“İtkin gəlin” teleserialı: Qardaşın sevdiyin qızı alarsa... - ARAŞDIRMA

Bu gün tanınmış yazıçı Əlibala Hacızadənin anım gündür. Kulis.az bu münasibətlə onun eyni adlı romanı əsasında çəkilən "İtkin gəlin" teleserialı ilə bağlı araşdırmanı təqim edir. 

 

Bunu bilməyən yoxdur- kinosənayesi inkişaf etmiş şirkətlərin kinomarketinq siyasətində  ekranlaşdırma vacib yer tutur. Bu artıq bəlli bir uğur, bəlli bir satış həddi deməkdir. Sevilən bir əsər artıq maraq oyadıb və o uğurlu romanın həzzini insanlar daha başqa formalarda axtarırlar: tamaşalarda, filmlərdə, komikslərdə, yapışqanlı fotolarda, oyuncaqlarda, geyimlərdə  və onlarla ağlagəlməyən istehsal sahələrində. Daha doğrusu istehsalçılar bu uğurdan maksimum yararlanmağa çalışırlar.

 

“Polad Ələmdar”lı köynəkləri, “Marianna” corabları, “Maşa və ayı”lı oyuncaqları, konfetləri, düşünmək yetər. “Maşa və ayı” cizgi filmi serialı uğur qazanan kimi onun tamaşasını hazırladılar. Adətən bu ikinci versiyalar orjinal qədər də olmasa müəyyən uğuru təmin olunur. Mütəxəssislər Türk seriallarının uğurunu da kütləvi şəkildə məşhur və sevilən əsərlərin ekranlaşması olması ilə bağlayırlar. Və bu seriallar kitabdan az sevilmir. Bu gün serial sənayesinin hələ yenicə sürət və keyfiyyət qazandığı bir zamanda illər öncənin uzaqgörən, məşhur və sevilən serialını xatırladırıq – “Itkin gəlin”i. Ona görə uzaqgörən ki, bu serialı 90-ların əvvəlində, Sovet ittifaqının yeni dağılmış vaxtlarında, marketinq sözünü lüğətdən belə anlamayacağımız zamanda çəkmişdilər. Həm də ona görə uzaqgörən ki, indi google axtarış sisteminə “İtkin gəlin” yazıb axtarışa verəndə itkin gəlinlər haqda onlarla xəbər tapılır…

 

“Defisit” kitab

 

“İtkin gəlin” serialı zamanında çox məşhur “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası əsasında 1994-cü ildə çəkildi.

 

 Trilogiya Sovet İttifaqı zamanında ölkənin bestseller romanı idi. “İtkin gəlin” hər dəfəsində 100 min tiraj olmaqla üç dəfə nəşr olunmuşdu. “Əfsanəsiz illər” və “Ayrılığın sonu yoxmuş” kitabları da tələbatı nəzərə alaraq hərəsi üç yüz min tirajla nəşr olunur.

 

“İtkin gəlin" romanın süjet xətti bədbəxt taleli bir qızın – sevdiyi adamdan qaçan Əfsanənin taleyi üzərində qurulub. Romandakı hadisələrin əsasında məhəbbət macərası dayanır. Tacir Həzrətgülün bacısı qızı Əfsanə bədbəxt bir hadisə nəticəsində ata-anasını itirib, dayısının himayəsində yaşamağa məcbur olub.

 

Həzrətgül bacısı qızını həm dükanda, həm də evdə qulluqçu kimi  işlədir, onun arvadı isə qıza qarşı son dərəcə amansızdır. Evin kiçik gəlini Nazənin isə Əfsanəyə bir bacı kimi yanaşır, sevir, onun həmsöhbətinə və sirdaşına çevrilir. Əfsanə gözəldir, nəcibdir, qəlbi kövrəkdir, güclü hafizəsi var. Şeri, sənəti başa düşür. Bütün Əfqanıstanda olduğu kimi, Ədnanda da savadsızlıq, hüquqsuzluq və məhrumiyyət hökm sürməkdədir. Kəndin ağbirçək qadınlarından biri də Səbihə arvaddır. O, gənc yaşlarından dul qalmış, çətinliklə Yusif və Elməddin adlı oğlanlarını böyütmüşdür. Yusif - böyük qardaş şəhərə gəlib çətinliklə açdığı kiçik dükanda odun və kömür satır, Elməddin isə oxumaq arzusunu yoxsulluq üzündən qəlbinin dərinliklərində dəfn edib kənddə qalaraq qəryədər Qulamın yanında katib işləyir. Elməddin və Əfsanə bir-birini sevsə də, Əfsanə Elməddinin böyük qardaşı Yusiflə evləndirilir. Yusifin ölümündən sonra qardaşının arvadı ilə evlənməyə məcbur olan Elməddin Əfsanəyə qardaşının arvadı olduğu üçün toxunmur. Buna dözməyən Əfsanə Ədnandan qaçır. Elməddin isə etdiklərinə peşman olub, itkin gəlini- Əfsanəni axtarmağa başlayır....

 

İndi də o rolla tanınıram

 

“İtkin gəlin” Filmin rejissoru Lütfi Məmmədbəyli, ssenari müəllifi Əlibala Hacızadə və Lütfi Məmmədbəyli, operatoru Fərman Nəbiyev, bəstəkarı Cavanşir Quliyev idi. Azərbaycan Televiziyasının imkanları hesabına çəkilən film 12 seriyalı filmin uğuru roman qədər oldu. Əfsanə obrazı Məleykə Əsədovaya böyük şöhrət qazandırdı. Eləcə də digər ifaçılar öz rolları ilə daha çox tanındılar.

 

Əfsanə - Məleykə Əsədova:

 

“Heç türk seriallarının çəkilmədiyi vaxtda Lütfi müəllim “İtkin gəlin”i çəkdi. 20 il əvvəl. Tanışlarından Əfsanə roluna çox aktrisa sınaqdan keçdi, amma mən seçildim. O həmişə populyar, xalqın qəlbinə yol tapmış əsərlərə müraciət edirdi. Onun teletamaşaları ilə aktyor tanınır, məşhurlaşırdı. Elə Mən özüm “İtkin gəlin”dən əvvəl Orxan Kamalın əsəri əsasında “Yad qızı” teletamaşasında Jalə obrazı ilə tanınırdım”.

 

Elməddin- Elşən Rüstəmov:

 

 “Universitetin ikinci kursunda oxuyurdum. Lütfi müəllim səhnə danışığından bizə dərs deyirdi. Ssenarini gətirdi, oxudum razılaşdıq. Çəkilişlər maraqlı idi. Kamal Xudaverdiyev, Lətifə Əliyeva, Zemfira Əsədova kimi aktyorlarla bir çəkilirdik. Əlibala Hacızadə özü çəkilişlərdə iştirak edirdi. Serial böyük maraqla qarşılandı. İrandan bir neçə şairin mənə serialla bağlı yazdıqları təşəkkür məktubunu indi də saxlayıram. İndinin özündə də o rolla tanınıram”.

 

“Qonorarsız çəkiliblər” fikri yalandır, amma...

 

Film haqqında deyilənlərdən biri də, aktyorların qonorarsız çəkilməsi idi. Bu, serialı art-faktor kimi təqdim edir. Əslində isə aktyorlara qonorar verilib.

 

Elşən Rüstəmov: “Qonorarla çəkilmişik. Sadəcə olaraq, o zaman inflyasiya dövrü idi. 80 min manat pul almışdım. Çəkilişlər başlayanda bu pula motosiklet almaq olardısa, əlimizə alanda o pula uzağı bir gödəkcə ala bilərdin. Onlarda günah yox idi, pul sürətlə dəyərini itirirdi. O zaman pis vaxtlar idi. O texniki imkanlarla o serialın çəkilməsi də böyük işdir. Filmdə texniki səliqəsizliklər var idi.  Videokameraya çəkilirdi, səsləndirmə imkanı belə yox idi. tamaşaçıların yadında olar, filmdə səs keyfiyyətsiz idi, hətta bəzi yerlərdə külək səsindən deyiləni eşitmək olmurdu”.

 

 

Əfsanə - Məleykə Əsədova:

 

“Bu serial çəkiləsi Lütfi müəllimin fədakarlığı sayəsində mümkün oldu. Şəxsi kamerası ilə çəkirdi, aparaturanı ordan-burdan tapırdı, dost-tanışa zəng edib aktyorların qalması üçün ev xahiş edirdi. Nəticə də yaxşı oldu: telekanallarda Braziliya serialları getdiyi vaxtda ilk milli serial -“İtkin gəlin” baxış sayı rekordunu qırırdı. Bu ilk milli teleserialın uğurludur. Bu gün də o serial baxılır, alınır. Nə qədər insanlar uşaqlarına Əfsanə, Elməddin, Məleykə adları qoydular. Qastrollara gedəndə gəlib o uşaqlar mənimlə görüşür. Ailə var ki, qızının adı Əfsanə, oğlunun adı Elməddindir. O qədər məktublar aldım. Tamaşaçı sevgisi, təşəkkür ediblər, İrandan nə qədər məktub aldım...”

 

Kübra Əliyeva məni döyürdü...

 

Serialın çəkilişindən xeyli zaman keçsə də, baş qəhrəmanlar çəkilişin həzzini və əziyyətlərini unutmayıblar. Məleykə Əsədova xatırlayır:

 

“Güzdək kəndində çəkildik. Yayın istisində qalın paltarlar geyinməyə məcbur idik. Qırx pilləkən deyilən yerdə Əfsanənin çörək diləndiyi bir epizodda oynayırdım. Nimdaş, cırıq paltarda, binanın tinində büzüşmüş vəziyyətdə diləndiyim çörəyi yediyim yerdə Elməddin məni görüb tanıyır.  Bu epizodda o qədər təsirləndim ki, özümün Əfsanəyə yazığım gəldi-gözlərim doldu.

Kübra xanım Əliyeva Əfsanənin əmisi arvadını oynayırdı. Elə bir yer var idi ki, o Əfsanəni qazan yuyan yerdə gəlib döyməli idi. Kübra xanıma demişdim ki məni doğrudan da vurun, ağrıyım ki, təbii alınsın...”

 

 

 

İndi

 

Elşən Rüstəmov: “O zaman tələbə idim, bəlkə də təcrübəm az idi.

 

İndi də seriallara çəkilirəm, amma indi obraza daha çox mürəkkəblik qatmağa çalışıram”.

 

Məleykə Əsədova: “İndi seriallara çəkilmək üçün təkliflər alıram, amma gərək peşəkarlar olsun. Tək mən çəkilməklə serialın uğurlu olacağına inanmıram. Bütün yaradıcı heyət peşəkar, yaradıcı insanlar olmalıdır”.

 

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017