Artıq səni xatırlayanda başımı bulayıram Salam SARVAN

Kulis.Az Salam Sarvanın yeni şeirini təqdim edir: 

 

Günəşin zirvələrdə unudub atdığı

qar kimi tənha qalsam da...

 

Bir az iş-güc qatır başı,

bir az da yazı-pozu:

sənsiz yaşaya bilirəm,

narahat olma, Qızım.

 

Amma yaşaya bilmirəm, bilmirəm.

 

Bir az səndən zəhləm gedir,

bir az da özümdən.

Narahat olma, Qızım –

sənsiz yaşamaq mümkünmüş deyə

yavaş-yavaş düşürsən gözümdən.

 

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm...

Narahat olma, Qızım –

öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:

o dünyadan bu dünyaya hər gün bir az köçürəm.

 

Amma yaşaya bilmirəm, bilmirəm...

 

Hərdən züm-zümə edirəm,

hərdən də ulayıram...

Narahat olma, Qızım –

yavaş-yavaş sağalıram iflicdən,

məsələn, artıq səni xatırlayanda

başımı bulayıram.

 

Amma yaşaya bilmirəm, bilmirəm...

 

İstəsəm taparam səni –

atıb gedən qadınların hamısı

eyni yerə yığışırlar əslində...

 

Amma axı nəyə lazım, mən ki sənsiz ölmürəm.

Amma yaşaya bilmirəm, bilmirəm...

 

Narahat olma, Qızım –

mən şəhərdə gəzəndə

insanlar bir adamlıq kənardan keçirlər,

sanki yanımda yeriyirsən deyə...

 

dekabr. 2012

LENT

06 Avqust 2018
05 Avqust 2018
02 Avqust 2018
01 Avqust 2018
31 İyul 2018
30 İyul 2018