dini mübarizəni görəcək. Onda havaya qalxmış yaşıl sopanı hamımız hiss edəcəyik.

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018