62 yaşında övladı oldu, 73 yaşında yenidən evləndi

Kulıis.az dahi rəssam Pablo Pikassonun anım günü münasibəti ilə Dərya Öndərin “Pikassonun qadınları” yazısını təqdim edir.  

 

Bəlkə də on dörd yaşlı uşağa, rəssam atasının bütün rəsm alətlərini gətirib təslim etməsi və “Sənin artıq məni keçəcəyin bəllidir, mənim bundan sonra rəsm çəkməyimə ehtiyac yoxdur” deməsi heç asan deyildi.

 

Pikasso bu ağır yükü doxsan iki yaşına - ölənə qədər - kürəyindən heç endirmədi. İyirmi səkkiz yaşına qədər dolanışığını ailəsi təmin edirdi, ancaq bu yaşdan etibarən tabloları öz alıcılarını tapdı və bundan sonra heç vaxt maddi çətinlik çəkmədi. Öləndə az qala trilyoner idi.

 

Don Joze Ruis Blasko və Dona Maria Pikasso Lopezin ilk uşaqları olan Pikasso 25 oktyabr 1881-ci ildə Malqada doğulmuşdu. Onun ispanlara xas olan uzun adı vardı: Pablo Diego Jose Fransisko de Paula Xuan Nepomukeno Krispin Krispinanio de Sentissima Trinidad Ruiz Blasko Pikasso Lopez. Ancaq o anasının soyadı olan Pikasso ismindən istifadə etməyi seçmişdir.

 

Atası yaşadıqları qəsəbənin muzey müdiri, eyni zamanda rəsm müəllimi idi. Pikasso həyatının on ilini bu qəsəbədə keçirmişdi. Daha sonra atasının işinə görə Atlantik sahillərində bir əyalətə köçdülər. Pikasso məktəbdə dəftərlərinə şəkillər çəkirdi. Atası ondakı istedadın şahidi olduğu üçün bütün rəsm yaşamını ona həsr etmişdi. On dörd yaşında olmasına baxmayaraq Barselonada bir sənət məktəbinin imtahanına getdi və fövqəladə bacarıq göstərdiyi üçün məktəbə qəbul edildi. Məktəbi bitirəndən sonra tanınmış rəssamların arasına qatıldı. Həmin dövrlərdə Barselonada keçirilən ən böyük rəsm sərgisinə yağlı boya ilə çəkdiyi bir tablo ilə qatıldı. Bu isə onun daha da çox tanınmasına səbəb oldu.

 

1897-ci ildə Madridə köçüb bir atelye tutdu və tanınmış sənətşünaslıq məktəblərindən birinə girdi. Əvvəllər usta rəssamların şəkillərini kopya edərək onları daha yaxşı tanımağa başladı. Bu məşqlər onun özünün azad rəsmlərini çəkməsində ona çox kömək etdi. 1900-cü ildə ilk şəxsi sərgisini açdı. Bu sərgidən sonra yeni müqavilələr imzaladı və ilk dəfə rəsmdən pul qazanmağa başladı. Qısa müddət üçün ailəsinin yanına getdi. Oradakı həyatı, onların baxış bucağını görüb burada yaşaya bilməyəcəyini düşündü və 1904-cü ildə Parisə köçməyə qərar verdi.

 

Pikasso eyni il köçdüyü “Taxta Baraka”da daha əvvəl yaşamış olan Fernande Oliver ilə tanış oldu. Fernande burjua ailəsində böyümüş, bir dəfə evlənib ayrılmış və rəssamlara maraq göstərən qadın idi.

 

Dostlar arasında “Gözəl Fernande” olaraq tanınırdı. Pikassoyla münasibəti 1912-ci ilə qədər davam etdi. Pikassonun etiraz etməsinə baxmayaraq çap etdiyi “Pikasso ilə yaşamaq” adlı xatirələr kitabında onunla ilk qarşılaşmasını belə yazırdı:

 

“Onu tanımayanlar üçün ağlı başdan çıxaracaq heç bir xüsusiyyəti yox idi. Bununla bərabər onun qərib, təsirli baxışları diqqət çəkirdi. 

İçindəki atəş ona dayana bilməyəcəyim bir çəkicilik qazandırırdı. Mənimlə tanış olmaq istəyəndə mən də onu tanımaq üçün yanıb tutuşurdum.”

 

Fernandenin Pikassodan ayrılma səbəbi isə hər dəfə evdən çıxanda Pikassonun qısqanclıqdan onu otağına bağlayıb getməsi idi. 

 

Bu dövr eyni zamanda Pikassonun həyatında “mavi dövr” ya da sənət tənqidçisi Uhdenin deyimi ilə “Mavi İmperatorluq” vaxtı idi. Mavi, uşaqlığından bəri Pikassonun ən sevdiyi rəng idi. Bu dövrdə çəkdiyi rəsmlərin demək olar ki, hamısında bu rəng var idi. Hətta çalışarkən də mavi rəngli paltar geyinirmiş.

 

Pikassonun bu dövr çəkdiyi rəsmlərdə dini motivlər də var idi. Bu dönəmin fiqurları daha çox yoxsullar, dilənçilər, korlar və yaşlılardan ibarət idi. İki baş qəhrəmanı isə “Həyat” və “Qucaqlaşma” idi. Bu rəsmdə yataqda qucaqlaşan çılpaq bir cütlük var idi. Qadın hamilədir. Amma bu qucaqlaşma bir şəhvət anının başlanğıcından daha çox dünyadan qaçıb bir birinə sığınan, başlarını bir-birinin çiyninə söykəyən iki insanın görüntüsü idi.Həyat” rəsmi isə Pikassonun ümidsizcə aşiq olduğu üçün intihar edən yaxın dostu Kasagemas üçün idi. Aşiq bir cütlüyün qarşısında qucağında uşaq olan kədərli bir qadın çəkilmişdi.

 

Bu vaxtda Fernande ilə yaşadığı sevgi, rəsmlərinin satılması ilə qazandığı pullar, rəsmlərindəki mavi çəhrayı ilə əvəzlənməyə başladı.

 

Birlikdə etdikləri Barselona səfərində Fernando ilə Pikasso arasında duyqusal sıxıntılar ortaya çıxdı. 1909-cu ilin payızında Bateu Lavoirdən ayrılıb Bulvar Kliçidə daha rahat bir studiyaya köçdülər. Hər cümə günləri Matisseni ziyarət etməyə gedirdilər. Bu həyat tərzi Pikassonun daxilən dəyişməsinin göstərici idi. Amma bir müddət sonra Pikasso bundan yorulmağa başlamışdı.

1911-ci ildə Pikasso, Fernande, Maka Ceysob və Braq ilə birlikdə kiçik qəsəbə olan Keretdə yaşayan dostları Manolo Huqenin yanına gedirlər. Onda Pikassonun əsərləri ən tanınmış əsərlər hesab olurdu. Payızda yenidən Parisə qayıdanda Pikasso, Gertruda Staynın evində Yeva Qouel ilə tanış olur. Bu Fernandenin xoşuna gəlməsə də özü də başqası ilə görüşməyə başlamışdı. Pikasso Yeva ilə sevgili olandan sonra Fernande onu tərk edir.

 

Pikasso onu Yeva deyə çağırsa da əsl adı Marsella Hambert idi. Onu düşünərək çəkdiyi “Jaime Eva”, “Jolie Eva”, “Ma Jolies” adlı tablolarda da göründüyü kimi Pikassonun bütün sevgililərini rəsmlərində əks etdirmişdi. Yeva uzun çəkən xəstəlikdən sonra 1915-ci ildə ölənə qədər Pikassonun sevgilisi – möhtəşəm aşiqi – olaraq qalır. Hətta Maks Yakobun, Yevanın dəfnindəki xoşagəlməz davranışları Pikassoya o qədər pis təsir edir ki, dostluqlarına elə oradaca son qoyur.

 

Yevanın ortaya çıxmasından sonra Pikasso ilə münasibətini kəsən Fernande 1936-cı ildə xatirələrini yayımlayana qədər Pikasso ilə yenidən görüşməmişdi. Ancaq o vaxt ortaq dostlarının vasitəçiliyi ilə Pikasso Fernandeyə maddi kömək edirdi.

 

Əlbəttə, Fernandenin olmadığı vaxtlarda Yeva da Pikasso üçün yeganə qadın olmamışdı. Yevanın baxım evində qaldığı müddətdə və daha bir neçə il ərzində həyatına Qabrielle Depeyre də girir.

 

Onlar tanış olanda Qabi iyirmi yeddi yaşında idi. Pikassonun bir qadına qarşı hiss etdiyi sevgi başqa qadına aşiq olmasına mane olmurdu.

 

Pikasso, Yeva və Max, Fiqueras və Gironaya tez-tez öküz duellərini izləməyə gedirdilər. Öküz duelləri Pikassonun həyatının önəmli simvolu idi. Bəzi tənqidçilər Pikassonun ölüm duyğusunu bununla izah etdiyini deyirlər. 

 

Hər iki dövrün ən vacib motivi “təlxək” motivi idi. Pikasso həyatı boyunca təlxək, kloun və sirk motivlərindən əl çəkməmişdi.

 

1917-ci ildə Jan Kokto ilə birlikdə Romaya getdi. Rus baletinin idarəçisi Serge Diagilevlə tanış oldu və onun Piazza Kolonadakı evində yaşamağa başladı. Həmin dövrdə portretini də yaratdığı İqor Stravinski və onun dostları ilə tanış oldu.

 

Florensiyada, Pompeydə, İtaliyada keçirilən bəzi festivallara qatıldı. Bu vaxt qrupda rəqqasə olan Koklova ilə tanış oldu. Diagilev bu tanışlıqdan sonra “diqqətli ol, bu evlənməli bir rus qızıdır” deyərək Pikassonu xəbərdar etdi. Pikasso Diagilevin sözlərini “zarafat eləyirsən” deyərək ciddiyə almadısa da qısa müddətdən sonra Olqa ilə nişanlandı və 1918-ci ildə Parisdə evləndilər. Bu evlilikdən sonra yeni bir evə köçdülər. Fransua Gilot xatirələrində Olqa haqqında deyirdi: “Qrupun ən yaxşı balerinalarından deyildi, amma çox xoş  görünüşü və Pikassonun çox cazibədar hesab etdiyi bir üstünlüyü vardı. Olqa aşağı təbəqəli rus əsillərindən idi. Diagilevin balerinalarını axtarıb tapmaqda qəribə bir tərzi vardı. Bu balerinalardan yarısı yaxşı rəqqasə, digər yarısı isə yaxşı bir toplumda yetişmiş gözəl qızlar olmalı idilər.” Pikasso ilə Olqanın evlilik məclisi rus adətlərinə görə keçirilmişdi. Uzun müddət özünə qapanan Pikassoya bu evlilik yenidən bəzi çevrələrə giriş etməsində köməklik etdi .

 

Pikassonun Andre Bretonla tanış olması 1923 –cü ilin yazına təsadüf etdi. Bu tanışlıqdan sonra həmin il sürrealistliyi təbliğ edən jurnalda əsəri yayımlanır. Berton “Sürrealistlik haqqında məlumat” hazırlayanda Pikassonunun fikirlərindən də faydalanırdı. Bu çevrədən bəzi yazar 

və şairlər Pikassonun əsərlərini sevə-sevə alırdılar. 1925-ci ildə açılan bir sürrealist sərgiyə Pikasso da qatılır. Sürrealistlikdən bir çox yerdə faydalansa da Pikasso yavaş-yavaş bu çevrədən uzaqlaşmağa başlayır. Həyatının sonrakı illərində isə bu təsiri tamamilə yadırğayır.

 

Eyni vaxtda “Galleries Lafayette”də qarşılaşdığı on yeddi yaşlı Maria Valter də Pikassonun həyatına daxil olur. 1932-ci ildə Pikasso yeni sevgilisi Maria Tereza Volterin bir neçə portretini çəkmiş və bu şəkilləri klassik gözəlliyin, sürrealizmin, şüurlu, uyğunsuz anatomiyası ilə birləşdirərək yeni bir sintez yaratmışdı.

Maria haqqında çox az şey bilməyimizə baxmayaraq Con Berger “Pikassonun bacarığı, ya da bacarıqsızlığı” adlı kitabında Marianı Pikassonun həyatına girən bütün qadınlardan üstün tutmuşdu. Berger Marianın Pikassonun sənət həyatına təsirindən, Pikassonun rəsmlərində, heykəllərinə və eskizlərinə baxanda bu sevginin cinsi baxımdan Pikassonun ən önəmli münasibəti olduğundan danışırdı. Pikasso həyatındakı başqa heç bir qadını bu şəkildə çəkməmişdi. Bu qədər çox çəkməmişdi. Bergerə görə bərabər olduqları səkkiz il ərzində Maria Pikasso üçün get-gedə öz varlığından belə kənarlaşaraq bir simvola çevrilmiş və Pikassonun ruhunu ələ keçirmişdi.

 

Pikassonun özündəki beş yüz rəsmlik kolleksiyasının əlliyə yaxını Marianin rəsmlərindən ibarət idi. Pikasso onu rəsmlərində Venera kimi təsvir edirdi. Bu rəsmi digərlərindən fərqləndirən birbaşa cinsəllik idi. Sevişmə ya da sevişmədən sonrakı mənzərə bu rəsmlərdə canlanırdı. Berger bu mənzərənin sözdən və səsdən daha çox rəsmlərdə düzgün ifadə oluna biləcəyini deyirdi. 1935-ci ildə Pikasso və Marianın qızları Maya dünyaya gəlir.

 

1936-cı ildə Fransada yaşanan siyasi sıxıntılar və dünyanı bürüyən iqtisadi böhrandan Pikassonun nə qədər təsirləndiyini tam olaraq bilinmir, amma əldə olunan məlumatlar onun bu dövrdə daha çox evliliyin sıxıcılığı və sürrealistlərlə etdiyi mübahisələrdən bəhs etdiyini bildirirdi.

 

18 iyul 1936-cı ildə general Franko İspaniya Fasında İspaniya Respublikasının qanuni hökumətinə qarşı hərbi çevriliş elədi. Bu hərəkətin bir əksini “Frankonun Rusiyası və yalanı” adlı əsərində görə bilərsiniz. Pikasso on səkkiz parçadan ibarət bu rəsmə 1937-ci ildə başladı. Bu dövrdə onun ən yaxın dostu Pol Eluard oldu. Eluard Gernikanın faşistlər tərəfindən bombalanması və Pikassonun bu hadisəni çəkdiyi vaxtlarda da onun yanında idi. Eluardla Pikassonun dostluqları Pikasso Komunist Partiyasına qatılıncaya və məşhur bəyaz sülh göyərçinini çəkəcəyi vaxta qədər davam etdi. Eluar Pikassonu yoldaşı olan və Gernikanın istehsal mərhələləri şəkillərini də çəkməli olan Dora Maar ilə tanış oldu.

 

1909-cu ildə doğulan Dora Maar fotoqraf, həm də rəssam idi. Rəssamlıq işlərini Parisdə müxtəlif atelyələrdə davam etdirir, eyni zamanda Andre Lot ilə işləyirdi. Pikasso Doradan çox təsirlənir. Gernikanın tikilişi müddətində Doranın ciddi köməyi olur. Bu münasibət yeddi – səkkiz il davam edir. Pikassonun İspaniya daxili müharibəsindən bəhs etdiyi “Ağlayan qadınlar” serialının modelliyini də Dora etmişdir. Pikasso onun üçün “onu ağlamayan görmədim” demişdi. Ancaq Pikasso bir başqa qadına diqqət göstərməyə başlayanda bu münasibət bitmişdi. Dora bu ayrılığı həzm edə bilməyib bir müddət müalicə almışdı. Daha sonrakı vaxtlarda “Mənim üçün Tanrıdan sonra Pikasso gəlir” demişdi. Dora Maar Pikassoyla həyatına aid qaraladığı şeirləri Pikassonun onu tərk etməsindən sonra yazmışdı.

 

26 aprel 1937-ci ildə Gernikaya edilən hücum bütün diqqəti üstünə çəkdi. Kiçik bir kənd olan Gernika “Müqəddəs palıd ” deyilən bir ağac burada olduğu üçün basklar üçün müqəddəs yer idi. Hücumun şiddəti və mövzu ilə əlaqədar xəbərlərin təsiri ilə Pikasso “Gernika” adlı rəsmin üzərində işləməyə başladı. Bu tablonun təxminən üç metr hündürlükdə və səkkiz metr enlilikdə olması düşünülmüşdü. Paris Dünya Sərgisində İspaniya podiumunun təşkilati işləri Pikassoya tapşırılmışdı.

 

1939-cu ildə Ruü des Grands Augustinsdəki evə köçdü və Parisin 1940-cı ildəki işğalından 1944-cü ildəki qurtuluşuna qədər də burada yaşadı. Bu dövrdə Pikassonun dostları azaldı. Anasının dostu Vollardı, 1942-ci ildə Qonzalesi itirdi. Maks Yakobu da eyni il düşərgədə itirdi və bundan sonra uzun müddət evdən çölə çıxmadı.

 

Rəsmlərinin mövzusunu daha çox natürmortlar və qadın portretləri təşkil edirdi. Pikasso qadın portretləri çəkməkdən həyatı boyu əl çəkməmişdi. Portretlərin əksəriyyətində qadınlar çılpaq idilər və normal ölçülərdən daha böyük çəkilmişdilər.

 

Pikassoya mübarizənin onun sənətinə təsiri olub-olmamasını soruşanda: “Mən savaşın rəsmini çəkmədim. Çünki mən bir şey çəkə bilmək üçün gəzən fotoqraflara bənzəyən rəssamlardan deyiləm. Amma çəkmiş olduğum rəsmlərdə savaşın əks olunduğundan şübhəm yoxdu. Bəlkə də gələcəkdə tarixçilər mənim üslubumu savaşın təsiri ilə dəyişdirmiş olduğumu sübut edəcəklər. Amma belə olub olmadığını özüm də bilmirəm” – deyib. O savaş günlərində çəkdiyi Dora Maarın portreti üçün - “Bir neçə gün sonra portretə yenidən başlayanda rəsmdəki başın almanların polad dəbilqəsinə bənzədiyini gördüm” - demişdi.

 

Alman işğalının ardıyca Pikasso üçün yeni bir həyat başladı. Dünya işləri ilə daha çox maraqlanırdı. Cənubi Fransada yaşayırdı. 1943-cü ildə gənc bir rəssam olan Fransua Gilotla tanış olur. O zaman Fransua iyirmi bir Pikasso isə altmış iki yaşında idi. 1953-cü ilə qədər birlikdə yaşadılar və iki uşaqları oldu. 1947-ci ildə oğlu Klaudi, 1947-ci ildə isə qızı Paloma dünyaya gəlir. İlya Erenburq bu doğuş xəbərini Paris Sülh Konqresinin açılış günündə gəldiyinə görə Pikassonun qızına “göyərçin” mənasını verən “Paloma” adını qoyduğunu yazır.

 

Bir müddətdən sonra bu münasibət hər iki tərəf üçün dözülməz həddə çatır. Fransua Gilot bu barədə xatirələrində danışmışdı. (Bu xatirələr 1965-ci ildə çap olunmuşdu. Pikasso buna əngəl olmağa çalışmışdısa da bacara bilməmişdi.) Pikasso isə 1953-1954-cü illərdə çəkdiyi tablolara bu vəziyyəti əks etdirmişdi. Fransua onu tərk edəndən sonra onu ətrafına qorxu yayan dişinin simvolu kimi göstərmişdi. Ancaq bu münasibətdən qaynaqlanan böhran Pikassonun rəsmlərində canlanan sonuncu böhran olur.

 

Bütün bunlara baxmayaraq Pikassonun 1949-cu ildə başladığı litoqrafiya işləri müddətində çəkdiyi qadın başları seriyası üçün modellik edən yenə də Fransua Gilot olmuşdu. Pikasso nə qədər qarşı çıxsa da Fransuanın xatirələri Pikassonun bu günə qədər çox da ələ alınmamış olan şəxsi dünyasına bir yolçuluq idi. Məsələn, Françoise bunları yazmışdı:

 

“Pikassonun sevərək danışdığı hekayə soyuqda yanan sobanı soyutmamaq üçün bütün mebellərini yandıran tanınmış bir  keramika ustasının hekayəsidir. “Mən olsaydım, əgər lazım olsa arvadımı və uşaqlarımı da sobaya atardım”…

 

Sənəti üçün hər şeyi, hətta öz duyğularını və özünü də fəda edə biləcək bir xarakteri var idi onun.

 

1954-cü ildən etibarən əsərlərində avtobioqrafik izlər daha çox görülməyə başlamışdı. Pikasso isə bu mövzuda “Digərləri öz yaşayışlarını necə yazırlarsa mən də elə, rəsm çəkirəm.” - demişdi. Buna görə də həyatının hər parçası bir sənəddir.

 

1955-ci ildə həyat yoldaşı Olqa ölür. Uzun illərdən bəri birlikdə yaşamamalarına baxmayaraq boşanmamışdılar. Olqanın ölümündən üç il sonra 1954-cü ilində Jaklin Roq ilə evlənir. Pikasso 73 yaşında idi artıq.

 

Əslində Pikassonun həyatına girən, ilk öncə ona modellik edən və adətən bundan sonra sevgilisi olan qadınlardan danışarkən Pikassonun rəsmə olan sevgisinin yerini tək almayan, amma varlıqları ilə onu rəsmdən uzaqlaşdırmaq bir yana daha çox rəsmə tərəf itələyən qadınları sonralar “Pikassonun qadınları” adlı bir oyununda nümayiş olunduğunu görürük.

 

Pikassonun məşhur  ”Axtarmıram, tapıram” sözü həm həyatı boyu çəkdiyi rəsmləri, digər məşğuliyyətləri, həm də həyatını paylaşdığı qadınlarla yaxından əlaqəlidir.

 

LENT

24 Aprel 2018
23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018